Məhkəmə qərarları › İş №2-1(112)-4479/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4479/2023

17.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4479/2023 17.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz əlilliyin təyin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı tələbinə dəqiqləşmə verərək ona əlilliyin təyin edilməsi barədə qərarında dəyişiklik edilərək əlilliyin müddətsiz təyin edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onda olan xəstəliklər müddətsiz əlilliyin təyini üçün əsas versə də cavabdeh tərəfindən qanunsuz və əsassız qərar qəbul edilərək əlilliyin təyinindən imtina edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı əlillik dərəcəsinin təyin edilməsindən imtina olunmuşdur. İmtinanın səbəbi kimi iddiaçının əlavə ixtisaslaşmış müalicəyə ehtiyacının olduğu göstərilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozuntuları. Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası. Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu üzrə 2 il müddətinə əlillik təyin edilmişdir. Orqanizmin funksiyalarının pozulmasının 40% olduğu göstərilmişdir. Məhkəmə tibbi ekspertizasının rəyindən də göründüyüm kimi İddiaçı “F07.0-baş beyinin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozuntuları, şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beyinin xəstəliyi, zədələnməsi və ya disfunksiyası, üzvi mənşəli şəxsiyyət pozuntusu tez-tez baş verən dekompensasiyalarla” diaqnozu ilə əlaqədar ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndinə müvafiqolaraq xx.xx.2022-ci il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə iki il müddətinə orqanizmin funksiyasının 40% pozulması barədə qərar qəbul edilmişdir. Bundan başqa ekspert rəyində qeyd olunmuşdur ki, həmin xəstəliklər tam reabilitasiya olunmurlar, hal-hazırda da İddiaçı xəstəliklərlə əlaqədar əlavə müalicəyə ehtiyacı yoxdur, həmin xəstəliklərdən əziyyət çəkən şəxslər yaşadıqları yerdə poliklinikada qeydiyyata götürülür və vaxtaşırı həkim psixiatorun müayinəsindən keçirlər. Xəstəlik kəskinləşdiyi təqdirdə isə vəziyyətinin ağırlığından asılı olaraq ambulator və ya stasionar müalicəyə cəlb olunurlar. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia rədd edilməlidir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” (qüvvədən düşmüş)

1. Ümumi müddəalar 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. 4.2.İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Bəhs edilən qanunvericiliyin müddəalarından göründüyü kimi hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”na və həmin Qaydalar qəbul edilməzdən əvvəl əlillik münasibətlərini tənzimləyən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə görə əlilliyin müddəti ilə bağlı tənzimləmə fərqli qaydada həyata keçirilir. Belə ki, hal-hazırda qüvvədən düşmüş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə görə ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın tələblərinə görə isə Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında cavabdeh tərəfindən şəxsin əlilliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən edilməkdədir. Göründüyü kimi hal-hazırda qüvvədə olan qanunvericilik şəxsin əlillik dərəcəsinin təyin edilməsini şəxsdə olan xəstəliklərin “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş xəstəliklərin əhatə dairəsinə düşməsi ilə yanaşı, həmçinin orqanizmin funksiyalarının pozulmasının faiz göstərici ilə əlaqələndirmiş, orqanizmin funksiyalarının pozulması müddətini isə bilavasitə orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisindən asılı etmişdir. Hazırki işin faktiki hallarından da göründüyü kimi iddiaçıya “F07.0-baş beyinin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozuntuları, şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beyinin xəstəliyi, zədələnməsi və ya disfunksiyası, üzvi mənşəli şəxsiyyət pozuntusu tez-tez baş verən dekompensasiyalarla” diaqnozu əsasında iki il müddətinə əlillik təyin edilmişdir. İddiaçının mübahisə açdığı məqam ona təyin olunmuş əlillik dərəcəsinin müddətsiz deyil də, məhz iki il müddətinə təyin olunmasıdır. Cavabdeh isə bu halı təkzib edərək iddiaçının orqanizm funksiyasının pozulmasının faiz göstəricisinin 40% olduğuna istinad edərək, onun barəsində qəbul olunmuş qərarın əsaslı olduğuna istinad etmişdir. Məhkəmə cavabdehin istinad etdiyi dəlillər ilə razılışır. Belə ki, iş materiallarında mövcud olan forma 088 arayışından və məhkəmə-tibbi ekspert rəyindən də göründüyü kimi əlillik dərəcəsinin təyin edilməsi üçün əsas olan F07.0 kod altında nəzərdə tutulan xəstəlik iddiaçıda mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndinə nəzər yetirdikdə məlum olur ki, F06, F07.0, F07.1, F07.2, F07.8 kod altında nəzərdə tutulan xəstəliklərə malik olan şəxslərə müddətsiz əlillik təyin olunmur. Sadecə xəstəliklərin ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərindən asılı olaraq orqanizm funskiyalarının pozulmasının faiz göstəricisi müəyyən olunur ki, hər bir halda həmin xəstəliklər üzrə əlillik iki il müddətinə təyin olunur. İddiaçıda orqanizm funksiyasının pozulması 40 % təşkil etdiyindən yuxarıda adıçəkilən meyarlara görə ona əlillik iki il müddətinə təyin olunmuşdur. Beləliklə, iddiaçıda “F07.0-baş beyinin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozuntuları, şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beyinin xəstəliyi, zədələnməsi və ya disfunksiyası, üzvi mənşəli şəxsiyyət pozuntusu tez-tez baş verən dekompensasiyalarla” diaqnozun olması və orqanizmin funksiyasının pozulmasının faiz göstəricisinin 40 % olması müəyyən olunduğundan, cavabdeh haqlı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndinə uyğun olaraq iki il müddətinə əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul etmişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, iddia rədd edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar