Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4482/2021 02.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı və vəkili Vəkil2 Abdulqədiq qızının, 3-cü şəxs X1 və vəkili Vəkil1 iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Suraxanı Rayon İcra Hakimiyyətinə 3-cü şəxs - X5 qarşı “torpaq sahəsinə cizginin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X6 cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin cizgisinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1993/2012 saylı, 24.10.2012-ci il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri Orconikidze Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 08.05.1954-cü il tarixli 51 saylı qərarı ilə fərdi ev tikmək üçün iddiaçı X4 ayrılmış 400 kv.m torpaq sahəsinin cizgisinin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1993/2012 saylı, 24.10.2012-ci il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra 25.01.2013-cü il tarixdə icra edilməsi üçün Suraxanı Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Suraxanı Rayon İcra Hakimiyyətinin 05.02.2013-cü il tarixli məktubla iddiaçı X2 27.10.2012-ci il tarixə vəfat etdiyindən qərarın icrasının mümkün olmamasını bildirmişdir. İş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı X2 vərəsəsidir. 24.11.2020-ci il tarixdə X7 məhkəməyə ərizə ilə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1993/2012 saylı, 24.10.2012-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə X3 3-cü şəxs kimi məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2in(82)-1993/2012 saylı 17.02.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)- 1993/2012 saylı, 24.10.2012-ci il tarixli qərarının ləğv edilməsi, X3 hazırkı iş üzrə məhkəmə icraatına 3-cü şəxs kimi cəlb edilməsi qərara alınmışdır. 21.04.2021-ci il tarixli məhkəmə iclasında iddiaçı X2 əsl İddiaçı ilə əvəz edilməsi qərara alınmışdır. İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım haqqında məktub göndərilərək iddia tələbində göstərilən tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciətinin olmasına dair müvafiq sübutların təqdim edilməsi və ya iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə 02.11.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçıya və onun vəkilinə bir daha İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım göstərərək iddia tələbində göstərilən tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciətinin olmasına dair müvafiq sübutların təqdim edilməsini və ya iddia tələbinin dəqiqləşdirilməsini təklif etsə də, iddiaçı və onun vəkili iddia ərizəsində göstərilənləri müdafiə edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdirlər. Odur ki, 02.11.2021-ci il tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs və onun vəkili iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin cizgisinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin X2 (əvvəlki iddiaçı) müraciətinə cavab olaraq ona ünvanlanmış 05.06.2012-ci il tarixli Ə/107 nömrəli məktubundan görünür ki, X2 cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciətinin məzmunu “fərdi yaşayış evi tikmək üçün Əmircan qəsəbəsi, M.Axundov küçəsi, 40A nömrəli sahədə ayrılmış 400,0 kv.m torpaq sahəsinin cizgisinin verilməsinə köməklik göstərilməsi haqqında” olmuşdur. Göründüyü kimi, iddiaçının (əvvəlki iddiaçı X2) Suraxanı Rayon İcra Hakimiyyətinə olan müraciəti Əmircan qəsəbəsi, M.Axundov küçəsi, 40A №-li sahədə ayrılmış 400,0 kv.m torpaq sahəsinin cizgisinin verilməsinə köməklik göstərilməsi haqqında olsa da, hazırkı iddia tələbi isə Əmircan qəsəbəsi, Neftçi küçəsi, dalan 2, ev 3 ünvanda yerləşən torpaq sahəsinin cizgisinin verilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia öhdəliyin icrası iddia növünə aiddir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə öhdəliyin icrası haqqında iddia növü üçün xüsusi mümkünlük şərtlərindən birinə, yəni müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilib-edilməməsinə hüquqi qiymət verərək hesab edir ki, iddia qeyd edilən mümkünlük şərtlərinə cavab vermir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir: “Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.” İş materiallarından görünür ki, iddiaçı “ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin cizgisinin verilməsi” tələbi ilə əvvəlcə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etməsinə dair hər hansı sübut (poçt qəbzi və s.) təqdim etməmiş və ya iddia tələbini dəqiqləşdirməmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırkı, yəni “ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin cizgisinin verilməsi” tələbi ilə əvvəlcə cavabdeh inzibati orqana müraciət etməsi məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 35 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-4482/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4482/2021
02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver