Məhkəmə qərarları › İş №2-1(112)-4480/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4480/2025

19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4480/2025 19.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xalq Deputatları sovetinin İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 6/330 nömrəli qərarı 9 nömrəli “Yol tikinti İdarəsi” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsində yerləşən 500 kv.m olan 15 saylı bağ sahəsinə dair ilkin qeydiyyata alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, XDS İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il tarixli, 6/330 saylı qərarı əsasında Yol Tikinti İdarəsinin (9 nömrəli BYB) nəzdində ona ayrılmış Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsində yerləşən, sahəsi 500 kv.metr olan 15 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xalq Deputatları sovetinin İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 6/330 nömrəli qərarı ilə Qaradağ rayonu ərazisində yerləşən müəssisələrdən biri olan avtomobil yol-tikinti nazirliyinin “9 №-li Yol tikinti idarəsinin” bağçılıq-yoldaşlıq təsərrüfatının 41 üzvünə bağ sahəsi ayrılmışdır. Qeyd edilən 41 üzvlərdən biri olan iddiaçının adı Avtomobil yol-tikinti nazirliyinin “9 №-li Yol tikinti idarəsinin” bağçılıq-yoldaşlıq təsərrüfatının xx.xx.1989-cu il tarixli siyahısında adı 30-cu sırada qeyd edilməklə 15 saylı bağ sahəsi ayrılmışdır. Ayrılmış bağ sahəsi tərəfindən artıq 35 il istifadə olunsa da, qeyd edilən bağ sahəsinə dair hüquqmüəyyənedici sənədi yoxdur. Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən 15 saylı bağ sahəsinə dair ilkin qeydiyyata alınmaqla çıxarışın verilməsi ilə bağlı müraciətinə cavabdeh imtina etmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsində yerləşən 15 saylı torpaq sahəsinə dair deyil, 16 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı tələbində qeyd olunanlar ilə bağlı cavabdehə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********74 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin arxivində olan bağçılıq-bostançılıq kollektiv üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Bundan başqa, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin 16 saylı deyil, 15 saylı torpaq sahəsinin ərazisinə uyğun gəldiyi məlum olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə etdi və onun təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının məhkəmə sorğusuna 05 dekabr 2024-cü il tarixli cavab məktubu ilə keçmiş Bakı şəhəri XDS İK-nin (indiki BŞİH) arxiv fondu üzrə xx.xx.1988-ci il tarixli, 6/330 nömrəli qərarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Keçmiş Bakı şəhəri Xalq Deputatları sovetinin İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 6/330 nömrəli Qərarının 1.5.3-cü bəndinə əsasən Qaradağ rayon ərazisində yerləşən müəssisələrdən biri olan Avtomobil yol-tikinti nazirliyinin “9 №-li Yol tikinti idarəsinin” bağçılıq-yoldaşlıq təsərrüfatının 41 üzvünə bağ sahəsi ayrılmışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" İnstitutu MMC-nin 194 nömrəli, 12 iyul 2021-ci il tarixli arayışına əsasən iddiaçının 1987-1992-ci illər üzrə iş stajı aşağıdakı kimi olmuşdur: 1. Avtomobil Yollarının Tikintisi Nazirliyi 2 №-li Yol Təmir Tikinti Trestinin 9 №-li Yol Tikinti İdarəsinin xx.xx.1987-ci il tarixli, 74/k nömrəli əmri ilə İM İnstitutunun göndərişi əsasında yol ustası vəzifəsinə təyin edilmişdir. 2. İdarənin xx.xx.1991-ci il tarixli, 20/n nömrəli əmri ilə iş icraçısı vəzifəsinə keçirilmişdir. 3. İdarənin xx.xx.1992-ci il tarixli, 15/n nömrəli əmri ilə “Fərhad” kiçik müəssisəsinə köçürülmə ilə əlaqədar olaraq işdən azad olunmuşdur. Avtomobil Yollarının Tikintisi Nazirliyinin 9 №-li Yol-Tikinti İdarəsinin bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı 30-cu sırada qeyd edilmişdir. xx.xx.1989-cu il tarixli pasportdan görünür ki, Keçmiş Bakı şəhəri Xalq Deputatları sovetinin İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 6/330 nömrəli Qərarına əsasən 9 №-li Yol-Tikinti İdarəsinin bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış torpaq sahəsindən həmin bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin ümumi yığıncağının qərarına əsasən iddiaçıya Şıxlar qəsəbəsi ərazisində 15 nömrəli bağ sahəsi ayrılmışdır (xx.xx.1989-cu il tarixli 1 saylı Protokol). Cavabdehin xx.xx.2025-ci il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə 0,05 ha olsa da, faktiki olaraq hasardaxili 0,0504 ha təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi mövcuddur. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunmuşdur. İdarənin arxiv məlumatlarına əsasən “Yol Tikinti İdarəsi” bağçılıq-yoldaşlığın üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Həmçinin, arxivdə bağ sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənəd və bölgü sxemi aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən bağçılıq-yoldaşlığın bölgü sxemi olmadığından sahənin yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Göstərilən sahənin özəl torpaq sahəsi ilə üst-üstdə düşmə halı aşkar edilməmişdir. Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" İnstitutu MMC-nin məhkəmə sorğusuna cavab məktubunda göstərilmişdir ki, Avtomobil Yollarının Tikintisi Nazirliyinin 9 №-li Yol-Tikinti İdarəsinin bağçılıq-yoldaşlıq təsərrüfatının 41 üzvünə bağ sahəsi ayrılması siyahısı İnstitutun arxivində mövcud deyil. Bu səbəbdən, 9 №-li Yol-Tikinti İdarəsinin bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısını təqdim etmək mümkün olmamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, 9 №-li Yol-Tikinti İdarəsinin bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin ümumi yığıncağının qərarına əsasən iddiaçıya Şıxlar qəsəbəsi ərazisində 16 nömrəli bağ sahəsi ayrılmışdır (xx.xx.1989-cu il tarixli 1 saylı Protokol). Hazırda həmin bağ sahəsi iddiaçının istifadəsindədir. Cavabdehin imtinasının əsası ondan ibarət olmuşdur ki, İdarənin arxivində olan bağçılıq-bostançılıq kollektiv üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Bundan başqa, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin 16 saylı deyil, 15 saylı torpaq sahəsinin ərazisinə uyğun gəldiyi məlum olmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilən məsələlər iddiaçının tələbinin təmin edilməsindən imtina üçün əsas deyildir. Belə ki, iddiaçı hal-hazırda 16 saylı deyil 15 saylı bağ sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmasını xahiş edir. Digər tərəfdən idarənin arxivində olan bağçılıq-bostançılıq kollektiv üzvlərinin siyahısı ilə iddiaçının təqdim etdiyi siyahıda olan məlumatlar üst-üstə düşməsə də iddiaçı bağ sahəsinə dair qanunla tələb olunan sənədləri cavabdehə və məhkəməyə təqdim etmiş, ona ayrılmış bağ sahəsini faktiki istifadə edir və həmin bağ sahəsinə hər hansı digər şəxsin iddiası mövcud deyil. Bağ sahəsi hər hansı şəxsə ayrılmış bağ sahəsi ilə üst-üstə düşmür. Eyni zamanda məhkəmə tərəfindən cavabdehə sorğu verilərək 15 saylı bağ sahəsinin arxiv qovluğu tələb edilmişdir. Məhkəməyə göndərilmiş sənədlərdən görünür ki, 14/15 saylı bağ sahəsi X2 mülkiyyətindədir. Buradan da görünür ki, iddiaçının istifadəsində olan bağ sahəsi digər şəxsə məxsus deyildir. Belə ki, 14/15 saylı bağ sahəsi digər şəxsin mülkiyyətindədir və iddiaçının iddia etdiyi bağ sahəsinə aidiyyəti yoxdur. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, XDS İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il tarixli, 6/330 saylı qərarı əsasında Yol Tikinti İdarəsinin (9 nömrəli BYB) nəzdində İddiaçı ayrılmış Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsində yerləşən sahəsi 500 kv.metr olan 15 saylı bağ sahəsinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, XDS İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il tarixli, 6/330 saylı qərarı əsasında Yol Tikinti İdarəsinin (9 nömrəli BYB) nəzdində iddiaçıya ayrılmış Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsində yerləşən, sahəsi 500 kv.metr olan 15 saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar