Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4485/2022 27.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı MMC-nin nümayəndəsi X2, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X7, Adi cəlbetmə qaydasında üçüncü şəxslər X2, X1, X4 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “pul tələbi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi
1. Birgə iddiaçılar X5, X3, X8 Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (ərizədə İddiaçı MMC-nin möhürü vurulmuşdur) mülkiyyətlərində olan yerin bir hissəsinin (862,5kv.m) alınaraq başqa şəxslərə satıldığını nəzərə alaraq ödədikləri vəsaitin dövlət büdcəsinə yönləndirərək əvəzləndirilməsi və ya geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
2. Tələb onunla əsaslandırılmışdır ki, onlar xx.xx.2003-cü il tarixdə Badamdar qəsəbəsi, 31 “A” ünvanda yerləşən keçmiş Trolleybus parkını icarəyə götürərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşuq (icarə müqaviləsi N:117, xx.xx.2003-cü il) və 4150000(dörd milyon yüz əlli min) manat icarə haqqı ödəyiblər (qəbz N:01,2003-cü il). Daha sonra icarəyə verilmiş həmin əmlakı alqı-satqı müqaviləsi ilə (müqavilə N:019, xx.xx.2003-cü il) özəlləşdirərək İqtisadi inkişaf Nazirliyinin Dövlət Əmlakının özəlləşdirilməsi Departamentinin (VÖEN 2********) hesabına “Azərbaycan Milli Bankı” vasitəsilə (KOD501004, VÖEN: 140033786, m/h **********031 **********031) cəmi 575347000(beş yüz yetmiş beş milyon üç yüz qırx yeddi min) manat pul vəsaiti ödəyərək Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqda Şəhadətnamə (N: 000507, xx.xx.2003-cü il tarixli) alıblar. Fəaliyyətə başladıqdan bir müddət sonra İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının özəlləşdirilməsi Departamenti özəlləşdirilərək onlara təqdim etdiyi həmin sahə ilə bağlı məhkəmə mübahisələri başlamışdır. Uzun sürən məhkəmə çəkişmələrindən sonra onlara məxsus qeyri yaşayış sahəsinin 862,5 kv.m hissəsi alınaraq başqa şəxslərə verilmişdir. Müxtəlif vaxtlarda dəfələrlə müraciət etmələrinə baxmayaraq ödədiklər vəsaitin geri qaytarılması mümkün olmamış və bu gün də cənab Prezidentin sahibkarlara köməklik barədə göstəriş və tapşırıqlarına baxmayaraq hələ də onlardan geri alınan sahəyə aid ödədikləri vəsaiti geri ala bilmirlər. Növbəti dəfə xx.xx.2019-cu il tarixdə 02/2019 saylı məktubla onlara məxsus sahənin yenidən sənədləşdirilərək yeni çıxarış verilməsi barədə müraciətlərinə bu günlərdə zəng edərək imtina verildiyi və məktubun götürülməsi üçün MƏKANA gəlməli olduqlarını bildirmişlər. Onlar xx.xx.2021-ci il tarixdə MƏKANA gələrək imtina məktubunu qəbul etdilər. Bu vaxtlar 2021-ci il noyabr ayının 11-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət ediblər və növbəti dəfə imtina cavabı alıblar. Bu məktubda yenə də onlara məsələnin həllini tapmaq üçün Məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir (məktub №**********92, xx.xx.2021-ci il). Bildirirlər ki, onlara məxsus yerin 18 ildir ki, torpaq vergisi və digər ödənişlərini edirlər. Hazırda onarın həmin yerlərlə bağlı Dövlət büdcəsinə 18000 (on səkkiz min) manat borcları yaranıb.
3. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçıların ərizəsi əsasında iddiaçı qismində İddiaçı MMC nəzərə alınmış, iddia tələbinin “ödənilən 71510 AZN vəsaitin geri qaytarılması” kimi dəyişdirilməsi qəbul edilmişdir.
4. Dəyişdirilmiş tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2003-cü il tarixdə Badamdar qəsəbəsi, 31А ünvanda yerləşən keçmiş Trolleybus parkını icarəyə götürərək sahibkarlıq fəaliyyəti ilə məşğul olubdur (icarə müqaviləsi № 117, xx.xx.2003-cü il) və 4150000(dörd milyon yüz əlli min) manat icarə haqqı ödənilib (qəbz N:01,2003-cü il). Daha sonra icarəyə verilmiş həmin əmlakı alqı-satqı müqaviləsi ilə (müqavilə N:019, xx.xx.2003-cü il) özəlləşdirərək İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının özəlləşdirilməsi Departamentinin (VÖEN 2********) hesabına “Azərbaycan Milli Bankı” vasitəsilə (KÖD501004, VÖEN:140033786, m/h **********031 **********031) cəmi ********* (beş yüz yetmiş beş milyon üç yüz qırx yeddi min) manat/5000=115069 AZN pul vəsaiti ödəyərək Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqda Şəhadətnamə (№000507, xx.xx.2003-cü il tarixli) alıb. Fəaliyyətə başladıqdan bir müddət sonra İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti vasitəsilə özəlləşdirilərək bizə təqdim etdiyi 1387,9 kv.m sahə ilə bağlı məhkəmə mübahisələri başlamışdır. Uzun sürən məhkəmə çəkişmələrindən sonra bizə məxsus qeyri yaşayış sahəsinin 862,5 kv.m (115069AZN/1387,9x862.5=71510 AZN) hissəsi onlardan alınaraq başqa şəxslərə verilmişdir. Müxtəlif vaxtlarda dəfələrlə müraciət etmələrinə baxmayaraq ödənilən vəsaitin geri qaytarılması mümkün olmamışdır. Bildirilir ki, həmin yerin 18 ildirki torpaq vergisi və digər ödənişlər edilir. Məlum koronovirus epidemiyası səbəbdən heç bir fəaliyyət göstərə bilmədiyimizdən hal hazırda bizim həmin yerlərlə bağlı Dövlət büdcəsinə 18000 (on səkkiz min) manat borc yaranıb. Bu səbəbdən rəhbərin respublikadan çıxışına qadağa qoyularaq fəaliyyət tam iflic vəziyyətinə salınıb.
5. İddiaçı MMC-nin vəsatəti əsasında təsisçilər X5, X3, X8 məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazıki inzibati məhkəmə icraatında üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə həmin şəxslərin məhkəmə icraatında iştirakının adi cəlbetmə qaydasında üçüncü şəxs kimi nəzərə alınmalı olduğunu hesab edir.
6. Ödənilən vəsaitin geri qaytarılması və ya əvəzləşdirilməsi barədə İddiaçı MMC-nin müraciətinə cavab olaraq cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə götürərək özəlləşdirdiyi ünvan 1 ünvanında yerləşən 1387,9 kv.m əmlak kompleksinin bir hissəsinin (862,5 kv.m) alınaraq başqa şəxslərə satıldığını nəzərə alaraq ödədiyi vəsaitin Dövlət büdcəsinə yönləndirilərək əvəzləşdirilməsi və ya geri qaytarılması, qalan hissədə yeni çıxarış verilməsi barədə müraciətinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, yuxarıda qeyd olunan ünvanda yerləşən 1387,9 kv.m əmlak kompleksi 2003-cü ildə İddiaçı MMC tərəfindən icarəyə götürülərək özəlləşdirilmişdir. Lakin sonradan “Həsrət" Kiçik Müəssisəsinin iddiası əsasında 1 saylı Yerli İqtisad Məhkəməsinin 23 avqust 2006-cı il tarixli qətnaməsi və həmin qətnamənin icrası ilə əlaqədar keçmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 8 avqust 2008ci il tarixli, 256 nömrəli sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 1387,9 kv.m əmlak kompleksinin özəlləşdirilməsinə dair “Çənbərəkənd" MMC-yə verilmiş 000507 nömrəli, xx.xx.2003-cü il tarixli Dövlət əmlakının fiziki və hüquqi şəxslərə satılması haqqında Şəhadətnamə və 004444 nömrəli, xx.xx.2003-cü il tarixli texniki pasport etibarsız hesab edilmişdir. Eyni zamanda bildirilmişdir ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin 23 avqust 2006-cı il tarixli qətnaməsində ödədiyi vəsaitin geri qaytarılması və qalan hissəyə “Çənbərəkənd" MMC-yə çıxarışın verilməsi ilə bağlı hər hansı öhdəlik qoyulmamışdır. Əlavə olaraq bildirilmişdir ki, “Dövlət əmlkaının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanununun 30-cu maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həll edilir.
7. Cavabdeh iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan qeyri-yaşayış sahəsinin bir hissəsinin (862.5 kv.m) onlardan alınaraq başqa şəxslərə satıldığını nəzərə alaraq ödənilmiş vəsaitinin dövlət büdcəsinə yönəldilərək əvəzləndirilməşi və ya geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bildirilmişdir ki, iddia əsassızdır və qanunvericiliyin tələblərinə zidd olaraq qaldırıldığına görə rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti ilə bağlanmış xx.xx.2003-cü il tarixli, 19 nömrəli alqı-satqı müqaviləsi əsasında özəlləşdirdiyi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən qeyri-yaşayış sahəsinin istifadəsində olan torpaq sahəsinə görə ödəməli olduğu torpaq vergisi və digər ödənişlərlə əlaqədar dövlət büdcəsinə 18 000 manat borclu qaldığını, özəlləşdirilən sahənin 862,5 kv.m hissəsinin məhkəmə qərarı ilə iddiaçıdan alınaraq başqa şəxslərə satıldığını nəzərə alaraq, özəlləşdirmə ilə əlaqədar ödədiyi vəsaitin iddiaçının dövlət büdcəsinə olan borcları ilə əvəzləndirilməsini və ya həmin vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Bununla bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti ilə İddiaçı arasında bağlanmış 17 fevral 2003-cü il tarixli, 19 nömrəli icarəyə verilmiş alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən 1387.9 kv.m qeyri-yaşayış sahəsi sonuncu tərəfindən özəlləşdirilmiş və buna dair ona xx.xx.2003-cü il tarixli, 000507 saylı şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 2063/5-424 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən İddiaçı MMC-yə verilmiş xx.xx.2003-cü il tarixli, 004444 nömrəli və "xxxx" kiçik müəssisəsinə verilmiş xx.xx.2003cü il tarixli, 004692 nömrəli texniki pasportlar, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı MMC-yə verilmiş xx.xx.2003-cü il tarixli, 000507 nömrəli şəhadətnamə etibarsız hesab edilmiş, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən "xxxx" kiçik müəssisəsinə verilmiş xx.xx.2000-ci il tarixli, 001786 nömrəli texniki pasportun bərpa edilməsi, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin "xxxx" kiçik müəssisəsinə verilmiş xx.xx.2000-ci il tarixli, 001786 saylı texniki pasporta əsasən "xxxx" kiçik müəssisəsinə aid hissəsinin İddiaçı tərəfindən boşaldılaraq "xxxx" kiçik müəssisəsinə qaytarılması qət edilmiş, qeyd olunan qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin xx.xx.2008-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Bildirilir ki, iddia müddəti ötürüldüyünə görə iddiaçı tərəfindən qeyd edilən əmlakın özəlləşdirilməsi ilə bağlı ödənilmiş vəsaitin ona qaytarılmasına dair tələb rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1 -ci maddəsinə əsasən ümumi iddia müddəti 10 il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. Beləliklə, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən qeyri-yaşayış sahəsinə dair yuxarıda qeyd olunan yekun məhkəmə qərarının çıxarılması tarixindən (Ali Məhkəmənin xx.xx.2008-ci il tarixli qərarı) 13 ildən çox vaxt keçdiyindən, iddiaçı müvafiq tələbin irəli sürülməsi üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Eyni zamanda bildirilmişdir ki, iddiaçının qeyd edilən əmlakın özəlləşdirilməsi ilə bağlı dövlət büdcəsinə ödədiyi vəsaitin onun vergi və digər ödənişlərlə bağlı 18 000 manat dəyərində borcu ilə əvəzləşdirilməsinə dair tələbi də əsassızdır. Belə ki, qanunvericilikdə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı dövlət büdcəsinə ödənilmiş vəsaitin özəlləşdirmə ləğv edildiyi halda alıcının dövlət büdcəsinə köçürülməli olan borcları ilə əvəzləşdirilə bilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənləri nəzərə alaraq, həmçinin iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi xahiş edilmişdir.
8. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçı (qanuni təmsilçisi) iddia tələbinin məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırki münasibətlərə iddia müddəti şamil edilə bilməz. Əlavə olaraq bildirdi ki, qeyd edilən müddətdə iddianın qaldırılmamasının səbəbi İddiaçı MMC-nin təsisçiliyi ilə bağlı məhkəmə mübahisələrinin mövcud olması ilə əlaqədar olmuşdur. Həmin məhkəmə mübahisələri hazırda bitmişdir.
9. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən üçüncü şəxslər iddia tələbinin təmin olunmasını xahiş etdilər.
10. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi hazırkı inzibati işdə üçüncü şəxs qismində cəlb olunmalıdır.
II. İddianın növü
11. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
III. Məhkəmənin mövqeyi
12. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti ilə İddiaçı arasında bağlanmış 17 fevral 2003-cü il tarixli, 19 nömrəli icarəyə verilmiş alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən 1387.9 kv.m qeyri-yaşayış sahəsi sonuncu tərəfindən özəlləşdirilmiş və buna dair ona xx.xx.2003-cü il tarixli, 000507 saylı şəhadətnamə verilmişdir.
13. Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 2063/5-424 saylı, xx.xx.2006cı il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən İddiaçı MMC-yə verilmiş xx.xx.2003-cü il tarixli, 004444 nömrəli və "xxxx" kiçik müəssisəsinə verilmiş xx.xx.2003-cü il tarixli, 004692 nömrəli texniki pasportlar, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı MMC-yə verilmiş xx.xx.2003-cü il tarixli, 000507 nömrəli şəhadətnamə etibarsız hesab edilmiş, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən "xxxx" kiçik müəssisəsinə verilmiş xx.xx.2000-ci il tarixli, 001786 nömrəli texniki pasportun bərpa edilməsi, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin "xxxx" kiçik müəssisəsinə verilmiş xx.xx.2000-ci il tarixli, 001786 saylı texniki pasporta əsasən "xxxx" kiçik müəssisəsinə aid hissəsinin İddiaçı tərəfindən boşaldılaraq "xxxx" kiçik müəssisəsinə qaytarılması qət edilmiş, qeyd olunan qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin xx.xx.2008-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır.
14. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən 1387.9 kv.m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı İddiaçı tərəfindən 575.347.000 manat (denominasiyadan əvvəl ödənilmiş məbləğ) ödənilmiş, qeyd edilən məbləğdə vəsaitin ödənilməsinə dair qəbzlər məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilmişdir.
15. Qeyd edilənlər işin mübahisəsiz halıdır.
16. İddiaçı hazırki tələblə ödənilmiş həmin 115069 manat vəsatin (575347000 (beş yüz yetmiş beş milyon üç yüz qırx yeddi min) manat/5000) 71510 manat hissəsinin geri qaytarılmasını tələb edir.
17. İddiaya etiraz müddətin ötməsi və vəsaitin geri qaytarılması ilə bağlı qüvvədə olan məhkəmə aktları ilə cavabdeh qurumun üzərinə hər hansı vəzifə qoyulmaması ilə əlaqədardır.
18. İddia müddətinin tətbiqinə münasibətdə məhkəmə qeyd edir ki, hazırki mübahisə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətləri ilə bağlıdır, odur ki, mülki qanunvericiliyin iddia müddəti ilə bağlı normaları hazırki münasibətlərə şamiş edilə bilməz, bununla bağlı qanunvericilikdə ayrı qayda nəzərdə tutulmamışdır.
19. Mülki Məcəllənin 2.5-ci maddəsinə əsasən, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir.
20. X11 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
21. X11 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
23. Belə ki, qüvvədə olan məhkəmə aktı ilə iddiaçının mülkiyyət hüququna müdaxilə həyata keçirilmiş, əmlakından məhrum edilmişdir və hazırda əmlakından məhrum edildiyi hissədə ödədiyi vəsaitin (bir hissəsinin) geri qaytarılmasını tələb edir.
24. Əks yanaşma iddiaçıların X11 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (ikinci qayda) pozulması hesab oluna bilər.
25. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
26. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
27. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
29. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən 71510 (yetmiş bir min beş yüz on) manat tutularaq İddiaçınə ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva