Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4482/2024 30.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əlavə dəyər vergisindən qaytarılan məbləği ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən vəzifə borcunun yerinə yetirilməsi və ƏDV-dən vətəndaşa qaytarılan məbləğin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 9Pih3HtiYmKn, 96Rz56KZQgaV, 7etnEnGJi6RB, 9SSSpu4bXi7N nömrəli fiskal yaddaşlı çeklər əsasında alınmış məhsullar üzrə ƏDV-nin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı FBDC MMC-dən xx.xx.2023-cü il tarixdə, SİNTEKS MMC-dən xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində aldığı məhsulların QR kodunu ƏDV geri al sistemində oxutduğu zamanı “Malların topdansatış ticarət məqsədi üçün istifadə olunması ehtimalı” səbəbilə ləğv edilən statusun verilməsi halı ilə rastlaşmışdır. Bununla əlaqədar xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinə yazılı ərizə ilə müraciət etmiş, Dövlət Vergi Xidməti rəsmi cavabında əsassız səbəblər gətirərək ƏDVdən vətəndaşa qaytarılan məbləği ödəməkdən boyun qaçırtmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixində “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın mümkün sayılmamasını xahiş etmiş və göstərmişdir ki, İddiaçı Dövlət Vergi Xidmətinə xx.xx.2023-cü il tarixli **********428300 nömrəli müraciət ünvanlamış, müraciətin araşdırılması üçün vergi orqanına dəvət edilmiş və araşdırma nəticəsində qaytarılmasını tələb etdiyi ƏDV məbləğləri üzrə yalnız bir çek üzrə ödənişin ona məxsus bank hesabından həyata keçirildiyi öz təsdiqini tapmış və həmin 9y92dv9SH1 Yt fiskal nömrəli çek üzrə müvafiq ƏDV məbləğinin qaytarılması həyata keçirilmişdir. İddiaçı tərəfindən elektron portala daxil edilən digər çeklərin təhlili zamanı sui-istifadə halının olması ilə bağlı əsaslı şübhələr yaranmış və 9Pih3HtiYmKn, 96Rz56KZQgaV, 7etnEnGJi6RB və 9sssPU4bXi7N nömrəli fiskal yaddaşlı çeklər riskli çəklər kateqoriyasına aid edilmişdir. Həmçinin iddiaçı ilə 7 noyabr 2023-cü il tarixdə Dövlət Vergi Xidmətinin inzibati binasında keçirilən görüş zamanı iş üçün əhəmiyyət kəsb edən məlumat və sənədlərin (sübutların) araşdırmaya təqdim etməsi tövsiyyə edilmişdir və elektron portala daxil etdiyi fiskal yaddaşlı çeklər üzrə malların alışının fərqli bir şəxs tərəfindən nağdsız qaydada ödənilərək həyata keçirildiyi bildirilmişdir. Qaydaların tələblərinə əsasən həmin çeklər üzrə ödənilmiş ƏDV- nin geri qaytarılması üçün müraciət etmək hüququ məhz həmin şəxsə aid olduğundan digər çeklər üzrə ƏDV-ni qaytarılması həyata keçirilməmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən təqdim etdiyi digər sənədlərlə yanaşı ƏDVGERİAL sisteminə ödənilən ƏDV məbləğlərinin geri qaytarılması ilə bağlı 9Pih3HtiYmKn, 96Rz56KZQgaV, 7etnEnGJi6RB və 9sssPU4bXi7N nömrəli fiskal yaddaşlı çeklərdə göstərilən malların alıcısı, yəni istehlakçısı olduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə olan halda hazırki iddia tələbi üzrə subyektiv hüququnun mövcud olmadığı anlaşılır.Bir halda ki, iddiaçının qaytarılmasını tələb etdiyi ƏDV-nin məbləği bir çek üzrə qaytarılmış, digər çeklər üzrə əldə edilmiş malların alıcısı olmaması səbəbilə ƏDV-nin qaytarılması mümkün olmamış, o halda vergi orqanı tərəfindən onun hansı hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulduğunu da müəyyən etmək mümkün deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia əlavə dəyər vergisinin qaytarılması olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, işdə olan "xxxx" MMC-nin məktubundan görünür ki, MMC luks brendlərin istehal etdiyi geyim əşyalarını bağlanmış müqavilələr əsasında Azərbayan Respublikasına rəsmi idxalı və pərakəndə satışını həyata keçirir. "xxxx" MMC-nin məktubundan görünür ki, MMC dünya brendlərin istehal etdiyi geyim əşyalarını bağlanmış müqavilələr əsasında Azərbayan Respublikasına rəsmi idxalı və pərakəndə satışını həyata keçirir. İş materiallarından olan: - xx.xx.2023-cü il tarixli 9Pih3HtiYmKn fiskal İD malik olan 986 nömrəli satış çekindən görünür ki, ümumilikdə 11575 manat məbləğində məhsul alınmış, ƏDV 1765.68 manat təşkil etmişdir. - xx.xx.2023-cü il tarixli 96Rz56KZQgaV fiskal İD malik olan 5876 nömrəli satış çekindən görünür ki, ümumilikdə 4700 manat məbləğində məhsul alınmış, ƏDV 716.95 manat təşkil etmişdir. - xx.xx.2023-cü il tarixli 7etnEnGJi6RB fiskal İD malik olan 982 nömrəli satış çekindən görünür ki, ümumilikdə 3145 manat məbləğində məhsul alınmış, ƏDV 479.75 manat təşkil etmişdir. - xx.xx.2023-cü il tarixli 9sssPU4bXi7N nömrəli fiskal İD malik olan 983 nömrəli satış çekindən görünür ki, ümumilikdə 2700 manat məbləğində məhsul alınmış, ƏDV 411.86 manat təşkil etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-2-1/2-155/2024 nömrəli məktubundan görünür ki, İddiaçı ƏDV-nin qaytarılması ilə bağlı müraciətlərinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən baxılmışdır. İddiaçı tərəfindən elektron portala daxil edilən 6MwS9y7Strba, 9Pih3HtiYmKn, 9y92dv9SH1 Yt, 71xZoYx4bJ7t, 96Rz56KZQgaV, 7etnEnGJi6RB və 9sssPU4bXi7N nömrəli fiskal yaddaşlı çeklərin təhlili zamanı sui-istifadə halının olması ilə bağlı əsaslı şübhələrin olması səbəbindən adıçəkilən çeklər riskli kateqoriyasına aid edilmişdir. Qeyd olunan məsələnin araşdırılması məqsədilə 7 noyabr 2023-cü il tarixdə Dövlət Vergi Xidmətinin inzibati binasında iddiaçı ilə görüş keçirilərək iş üçün əhəmiyyət kəsb edən məlumat və sənədlərin (sübutların) araşdırmaya təqdim edilməsi tövsiyə edilmişdir. Həmçinin görüş zamanı İddiaçıya elektron portala daxil etdiyi fiskal yaddaşlı çeklər üzrə malların alışının fərqli bir şəxs tərəfindən nağdsız qaydada ödənilərək həyata keçirildiyi bildirilmişdir. Lakin buna baxmayaraq görüşdə tələb edilən müvafiq məlumat və sənədlərdən yalnız qoşmada təqdim edilən alışların həyata keçirildiyi vergi ödəyicilərindən fəaliyyət sahəsinə dair arayışlar və bank hesabından çıxarış təqdim edilmişdir. Lakin bank hesabından çıxarışda vətəndaşın yalnız 9y92dv9SH1Yt nömrəli fiskal yaddaşlı çeki üzrə nağdsız alışı əks olunduğundan ancaq bu çek üzrə ƏDV-nin bir qisminin geri qaytarılmasının təmin edilməsi nəzərdə tutulmuşdur. Portala daxil edilmiş digər çeklər riskli çeklər statusunda saxlanılmışdır. İddiaçı hazırda yuxarıda qeyd edilən çeklər üzrə ödənilmiş ƏDV-nin qaytarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.5-ci maddəsinə görə fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarətkassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli 969 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin qaytarılması” Qaydasına əsasən: - 1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 165.5-ci maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması qaydasını tənzimləyir. - 1.2. ƏDV-nin istehlakçıya qaytarılması bank kartına (və ya hesabına) köçürmə yolu ilə həyata keçirilir. - 2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: - 2.0.1. satıcı – Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə, tibb fəaliyyəti göstərən və özəl tibbi praktika ilə məşğul olan, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində gecələmə və qalma xidmətləri göstərən (mehmanxanalar və hotellər) ƏDV ödəyicisidir. 2.0.2. istehlakçı – satıcıdan malı və ya xidməti alan fiziki şəxsdir. - 5.1. İstehlakçı alınmış malların və ona göstərilmiş xidmətlərin dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Satıcı mal alışına və xidmətlərin göstərilməsinə dair məlumatları Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə qoşulmuş nəzarətkassa aparatına daxil edərək, istehlakçıya nəzarət-kassa aparatı çeki təqdim etməlidir. İstehlakçı malların və ona göstərilmiş xidmətlərin dəyərini nağdsız qaydada POSterminal vasitəsilə ödədikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya nəzarət-kassa aparatı çeki ilə yanaşı, POS-terminaldan çıxarış da verilməlidir. -5.2. İstehlakçı nəzarət-kassa aparatı çekini aldığı tarixdən 90 (doxsan) gündən gec olmayaraq ƏDV məbləğinin qaytarılması üçün portala müraciətini və nəzarət-kassa aparatı çeki barədə məlumatları daxil edir. Ödənilmiş ƏDV-nin bu Qaydanın 5.6-cı bəndi ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. -5.4. İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılaraq istehlakçı məlumatlandırılır və nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur. - 5.5. Bu Qaydanın 5.3-cü bəndi nəzərə alınmaqla, qaytarılmalı ƏDV məbləği ilə bağlı məlumat vahid məlumat bazası üzərindən 5 (beş) gün müddətində müvəkkil banka ötürülür. İstinad olunan normalardan görünür ki, pərakəndə ticarət zamanı alınmış mallara görə ödənilmiş ƏDV-nin müəyyən məbləği alan şəxsə, yəni istehlakçıya geri qaytarılır. Qaydaya əsasən o şəxs istehlakçı sayılır ki, şəxsi tələbatını ödəmək məqsədi satıcıdan malı alsın. İşdən mübahisəli satış çeklərində nəzərdə tutulan malların şəxsi tələbatını ödəmək məqsədi ilə iddiaçı tərəfindən satıcıdan alınması müəyyən edilmir, iddiaçı da bu halı mübahisələndirmir. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı müvafiq malları alan şəxs, həmin məhsulların əsas dəyəri ilə yanaşı ƏDV hissəsini ödəyən şəxs, yəni istehlakçı deyil, həmin məhsullara görə digər şəxs tərəfindən ödənilmiş ƏDV-dən qaytarılmalı məbləğin ona verilməsini tələb edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İşin yuxarıda sadalanan hallarına əsasən məhkəmə hesab edir ki, inzibati orqanın imtina ilə bağlı hərəkətləri qanuni olmuşdur. Buna görə də iddiaçının hazırkı məzmunda tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-4482/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4482/2024
30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver