Məhkəmə qərarları › İş №2-1(112)-4478/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4478/2025

28.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4478/2025 28.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 28 avqust 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hüququ yarandığı tarixdən əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya sonuncu dəfə xx.xx.2018-ci il tarixdə müddəti xx.xx.2023-cü il tarixə qədər ikinci dərəcə olmaqla səbəbli əlaqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilik dərəcəsi təyin edilmişdir. Həmin vaxt TSEK-in diaqnozu: Keçirilmiş kəllə-beyin travması, baş beynin əzilməsi, postravmatik ensefolopatiya, vertebro-bozlyar çatışmazlıq. Baş beyin xəstəliyi, kəllə daxili hipertenziya əlamətlari, hipertenziyon və tonik-kloniq qıcolmalar (ayda 7-8 dəfə), davamlı ağrı sindromu, yaddaş və kordinasiya pozğunluğu, qabarıq astena-nevrotuk sindrom. Belə ki, axırıncı dəfə qiymətləndirmə tarixi xx.xx.2024-cü il olan və faktiki əyani müayinədə olduğu xx.xx.2024-cü il tarixində keçirilmiş TSEK qərarının nəticələrinə görə cavabdeh bundan yenə də imtina etmişdir. Cavabdehin etirazı: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçıya ilk dəfə xx.xx.2017-ci ildə 5 il müddətinə ikinci dərəcə ümumi xəstəlik səbəbindən əlillik təyinatı aparılmışdır. Növbəti dəfə Bakı Dəmiryol Xəstəxnasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında əlilliyi yenidən qiymətləndirilmiş və xx.xx.2018-ci ildən 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra əlillik müddətinin bitməsi ilə əlaqədar Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli və Bakı 2 nömrəli X1 xx.xx.2024-cü il tarixli göndərişləri əsasında əyani müayinəsi həyata keçirilməklə qiymətləndirilmiş və barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İştirak etməməsinin səbəbləri ilə bağlı məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı barəsində verilən xx.xx.2024-cü il tarixli D00194087KZX nömrəli göndərişdə - Əsas diaqnoz və ağırlaşması “F07.0- Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların enməsi, tez-tez baş verən dekompensasiyalar, qıcolma tutmaları ilə.MMSE-24; F07.8-baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları; F06.7- yüngül koqnitiv pozuntu, yüngül koqnitiv pozğunluq” qeyd olunmuşdur. İddiaçının əlillik vəziyyətinə həmin göndəriş əsasında baxılmış və “Diaqnoz əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsi tərəfindən verilmiş T 348/2025 saylı ekspert rəyində göstərilmişdir ki, İddiaçı Bakı 2 nömrəli X2 03-xx.xx.2025-ci il tarixlərdə “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beyinin üzvi xəstəliyi (1-ci Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması) nəticəsində ifadəli şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnutiv funksiyanın enməsi, tez-tez baş verən dekompensasiyalar, qıcolma tutmaları ilə “F07.0, F07.8, F06.7” diaqnozu ilə müalicədə olmuşdur. Qərarın 2-ci bəndi və yarımbəndlərindəki sualların həlli qiymətləndirmə meyarlarına aid olduqlarından onların həlli məhkəmə-tibb ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxdir. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti: 7.6.Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular Qeyd. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə. 7.6.2. baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular F06 üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 postensefalit sindromu F07.1 postkontuzion sindrom F07.2 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları F07.8 Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) (35-60 faiz, 2 il); 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti (65-80 faiz, 2 il); Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İşin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə - Əsas diaqnoz və ağırlaşması “F07.0- Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların enməsi, tez-tez baş verən dekompensasiyalar, qıcolma tutmaları ilə.MMSE-24; F07.8-baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları; F06.7- yüngül koqnitiv pozuntu, yüngül koqnitiv pozğunluq” qeyd olunmuşdur. İddiaçının əlillik vəziyyətinə həmin göndəriş əsasında baxılmış və “Diaqnoz əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. İddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə əsas diaqnoz və ağırlaşması kimi göstərilmiş “F07.0- Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların enməsi, tez-tez baş verən dekompensasiyalar, qıcolma tutmaları ilə.MMSE-24; F07.8-baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları; F06.7- yüngül koqnitiv pozuntu, yüngül koqnitiv pozğunluq” həmin əsasnamədə təsbit olunsa da, onların əlilliyin təyininə əsas verəcək ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri iddiaçıda müəyyən edilməmişdir. Belə ki, üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların enməsi, tez-tez baş verən dekompensasiyalar, qıcolma tutmaları ilə.MMSE-24 (F07.0), baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları; (F07.8) yuxarıda istinad edilən Əsasnamənin 7.6.2.1, 7.6.2.2-ci bəndlərində göstərilən ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri müəyyən olunduğu halda şəxs barəsində əlillik təyinatı aparıla bilər. Əsasənamənin 7.6.2.1, 7.6.2.2-ci bəndlərində göstərilən ağırlıq dərəcələri iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə göstərilməmişdir. Belə ki, göndərişdə əsas diaqnoz və ağırlaşmalar üzrə amillər bölməsində psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması-orta, intellektualmnestik pozuntuların təzahür dərəcəsi-yüngül, psixotik epizodların vəziyyəti və onların tezliyi-az, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi-orta kimi qiymətləndirilmişdir. Bu baxımdan həmin bəndlərin yoxlanılmasına da zərurət yoxdur. İddiaçıda olan xəstəliyin ən aşağı faizlə əlilliyin təyininə (35-60 faiz, 2 il) əsas olması üçün, yəni iddianın uğurlu olması üçün ən azı Əsasənamənin 7.6.2.1-ci bəndində göstərilən ağırlıq dərəcəsi (əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)) müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün və iddiaçı barəsində verilən tibbi göndərişdə göstərilmiş əsas diaqnoz və ağırlaşmanın hazırda təsdiqini tapıb-tapmamasının müəyyən edilməsi (şəxs əyani müayinə olunmaqla) üçün iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 həvalə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsi tərəfindən verilmiş T 348/2025 saylı ekspert rəyində göstərilmişdir ki, İddiaçı Bakı 2 nömrəli X2 03-xx.xx.2025-ci il tarixlərdə “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beyinin üzvi xəstəliyi (1-ci Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması) nəticəsində ifadəli şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnutiv funksiyanın enməsi, tez-tez baş verən dekompensasiyalar, qıcolma tutmaları ilə “F07.0, F07.8, F06.7” diaqnozu ilə müalicədə olmuşdur. Qərarın 2-ci bəndi və yarımbəndlərindəki sualların həlli qiymətləndirmə meyarlarına aid olduqlarından onların həlli məhkəmə-tibb ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Göründüyü kimi, iddiaçıda Əsasənamənin 7.6.2.1-ci bəndində göstərilən ağırlıq dərəcəsi (əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)) və ya 7.6.2.2-ci bəndində göstərilən ağırlıq dərəcəsi (məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti) müəyyən edilməmişdir. Bundan əlavə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh tərəfindən şəxsin əyani müayinəsi həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixli əyani müayinə aktına əsasən qeyd edilmişdir ki, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başında səs, dəri altında sanki nəsə gəzməsindən, ~8-9 ildir nitqində olan kəkələmədən, qıcolma tutmalarından, yüksək arterial təzyiqdən şikayətlənmişdir. Anamnestik məlumatlarında 1994-cü ildə travma aldığını bildirmiş, medikamentoz preparatlardan özü ilə gətirdiyi “Depakine”, “Stimuloton” qutularını nümayiş etdirmiş, SOCAR-da yük bağlayıcı kimi fəaliyyət göstərdiyini bildirmişdir. Müayinə zamanı burunda sol əlin İİİ barmağının dırnaq falanqasında, sol budun orta 1/3-də çapıqlar izlənilmiş, ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji statusunda yuxarı və aşağı ətraflarda əzələ gücü və tonus tam, reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamış, yerişi sərbəst olmuşdur. Əvvəllər qıcolması olduğunu qeyd etmiş, su içərək özünə gəldiyini söyləmiş, baş-beynin instrumental müayinə nəticələrini (EEQ, MRT) təqdim etməmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir. Psixi statusunda bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası canlı izlənilmişdir. Müayinə zamanı kobud simulyasiya etmiş, kəkələmə nümayiş etdirməyə çalışmış, hal-hazırda aktiv əmək müqaviləsi olduğu müəyyənləşdirilmiş, emosional labillik müşahidə edilmişdir. X5 xx.xx.2022-xx.xx.2022-ci il tarixli 8287 nömrəli çıxarışında diaqnoz “Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X6 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 5140 nömrəli çıxarışında diaqnoz “Keçirilmiş qapalı kəllə-beyin travmasının baş-beyin silkələnməsi, serebral ateroskleroz” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 12096/23 nömrəli çıxarışında diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində qıcolma tutmaları” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 nömrəli Kliniki Psixiatriya xəstəxanasının xx.xx.2024xx.xx.2024-cü il tarixli 1550/24 nömrəli çıxarışında diaqnoz “Baş beyinin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların enməsi, tez-tez baş verən dekompensasiyalar, qıcolma tutmaları ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən “Diaqnoz əlillik təyin etmir” təyinatı aparılmışdır. Məhkəmə hesab edir ki, iddiaçıda olan xəstəliklər əlillik təyinatına imkan vermədiyindən, başqa sözlə həmin xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”də göstərilən xəstəliklərin əhatə dairəsinə düşmədiyindən ona əlillik təyinatının aparılmasından imtina edilməsi əsaslı olmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar