Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4486/2022 23.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı «iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı məhdudiyyətin götürülməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı «iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı məhdudiyyətin götürülməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 31 mart 2021-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – MMC) direktoru olmuşdur. İddiaçı rəhbər olduğu dövrdə MMC-nin vergi borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı vergi orqanı tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuş və məhkəmənin 23 noyabr 2020-ci il tarixli e-2-2(113)-3531/2020 nömrəli qətnaməsi ilə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. 31 mart 2021-ci il tarixdən o, MMC-nin direktoru vəzifəsindən azad olunmuş və X2 qurumun direktoru təyin edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq rəhbər dəyişikliyi ilə bağlı ərizə və müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim olunmuş və vergi orqanı tərəfindən müəssisənin reyestr məlumatlarında müvafiq dəyişikliklər aparılmışdır. İddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı məhdudiyyətin götürülməsi barədə qərar qəbul edilməsi üçün 4 oktyabr 2021-ci il tarixli məktubla (qeyd olunan məktub poçta 11 oktyabr 2021-ci il tarixdə təqdim edilmiş və 15 oktyabr 2021-ci il tarixdə vergi orqanı tərəfindən qəbul edilmişdir) cavabdeh orqana müraciət etməsinə baxmayaraq cavabdeh tərəfindən 3 dekabr 2021-ci il tarixədək məktubuna heç bir münasibət bildirilməmişdir. Aşağıda qeyd olunan xüsusatlara əsasən hesab edilir ki, cavabdehin üzərinə onun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı məhdudiyyətin götürülməsi barədə qərar qəbul etmək öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinin tələblərinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Həmin maddənin məzmunundan aydın olunur ki, qanunverici həmin normada təsbit olunan məhdudiyyət tədbirinin vergi ödəyicisi olan fiziki şəxsə və ya hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə tətbiqini nəzərdə tutur. Normanın məzmununa görə məhdudiyyətin tətbiqi üçün: 1) vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı ötməmiş vergi borcu olmalıdır; 2) vergi borcu vaxtında ödənilməməlidir; 3) hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs – icra orqanının rəhbəri olmalıdır. Göründüyü kimi, iddiaçının barəsində məhdidiyyətin tətbiqi istinad edilən normanın digər dispozisiya şərtləri ilə yanaşı, həm də onun öhdəliyi olan hüquqi şəxsin icra orqanının rəhbəri olmadığından irəli gəlmişdir. Lakin 31 mart 2021-ci il tarixdən etibarən sonuncu şərt sonradan aradan qalxmışdır. Buna baxmayaraq, cavabdeh inzibati orqan Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsindən irəli gələn (vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşmanın götürülməsi barədə qərar qəbul etmək) vəzifəsini icra etməmişdir. Eyni zamanda, vergi orqanı eyni əsasla (hüquqi şəxsin icra orqanının rəhbərinin dəyişməsi) digər hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinə münasibətdə Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsini tətbiq etməklə əlverişli qərarlar qəbul etmişdir. Göstərilənlərə və Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə, İPM-in 2.2.2, 33.1, 35.1, 39.1-ci maddələrinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 31 may 2020-ci il tarixli **********043600 nömrəli əmri ilə təsdiq edilmiş «Vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, fazilər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair Qaydalar»ın 8.11-ci bəndinə əsaslanaraq, İddiaçı ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı məhdudiyyətin götürülməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim edilmiş yazılı etirazda bildirilr ki, Xidmət İddiaçı iddia tələbini əsassız hesab edir. Belə ki, İddiaçı sabiq rəhbər olduğu "xxxx" MMC-nin direktor vəzifəsindən 31 mart 2021-ci il tarixdən azad olunması, MMC ilə bağlı qanuni təmsilçilik funksiyalarının yerinə yetirmədiyi və MMC-nin hazırkı rəhbərinin X1 olduğu bildirilmişdir. Halbuki, iddiaçının "xxxx" MMC ilə bağlı olan hüquqi səlahiyyətləri sonlandırılmamışdır. Belə ki, İddiaçı uçot baza məlumatlarına əsasən hal-hazırda MMC-nin təsisçisi qismində çıxış etməkdə davam edir. Qurumun nizamnaməsinin 4.3-cü bəndinə əsasən icra orqanlarının yaradılması və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, o cümlədən icra orqanının üzvlərinin (rəhbərlərinin) təyin edilməsi və geri çağrılması səlahiyyətlərinin, o cümlədən Cəmiyyətin illik hesabatlarının və mühasibat balanslarının təsdiq edilməsi, mənfəətin və zərərin bölüşdürülməsi təsisçinin səlahiyyətlərinə aiddir. MMC-nin təsisçisi İddiaçı tərəfindən qəbul edilmiş 30 mart 2021-ci il tarixli qərara əsasən X2 "xxxx" MMC-nin rəhbəri vəzifəsinə təyin edilmişdir. Beləliklə, İddiaçı MMC-nin qanuni təmsilçilik səlahiyyətlərinin məhz özünün təsisçi qismində qəbul etdiyi qərar əsasında sonlanmasına baxmayaraq, Ümumi Yığıncağının səlahiyyətlərini təkbaşına həyata keçirməyə davam edir. Bu isə, öz növbəsində İddiaçı MMC ilə heç bir əlaqəsinin məhdudlaşdırılması Bakı Kommersiya Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli e-2-2(113)- 3531/2020 nömrəli qətnaməsi əsasında həyata keçirilmişdir. İddiaçı həmin qətnamədən yuxarı instansiya məhkəməsinə şikayət verməmiş və qərar qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada icra edilmişdir. Göstərilənlərə və İPM-in 35, 47.2-ci maddələrinə əsaslanaraq, İddiaçı iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılması məhkəmədən xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Xətai rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə vurğulayır ki, iddiaçı "xxxx" MMC-nin əvvəlki rəhbəri kimi özü barəsində tətbiq olunmuş məhdudiyyətin götürülməsinə dair akt qəbul olunması tələbi üzrə iddia qaldırmaqla əlaqədar subyektiv hüququ olduğundan, cavabdeh Dövlət Vergi Xidməti bu iddiaya cavab verməli olduğundan, iddianın mümkünlüyünü istisna edən digər hal mövcud olmadığından, iddia mümkün iddiadır. Mübahisənin ərazi aidiyyəti belədir ki, iddia “məcburetmə haqqında” iddia növünə aid olduğundan və cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə baxılmasında İPM-in 8.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri (Bakı şəhərinin Xətai rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ-ci bəndinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Vergi Məcəlləsinin yuxarıda istinad edilən 23.1.15-3-cü maddəsinin məzmunundan göründüyü kimi, qanunverici həmin normada təsbit olunan məhdudiyyət tədbirinin vergi ödəyicisi olan fiziki şəxsə və ya hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə tətbiqini nəzərdə tutur. Məhkəmə nəzərə alır ki, iddiaçı barəsində məhdudiyyətin tətbiqi istinad edilən normanın digər dispozisiya şərtləri ilə yanaşı, iddiaçının vergi öhdəliyi olan hüquqi şəxsin icra orqanının rəhbəri olması şərtindən irəli gəlmişdir. Qeyd olunmalıdır ki, yuxarıda sadalanan maddi hüquq normalarına görə məhdudiyyətin tətbiqi üçün birincisi – vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı ötməmiş vergi borcu olmalı, ikincisi – vergi borcu vaxtında ödənilməməli, üçüncüsü – hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs icra orqanının rəhbəri olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı İddiaçı ölkədən getmək hüququnun məhdudlaşdırılması Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3531/2020 saylı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında həyata keçirilmişdir. Belə ki, kommersiya mübahisəsi üzrə qəbul edilmiş məhkəmə qətnaməsi ilə "xxxx" MMC-nin 30 oktyabr 2020-ci il tarixdə dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün icra orqanının rəhbəri, 1 iyul 1976-cı il tarixdə Bərdə rayonu, Soğanverdilər kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Nəzərə alınmalıdır ki, hazırda tərəflər arasında yaranan, davam edən inzibati hüquq münasibətidir. Bu münasibətlər müvafiq olaraq VM-nin 24.0.2-1-ci maddəsindən tələblərindən meydana gəlir. Məhkəmə vurğulayır ki, hazırkı mərhələdə iddiaçnın üzərinə qoyulmuş məhdudiyyət (ölkədən getmək hüququ ilə bağlı) götürülməlidir. Belə ki, "xxxx" MMC-nin vergi borcunun olması şərti aradan qalxmasa da, məhdudiyyətin tətbiq edilməli olduğu şəxs (hüquqi şəxsin icra orqanının) barədə şərt aradan qalxmışdır. Eləcə də "xxxx" MMC-nin 30 mart 2021-ci il tarixli qərarına nəzər yetirdikdə görünür ki, ********** saylı qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin qanuni təmsilçisi X2 olmuşdur. Bu fakt müvafiq qeydiyyatı orqanı – vergi orqanında da müvafiq qaydada qeydiyyata alınaraq reyestdən çıxarış verilmişdir. Göründüyü kimi, MMC-nin hazırkı faktiki rəhbər etdiyi şəxs dəyişdirilmişdir. Məhkəmə buna münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 52.2-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Yəni hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün təsisçi olaraq məsuliyyət daşımadığı üçün iddiaçının hüquqi şəxsin qanuni təmsilçiliyindən çıxması (rəhbərin dəyişməsi) mövcud qanunvericiliyə əsasən cavabdeh tərəfindən onun ölkədən çıxmaq hüququnun məhdudlaşdırılmasına əsas olmuş halın aradan qalxdığına dəlalət edir ki, belə halda cavabdeh Vergi Məcəlləsinə əsasən bu məhdudlaşdırılmanı götürməyə borcludur. Digər tərəfdən, məhkəmə həmçinin iddianın təminini “bərabərlik hüququ” ilə əsaslandırır. Məhkəmə diqqətə çatdırır ki, həm Azərbaycan Respublikası Konstitusiyasında, həm də «İnzibati icraat haqqında» Qanunda şəxslərin qanun və məhkəmə, qanun və inzibati orqan qarşısında bərabər olduğu təsbit olunmuşdur. Bu prinsip hüquqi dövlətin hamılıqla qəbul olunmuş ən mühüm prinsiplərindəndir. Bu prinsip eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsini qadağan edir və ayrıseçkiliyə yol verilməməsini tələb edir. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul edilməsindən imtinası qanunvericiliyin, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 11, 12, 17ci maddələrinə zidd qiymətləndirilməli və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal sayılmalıdır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4486/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4486/2022
23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver