Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4485/2020 24.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyi cəlb edilməklə “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında fəaliyyət göstərən veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçıcavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə, Azərbaycan Respublikası İPMnin 54-cü maddəsinin tələblərinə əsasən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək,ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.1963-cü ildə Tovuz rayonu, Əsrik Cırdaxan kəndində doğulmuş, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə kimi keçmiş SSRİ-də yerləşən hərbi hissədə hərbi xidmətdə olmuşdur. 1988-ci ildən Azərbaycan torpaqları erməni silahlı qüvvələrinin işğalına məruz qalarkən respublikada özünü müdafiə batalyonları təşkil olunmuş, cəhbənin müxtəlif bölgələrində ermənilərə qarşı döyüşmək üçün könüllü batalyonlar yaradılmışdır. Həmin batalyonlarda o, erməni əsgərlərinəqarşı döyüşdə iştirak etmiş, Tovuz rayonun Ağbulaq, Köxənəbi, Əsrik kəndlərində ermənilərə qarşı vuruşmuşdur. 1988-ci ildə 1991-ci ilədək vuruşmuşdur. Həmin vaxt döyüşdə iştirak edən hər bir şəxsin sənədləşməsi qeyri-mümkün olmuşdur. Onun 1988-ci ildən 1991-ci ilədək könüllü orduda olmağı və ermənilərə qarşı döyüşməyi şahidlərlə və Tovuz rayon İcra hakimiyyətinin siyahısı ilə təsdiq olunur. O, bununla bağlı Tovuz rayon İcra Hakimiyyətinə və Səfərbərlik və Hərbi xidmətə Çağrış Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə dəfələrlə müraciət etmiş, ona veteran adı verilməsindən imtina edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixli 1771 №li iddia ilə bağlı etirazda göstərilmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzdində fəaliyyət göstərən “Veteran adlarının və vəsiqələrinin verilməsi komissiyası” müraciətlərə baxarkən qeyd edilən qanunvericilik aktlarının tələblərinə uyğun olaraq qərar qəbul edir. Hesab edirlər ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirakını təsdiq edə biləcək sənədlərin olmadığından, iddia tələbi təmin edilə bilməz. Odur ki, İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və məhkəməyə bu barədə hər hansı məlumat vermədiyindən məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxsinnümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X3 iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan; İddiaçı məxsus xx.xx.2013-cü il tarixdə Tovuz RPŞ tərəfindən verilmiş AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən və Tovuz rayon İcra Hakimiyyəti başçısının Əsrik Cırdaxan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 107 saylı arayışdan müəyyən olunur ki, o, xx.xx.1963-cü ildə Tovuz rayonu, Əsrik Cırdaxan kəndində doğulmuşdur və həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. НЗ seriyalı ******* saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1981-сi ildən xx.xx.1983-cü ilə qədər hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Tovuz rayon İcra Hakimiyyəti başçısının Əsrik Cırdaxan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli 09 saylı arayışda göstərilmişdir ki, 1999-cu ildə MTN rayon şöbəsi tərəfindən Əsrik Cırdaxan kəndi üzrə yerli özünümüdafiə dəstəsinin təsdiq edilmiş 30 nəfərlik dəstəsindən əlavə kənd sakini Muxtar Quliyevin başçılığı ilə həmçinin İddiaçı ilə 1988-ci ildən başlayaraq 1991-ci ilin oktyabr ayınadək ərazidə erməni silahlı birləşmələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçı hazırkı tələblə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə müraciət etmiş, cavabdehin xx.xx.2020-ci il tarixli 174 saylı məktubu ilə döyüşlərdə iştirakını təsdiq edən arxiv sənədlərinin olmaması səbəbindən onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Tovuz rayon İcra Hakimiyyəti başçısının Əsrik Cırdaxan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 23 saylı məktubdan müəyyən edilir ki, İddiaçı 1988-1991-ci illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparılan ərazilərdə və digər silahlı birləşmələrin sıralarında iştirak edib-etməməyi haqqında onlarda hər hansı sərəncam (qərar) yoxdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2006-cı il tarixli 396 №li Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin (bənd 1.3). Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bənd 2.1.). Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər-müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 2.2). Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən müharibə veteranı adının və müvafiq veteran vəsiqəsinin şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və digər orqanlar tərəfindən verilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi barədə iş materiallarında hər hansı sübut olmadığından iddiaçının cavabdehdən müharibə veteranı adının və vəsiqəsinin verilməsini tələb etmək hüququ olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı döyüşlərdə iştirak etdiyini təsdiq edən sübut kimi iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Tovuz rayon İcra Hakimiyyəti başçısının Əsrik Cırdaxan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli 09 saylı arayışını və hərbi biletini göstərsə də, məhkəmə araşdırması zamanı onun hərbi biletində ümumiyyətlə bununla bağlı hər hansı qeyd olmadığı, digər arayışın isə məhz həmin orqan tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 23 saylı məktubla təkzib olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. İddia tələbininin əsaslarını nəzərdən keçirən məhkəmə qeyd edir ki, iddiaçının ona müharibə veteranı statusunun verilməsi barədə arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmişdir. Ona görə də iddia tələbi əsaslı hesab edilərək təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4485/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4485/2020
24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver