Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4487/2024 15.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X10 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 17705,45 manat (on yeddi min yeddi yüz beş manat qırx beş) borcun ümidsiz borc kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********1) şəxsi hesabından silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsulıiyyətli Cəmiyyəti (VÖEN **********) iddiaçının iştirakı olmadan xx.xx.2018-ci ildə elektron qaydada onun adına qeydiyyatdan keçirilib və müxtəlif əməliyyatlar həyata keçirilib. Həyata keçirilən əməliyyatlarla əlaqədar olaraq müəyyən vergi borcları yaranıb, lakin həmin şəxslər tərəfindən vergi borcları ödənilmədiyi üçün müəssisənin hüquqi rəhbəri kimi Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-8895/2018 saylı, 01 dekabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. İddiaçı bu problemin həll olunması və günahkarların cəzalandırılması üçün Azərbaycan Respublikasının baş prokurorluğuna müraciət etmişdir. X1, X3 və X8 və X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Lakin iddiaçı haqqında qəbul edilən qadağa götürülməmişdir. Bu isə onun hüquqlarını məhdudlaşdırır və sərbəst hərəkət etməsinə mane olur. Hal-hazırda "xxxx" MMC-nin dövlət büdcəsinə 17705,45 manat borcu olduğu göstərilir. 2018-ci ildə təqdim olunmuş Şəxsi hesabdan çıxarışdan görünür ki, həmin dövrdə yaranan borc 7671,37 manat təşkil edir, qalan məbləğ isə cərimə kimi hesablanmışdır. Müəssisənin göstərilən borcu həqiqətən də doğru olsa belə (baxmayaraq həmin borcun yaranmasında iddiaçının heç bir rolu olmayıb) , həmin borc, iyun 2018-ci ilə qədər yaranan borcdur. İddiaçı həmin borcun ümidsiz borc kimi silinməsi barədə Vergi orqanına müraciət etmişdir. Lakin həmin idarədən qənaətbəxş cavab almamışdır. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üzrə xx.xx.2023-cü il tarixli Əmri ilə xx.xx.2024-cü il tarixdən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin adının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 və Uçotun Təşkili Baş İdarəsi kimi dəyişdirilməsini nəzərə almışdır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh inzibati orqan məhkəməyə xx.xx.2024-cü il tarixdə vəsatət təqdim edərək bildirmişdir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 və Uçotun Təşkili Baş İdarəsi cavabdehlər sırasından çıxarılmalı və cavabdeh əsl cavabdeh olan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməlidir. Bildirilir ki, İqtisadiyyat nazirinin 28 dekabr 2021-ci il tarixli F-177 nömrəli və 22 avqust 2023-cü il tarixli 3-21/3-1 -F-131/2023 nömrəli əmrlərində dəyişiklik edilməsi haqqında 27 dekabr 2023-cü il tarixli 3-21/3-1-F-187/2023 nömrəli Əmrin 1.2-ci bəndinə əsasən Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin adı dəyişdirilərək Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 və Uçotun Təşkili Baş İdarəsi kimi müəyyən edilmişdir. Bakı şəhəri X9 və Uçotun Təşkili Baş İdarəsinin vergi ödəyicisinin şəxsi hesab vərəqəsində olan borcunun tələb edilməsi ilə bağlı hərəkətlərin edilməsi səlahiyyəti yoxdur. Eyni zamanda bildirilir ki, iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində uçotdadır. Qeyd olunanlarla əlaqədar olaraq, vergi ödəyicisi Bakı şəhəri X9 və Uçotun Təşkili Baş İdarəsində uçotda olmadığından cavabdeh əsl cavabdehlə əvəz edilməlidir. Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Göstərilənləri nəzərə alaraq, qeyd edilən iş üzrə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 və Uçotun Təşkili Baş İdarəsinin əsl cavabdehlə əvəz edilməsi barədə vəsatətinin təmin edilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı tərəf elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatətə uyğun məzmunda izahat verdi və sonda iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qeyri-mümkün hesab edilməlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İstinad olunan Plenum Qərarının 16-cı bəndində göstərilmişdir ki, iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi -imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər (16.1.1-16.1.6-cı bəndlər). İPM-in 25.0.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslər inzibati məhkəmə icraatında iştirak etmək hüququna malikdirlər. Həmin Məcəllənin 26.2-cı maddəsinə əsasən, dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər. Rəhbəri ilə və ya həmin rəhbər tərəfindən səlahiyyət verilmiş işçisi ilə təmsil olunmuş inzibati orqan da dövlətin adından prosessual hərəkətləri həyata keçirə bilər. Göründüyü kimi, iddianın mümkünlük şərtlərindən biri də iddia ərizəsinin İPM-də nəzərdə tutulmuş formal tələblərə cavab verməsidir. Hazırkı iddia ərizəsi isə qeyd olunan tələbə əməl edilmədən məhkəməyə təqdim edilmişdir. Belə ki, mübahisələndirilən vergi borcu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə münasibətdə hesablansa da, iddia ərizəsi həmin hüquqi şəxsin rəhbəri İddiaçı adından verilmişdir. Halbuki, İPM-in 25.0.1-ci maddəsindən göründüyü kimi, hüquqi şəxslər inzibati məhkəmə icraatında iştirak etmək hüququna malikdir. İstinad olunan Plenum Qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtlərindən biri də iddia tələbinin düzgün cavabdehə qarşı yönəldilməsidir. İş materiallarında olan və cavabdeh vergi orqanı tərəfindən təqdim edilmiş elektron uçot məlumat bazasındakı məlumatlardan görünür ki, "xxxx" MMC xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır və hazırda Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır. iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində uçotdadır. Lakin iddia tələbi həmin inzibati orqana deyil, Bakı şəhəri X9 və Uçotun Təşkili Baş İdarəsinə qarşı yönəldilmiş, cavabdehin əvəz edilməsi ilə bağlı məhkəmənin hüquqi yardımına baxmayaraq təyin edilmiş müddət ərzində çatışmazlıq aradan qaldırılmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iddia mahiyyətcə öhdəliyin icrası növünə aid iddia olduğundan xüsusi mümkünlük şərtinə tabedir. Belə ki, bu növ iddia ilə məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdeh inzibati orqana müraciət edilməlidir. Lakin iş materialları ilə iddiaçının eyni tələb ilə bağlı cavabdeh inzibati orqana müraciət etməsi müəyyən edilməmiş, iddiaçı tərəfindən də bu qənaətin əksini sübut edən hər hansı dəlil təqdim edilməmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Ali Məhkəmənin qeyd olunan Plenum qərarında göstərilir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3.). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər (3.4.). Məhkəmə istinad olunan müddəaların tələblərinə uyğun olaraq işin hazırlıq icraatı üzrə xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının vəkili ilə iddianın mümkünlüyü məsələsini müzakirə etmiş və ona tələbin yuxarıda qeyd olunanlara uyğun formada dəqiqləşdirilməsini, həmçinin mövcud olduğu halda cavabdeh inzibati orqana müraciətin təqdim edilməsini təklif edərək bunun üçün iddiaçı tərəfə müddət təyin etmişdir. Bundan başqa, iddiaçının iddia ərizəsində göstərilən ünvanına hüquqi yardım məktubu göndərilmişdir. Lakin iddiaçı tərəf ötən müddət ərzində iddianın dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə hər hansı ərizə təqdim etməmiş, əksinə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq hazırkı cavabdehə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə xx.xx.2024-cü il tarixdə keçiriləcək məhkəmə iclasının iştirakları oilmadan keçirilməsini xahiş edərək iddianı olduğu kimi müdafiə etmək niyyətini ifadə etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququnun pozulması hesab edilə bilməz. Məhkəmə xüsusi olaraq vurğulayır ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçının hazırkı qərardadın təsviriəsaslandırıcı hissəsində göstərilənləri nəzərə almaqla məqsədinə nail olmaq üçün Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsi ilə bağlı aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-4487/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4487/2024
15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver