Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4478/2022 14.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı məktubun qanunsuz hesab edilməsi və onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı məktubun qanunsuz hesab edilməsi və onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhərində orta məktəbi bitirmişdir. Artıq 30 ilə yaxındır ki, Bakıda yaşayır. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin alınması üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə müraciət etmişdir. Sonradan Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi cavab məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən edilməsi üçün Dövlət Miqrasiya Xidmətinə sənədlərin təqdim edilməsi tövsiyyə edilir. Bundan sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə hüquq əhəmiyyəti olan faktın tanınması barədə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8295/2015 saylı, 21.08.2015-ci il tarixli qətnaməsi iə xx.xx.1992-ci ildə Bakı şəhərində doğulması faktı təsdiq edilmişdir. Dövlət Miqrasiya Xidməti cavab verərək bildirmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Hesab edir ki, Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş cavab qanunsuzdur və onun Azərbaycan Respublikası Konstitusiyası ilə nəzərdə tutulmuş hüquqlarının pozulmasına gətirib çıxarır. 1991-ci ilin dekabr ayında Sovet ittifaqı dağılmışdır. Azərbaycan Respublikası müstəqilliyini elan edəndən sonra bir çox qanunlar qəbul edilmişdir. 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyası qəbul edilmişdir. Konstitusiyada əsas insan hüquqları və azadlıqları öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsində göstərilmişdir ki, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi balılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. 1998-ci ildə Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanun qəbul edilir. Həmin Qanunun 1-ci maddəsi Konstitusiyanın 52-ci maddəsində göstərilmiş müddəaları təkrarlamışdır. Vətəndaşlıq əldə etmə prinsipi doğulduğu yerlə müəyyən edilir və valideynlərin vətəndaşlığı ilə əlaqəli deyil. Torpağın hüququ ilə (lat.Jus soli)-uşaq doğulduğu dövlətin vətəndaşlığını alır. Doğum şəhadətnaməsi praktiki olaraq vətəndaşlıq verilməsində zəmanət verir. Qanunun 11-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikası ərazisində doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşı hesab edilir. Bu faktı Sabunçu Rayon Məhkəməsinin 21 avqust 2015-ci il tarixli qətnaməsi və 3 saylı Klinik Xəstəxanası tərəfindən verilmiş arayış təsdiq edir. Həmin qanunun o zaman qüvvədə olmuş 6-cı maddəsinin 1-ci bədində göstərilmişdir ki, Azərbayan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərdən biri doğum haqqında şəhadətnamədir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsində deyilir ki, “Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir.” Qeyd edir ki, “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə 30 may 2014-cü il tarixli qanuna əsasən yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi, “Vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində doğulmuş uşağı Azərbaycan Respublikasının vətəndaşıdır.” Azərbaycan Respblikası Konstitusiyasının 151-ci və “Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə əvvəllər qəbul edilərək qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar arasında ziddiyyətin yaranması normativ-hüquqi aktın hüquqi qüvvəinin itirilmə hallarından biridir. Məlumdur ki, normativ-hüquqi aktların hüquqi qüvvəsi onların qüvvəyə mindiyi vaxtdan başayır. Bu o deməkdir ki, normativ-hüquqi aktın geriyə qüvvəsi yoxdur, yəni akt qüvvəyə mindiyi dövrdən əvvəl yaranmış münasibətlərə şamil edilmir. Başqa sözlə, onun qüvvəyə minməsinə qədər edilmiş əməllərə tətbiq olnmur. Normativ-hüquqi aktların geriyə qüvvəsi ümumi qaydaya çevrilsəydi, onun hansı vaxtdan qüvvəyə minməsi öz əhəmiyyətini itirərdi. Lakin, bəzi hallarda normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Yəni Müvafiq normativ-hüquqi akt onun qüvvəyə minməsinə qədər edilmiş əməllərə tətbiq olunur. Qanunun geriyə qüvvəsinin müstəsna hallarda mümkünlüyü normativ-hüquqi aktların mətnində göstərilir. Azərbaycan Respublikasında qanunun geriyə qüvvəsinin hansı hallarda mümkün olduğunu birinci növbədə Azərbaycan Respublikası Konstitusiyası müəyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hisəsində belə deyilir: Fiziki və hüquqi şəxslər hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Şərh olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, hüquq mübahisələrində Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin müddəaları tətbiq edilərkən hüquq normasının hüquqi qüvvəsinin geriyə şamil olunub-olunmaması məsələsi qüvvədə olan normativ hüquqi aktların müddəaları və onların rəsmi təfsiri nəzərə alınmaqla yanaşı, mübahisənin prdmetindən və işin faktiki hallarından asılı olaraq həll edilməlidir. O halda ki, o, 1992-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdursa, 2014-cü ildə yeni redaksiyada verilmiş qanunun 12.1-ci maddəsi ona heç bir adiyyatı yoxdur. 1998-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsi ilə tənzimlənir. Əlavə olaraq “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsi qeydiyyat şərti tələb etməklə və belə məcburi şərtlərin müəyyən edilməsi heç bir məntiqə uyğun deyildir. Faktiki olaraq Azərbaycan Respublikası Konstitusiyasının 52, 71, 149-cu maddələrinin şərtləri ilə uyğunlaşmayan, həmin insanlar üçün qeydiyyata görə hüququn məhdudlaşdırılması deməkdir, çünki yuxarıda qeyd olunan konstitusiya müddəalarının mənasına görə, qanunverici tərəfindən şərtlərin ifadə olunması elə həyata keçirilməlidir ki, bununla vətəndaşların qanuna və dövlətin hərəkətlərinə etibarı saxlanmış olsun ki, bu da hüquqi idarəetmənin ağlabatan sabitliyi və qanunların özbaşına qəbulunun yolverilməzliyini nəzərdə tutur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada məhkəmə tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim olunmasına dair sərəncam verilmiş, sərəncama əsasən məhkəməyə iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddianın heç bir hüquqi əsasının olmadığı, bu səbəbdən də, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Belə ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası vətəndaşlarına verilən sənəddir. Şəxsin Azərbaycan Respublikası vətəndaşı olması məsələsinə gəldikdə isə qeyd olunmalıdır ki, İddiaçı vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı ərizə ilə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və 30 sentyabr 1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci hissəsinə əsasən onun Azərbaycan Respublikası vətəndaşı sayılmadığı barədə iddiaçıya 08.10.2021-ci il tarixli arayış təqdim edilmişdir. Hesab edirlər ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, 30 sentyabr 1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununa görə Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanununun 12-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Qeyd olunan qanunun müddəasından görünür ki, burada xüsusi norma hər iki valideyni əcnəbi olanların uşaqlarına münasibətdə tətbiq edilir. Ona görə də, bu baxımdan iddiaçının uşağının Azərbaycan Respublikasının vətəndaşı kimi hesab edilməsi mümkün deyil. İddiaçı doğularkən onun valideyninə münasibətdə isə açıq görünür ki, valideyni X2 Respublikasının vətəndaşıdır və o, vətəndaşı olduğu ölkənin pasportuna sahibdir (pasportun surəti etiraza əlavə olunur, digər valideyni X15 münasibətdə isə onun barəsində İAMAS sistemi üzrə heç bir məlumat aşkar edilməmişdir). O cümlədən, sözügedən ölkənin (Gürcüstan Respublikasının) vətəndaşlığı haqqında qanuna görə uşağın valideynlərindən biri həmin ölkənin vətəndaşlığına malikdirsə, uşağın harada doğulmasından asılı omayaraq o, həmin ölkənin vətəndaşı sayılır. İddiaçı vətəndaşlıq məsələsi ilə bağlı ilk növbədə yuxarıda göstərilən ölkənin səfirliyinə müraciət etməlidir. Həmin ölkənin vətəndaşlığını əldə etdikdən sonra, iddiaçı Azərbaycan Respublikasının ərazisində övladının yaşamasını leqallaşdıra bilər. Bundan sonra, iddiaçı Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən Azərbaycan Respublikasının ərazisində azı 2 il müvəqqəti və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinə əsasən beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşadıqdan sonra öz vəsaiti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməklə bağlı müraciət edə bilər. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında” Əsasnamədə göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyən şəxs Azərbaycan Respublikası ilə ikili vətəndaşlığın qarşısının alınması haqqında beynəlxalq müqaviləsi olan dövlətin vətəndaşı olarsa, belə dövlətin səlahiyyətli orqanının onun Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək niyyətinə olan münasibətini təsdiq edən sənəd təqdim etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə əsasən vətəndaşlıq məsələlərinin həll edilməsi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətindədir (Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndində nəzərdə tutulan səlahiyyətin həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli, 106 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası” yaradılmışdır). Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hazırki mübahisədə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyini nəzərə alaraq, cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsi zamanı diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunub-olunmamasını, diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilib-keçirilməməsini yoxlayaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8295/2015 nömrəli, 21 avqust 2015-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçi X10 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində bir oğlan uşağı doğması faktının müəyyən eilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi X7 faktiki nikahından xx xxxx 1992-ci il tarixdə Bakı şəhər Səhiyyə İdarəsinin 3 saylı şəhər Klinik Xəstəxanasında bir oğlan uşağı doğmuşdur. Müəyyən səbəblərdən uşağa doğum haqqında şəhadətnamə ala bilməmişdir. X11 adlandırmışdır. Ərizəçinin oğlu Bakı şəhər Səhiyyə İdarəsinin 3 saylı Klinik Xəstəxanasında verilmiş doğum arayışı əsasında 1999-cu ildə Bakı şəhəri üzrə Təhsil İdarəsi C.Məmmədov adına 15 nömrəli orta məktəbinin birinci sinfinə daxil olmuşdur. Həmin məktəb tərəfindən oğluna 2008-ci ildə əsas təhsil haqqında şəhadətnamə, 2010-cu ildə isə həmin məktəb tərəfindən orta təhsil haqqında attestat verilmişdir. Orta məktəbi qurtardıqdan sonra oğlu Bakı şəhəri Sabunçu rayon Hərbi Komissarlığı tərəfindən tibbi komissiyadan keçirilmiş, hərbi xidmətə yararlı hesab edilmiş və 16.02.2008-ci ildə də, hərbi uçota alınmışdır. Hal-hazırda isə oğlu şəxsiyyət vəsiqəsi olmadığından hərbi xidmətə gedə bilmir. Bunun üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Polis Şöbəsinə müraciət etdikdə isə, oradan şəxsiyyət vəsiqəsinin doğum haqqında şəhadətnamə əsasında verilməsi bildirilmişdir. Doğum haqqında şəhadətnamə alınması üçün isə Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən doğum faktının müəyyən edilməsinin zəruri olduğu və bunun üçün isə məhkəmyə müraicət edilməsi tövsiyyə edilmişdir. Sözügedən qətnaməyə əsasən ərizə təmin edilmiş, X4 xx.xx.1992-ci il tarixdə Bakı şəhərndə bir oğlan uşağı doğması faktı müəyyən edilmişdir. Faktın müəyyən edilməsi doğumun qeydə alınması üçün əsas hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 16.08.2021-ci il tarixi, K/İ-1128 nömrəli məktubdan görünür ki, O.İmanovun Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 30.07.2021-ci ildə daxil olmuş və Y-2970/3719/ə daxil olma nömrəsi ilə qeydiyyatdan keçmiş müraciətinə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 07.03.2019-cu il tarixli, 73394/m nömrəli sorğusu əsasında vətəndaşlıq mənsubiyyəti araşdırılmış və barəsində 13.03.2019-cu il tarixli, ******* nömrəli arayış tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş MYİ seriyalı, ******* nömrəli “Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamq üçün icazə vəsiqəsi”nin surətindən görünür ki, 01.12.1962-ci il təvəllüdlü X13 Respublikasının vətəndaşıdır. Onun yaşayış yeri Bakı şəhəri, Sabunçu rayonu, Əsədullayev küçəsi, dalan 1, ev 1, mənzil 4. İşdə olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 sentyabr 2021-ci il tarixli, 2015-05/15 nömrəli arayışın surətindən görünür ki, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, İddiaçı X26, atası X19. Doğum haqqında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində 22.12.2015-ci il tarixli, 42-B saylı akt qeydi tərtib edilmişdir. Valideynlər arasında nikah olmadığına görə doğum haqqında akt qeydində uşağın atası haqqında məlumatlar ananın göstərişinə əsasən yazılmışdır. İşdə olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 676333 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı 03.03.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X19, ana qrafasında Yaqubova Ərkinaz göstərilmişdir. İşdə olan Bakı şəhəri C.Məmmədyarov adına 155 nömrəli tam orta məktəb tərəfindən verilmiş B seriyalı, 682311 nömrəli orta təhsil haqqında attestatın surətindən görünür ki, 1992-ci ildə anadan olmuş X27 2010-cu ildə Bakı şəhəri C.Məmmədyarov adına 155 nömrəli orta məktəbi bitirmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 30.04.2018-ci il tarixli, K/Y1917 nömrəli məktubdan görünür ki, İddiaçı vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 18.04.2018-ci ildə daxil olmuş və Y-2077 daxilolma nömrəsi ilə qeydiyyatdan keçmiş müraciətinə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar sorğusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.03.2015-ci il tarixli, 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın tələblərinə və Qaydaya əlavə olunmuş müvafiq ərizə-anket nümunəsinə uyğun şəkildə tərtib olunaraq Dövlət Miqrasiya Xidmətinə təqdim olunması vacibdir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar şəxs tərəfindən verilən ərizə-anket nümunəsi və həmin ərizə-anketə əlavə edilən sənədlərin siyahısı ünvanlarına göndərilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş ünvan 1 ünvanında qeydiyyatda olan X12, Zəngilan rayonu, Ördəkli kəndində qeydiyyatda olan X24 və ünvan 3 ünvanında qeydiyyatda olan X20 tərəfindən verilmiş **********287 nömrəli ərizədən görünür ki, X27 həqiqətən də Bakı şəhəri, ünvan 4 ünvanında qeydiyyatsız yaşayır. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair” 13 mart 2019-cu il tarixli, ******* nömrəli arayışın surətindən görünür ki, 12 mart 1992-ci il təvəllüdlü X21 73394/m nömrəli, 07 mart 2019-cu il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İşdə olan ididaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə 21077/m nömrəsi ilə 27.09.2021-ci il tarixdə daxil olmuş “Azərbaycan Respublikası vətəndaşının mənsubiyyətinin müəyyənləşdirilməsi barədə” ərizə-anketin surətindən görünür ki, ərizə-anketdə aşağıdakı məlumatlar öz əksini tapmışdır – soyad, ad, ata adı: İddiaçı; doğum tarixi: xx xxxx 1992ci il; doğulduğu yer: Bakı şəhəri; milliyyəti Azərbaycanlı; şəxsiyyəti təsdiq edən sənədin növü: doğum haqqında şəhadətnamə; seriya və nömrəsi: AZ-İİİ 676333; verilmə tarixi 22.12.2015; anası: X8, atası: haqqında heç bir məlumat yoxdur; yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan: ünvan 5 il tarixdə tərtib edilmiş Tərcümeyi-haldan görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuşdur. Orta təhsillidir. Sabunçu 155 nömrəli orta məktdə təhsil almışdır. Atası haqqında heç bir məlumat yoxdur. Anası X1 Respublikası Bolnisi rayonunda anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 08 oktyabr 2021-ci il tarixli “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair” ******* nömrəli arayışın surətindən görünür ki, xx xxxx 1992-ci il təvəllüdlü İddiaçı 210277/m nömrəli, 27 sentyabr 2021-ci il tarixli müraciətinə baxılmış və o “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanunun 12-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı hesab edilməmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair” 08 oktyabr 2021-ci il tarixli, ******* nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia mahiyyətcə əsassızdır. Belə ki, məhkəmə işin yuxarıda sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: Hazırda qüvvədə olan mövcud qanunvericiliyə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası isə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edilir. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir Göründüyü kimi, «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci hissəsinin tələbinə əsasən Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının anası X2 Respublikasının vətəndaşıdır və vətəndaşı olduğu ölkənin pasportuna sahibdir. İddiaçının atası doğum akt qeydində anasının göstərişinə əsasən Yaqubov (İmanov) Oruc İsmayıl oğlu kimi yazılmışdır. İddiaçının atası qismində göstərilən şəxsin şəxsiyyəti barəsində isə istər məhkəmə araşdırması zamanı “AZEMiS” Elektron Məhkəmə Sistemində şəxsiyyət vəsiqəsi məlumatları bölməsindən, istərsə də, inzibati orqan tərəfindən aparılmış inzibati icraat zamanı İAMAS sistemi üzərindən heç bir məlumat aşkar edilməmişdir. İddiaçı iddia ərizəsində “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə istinad edərək, Azərbaycan Respublikası ərazisində doğulduğuna görə onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən tanınmalı olduğunu bildirsə də, «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində göstərilmişdir ki, şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. Göründüyü kimi, qanunverici Azərbaycan Respublikası ərazisində doğulmuş şəxslərin Azərbaycan Respublikası vətəndaşlığını əldə etməsi halında Qanunun 12-ci maddəsinin birinci hissəsini istisna etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının müraciətinə DMX tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, diskresion səlahiyyətləri həyata keçirən zaman bu səlahiyyətlərin hədləri, onun məqsədyönlü şəkildə həyata keçirilməsinin zəruriliyi nəzərə alınmış, qəbul edilmiş müvafiq qərar nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış, iddiaçının hüquq və azadlıqlarının həyata keçirilməsinə maneçilik yaradılmamışdır. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər – orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X14 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4478/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4478/2022
14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver