Məhkəmə qərarları › İş №2-1(112)-4487/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4487/2022

07.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4487/2022 07.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndələri X6 və X1, 3-cü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanaqlı və Operativ Sosial Təminat Agentliyinin nümayəndəsi X7, 3-cü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı (3-cü şəxslər: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanaqlı və Operativ Sosial Təminat Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8) “məsləhətçi vəzifəsinə təyinatın bərpa edilməsi” tələbinə dair tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı (3-cü şəxslər: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanaqlı və Operativ Sosial Təminat Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8) “məsləhətçi vəzifəsinə təyinatın bərpa edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2018-ci il tarixdən etibarən Dövlət Məşğulluq Xidmətinin Bakı şəhəri Xətai rayon Məşğulluq Mərkəzində məsləhətçi, daha sonra 5 saylı Məşğulluq Mərkəzində baş məsləhərçi vəzifəsində əmək fəaliyyəti davam etdirmiş, işlədiyi müddət ərzində 9 dəfə 3 ay və 1 dəfə 6 ay müddətli əmək müqaviləsi bağlanılmışdır. İddiaçı hesab edir ki, onun əmək müqviləsinə xitam verilməsi əsassızdır və hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin məhkəməyə daxil olmuş vəsatətindən göründüyü kimi cavabdeh iddianın mümkün sayılmamasını xahiş edir və bu halı onunla əsaslandırır ki, iddiaçı müqavilə əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 5 saylı Ərazi Məşğulluq filialının Məşğulluq tədbirləri şöbəsinin böyük mütəxəssisi vəzifəsində çalışmış, onun əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar xitam verilmişdir. Nəzərə alınmalıdır ki, “Dayanqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsi”nə əsasən X9 sədri Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin,habelə “DOST” mərkəzlərinin və tabeliyindəki digər qurumunların işçilərini Müşahidə Şurasının sədri ilə razılaşdırılmaqla vəzifəyə təyin və vəzifədən azad edir. Həmin Fərmanla razılaşma forması təsbit edilməmişdir və razılaşma daxili prosedur əsasında həyata keçirilir. Qeyd edilənləri nəzərə alaraq cavabdeh iddianın mümkün sayılmamasını xahiş etdi. Üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanaqlı və Operativ Sosial Təminat Agentliyinin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi üçüncü şəxs iddia tələbinin mümkün sayılmamasını xahiş edir və bu halı onunla əsaslandırır ki, hazırki mübahisə əmək münasibətləri ilə bağlı olduğundan mübahisəyə baxılması ümumi məhkəmə tərəfindən həyata keçirilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflərin fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın mümkün hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh təqdim etdiyi yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslərin nümayəndələri iddianın mümkün sayılmamasını xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Əvvəla qeyd olunmalıdır ki, hazırki iddianın mümkün sayılmaması üçün 2 əsas mövcuddur:

1. Cavabdehin əsl cavabdeh olmaması;

2. İddiata mahiyyəti üzrə baxılmasının inzibati məhkəmənin səlahiyyətində olmamasıdır. Məhkəmə birinci əsas üzrə iddianın mümkün sayılmamasına münasibət bildirir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kmi cavabdehin iddiaya cavab verməli olub-olmaması inzibati məhkəmə icraatında iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünün yoxlanılması çərçivəsində müəyyən edilməli, cavabdeh iddiaya cavab verməli olan inzibati orqandırsa iddianın digər mümkünlük şərtləri də ödəniləcəyi təqdirdə işə mahiyyəti üzrə baxılmalı, iddiaya cavab verməli olmayan inzibati orqandırsa bununla bağlı dəqiqləşdirmə aparılması, düzgün cavabdehin müəyyən edilməsi üçün tədbirlər görülməli, əks təqdirdə iddia cavabdehin düzgün müəyyən edilməməsi səbəbindən mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. İddianın irəli sürülməsi, adətən, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Başqa sözlə desək, iddiaçının hüquqlarının pozulma ehtimalı yarandığı anda, iddiaçı həmin hüquqlarının müdafiəsi və ya bərpası üçün müvafiq olaraq cavabdeh qismində inzibati orqanı göstərək iddia ilə məhkəməyə müraciət edir. Zəruri olan hal isə ondan ibarətdir ki, Məhkəmə irəli sürülmüş tələb üzrə inzibati orqanın cavabdehlik daşıyıbdaşımamasını müəyyən etməlidir. Hazırkı iş üzrə cavabdehin iddiaya cavab verməli olan orqan olub-olmaması istiqamətində yoxlama aparılmış və cavabdehin hazırkı iş üzrə cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi səbəbindən iddianın mümkün sayılmaması nəticəsinə gəlinmişdir. İddia ərizəsinin məzmunundan və məhkəmə iclasında iddiaçının izahatından aydın oldu ki, iş üzrə iddiaçının hüquqi marağı məsləhətçi vəzifəsinə təyinatının bərpasından ibarətdir. Hazırki iddia tələbi üzrə cavabdeh kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yönəlmişdir. Məhkəmə hazırki cavabdeh inzibati orqanın mübahisəli məsələ üzrə cavabdehlik daşımaması ilə bağlı aşağıdakilara diqqət çəkir. Belə ki, “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanına uyğun olaraq əhalinin məşğulluğu sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədilə yaradılmış X8 publik hüquqi şəxsin fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartları tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X3 Nizamnaməsi”nin: -1.1. X8 (bundan sonra – Agentlik) aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. -1.2. Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir. -1.6. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə, bank hesabları, loqotipi (emblemi), üzərində Nazirliyin adı və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır. -4.11.10. Bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir; Bu konteksdə Əmək Məcəlləsinin 51-ci maddəsinə uyğun olaraq əmək müqaviləsinin işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanılması qanuni hesab edilir. Şərh olunan normativ hüquqi aktların müddəalarından görünür ki, X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən, müstəqil balansa, əmlaka, xəzinəyə və digər v. malik olan publik hüquqi şəxsdir. Agentlikdə işə qəbul və başqa işə keçirilmə sözügedən idarəetmə standartlarına uyğun olaraq aparılır ki, bu zaman Nazirliklə razılaşdırmaqla qərar qəbul edilir. Bəhs edilən normaları hazırki iddiaya tətbiq etdikdə məhkənin formalaşdırdığı mövqeyi odur ki, iddiaçının işə qəbul olunması və işdən azad edilməsi ilə bağlı müvafiq əmr “X8” tərəfindən qəbul edildiyindən, iddiaçının əmək münasibətləri hazırki cavabdeh qismində çıxış edən inzibati orqanla deyil, məhz X8 ilə yaranmışdır. Beləliklə, bu əmək münasibətlərindən irəli gələn mübahisələr (əmrin ləğvi, işə bərpa, məsləhətçi vəzifəsinə təyin olunma) üzrə cavabdehlik daşıyan X4. Digər tərəfdən Məhkəmə bildirir ki, hətta iddiaçının tələbi üzrə cavabdeh qismində X8 çıxış etsəydi belə, iddianın inzibati məhkəmə tərəfindən baxılması mümkün deyildir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə görə xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndinə görə inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarının 17-ci hissəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Plenum Qərarlarının mahiyyətindən də aydın olur ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan işlər üzrə iddia tələbi ilə müraciət edən və ya iddiaya cavab verməli olan tərəflərdən ən azı biri inzibati orqan olmalı, tərəflər arasında yaranmış münasibətlər xüsusi hüququn nizamasalma predmetinə aid olmayıb, publik hüquq münasibətləri olmalıdır. Məhkəmə diqqətə çatdırır ki, hazırki mübahisə üzrə fərdi əmək mübahisəsi ilə bağlı hüquq münasibəti i iddiaçı və cavabdehin statusu nəzərə alınmaqla publiklik əlamətlərini daşımadığından, yəni iddiaçıya münasibətdə cavabdeh hakimiyyət səlahiyyətlərini həyata keçirmədiyindən, tərəflər fərdi əmək mübahisəsi üzrə əmək qanunvericiliyinin tələblərinə əsasən xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu tərəfləri kimi müvafiq olaraq işçi və işəgötürən hesab edildiyindən, tərəflər arasında qarşılıqlı hüquq və vəzifələr əmək qanunvericiliyi çərçivəsində realizə olunduğundan hazırkı iş üzrə verilmiş iddia tələbinə inzibati məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılma imkanından da söhbət gedə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; 288-ci maddəsinin tələblərinə əsasən, bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi;əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; e) əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması; ə) məzuniyyət hüququnun həyata keçirilməsi; k) əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi. 289-cu maddəsinə əsasən, fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir; 294-cü müddəsinin birinci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır; 297-ci maddəsinə əsasən, fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Sadalanan normaların tələblərinə əsasən, işəgötürən və işçi (qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxs) arasında fərdi əmək mübahisələri mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll edilir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, qurumun hətta inzibati akt qəbul etmək səlahiyyətinə malik olması belə fərdi əmək mübahisəsinə baxılmasının mütləq qaydada inzibati məhkəmə icraatı qaydasında həyata keçirilməsinə dəlalət etmir. Belə ki, inzibati akt qəbul etmək səlahiyyətinə malik olan inzibati orqan dövlət qulluqçusu, hərbi qulluqçu, xüsusi rütbəli şəxs kimi xüsusi kateqoriyaya malik olan şəxslərə münasibətdə hakimiyyət səlahiyyətlərini həyata keçirən qurum qismində çıxış etdiyindən işdən azad olunma, məzuniyyətin verilməsi və həmin şəxslərlə bağlı digər sənədləşmə çərçivəsində qəbul edilən əmr, qərar və sərəncamlar inzibati akt üçün nəzərdə tutulmuş xarakterə malikdir. Həmin qurumlarda göstərilən kateqoriyaya malik olmayan şəxslər isə tərəflər arasında qarşılıqlı razılaşma əsasında bərabərhüquqlu tərəf kimi əmək müqaviləsinə əsasən qarşılıqlı hüquq və vəzifələr daşıdığından burada hakimiyyət səlahiyyətindən və qeyri-bərabər mövqedən, dolayısı ilə işə inzibati məhkəmə icraatı qaydasında baxılma imkanından söhbət gedə bilməz. Bundan başqa, iddiaçının dövlət qulluğu vəzifəsi üzrə test imtahanından keçməsi onun hələ dövlət qulluqçusu olmasını təsdiq etmir. Çünki, iddia ərizəsinin əsaslandırılmasında qeyd olunduğu kimi iddiaçı test mərhələsindən keçmiş, lakin digər mərhələlərdən keçməmişdir. Bu səbəbdən də, onun dövlət qulluqçusu olaraq qiymətləndirilməsi və bunun əsasında işəgğtürən ilə arasında yaranmış mübahisəyə inzibati məhkəmə tərəfindən baxılması mümkün deyildir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6930/2021 saylı iş üzrə qəbul etdiyi 09.12.2021-ci il tarixli qərardan görünür ki, tərəflər (X8 ilə X2) arasındaki münasibət fərdi əmək müqaviləsindən irəli gəlmiş, həmin iş üzrə iddiaçı qismində çıxış edən şəxs 3 ay müddətinə bağlanmış əmək müqaviləsinə əsasən X3 22 saylı Ərazi Məşğuluq Mərkəzi Filialında inzibatçi vəzifəsinə təyin edilmiş, 3 aydan sonra onun əmək müqaviləsinə xitam verilmişdir. Şəxs “əmrin ləğvi, işə bərpa və işburaxma günləri üçün əmək haqqının ödənilməsi” ilə bağlı ümumi məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi bu növ iddialara aidiyyəti üzrə ümumi məhkəmə tərəfindən baxılmasını nəzərdə tutmuşdur. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Əlavə olaraq qeyd olunur ki, məhkəmə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, iddiaçı isə hazırkı tələbini müdafiə etdiyini, iddia ərizəsinin nəzərə alınaraq işə mahiyyəti üzrə baxılıb iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb həmin hissədə mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia mümkün sayılmasın. Məhkəmə izah edir ki, iddiaçı cavabdehlik daşıyan səlahiyyətli orqanı göstərilməklə aidiyyəti üzrə ümumi məhkəməyə müraciət edə bilər. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar