Məhkəmə qərarları › İş №2-1(112)-4474/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4474/2024

07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4474/2024 07.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “hesabların dondurulması barədə sərəncamların ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı məhkəmə araşdırılması müddətinə hesabdan sərəncamın qaldırılması və BBGİ-nin 3-33-1100/2-010859/2023 saylı məktubunun və hesablaşma hesablarından 6849.80 AZN tutulması haqqında sərəncamların ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021 tarixli YGB N: **********6721 ilə TYF 616 və TYM 646 R kodlu mallar idxal etmişlər. Fakturanın üzərində malın XİF MN kodu səkkiz rəqəmli göstərildiyindən (********) onları tamamlayaraq on rəqəmli (**********) göstərmişlər. ********** kodu altında malları 5 % gömrük rüsumuna düşür. Ünvanına xx.xx.2023 tarixdə BBGİ-dən 1400/012/002/- 24/003614 nömrəli Gömrük Borcunun ödənilməsinə dair bildiriş daxil olmuşdur ki, xx.xx.2021 ildə **********6721 sorğu nömrəsi ilə daxil olmuş malların XİF MN üzrə kodu səhv bəyan edilib və nəticədə gömrük ödənişlərindən 4252.69 AZN rüsum və 765.48 AZN ƏDV yayınma halı olmuşdur. BBGİ-yə xx.xx.2023 tarixdə məktubla etirazını bildirmiş, yenidən araşdırma aparmaqlarını xahiş etmişdir, lakin onlar 08 iyun 2023 tarixli 1400/012/0xx/xx/005965 nömrəli məktublarında öz fikirlərində qaldıqlarını bildirmişlər və 04 dekabr 2023 tarixdə bank hesablarına 6849.80 AZN sərəncam qoymuşlar. Malları "yaddaşlı proqramlaşdırılan kontroller" olduğundan 5 % rüsuma düşür. Hətta malın XİF MN kodunu müəyyən etmək üçün X8 Terminalında yerləşən gömrük laboratoriyasına müraciət etmişlər. Laboratoriyada müraciətini qəbul etməmişlər. Beləliklə də BBGİ əməkdaşları məsələnin obyektiv araşdırılması üçün heç bir iş görməyərək onun hesabından pulları öz xeyrinə silmək istəyirlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının iddia ərizəsinin “"iddiaçıdan 6849.80 (altı min səkkiz yüz qırx doqquz manat səksən qəpik) manat məbləğində borcun tutulması üçün iddiaçının "X3" Açıq Səhmdar Cəmiyyətinin 11 saylı filialındakı: AZ82UBAZ**********0060 AZN 003 saylı; AZ12UBAZ**********0060 AZN 002 saylı ; AZ76UBAZ**********0160 USD 001 saylı bank hesablarına; və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İçərişəhər filialındakı: AZ40AİİB******************** saylı bank hesablarına cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən qoyulmuş hesabların dondurulması barədə xx.xx.2023-cü il tarixli 01 saylı, 02 saylı və 03 saylı sərəncamların ləğv edilməsi” kimi dəyişdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X4 Xidmətinin xx.xx.2022-ci il tarixli əmrinə əsasən cavabdehin gömrük rüsumlarının, alınması gömrük orqanlarına həvalə olunmuş vergilərin, gömrük yığımlarının hesablanması və ödənişinin düzgünlüyü yoxlanılmış, nəticədə **********6721 sorğu nömrəli gömrük bəyannaməsinə əlavə edilmiş HG**********0152 saylı invoys sənədində 34-cü, 35-ci, 36-cı, 37-ci və 39-cu pozisiyalarda qeyd edilmiş malların qarşısında XİFMN kodu Avropa Birliyinin harmonik və kombinə edilmiş sisteminə uyğun olaraq “85176200” kimi qeyd edildiyi müəyyən olunmuşdur. Belə ki, İddiaçı MMC tərəfindən mallar gömrük orqanına bəyan edilərkən, XİFMN kodunun sonuncu rəqəmi, yəni, Azərbaycan Respublikasında istifadə edilən xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına aid hissəsi düzgün bəyan edilməmişdir. Belə ki, mallar Hager korporasiyasının intelektual idarəetmə sistemləri üçün nəzərdə tutulmuş, “ağıllı ev/məkan” həllərini təmin edən siqnal ötürücüsü/idarəedilməsi qurğusudur və gömrük bəyannaməsində həmin mallar “**********” XİFMN kodu altında deyil, XİFMN üzrə “**********” kodu kimi bəyan edilməli idi. Bununla əlaqədar olaraq, **********6721 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 4252,69 AZN idxal rüsumu, 765.48 AZN əlavə dəyər vergisi və 1831.63 AZN dəbbə pulu olmaqla, ümumilikdə 6849.80 AZN məbləğində gömrük borcu hesablanmış və həmin vəsaitin tam şəkildə qısa zaman ərzində dövlət büdcəsinə ödənilməsi 1400-012/0xx-xx/003614 saylı bildiriş göndərilməklə iddiaçıdan tələb olunmuşdur. Qeyd edilən məsələ ilə əlaqədar istinadlar və dəlillər həm ÜGT-nin harmonik İ sistemə aid izahnaməsində, Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli, 500 nömrəli qərarının əlavəsinin ********** mal pozisiyasının izahında, həmçinin həmin avadanlıqların istehsalçısının rəsmi veb səhifəsində yerləşdirilmiş publikasiyalarda əks olunur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Gömrük borcu əsaslı şəkildə hesablanmışdır və iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməlidir. **********5846 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinin 33-cü qrafasında yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu 1 853890 9900, 31-ci qrafasında 535, 8536 və ya 8537 mal mövqeyinin aparaturası üçün nəzərdə tutulmuş hissələr, elektron modulları 127 ədəd (aksam və parçalar) Almaniya istehsalı, tədarükçü Hager Electric ltd., 42-ci qrafasında invoys dəyəri 154,97, 45-ci qrafasında gömrük dəyəri 312,26 manat, 46-cı qrafasında statistik dəyəri 183,68 olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bəyan edilmişdir. **********5846 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinə əlavə vərəqdən görünür ki, mal 14 malın kodu 851762 0001 üzrə invoys dəyəri 11089,70, gömrük dəyəri 22381,23, statistik dəyəri 13165,43, mal 15 malın kodu 851762 0001 üzrə invoys dəyəri 9982,00, gömrük dəyəri 20145,67, statistik dəyəri 11850,39, mal 16 malın kodu 853690 8500 üzrə invoys dəyəri 580,00, gömrük dəyəri 1170,56, statistik dəyəri 688,56 qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 1400-012/0xx-xx/003614 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, aparılmış yoxlama zamanı məlum olmuşdur ki, "xxxx" MMC-nin ünvanına 2021-ci ildə idxal olunan mallara tərtib edilmiş **********6721 sorğu nömrəli gömrük bəyannaməsində malın XİF MN üzrə kodu səhv bəyan edilməklə gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir. Bununla da dövlət büdcəsinə köçürülməli olan müvafiq gömrük ödənişlərindən yayınma halı baş vermişdir. Odur ki, yoxlamanın nəticələrinin aradan qaldırılması məqsədilə, qeyd edilən gömrük bəyannaməsi üzrə 4252.69AZN idxal rüsumu, 765.48 AZN əlavə dəyər vergisi və 1831.63 AZN dəbbə pulu olmaqla, ümumilikdə 6849.80 AZN məbləğində vəsaitin tam şəkildə qısa zaman ərzində dövlət büdcəsinə ödənilməsi xahiş olunur. Gömrük Məcəlləsinin 249.3. “Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur” maddəsinin tələblərinə müvafiq olaraq, qeyd edilən gömrük bəyannaməsi üzrə yaranmış gömrük borcunun ödənişləri tərəfinizdən həyata keçirilmədiyi təqdirdə, "xxxx" MMC-nin bank hesablarının dondurulması məqsədilə müvəkkil banklara icra sənədi kimi “Sərəncam” ünvanlanacaqdır. Qeyd edilənlər ilə əlaqədar yarana biləcək suallar olduğu təqdirdə Bakı Baş Gömrük İdarəsinə müraciət edə bilər. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 1400-012/0xx-xx/005965 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, **********6721 sorğu nömrəli gömrük bəyannaməsinə əlavə edilmiş HG**********0152 saylı invoys sənədində 34-cü, 35-ci, 36-cı, 37-ci və 39-cu pozisiyalarda qeyd edilmiş malların qarşısında XİFMN kodu Avropa Birliyinin harmonik və kombinə edilmiş sisteminə uyğun olaraq “85176200” kimi qeyd edilmişdir. Lakin İddiaçı MMC tərəfindən mallar gömrük orqanına bəyan edilərkən, XİFMN kodunun sonuncu (10-cu rəqəm) rəqəmi, yəni, Azərbaycan Respublikasında istifadə edilən xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına aid hissəsi düzgün bəyan edilməmişdir. Belə ki, mallar Hager Korporasiyasının intelektual idarəetmə sistemləri üçün nəzərdə tutulmuş, “ağıllı ev/məkan” həllərini təmin edən siqnal ötürücüsü/idarəedilməsi qurğusudur və gömrük bəyannaməsində həmin mallar “**********” XİFMN kodu altında deyil, XİFMN üzrə “**********” kodu kimi bəyan ediləli idi. Bunununla əlaqədar olaraq **********6721 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 4252.69AZN idxal rüsumu, 765.48 AZN əlavə dəyər vergisi və 1831.63 AZN dəbbə pulu olmaqla, ümumilikdə 6849.80 AZN məbləğində vəsaitin tam şəkildə qısa zaman ərzində dövlət büdcəsinə ödənilməsi tələb olunur. Qeyd edilən məsələ ilə əlaqədar istinadlar və dəlilləri həm ÜGT-nin harmonik sistemə aid izahnaməsində, həm Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli, 500 nömrəli qərarın əlavəsinin ********** mal pozisiyasının izahında, həmçinin həmin avadanlıqların istehsalçısının rəsmi veb səhifəsində yerləşdirilmiş publikasiyalarda tapmaq olar. Yuxarıda qeyd edilənlərlə əlaqədar yarana biləcək suallar olduğu təqdirdə Bakı Baş Gömrük İdarəsinə müraciət edə bilər. Cavabdeh tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “İçəri Şəhər” Filialına ünvanlanmış 3-33-1100/ saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı tərəfindən idxal olunan mallar üzrə 6849.80 AZN (altı min səkkiz yüz qırx doqquz manat, 80 qəpik) gömrük borcu yaranmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 249.3-cü maddəsinin tələblərinə görə vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 249.3-cü maddəsinin və bu barədə X6 Heyətinin 17 sentyabr 2013-cü il tarixli, 19/1 nömrəli qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimatı”nın tələblərinə uyğun olaraq İddiaçı yaranmış gömrük borcunun Bakı Baş Gömrük İdarəsinin büdcə hesabına mədaxil edilməsi məqsədi ilə bank hesablarının dondurulması üçün köməklik edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasi Maliyyə Nazirliyinin X4 Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-23-3/2-131/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin 10 oktyabr 2022-ci il tarixli qərarının icrası olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X4 Xidmətinin 13 oktyabr 2022-ci il tarixli N-120 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində gömrük rüsumlarının, alınması gömrük orqanlarına həvalə olunmuş vergilərin və gömrük yığımlarının hesablanmasının və ödənişinin düzgünlüyü yoxlanılmışdır. Yoxlama zamanı "BMS Konstrakşn” MMC üzrə idxal edilmiş malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodunun düzgün tətbiq edilməməsi nəticəsində gömrük rüsumu və vergilərin az hesablanması halları aşkar edilmişdir. Yoxlama komissiyasının üzvləri tərəfindən Bakı Baş Gömrük İdarəsinin aidiyyəti vəzifəli şəxslərinin iştirakı ilə qeyd olunan nöqsanlar sənədləşdirilmiş, yoxlamanın nəticəsi 03 mart 2023-cü il tarixli aktla rəsmiləşdirilmiş və Bakı Baş Gömrük İdarəsinin işçiləri tərəfindən hər hansı irad bildirilməmişdir. Yoxlama aktı aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinə göndərilmiş, bir nüsxəsi Bakı Baş Gömrük İdarəsinə təqdim edilmişdir. Göstərilənləri, habelə gömrük rüsumlarının, alınması gömrük orqanlarına həvalə olunmuş vergilərin və gömrük yığımlarının hesablanmasının yoxlanılmasının Bakı Baş Gömrük İdarəsi tərəfindən təqdim edilmiş sənəd və məlumatlar üzrə aparıldığının və həmin sənədlərin X4 Xidmətində olmadığının nəzərə alınması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. Hesablanmış borclara görə müəssisənin bank hesablarındakı pul vəsaitlərin hesablanması faktiki xarakterli hərəkətin nəticəsi, bank hesablarına qoyulmuş sərəncam isə inzibati aktdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Odur ki, hazırkı iddia mübahisələndirmə növündə iddiadır. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

Məhkəmənin hazırkı iş üzrə mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-394/2022 nömrəli iş üzrə mövqeyinə uyğundur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən: 249.1. Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. 249.2. Gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. 249.3. Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. 98.1. Gömrük auditi gömrük orqanları tərəfindən, malların və nəqliyyat vasitələrinin buraxılışından, o cümlədən şərti buraxılışından sonra gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə əmin olmaq, eləcə də şəxsin mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirməsinin vəziyyətini müəyyənləşdirmək məqsədi ilə aparılır. Bunun üçün gömrük orqanları idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin həmin mallar və nəqliyyat vasitələri ilə əlaqədar apardığı əməliyyatlara və beynəlxalq ticarət sövdələşmələrinə dair kommersiya sənədlərini və məlumatları yoxlayırlar. 98.2. Gömrük auditi gömrük bəyannaməsində qeyd olunan malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı 3 (üç) il ərzində və yalnız hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barəsində həyata keçirilə bilər. 98.4. Gömrük auditi və onun nəticələrinin rəsmiləşdirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun: Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Maddə 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Maddə 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” (Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmişdir): Bənd 1.1. Bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010- cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Bənd 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur Məhkəmə qeyd edir ki, cavabdeh qurum iddiaçı tərəfindən Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 149.3. maddəsinin tələbləri pozularaq 2021-ci ildə idxal olunan mallara görə tərtib edilmiş **********6721 sorğu nömrəli gömrük bəyannaməsi üzrə gömrük bəyannaməsində bəyan edilən malların gömrük ərazisinə gətirildiyi zaman, **********6721 sorğu nömrəli gömrük bəyannaməsinə əlavə edilmiş HG**********0152 saylı invoys sənədində 34-cü, 35-ci, 36-cı, 37-ci və 39-cu pozisiyalarda qeyd edilmiş malların qarşısında XİFMN kodu Avropa Birliyinin harmonik və kombinə edilmiş sisteminə uyğun olaraq “85176200” kimi qeyd edildiyi müəyyən olunması, İddiaçı MMC tərəfindən mallar gömrük orqanına bəyan edilərkən, XİFMN kodunun sonuncu rəqəmi, yəni, Azərbaycan Respublikasında istifadə edilən xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına aid hissəsi düzgün bəyan edilməməsi, mallar Hager korporasiyasının intelektual idarəetmə sistemləri üçün nəzərdə tutulmuş, “ağıllı ev/məkan” həllərini təmin edən siqnal ötürücüsü/idarəedilməsi qurğusu olduğundan gömrük bəyannaməsində həmin malların “**********” XİFMN kodu altında deyil, XİFMN üzrə “**********” kodu kimi bəyan edilməli olması, bununla əlaqədar olaraq, **********6721 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 4252,69 AZN idxal rüsumu, 765.48 AZN əlavə dəyər vergisi və 1831.63 AZN dəbbə pulu olmaqla, ümumilikdə 6849.80 AZN məbləğində gömrük borcu yarandığını bildirsə də, bununla bağlı hər hansı inzibati araşdırmanın aparıldığı, həmin araşdırmanın nəticəsi olaraq borcun tutulmasına dair qərar qəbul edildiyi müəyyən edilmir. Cavabdeh qurumun faktiki xarakterli hərəkətləri nəticəsində gömrük borcu hesablanmış, həmin borcun tutulmasını təmin etmək məqsədilə üçüncü şəxsin üzərinə vəzifə qoyulmuşdur (bank hesablarının dondurulması barədə sərəncam verilmişdir). Gömrük Məcəlləsinin bu qərarda qeyd olunan normalarının tələblərinə görə, gömrük auditi ümumi və xüsusi formalarda həyata keçirilməklə yanaşı, hər iki auditin aparılması barədə qərar qəbul edilməli, həmin qərarın surəti sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmalı, bu barədə çıxarış audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalı, gömrük auditi və onun nəticələrinin rəsmiləşdirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğun həyata keçirilməlidir. Məhkəmə tərəfindən qeyd edilən **********6721 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 4252,69 AZN idxal rüsumu, 765.48 AZN əlavə dəyər vergisi və 1831.63 AZN dəbbə pulu olmaqla, ümumilikdə 6849.80 AZN məbləğində gömrük borcunun hesablanması üçün əsas olan sənədlərin, o cümlədən borcun hesablanmasına dair qərarın məhkəməyə təqdim edilməsi tələb olunmuş, lakin məhkəmə araşdırması zamanı bununla bağlı inzibati icraatın aparılmadığı və gömrük borcunun tutulması ilə bağlı qərar qəbul edilmədiyi müəyyən edilir. İddiaçı müəssisənin fəaliyyəti ilə bağlı hər hansı audit keçirilməsi qərara alınmamış, bu barədə qərar mövcud deyil. İddiaya yazılı etiraza əsasən müəyyən olunur ki, iddiaçı müəssisənin fəaliyyəti ilə bağlı hər hansı audit keçirilməsi qərara alınmamış, bu barədə qərar mövcud deyil, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X4 Xidmətinin xx.xx.2022-ci il tarixli əmrinə əsasən cavabdehin gömrük rüsumlarının, alınması gömrük orqanlarına həvalə olunmuş vergilərin, gömrük yığımlarının hesablanması və ödənişinin düzgünlüyü yoxlanılmış, nəticədə **********6721 sorğu nömrəli gömrük bəyannaməsinə əlavə edilmiş HG**********0152 saylı invoys sənədində 34-cü, 35-ci, 36-cı, 37-ci və 39-cu pozisiyalarda qeyd edilmiş malların qarşısında XİFMN kodu Avropa Birliyinin harmonik və kombinə edilmiş sisteminə uyğun olaraq “85176200” kimi qeyd edildiyi müəyyən olunmuşdur. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən bildirilmişdir ki, yoxlama zamanı "BMS Konstrakşn” MMC üzrə idxal edilmiş malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodunun düzgün tətbiq edilməməsi nəticəsində gömrük rüsumu və vergilərin az hesablanması halları aşkar edilmişdir. Yoxlama komissiyasının üzvləri tərəfindən Bakı Baş Gömrük İdarəsinin aidiyyəti vəzifəli şəxslərinin iştirakı ilə qeyd olunan nöqsanlar sənədləşdirilmiş, yoxlamanın nəticəsi 03 mart 2023-cü il tarixli aktla rəsmiləşdirilmiş və Bakı Baş Gömrük İdarəsinin işçiləri tərəfindən hər hansı irad bildirilməmişdir. Yoxlama aktı aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinə göndərilmiş, bir nüsxəsi Bakı Baş Gömrük İdarəsinə təqdim edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun bu qərarda istinad edilən normalarının tələblərindən göründüyü kimi, yoxlamalar yalnız həmin Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinin tələbinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Beləliklə, yoxlamanın Reyestrdə qeydiyyata alınması ilə bağlı formal-hüquqi tələbə əməl olunmamasının nəticəsi (Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur) qanunvericilikdə aşkar olaraq tənzimlənmişdir və bu tənzimləmə imperativ xarakter daşıyır. Cavabdeh tərəfindən həmin tələb təmin olunmadığından, onun tərəfindən aparılmış audit yoxlaması iddiaçıya münasibətdə əlverişsiz hüquqi nəticə yaratmır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçındən (VÖEN: **********) 6849.80 (altı min səkkiz yüz qırx doqquz manat səksən qəpik) manat məbləğində borcun tutulması üçün iddiaçının "X3" Açıq Səhmdar Cəmiyyətinin 11 saylı filialındakı: AZ82UBAZ**********0060 AZN 003 saylı; AZ12UBAZ**********0060 AZN 002 saylı ; AZ76UBAZ**********0160 USD 001 saylı bank hesablarına; və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İçərişəhər filialındakı: AZ40AİİB******************** saylı bank hesablarına cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən qoyulmuş hesabların dondurulması barədə xx.xx.2023-cü il tarixli 01 saylı, 02 saylı və 03 saylı sərəncamları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar