Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4475/2023 15.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə (üçüncü şəxs X6) qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsindən yerləşən 16 saylı evin 131 nömrəli mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsində yerləşən 16 saylı evin 131-ci mənzili iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzili keçmiş mülkiyyətçi X4 17 avqust 2022-ci il tarixli, AN-1 ******* saylı, 6 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzində Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş alqı-satı müqaviləsi əsasında almışdır, həmin müqavilə əsasında xüsusi mülkiyyət hüququnu təsdiq edən 19 avqust 2022-ci il tarixli, ********** saylı qeydiyyat aparılmışdır. Mənzil tərəfindən alındıqdan sonra köhnə sakin və mülkiyyətçi Ş.Əyubova oradan köçüb getmiş, lakin həmin ünvanda qeydiyyatda qalmışdır. Sonuncunun qeydiyyatdan çıxarılması barədə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə müraciət etdim. Lakin mənə məhkəməyə müraciət etməyim tövsiyə edilmişdir. Hazırda tanımadığı, ailə üzvü olmayan və həmin mənzildə yaşamayan bir şəxsin ona məxsus mənzildə formal qeydiyyatda olması onun mülkiyyət hüququnu pozur. Mən tanımadığım şəxsə görə əlavə kommunal ödənişlər ödəmək məcburiyyətində qalıram. Cavabdehin onun ərizəsini və işin faktiki hallarını nəzərə almadan qeydiyyatdan çıxarılmasından imtina etməsi barədə hərəkətsizliyi qanunsuz və əsassızdır, məhkəmə tərəfindən X5 onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
3. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
4. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 16, mənzil 131 nömrəli mənzil X5 xüsusi mülkiyyətində olmuşdur və 17 avqust 2022-ci il tarixli AN-İ № ******* Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 16, mənzil 131 nömrəli mənzil X6 tərəfindən İddiaçı satılmışdır.
5. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 16, mənzil 131 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətində olmuşdur.
6. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri 6 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində Notariat ofisi tərəfindən təqdim olunmuş sənədlərə əsasən Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 16, mənzil 131 nömrəli mənzil X6 tərəfindən İddiaçı satılmışdır.
7. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, X5 Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 16, 131 saylı mənzilə dair istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 16, 131 saylı mənzil xx.xx.2022ci il tarixdə X5 adma qeydiyyatdan keçmişdir. 6 saylı Bakı “ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-1691 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 24 saylı notariat ofisi əfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-597 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək tələbini müdafiə etdi. Əlavə olaraq bildirdi ki, həmin mənzili xx.xx.2022-ci il tarixli 4Ə-597 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1.
9. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etmir.
II. İddianın növü və mümkünlüyü
10. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
11. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...
13. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
14. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
15. Məhkəmə qeyd edir ki, sözügedən mənzil xx.xx.2022-ci il tarixli 4Ə-597 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 adına qeydiyyatdan keçmişdir, iddiaçı iddia tələbi ilə həmin evi satdıqdan sonra (xx.xx.2022-ci il tarixdə) məhkəməyə müraciət etmişdir. Odur ki, iddiaçının həmin ünvandan üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarma tələbi irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.
16. Odur ki, iddiaçı cavabdeh qurumun hərəkətləri (hərəkətsizliyi) nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır.
17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
18. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva