Məhkəmə qərarları › İş №2-1(112)-4481/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4481/2021

21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4481/2021 21.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sabunçu rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan dəqiqləşmə ərizəsi təqdim edərək, Bakı şəhəri, Zabrat qəsəbəsi, İstixana kombinatı, 36 nömrəli evin 5 saylı mənzilinin qarşısındakı evə daimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, 26.11.2020-ci ildə 073-35585 saylı məktubla müraciət edərək qanuni istifadəsində olan torpaq sahəsi üzərində tikdiyi evə qeydiyyata alınmasını xahiş etmişdir. Səbəb kimi onun hal-hazırda qeydiyyatsız yaşadığı ünvana pasport qeydiyyatına alınmağı üçün yaşayış sahəsinə əsas verən sənədləri Rayon Polis İdarəsinə təqdim olunmasını göstərmiş və pasport qeydiyyatına alınmağına imtina edilmişdir. İddiaçı bildirmişdir ki, əlində 16.12.2005-ci il tarixli 322 saylı Zabrat Bələdiyyəsi ilə bağlanmış müqavilə var. Müqavilə 10 illiyinə 211 kv.m. həyətyanı sahə kimi verilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1971-ci ildə doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Sabunçu rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 26 noyabr 2020-ci il tarixli, 073-355853 saylı məktubla bildirilmişdir ki, İddiaçı hal-hazırda qeydiyyatsız yaşadığı ünvana pasport qeydiyyatına alınmağı üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) RPİ-nin QMB-nə təqdim olunması vacibdir. Lakin, göstərilən sənədlər Sabunçu RPİ QMB-nə təqdim olunmadığından göstərilən ünvana qeydiyyata alınmağı imkan xaricindədir. Bakı şəhər Zabrat Bələdiyyəsi ilə iddiaçı arasında Bələdiyyə torpaqlarının icarəyə verilməsi haqqında 16.12.2005-ci il tarixli, 322 nömrəli icarə müqaviləsi imzalanmış və müqavilə üzrə illik ümumi icarə haqqı 44.200 manat nəzərdə tutulmuşdur. Müqavilənin tarixi 16.12.2005-ci ildən 16.12.2015-ci ilə qədər müddətə bağlanmışdır. Beləliklə, iş materiallarından görünür ki, iddiaçı ünvan 5 ünvanında pasport qeydiyyatındadır, həmin ünvanın qarşısında bələdiyyə ilə bağlanmış icarə müqaviləsinə əsasən istifadə etdiyi torpaq sahəsi üzərində ev tikmişdir, hazırda həmin evdə yaşayır, həmin evə pasport qeydiyyatına alınması barədə cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının müraciətini təmin etməmişdir. Hazırda iddiaçı həmin ünvana qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi qanunverici qeydiyyata alınmanın hansı sənədlər əsasında həyata keçirilməli olduğunu dəqiq müəyyən etmişdir və qanunun qeyd edilən maddəsinin mənasından görünür ki, şəxs, üç əsasla: mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş başqa sənəd təqdim etdikdə həmin sənədlərdə qeyd edilən ünvana qeydiyyata alına bilər. İşin faktiki hallarına əsasən iddiaçının ünvan 5 ünvanın qarşısındakı evə qeydiyyata alınması üçün həmin evin öz ünvanı həmçinin, həmin evlə bağlı mülkiyyət hüququ, icarə (və ya kirayə) müqaviləsi, nə də digər qanuni əsasları mövcud deyildir və bunun nəticəsi olaraq o cavabdeh orqana qanunla tələb olunan sənədləri təqdim edə bilməmişdirlər. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işn faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı Bakı şəhəri, ünvan 5 qarşısındakı evin ünvanı mövcud olmadığından, həmçinin həmin evə dair order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi, yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etmədiyindən, cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin iddiaçının həmin evə qeydiyyata alınmasından imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki İddiaçı cavabdeh Sabunçu Rayon Polis İdarəsinə qarşı İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı-81, 36 nömrəli evin 5 saylı mənzilinin qarşısındakı evə daimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 69-cu, 85-ci,110-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh Sabunçu Rayon Polis İdarəsinə qarşı pasport qeydiyyatına alınmasına dair iddia tələbi rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar