Məhkəmə qərarları › İş №2-1(112)-4486/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4486/2025

14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4486/2025 14.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qərardadın icrasından imtinanın qanunsuz hesab edilməsi və qərardadın icra edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayon Məhkəməsinin 2(004)-4407/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qərardadının icrasından cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin imtinasının əsassız sayılması və Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 2(004)-4407/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qərardadının icrasının təmin edilməsi, yəni ünvan 1, ev 14C-yə mülkiyyət hüququnun dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayon İcra şöbəsinin 17 mart 2023-cü il tarixli məktubu ilə rayon Məhkəməsinin 2(004)-4407/2022 №-li, 03 oktyabr 2022-ci il tarixli icra sənədi aidiyyəti hissədə icra olunması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilib. İcra sənədində idarənin icra etməli olduğu hissə ondan ibarətdir ki, RX Seriyalı, ******* №-li, qeydiyyat nömrəsi ********** olan, 14 noyabr 2012-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən X4 adında və mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 14C №-li ev İddiaçı mülkiyyətinə keçir. İdarədən verilmiş 03 may 2023-cü il tarixli, 3-21-3-02/2-5662/2023 №-li və 27 aprel 2023-cü il tarixli, 3- 21-3-30/2-13983/2023 №-li cavab məktubları ilə məhkəmə aktının icrasından imtina edilmiş və imtinaya əsas kimi göstərilmişdir ki,...Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4407/2022 №-li, 03 oktyabr 2022-ci il tarixli icra vərəqəsinin mənasına görə X8 ilə İddiaçı biri digəri qarşısında üzərlərinə öhdəliklər götürüb və idarəyə münasibətdə hər hansı öhdəliyin icrası nəzərdə tutulmayıb. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin qanuna əsasən barışıq sazişi daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsaslardan biri kimi nəzərdə tutulmamışdır....Cavabdeh idarənin hər iki imtina məktubunu əsassız hesab etdiyindən həmin imtinadan, barışıq sazişinin tərəfləri olaraq hər iki nəfər (İddiaçı və X8) cavabdeh idarəyə şikayət ərizəsi ilə müraciət edərək cavab idarədən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4407/2022 №-li, 03 oktyabr 2022-ci il tarixli icra sənədinin icra edilməsini, yəni ünvan 1 ünvanında yerləşən 14C №-li evə dair mülkiyyət hüququnun İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmasını istəmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, icra sənədinin icrasında qeyd edilən əsaslara görə imtina olunması aşkar qanunsuzluqdur və Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinin (İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir; İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.) tələblərinin idarə tərəfindən pozulmasıdır. İdarənin məhkəmənin icra vərəqəsini tərəflər arasında bağlanmış barışıq sazişi kimi qəbul etməsi tamamilə yanlış düşüncə tərzidir. Belə ki, tərəfləri arasında bağlanmış həmin barışıq sazişi məhz məhkəmə qərarı ilə təsdiq edilib və həmin məhkəmə qərarı da qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbində qeyd edildiyi kimi icrası bütün aidiyyət yerlərə münasibətdə məcburidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur qeydi icra olunması üçün idarəyə göndərilmiş Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 2(004)-4407/2022 №-li, 03 oktyabr 2022-ci il tarixli icra vərəqəsinə də şamil olunur... Şikayət ərizəsini cavabdeh idarə 11 oktyabr 2024-cü il tarixdə alsa da, ərizəyə hər-hansı münasibətini bildirməmişdir. Cavabdeh idarə özünün qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 4407/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qərardadının icrasından imtina edərək bildirir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa və Mülki Məcəllənin müvafiq məzmunlu normalarına əsasən barışıq sazişinin, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas vermir. Halbuki, həmin barışıq sazişi icra sənədinin, yəni məhkəmə qərarının predmetidir. Deməli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bölməsinin) 8.0-cı və 8.0.4-cü maddələrinin tələblərini bu cavabdeh idarə görmək imkanında deyil, ya da ki, görmək istəmir. İstənilən halda hər iki hal cavabdeh idarənin hərəkətsizliyinə dəlalət edir.

3. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-4407/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qərardadına əsasən qərara alınmışdır: İddiaçı X4 cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın ananın yanında qalması, aliment və əmlak" tələbinə dair iddia ərizəsi üzrə barışıq sazişi təsdiq olunsun. Barışıq sazişinin şərtlərinə görə:

1. Nikahın pozulması tələbinə dair: Tərəf İddiaçı 17 noyabr 2009-cu il tarixdə Xətai Rayon Qeydiyyat Şöbəsində bağlanmış, akt qeydləri kitabında 1764 nömrə ilə qeyd edilmiş nikahın pozulmasına öz razılıqlarını bildirir.

2. Uşağın kimin yanında qalmasına dair: Tərəflərin birgə nikahlarından doğulmuş 19 aprel 2012-ci il təvəllüdlü X9 və 01 iyul 2014-cü il təvəllüdlü X5 anası X4 yanında saxlanılır.

3. Aliment tələbinə dair: Tərəflər razılaşırlar ki, iddianın verildiyi gündən hesablanmaqla İddiaçı 19 aprel 2012-ci il təvəllüdlü X6 və 01 iyul 2014-cü il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 500 manat olmaqla iki uşağa görə ümumilikdə 1000 (bir min) manat məbləğində alimenti X7 ödəyir.

4. Əmlak məsələlərinə dair: Tərəflər hazırkı sazişlə birgə nikah dövründə əldə edilmiş əmlak məsələlərini də həll edirlər. Bu məqsədlə tərəflər birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsünü aşağıdakı kimi həyata keçirirlər və hazırkı sazişlə bunu təsdiq və bəyan edirlər: Birgə nikah dövründə əldə edilmiş əmlaklardan tərəf X4 mülkiyyətinə keçir (mülkiyyətində saxlanılır):

1. ünvan 2 ünvanında yerləşən 20 saylı mənzil (reyestr qeydiyyat nömrəsi **********);

2. 99 -NO-077 dövlət nömrə nişanlı "MİTSUBİSHİ PAJERO" markalı nəqliyyat vasitəsi;

3. 90-LL-470 dövlət nömrə nişanlı "Ford Fiesta" markalı nəqliyyat vasitəsi; Tərəf, İddiaçı keçir (mülkiyyətində saxlanılır):

1. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektinin 2930-cu məhəlləsində tikilmiş "Panorama Park" yaşayış kompleksinin H binasının 10-cu (yaşayış sahəsinin 9-cu) mərtəbəsində (125.76 kv.m) 3 (üç) otaqlı mənzil;

2. "xxxx" MTK tərəfindən tikilmiş Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2945-ci məhəllədə inşa edilmiş kooperativ yaşayış binasının 12-ci blok, 9-cu mərtəbə 1 otaqlı ümuni sahəsi 62.87 kv.m olan mənzil;

3. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azadlıq küçəsi döngə 4,14c saylı fərdi yaşayış evi;

4. 90- VB-077 dövlət nömrə nişanlı "Land Crusier" markalı nəqliyyat vasitəsi. İddiaçı X4 cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın ananın yanında qalması, aliment və əmlak” tələbinə dair mülki iş üzrə icraata iddiaçı X4 cavabdeh İddiaçı qarşı “uşağın ananın yanında qalması, aliment və əmlak” tələbinə dair hissədə xitam verilsin.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

9. Məhkəmə tərəfindən müəyyən edildi ki, Yasamal rayon Məhkəməsinin 2(004)-4407/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qərardadı ilə birgə nikah dövründə əldə edilmiş əmlaklardan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azadlıq küçəsi döngə 4,14c saylı fərdi yaşayış evinin İddiaçı keçməsi (mülkiyyətində saxlanılması) qərara alınmışdır.

10. Cavabdeh qurum tərəfindən 27 aprel 2023-cü il tarixli məktubla məhkəmə qərarının icra olunmasından imtina edilmiş, bildirilmişdir ki, mülki işlər üzrə mübahisələrdə tərəflər barışıq sazişi bağlamaqla icra ilə bağlı yalnız öz üzərlərinə öhdəlik götürürlər və üçüncü şəxslərə münasibətdə (o cümlədən səlahiyyətli dövlət orqanları) icra ilə bağlı hər hansı öhdəliyin icrası nəzərdə tutulmur. Müvafiq icra vərəqəsindən də göründüyü kimi, iddiaçı qismində X8, cavabdeh qismində isə İddiaçı göstərilmişdir. 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə prosesinə tərəf qismində cəlb olunmamış və İdarə üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Bundan əlavə, barışıq sazişi "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa və Mülki Məcəllənin müvafiq məzmunlu normalarına əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsaslardan biri kimi nəzərdə tutulmamışdır. Bu səbəblərdən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)-4407/2022 saylı icra vərəqəsinin icrası İdarə tərəfindən mümkün olmamışdır.

11. İddiaçının hüquqi marağı qərardadın onun mülkiyyətinə keçən (mülkiyyətində saxlanılan) əmlaklar hissəsində ünvan 1, ev 14C-yə mülkiyyət hüququnun dövlət reyestrində adına qeydiyyata alınmasına yönəlib.

12. Göründüyü kimi iddiaçı cavabdehin hərəkətlərindən şikayət edərək Yasamal rayon Məhkəməsinin 2(004)-4407/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qərardadına əsasən verilmiş icra sənədi üzrə cavabdeh orqanın hərəkətlərini mübahisələndirir və qərardadın icra olunmasını tələb edir.

13. X13 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X13 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40-a baxın).

14. Belə ki, məhkəmə hüquqların xəyali deyil, praktik və səmərəli qorunmasını həyata keçirir. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).

15. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).

16. Məhkəmə qeyd edir ki, qüvvədə olan məhkəmə qərarının icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında həyata keçirilməlidir.

17. İPM-in müvafiq maddələrinə əsasən: 117.1.1. qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında; 117.1.3. məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişi əsasında icra həyata keçirilir. 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər.

18. Məhkəmə hesab edir ki, hazırkı iddiaya icra icraatı qaydasında baxılmalı olduğundan iddia mümkün sayılmamalıdır.

19. Odur ki, tələbkara (iddiaçıya) qüvvədə olan yekun məhkəmə aktının lazımi qaydada icra olunmamasına dair ərizə ilə (həmin işlə bağlı) məhkəmə qərarını qəbul edən məhkəməyə (Yasamal rayon Məhkəməsinə) müraciət etmək hüququ izah olunsun.

20. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

21. Məhkəmə hesab edir ki, konkret halda iddia tələbinin mümkün sayılmaması hüquq müəyyənliyi prinsipinə xidmət edir və bu səbəbdən məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması qanuni məqsəd daşıyır.

22. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

23. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar