Məhkəmə qərarları › İş №2-1(112)-4486/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4486/2021

07.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4486/2021 07.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. xahiş etmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşdan, yəni 28.10.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, onun ümumi iş stajı 25 ildən çox olmasına baxmayaraq cavabdeh əsassız imtina verərək onun ümumi iş stajının 25 ildən aşağı olduğunu qeyd etmişdir. Halbuki, onun əmək stajını təsdiq edən əmək kitabçası mövcuddur. Cavabdeh məhkəməyə etiraz təqdim edərək şəxsin pensiya hüququ verən işdə çalışmasına dair arayışın təqdim edilməsinin zəruri olduğunu, ümumi əmək stajının isə 01.01.2006-cı ilədək 25 ildən az, 24 il 10 ay 27 gün olduğunu qeyd edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün 01.01.2006-cı il tarixədək iddiaçının 25 ildən çox ümumi iş stajı olmalı və iddiaçı bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Göründüyü kimi hər iki şərtin, yəni ümumi iş stajı və güzəştli iş stajının hər ikisinin mövcudluğu pensiya təyini üçün əsas hesab edilir və qeyd olunan şərtlərdən hər-hansı birinin mövcud olmamağı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbinin təmin edilməsini istisna edir. İşin faktiki hallarının araşdırılmasından müəyyən olunur ki, ümumi iş stajının 25 ildən çox olması ilə bağlı şərtin tələbləri yerinə yetirilməmişdir. İddiaçının hərbi xidmət müddəti də iş stajının hesablanması zamanı nəzərə alındıqda da, həmin şərt ödənilmir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İddiaçı tərəfindən təqdim olunmuş hərbi biletdən görünür ki, o, 20.11.1980-ci il tarixdən 27.09.1982-ci il tarixədək hərbi xidmət keçmişdir (1 il 10 ay 8 gün). İş materialları ilə müəyyən edilmişdir ki iddiaçı: 08.12.1982-ci il tarixdə X4 İdarəsi Viskaquraşdırma sexində işə qəbul edilmiş, 10.12.1984-cü ildə öz xahişi ilə işdən azad olunmuşdur (2 il 3 gün). 25.12.1984-cü il tarixdə işə qəbul olunmuş, 13.02.1992-ci il tarixdə işdən azad olunmuşdur ( 7 il 1 ay 20 gün). 09.03.1992-ci il tarixdə “Azneft” X1 İdarəsi Vişkaquraşdırma sexində işə qəbul edilmiş 01 may 2003-cü ildə işdən azad edilmiş, həmin tarixdən X3 İdarəsində işə qəbul edilmiş, 08.08.2005-ci il tarixdə işdən azad edilmişdir (13 il 5 ay 1 gün). 10.08.2005-ci il tarixdə quyuların əsaslı və yeraltı təmiri sexinə işə qəbul edilmişdir. Göründüyü kimi onun həmin sexdə 01.01.2006-cı il tarixədək iş stajı 4 ay 23 gün təşkil edir. Beləliklə, iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az olmaqla 24 il 9 ay 25 gün təşkil edir. Məhkəmə iddia tələbinə etirazda və imtina məktubunda ümumi iş stajının məhkəmənin müəyyən etdiyi müddətdən artıq olması ilə bağlı əlavə araşdırmanın həyata keçirilməsini, hər bir halda ümumi iş stajının 25 ildən aşağı olması səbəbindən zəruri hesab etmir. Məhkəmə, qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun tələbləri baxımından şəxsə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinanın qanuniliyini müəyyən etməklə yanaşı, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1ci maddəsinin 01.01.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən də iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Həmin maddənin qüvvədə olan redaksiyasından göründüyü kimi axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Adıçəkilən maddənin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasından isə göründüyü kimi axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışdırsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi hazırda qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə yanaşı, 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyaya əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun ilə də 57 yaşdan şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ təsbit edilmişdir. Maddənin həmin dövrdə qüvvədə olmuş tələbinə əsasən üç şərtin 01.07.2017-ci il tarixədək mövcudluğu şəxsə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi əsası hesab edilmişdir ki, qeyd olunan şərtlər şəxsin 57 yaşına çatması, 25 il sığorta stajına malik olması və 12 il 6 ay yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışması ilə bağlıdır. Göründüyü kimi hər üç şərtin, eyni vaxtda mövcudluğu iddia tələbində göstərilən formada pensiya təyini üçün hesab edilir və qeyd olunan şərtlərdən hər-hansı birinin mövcud olmaması 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbinin təmin edilməsini istisna edir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən də müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü iddiaçının 57 yaşı 01.07.2017ci il tarixdən sonra, 28.10.2019-cu il tarixdə tamam olmuşdur. Beləliklə, iddiaçı 01.07.2017ci il tarixədək 57 yaşına çatmadığından ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə yanaşı, 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına uyğun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən də 57 yaşdan güzəştli şərtlərlə pensiya təyini istisna olunur. Məhkəmə pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi dair iddia tələbinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan tələb 57 yaşdan, yəni 28.10.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi tələbinə münasibətdə törəmə xarakter daşıdığından, 57 yaşdan, yəni 28.10.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə iddia tələbinin rədd edilməsi pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsinə dair iddianın da təmin edilməsini mümkünsüz edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar