Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4485/2021 19.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 57 yaşının tamam olduğu tarixdən, yəni 09 avqust 2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 09 avqust 1962-ci ildə Salyan rayonunun Atbulaq kəndində anadan olmuşdur. 26 sentyabr 1990-cı il tarixdə soyadını Mustafayevdən Mustafazadəyə dəyişdirmişdir. O, 05 iyun 1978-ci il tarixdə Atbulaq daş karxanasında mişar daşlarının kənarlaşdırıcısı işində əmək fəaliyyətinə başlamışdır. 07 sentyabr 1978-ci il tarixdə işdən azad edilmişdir. Daha sonra 01 iyun 1979-cu il tarixdən 03 noyabr 1980-cı il tarixinədək Atbulaq daş karxanasında yükləyici mişar daşlarının kənarlaşdırıcısı və maşinist vəzifələrində çalışmışdır. 26 noyabr 1980-cı il tarixdən 07 dekabr 1982-ci il tarixinədək hərbi xidmətdə olmuşdur. 28 yanvar 1983-cü il tarixdən 02 noyabr 1984-cü il tarixinədək "Xəzər dənizneftqaz” İdarəsinin XXİ Partiya qurultayı adına Gəmi Təmiri Zavodunda gövdə qaynaq sexinin ağac emalı sahəsində fəhlə, gəmi dülgəri, 806 nömrəli üzən tərsanədə 1-cı dərəcəli fəhlə, 2-ci dərəcəli matros vəzifələrində işləmişdir. 21 noyabr 1984-cü il tarixdən 23 sentyabr 1985-cı il tarixinədək "Xəzərdənızneftdonanma" İdarəsinin x/t A.Kortunov gəmisində 2-ci dərəcəli matros peşəsində çalışmışdır. 26 sentyabr 1985-cı ildə Cənub Rayon Dəniz Neft Donanma İdarəsində “PSK-43" gəmisinə 2-ci dərəcəli matros peşəsinə işə qəbul edilmişdir. 27 aprel 1987-ci ildə “Zərdab-3” gəmisində 1-ci dərəcəli matros, 01 iyun 1989-cu ildə t/x “İzıskatel- 2” gəmisində 1-ci dərəcəli matros, 12 noyabr 1991-ci ildə t/x “PS-158” gəmisində 1-cı dərəcəli matros, 03 yanvar 1992-ci ildə “M.Süleymanov" gəmisində 1-cı dərəcəli matros vəzifələrində çalışmışdır. 12 iyul 1999-cu ildə başqa işə keçməyi ilə əlaqədar olaraq işdən azad edilmişdir. 11 iyul 2000-ci ildə "M.Süleymanov" gəmisinə kapitanın 3-cu köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. 25 oktyabr 2004-cü ildə “Qaradağ-5" gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə keçirilmişdir. 24 iyul 2006-cı ildə işdən azad edilmişdir. 09 avqust 2019-cu il tarixdə onun 57 yaşı tamam olmuşdur. Həmin tarixdən də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. O, 23 dekabr 2020-cı il tarixdə ərizə ilə cavabdeh orqana müraciət edərək ona 57 yaşdan əmək pensiyasının təyin edilməsini xais etmişdir. Lakin cavabdeh fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapıtai əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədi uçün ona pensiya təyin edilməsindən imtina etmişdir. O, cavabdehin imtinasını aşağı səbəblərdən qanunsuz və əsassız hesab etmişdir. Göründüyü ona 57 yaşdan pensiya təyin olunması üçün əsas şərt 1 yanvar 2006-cı il tarixinədək 25 il sosial sığorta stajına malik olmağı və bu müddətin azı 12 il 6 ayını güzəştli işlərdə çalışmağıdır. Təqdim etdiyi əmək kitabçasında və digər sənədlərdən görünmüşdür ki, 1 yanvar 2006-cı il tarixinədək onun 25 ildən çox ümumi iş stajı vardır və bu müddətin 12 il 6 aydan artıq hissəsi güzəştli iş stajı təşkil edir. Onun çalışdığı matros, gəmi kapitanının 3-cü dərəcəli köməkçisi və kapitanın böyük köməkçisi vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının Nəqliyyat bölməsin (XXVİİİ) dəniz və çay donanması yarımbəndinə (kod: ********) əsasən güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən peşələrdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təstiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Yəni güzəştli şərtlərlə pensiya təyin olunması üçün qeyd edilən maddə üç tələb müəyyənləşdirir: yaş, staj və pensiya kapitalı. İddiaçı qeyd olunan tələblərdən üçüncüsünə cavab vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 45600.00 manat hesablandığı halda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22629.80 manat təşkil edir. Qeyd olunanlara əsasən iddiaçının iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X7 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Salyan rayonu, Atbulaq kəndində doğulmuşdur. - Bakı şəhəri, 26 Bakı Komissarı adına VVAQ Şöbəsi tərəfindən verilmiş 26.09.1990cı il tarixli, 257328 №-li familiyanını, adın, ata adının dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1962-ci ildə doğulmuş X1 familiyasını Mustafazadə familiyasına dəyişmiş, bu barədə akt qeydləri kitabında 26.09.1990-cı il tarixdə, 63 № ilə qeyd edilmişdir. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin surətindən görünür ki, iddiaçı 26.11.1980-cı ildən 07.12.1982-cı ilə qədər (2 il 0 ay 12 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsinin 60 №-li, 06.02.2020-ci il tarixli arayışından görünür ki, X2 həqiqətən 26.11.1980-cı il tarixdən 07.12.1982-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. 07.12.1982-ci il tarixdə SSRİ MN-nin 242 nömrəli, 27.09.1982-ci il tarixli Əmrinə əsasən SSRİ Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. 18.11.1993-cü il tarixdən 21.09.1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir. 21.09.1995-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 0127 nömrəli 14.09.1995-ci il tarixli Əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Əsas: NZ-4393563 №-li hərbi bilet. - “xxxx” QSC-nin X12 tərəfindən verilmiş EN 01/02-23 №-li, 21.01.2020-ci il tarixli arxiv arayışından görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən 21.11.1984-cü ildə "Xəzərdənizneftdonanma idarəsinin t/x "A.Kortunov” gəmisinə 2-ci dərəcəli matros peşəsinə (21.11.1984-ci il tarixli, 257-k nömrəli əmr) işə qəbul edilmişdir. 23.09.1985-ci ildə işdən azad edilmişdir (23.09.1985-ci il tarixli, 222-k nömrəli əmr). 26.09.1985-ci ildə Cənub Rayon Dəniz Neft Donanma İdarəsinə "PSK-43” gəmisinə 2-ci dərəcəli matros peşəsinə (köçürmə yolu ilə) (26.09.1985-ci il tarixli, 197-k nömrəli əmr) işə qəbul edilmişdir. 27.04.1987-ci ildə “Zərdab-3" gəmisində 1-ci dərəcəli matros (27.04.1987-ci il tarixli, 92-k nömrəli əmr), 01.06.1989-cu ildə t/x “İzıskatel-2” gəmisində 1-ci dərəcəli matros (01.06.1989-cu il tarixli, 117-k nömrəli əmr), 12.11.1991-ci ildə t/x "PS-158" gəmisində 1-ci dərəcəli matros (12.11.1991-ci il tarixli, 201-k nömrəli əmr), 03.01,1992-ci ildə t/x "M.Süleymanov" gəmisində 1-ci dərəcəli matros peşəsində (03.01.1992-ci il tarixli, 238-k nömrəli əmr) çalışmışdır. 12.07.1999-cu ildə başqa işə keçməsi ilə əlaqədar işdən azad edilmişdir (12.07.1999-cu il tarixli, 74-k nömrəli əmr). 11.07.2000-ci ildə "M.Süleymanov" gəmisinə kapitanın 3-cü köməkçisi vəzifəsinə (11.07.2000-ci il tarixli, 84-k nömrəli əmr) işə qəbul edilmişdir. 25.10.2004-cü ildə “Qaradağ-5” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə (25.10.2004-cü il tarixli, 121-k nömrəli əmr) keçirilmişdir. 24.07.2006-cı ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir (24.07.2006-cı il tarixli, 96-k nömrəli əmr). Onun tutduğu vəzifələr (peşələr) üzən heyətə və işlədiyi gəmilər XDND-nin gəmilərinə aiddir. Bu gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəzifələr (peşələr) ''Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b" yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsəsən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Əsas: kadr əmrləri, şəxsi iş, ştat cədvəli, “Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində xidmət” Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 07.03.2007-ci il tarixli, 539 nömrəli Fərmanına əsasən "Xəzərdənizneftdonanma” idarəsi 07.03.2007-ci ildən X15 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli, 6 nömrəli və 10.01.2014-cü il tarixli, 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və X15 Donanmasının yenidən təşkili yolu ilə xxxx” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. - “xxxx” QSC-nin X12 tərəfindən verilmiş 15 №-li, 06.02.2020-ci il tarixli arxiv arayışından görünür ki, “Xəzərdənizneftqaz” X4 Birliyinin 11.05.1988-ci il tarixli, 148 saylı əmrinə əsasən ‘‘Xəzərdənizneftdonanma’’ idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodu ‘‘Xəzərdənizneftdonanma" idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodu adlandırılmışdır. “Xəzərdənizneftqaz” X4 Birliyinin 19.12.1991-ci il tarixli, 299 saylı əmrinə əsasən “Xəzərneftdonanma” idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodu “Xəzərneftdonanma" idarəsinin Gəmi təmiri zavodu adlandırılmışdır. “Dənizdə neft və qazçıxarma” İstehsalat Birliyinin “Xəzərdənizneftdonanma” idarəsinin 60 saylı əmrinə əsasən zavod “Xəzərdənizneftdonanma” idarəsinin Gəmi təmiri zavodu adlandırılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 12.03.2007-ci il tarixli, 51 saylı əmrinə əsasən zavod X15 Donanması Gəmi təmiri zavodu adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli, 6 nömrəli və 10 yanvar 2014-cü il tarixli, 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin X12nın yenidən təşkili yolu ilə “xxxx“Qapalı Səhmdar Cəmiyyəti yaradılmış, X15 Donanması idarəsinin Gəmi təmiri zavodu “Bibiheybət” Gəmi təmiri zavodu adlandırılmışdır. - “xxxx” QSC-nin X12 tərəfindən verilmiş 16 №-li, 06.02.2020-ci il tarixli arxiv arayışından görünür ki, X5 28.01.1983-cü ildən 02.11.1984-cü ilə kimi “Xəzərdənizneftqaz” idarəsinin XXİ Partiya qurulyatı adına Gəmi təmiri zavodunda işləyib. 28.01.1983-cü ildə gövdə qaynaq sexinin ağac emalı sahəsinə birinci dərəcəli fəhlə qəbul edilib (əmr № 20, 28.01.1983-cü il), 17.06.1983-cü ildə gəmi dülgəri peşəsi verilib və gövdə qaynaq sexinin ağac emalı sahəsinə gəmi dülgəri vəzifəsinə keşirilib (əmr № 102, 17.06.1983-cü il), 05.09.1983-cü ildə 806 nömrəli üzən tərsanəyə birinci dərəcəli fəhlə keçirilib (əmr № 160, 05.09.1983-cü il), 01.11.1983-cü ildə ikinci dərəcəli matros verilib və 806 nömrəli üzən tərsanəyə ikinci dərəcəli matros vəzifəsinə keçirilib (əmr №201, 02.11.1983-cü il), 02.11.1984-cü ildə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilib (əmr № 195, 02.11.1984-cü il). Əsas əmrlər kitabı, T-2 şəxsi vərəqə. - İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı 05.06.1978-ci ildən 07.09.1978-ci ilə qədər Atbulaq rayon daş karxanasında 3-cü dərəcəli kənarlaşdırıcı (03 ay 03 gün), 01.06.1979-cu ildən 03.11.1980-ci ilə qədər Atbulaq rayon daş karxanasında yükləyici, 3-cü dərəcəli kənarlaşdırıcı və maşinist (1 il 5 ay 3 gün), 28.01.1983-cü ildən 02.11.1984-cü ilə qədər “Xəzərdənizneftqaz” Bakı-3 Gəmisində (“xxxx” QSC-nin X12) fəhlə, gəmi dülgəri, 1-ci dərəcəli fəhlə (1 il 09 ay 5 gün), 21.11.1984-cü ildən 23.09.1985-ci ilə qədər "Xəzərdənızneftdonanma" İdarəsinin x/t A.Kortunov gəmisində 2-ci dərəcəli matros (10 ay 03 gün), 26.09.1985-ci ildən 12.07.1999-cu ilə qədər “Zərdab-3” gəmisində 1-ci dərəcəli matros, “İzıskatel-2” gəmisində 1-ci dərəcəli matros, “PS-158” gəmisində 1-cı dərəcəli matros, “M.Süleymanov" gəmisində 1-cı dərəcəli matros (13 il 09 ay 17 gün), 11.07.2000-ci ildən 24.07.2006-cı ilə qədər "M.Süleymanov" gəmisinə kapitanın 3-cu köməkçisi “Qaradağ-5" gəmisinə kapitanın böyük köməkçisi (06 il 0 ay 14 gün) vəzifələrində işləmişdir. - Cavabdehin iddiaçının 23.12.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi 01.02.2021-ci il tarixli, **********0 №-li məktubdan görünür ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22629,80 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - 01.07.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:
1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçı İddiaçı 01.01.2006-cı il tarixədək 26 il 1 ay 4 gün ümumi iş stajı, 20 il 1 ay 11 gün güzəştli iş stajı mövcuddur. Bu hallar cavabdeh inzibati orqan tərəfindən də mübahisə olunmur. Məhkəmə cavabdeh inzibati orqanın iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə dair irəli sürüdüyü dəlili ilə bağlı qeyd edir ki, 01.07.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının tələb olunması nəzərdə tutulmamışdır. Göründüyü kimi hər üç hal (yaş, ümumi iş stajı və güzəştli iş stajı) iddiaçıya münasibətdə mövcud olduğundan, pensiya kapitalı tələb olunmadığından cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinə əsasən İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 09.08.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdeh inzibati orqanın imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməli və İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 09.08.2019-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 09.08.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.
Hakim Şəlalə Həsənova