Məhkəmə qərarları › İş №2-1(112)-4483/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4483/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4483/2022 02.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə (üçüncü şəxslər X9, X7, X8 və X10 cəlb olunmaqla) qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda qeydiyyatda olan X9, X7, X8 və X4 qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, 11 oktyabr 2019-cu il tarixli N-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı X10 Bakı şəhəri Yasamal rayonu Ə.Ələkbərov küç., 507/511 məhəllədə yerləşən 12 b saylı evin ümumi sahəsi 44,9 kv.m olan 23 nömrəli mənzili alıcı İddiaçı mülkiyyətinə vermişdir. Lakin satıcı X5 həyat yoldaşı xx.xx.1979-cu il təvəllüdlü X7 və uşaqları xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X11, o cümlədən mənzili satan X10 uzun müddətdir ki, həmin mənzildə pasport qeydiyyatdadır. Cavabdeh X10, X2 və uşaqların həmin mənzildə formal olaraq pasport qeydiyyatında qalması bir mülkiyyətçi kimi onun mənzil hüquqlarını pozur. Belə ki, üçüncü şəxslər həmin mənzildə yaşamırlar. Mənzilin bütün kommunal xərclərini özü ödəyir. Üçüncü şəxslərin yerinə artıq olaraq kommunal xidmət xərcləri ödəmək iddiaçı üçün böyük maddi çətinliklər yaradır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul eilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, şifahi məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 091-63626H-3221 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, X9, X7, X8 və X4 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müvafiq olaraq əlaqədar məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə araşdırması dövründə üçüncü şəxsəlr X9, X7, X8 və X4 Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küç., məhəllə 507/511, ev 12 b ünvanda yerləşən 23 saylı mənzilə qeydiyyata düşmələrinə əsas olan sənədlərin sənədlərin təsdiq olunmuş surəti sorğu əsasında Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən tələb edilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, X9 2016-cı il tarixdə, X7 2010-cu il tarixdə, X8 2016-cı il tarixdə, X10 2010-cu il tarixdə ünvan 1 ünvanına qeydiyyata alınmışlar. Eyni zamanda qeyd edilmişdir ki, göstərilən şəxslərin ünvan 1 ünvanına qeydiyyata alınma əsaslarının saxlama müddəti bitdiyindən qanuna müvafiq qaydada məhv edilmişdir. Məhkəmə araşdırması dövründə Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küç., məhəllə 507/511, ev 12 b ünvanda yerləşən 23 saylı mənzilin hazırda kimin mülkiyyətində olmasına dair məlumatın və buna dair sənədlər, həmçinin İddiaçının adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yannda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, X9, X7, X8 və X5 ünvan 1 saylı mənzilə dair istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 07 oktyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 23 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə iddiaçı çıxarış əldə etmişdir. Məhkəmə araşdırması dövründə Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən 11 oktyabr 2019-cu il tarixdə 4Ə-869 reyestr nömrəsi ilə təsdiq edilmiş daşınmaz alqı-satqı müqaviləsinə dair notariat işlərinin təsdiq olunmuş surəti sorğu əsasında Bakı şəhəri 14 saylı notariat ofisindən tələb edilmişdir. Məhkəməyə təqdim olunan 11 oktyabr 2019-cu il tarixli, alqı-satqı müqavilədən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küç., məhəllə 507/511, ev 12 b saylı evin ümumi sahəsi 44,9 kv.m olan 23 nömrəli mənzili X1 almışdır. Beləliklə işin hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küç., məhəllə 507/511, ev 12 b ünvanında yerləşən 23 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş üzrə üçüncü şəxslər X9, X7, X8 və X6 tanımır, hər hansı qohumluq əlaqəsi yoxdur. İddiaçı üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bu da həmin şəxslərin ona məxsus mənzildə yaşamaması, qeydiyyatının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, X9, X7, X8 və X10 iddiaçıya məxsus ünvan 1 ünvanında yaşamadığı halda üçüncü şəxslərin həmin ünvanda formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iddiaçının iş üzrə üçüncü şəxslərin ünvan 1ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda qeydiyyatda olan X9, X7, X8 və X5 qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar