Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4486/2020 24.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, X2nun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin xx xxxx 2020-ci il tarixli **********726800 saylı qərarının ləğv olunması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci mçaddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və X12 Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilmişdir. Fərmanla təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturu”nda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, X4 iddia ərizəsində cavabdeh qismində “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi”nin göstərilməsini məhkəmə formal xəta kimi qiymətləndirmiş və iş üzrə cavabdeh inzibati orqan olaraq “Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi”ni qəbul etmişdir. İddia ərizəsində bildirilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx xxxx 2020-ci il tarixli **********726800 saylı qərarı ilə 2017-ci ilin may ayı üzrə hazırkı X2na əsassız olaraq əlavə vergi məbləği hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunverciliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də iddiaçı həmin qərarla razılaşmır və hesab edir ki, qərar ləğv edilməlidir. Belə ki, iddiaçı tərəfindən x xxxxxx 2020-ci il tarixdə 2017-ci ilin may ayı üzrə əlavə dəyər vergisi (ƏDV) bəyannaməsi vergi oranına təqdim edilmişdir. Həmin bəyannamənin təqdim edildiyi hesabat dövrü ərzində iddiaçı hər hansı mallara (işlərə, xidmətlərə) görə pul vəsaiti əldə etməmiş və aya avans almamışdır. Lakin vergi orqanı tərəfindən əsassız olaraq həmin hesabat dövründə ƏDV tutulan əməliyyatlar üzrə dövriyyə məbləği çıxarılmış və onun əsasında da kameral olaraq əlavə vergi məbləği hesablanmışdır. Sözügedən qərarın “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” qrafasında heç bir əsas göstərilməmişdir. Vergi orqanı həmin qrafada “bir dövr üzrə analoji qaydada vergi məbləği hesablanmışdır” göstərməklə kifayətlənmişdir. Hesablanan vergi məbləği vergi orqanı tərəfindən vergitutmanın hansı mənbədən, hansı qaydada tutulması göstərilməklə hesablanmalı idi. Bundan başqa, iddaçı vergi orqanına müraciət edərək, təqdim olunmuş bəyannamənin və digər hesabat sənədlərinin nəzərə alınmasını, əsassız olaraq hesablanmış vergi məbləğinin azaldılmasını, xx xxxx 2020-ci il tarixli qərarın ləğvini xahiş etmişdir. Lakin müraciət cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləği azaldılmamışdır. Göstərilənlərə və İPM-in 2.2.1, 8, 32, 35.1, 45, 46-cı maddələrinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8, 15.1.9, 37, 53.3, 62, 64, 94-cü maddələrinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 71, 72, 89-cu maddələrinə əsaslanaraq, cavabdehin xx xxxx 2020-ci il tarixli **********726800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarının ləğv olunması məhkəmədən xahiş edilir. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə iddia ilə bağlı ünvanlanmış x xxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş X1 iddia ərizəsində irəli sürülən iddia tələbinə qarşı müvafiq faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir. Belə ki, aparılan araşdırma zamanı iddiaçı tərəfindən təqdim olunmuş sonuncu mənfəət vergisi bəyannaməsində ilin sonuna 65.943,89 manat mal qalığı və həmin tarixdən sonra iddiaçı tərəfindən təqdim olunmuş bəyannamələrdə dövriyyə məbləğinin göstərilmədiyi məlum olmuşdur. Qeyd olunanlar, eyni zamanda iddiaçının faəliyyətini dayandırması istifadəsində qalmış malların satılaraq gəlirlərin vergidən gizlədilməsi kimi qiymətləndirilərək vergidənyayınma riski yaratmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx xxxx 2017-ci il tarixli **********638300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannamələri, idxal olunmuş malların saxlanma yeri və mal qalığı barədə ətraflı məlumat, idxal olunmuş malların satlş qiymətləri barədə məlumat, araşdırılan dövr üzrə bank və kassa sənədləri, yaranmış uyğunsuzluğun səbəbi iıə bağlı əsaslandırılmış izahat və mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37, 67, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2017-ci ilin may ayı üzrə 11.869,90 manat əlavə vergi hesablanmış, bu barədə vergi ödəyicisinə x xxxxxx 2017-ci il tarixli **********211600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Bunda sonra, iddiaçı x xxxxxx 2020-ci il tarixdə 2017-ci ilin may ayı üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edərək, həmin ay üzrə vergi tutulan əməliyyatlarının olmamasını bəyan etmişdir. Lakin bu dəfə də iddiaçı tərəfindən idxal edilmiş malların saxlanma yeri və mal qalığı barədə ətraflı məlumat, idxal olunmuş malların satlş qiymətləri barədə məlumat, araşdırılan dövr üzrə bank və kassa sənədləri, yaranmış uyğunsuzluğun səbəbi iıə bağlı əsaslandırılmış izahat və mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədlər təqdim edilmədiyinə görə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx xxxx 2020-ci il tarixli **********726800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarı ilə 2017-ci ilin may ayı üzrə 11.869,90 manat ƏDV iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Göründüyü kimi, mübahisələndirilən qərar əsasında vergilərin hesablanmasına əsas iddiaçının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi öhdəliyini yerinə yetirməməsi olmuşdur. Göstərilənlərə və Vergi Məcəlləsinin 23.1.1, 37.3, 37.4, 77.3, 78, 85.4-cü maddələrinə, İPM-in 58.7-ci maddəsinə əsaslanaraq, X2nun iddiasının təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddaçı tərəf isə gəlməmişdir. Məhkəmə iş materiallarına əsaslanaraq və İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, inzibati işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin X6 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətin (etirazın) məzmununa uyğun izahat verdi və iddanın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını arşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasındadır. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən aşağıdakılardır vergi orqanlarının hüquqlarına aiddir: (23.1.1) bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, (23.1.6) müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 62-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, X2 vergi orqanında vergi ödəyicisi kimi ƏDV qeydiyyatından keçmişdir. Cavabdeh inzibati orqan tərəfindən ona kameral vergi yoxlaması ilə 2017-ci ilin may ayı üzrə 11.869,9 manat məbləğində ƏDV hesablanması barədə xx xxxx 2020-ci il tarixdə **********726800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. İddiaçı hazırda həmin qərarı mübahisələndirir. Mübahisə üzrə iddianın növünə görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlili: - vergi ödəyicisinin 2020-ci ildə təqdim etdiyi dəqiqləşdirilmiş bəyannaməyə əsasən 2016-cı ilin 65.943,89 manat mal qalığı olduğu halda, həmin tarixdən sonrakı dövrdə bəyannamələrdə dövriyyə məbləği göstərilmədiyindən, 2017-ci ilin may ayı üzrə vergi ödəyicisi kimi iddiaçının 11.869,9 manat məbləğdə ƏDV borcu yaranmışdır. Mübahisə üzrə iddiaçının dəlili: - İddiaçının fəaliyyətində 2016-cı ilin sonu üzrə 65.943,89 manat məbləğində mal qalığı olmamış, ona görə də 2017-ci ilin may ayına onun ƏDV borcu yaranmış olmur. Vergi ödəyicisi kimi onun fəaliyyəti xx xxxxxx 2016-cı il tarixdə 5 il müddətinə dayandırılmış və bu barədə ona verg orqanı tərəfindən məktub göndərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, (67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, (67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, (67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, (67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, (67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, (67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, (67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, (67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Həmin Məcəllənin 153-cü maddəsinə görə əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 173.1-ci maddəsinə əsasən ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə sadalanan qanunvericilik normalarını işin fakti hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, mübahisə üzrə sübutetmə yükü daşıyan cavabdeh iddiaçının 2016-cı ilin sonuna 65.943,89 manat məbləğindfə mal qalığının olması, yəni əvvəlki hesabat dövrü üzrə mövcudluğu və sonrakı dövr üzrə bəyan olunmamasına dair heç bir sübut təqdim edə bilmədiyindən, cavabdehin mübahisələndirilən xx xxxx 2020-ci il tarixli **********726800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qanuna zidd qiymətləndirilməlidir. Həmçinin məhkəmənin qənaətinə görə cavabdehin xx xxxx 2020-ci il tarixli sözügedən qərarı qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu vergi ödəyicisi kimi hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və faiz məbləği) ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx xxxx 2020-ci il tarixli **********726800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 14.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx xxxx 2020-ci il tarixli **********726800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4486/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4486/2020
24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver