Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4488/2021 18.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bədəlov X8 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 62 yaşının tamam olduğu 17 fevral 2014-cü il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvədə olduğu həmin dövrün tələbləri əsasında əmək pensiyasının yenidən hesablanaraq yaranacaq 19.658,09 manat məbləğ fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün fevral 2015-ci il tarixli ərizə, müvafiq sənədlərlə birlikdə Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsinə təqdim edilmiş və müraciət əsasında ona 17 fevral 2015-ci il tarixdən (63 yaşının tamam olduğu vaxtdan) 209,53 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçı tərəfindən verilmiş əmək pensiyasının yenidən hesablanmasına dair müraciətə cavab olaraq 21 sentyabr 2020-ci il tarixli **********1saylı məktubu ilə 01.01.2006-cı il tarixə 24 il 8 ay ümumi əmək stajı və 01.01.2006-cı il tarixindən əmək pensiyası hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 8859,94 manat pensiya kapitalı nəzərə alınaraq pensiya təyin edilməsi göstərilmişdir. Əmək kitabçasının məlumatlarına əsasən 01.01.2006-cı il tarixə əmək stajı məktubda göstərildiyi kimi 24 il 8 ay yox, 32 il 1 ay təşkil edir. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 01 iyul 2017-ci il tarixədək qüvvədə olan 7-ci maddəsinə əsasən, 62 yaşına çatmış kişilərin yaşa görə əmək pensiyası hüququ yarandığı halda, Qanunun tələblərinin müvafiq maddəsi pozularaq ona yaşa görə əmək pensiyası 63 yaşının tamam olduğu vaxtdan təyin edilmişdir, halbuki, 62 yaşının tamam olunduğu vaxtdan, yəni fevral 2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə olan halda Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən 17 fevral 2015-ci il tarixdən ona təyin edilmiş pensiya məbləğinin 209,53 manata bərabər tutulmasının heç bir əsası yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən 2014-cü il tarixdə 62 yaşda, pensiya hüquqi yarandığı vaxtda qüvvədə olmuş qanunvericiliyə əsasən yaşa görə əmək pensiyasının məbləği pensiyanın baza hissəsinin məbləği ilə sığorta hissəsinin düsturla müəyyən edilmiş məbləğinin cəmindən hesablanır. “Əmək pensiyasının baza hissəsinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 avqust tarixli 3096 nömrəli sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2013-cü il sentyabrın 1-dən 100 manat müəyyən edilmiş və Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2016-cı il tarixli 1704 nömrəli sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1dən 10 faiz artırılaraq 110 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1-ci maddəsinin qüvvədə olduğu, 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanununun qəbul edildiyi tarixədək, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır (32 il tam is stajı x 170 manat ) + (170 manat : 12 ay x 1 ay) = 5454,17 manat. Bu qayda onunla əlaqədar olmuşdur ki, əmək pensiyasının baza hissəsinin məbləği dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qanunun 29-cu maddəsinə müvafiq olaraq əmək pensiyasının sığorta hissəsi Dövlət Statistika Komitəsinin Qərarına əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı (2006-2016 illər) müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə və 2017-cı ildən başlayaraq ölkə üzrə orta aylıq nominal əməkhaqqının müəyyən edilən illik artım tempinə uyğun olaraq ildə bir dəfə indeksləşdirilir. Yekun olaraq 01 mart 2014-cü il tarixdən 28 fevral 2021-ci il tarixədək (cəmi 84 ay) hesablanmış pensiya məbləği 37691,52 manat, ödənilmiş məbləğ 18033,43 manat, yaranmış pensiya məbləğinin fərqi 19658,09 manat təşkil edir. Beləliklə, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin ümumi müddəaları və normaları pozulması səbəbindən, qulluq stajının bütün dövrü ərzində qazanılan sığorta və yığım hissələri üzrə fərdi hesabda qeydə alınmış sığorta pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanmalı və azaldılmış 19658,09 manat pensiya məbləği bərpa edilməlidir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsinin əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin 09 mart 2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş ərizə icraata qəbul edilərək, cavabdeh Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsinin əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, 07 fevral 2006-cı il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanunun ilkin redaksiyası) 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sığorta stajı olduqda (Bu Qanunun qüvvəyə mindiyi günədək əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda qeyd edilən normaya 27 oktyabr 2009-cu il tarixli 904 nömrəli Qanunla aşağıdakı məzmunda qeyd hissəsi əlavə edilmişdir. “Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır.”. Belə ki, edilmiş dəyişikliyə əsasən kişilərin əmək pensiyası hüququnun yaranmasına əsas olan yaş həddi 01.01.2012-ci il tarixdə 1 il artırılaraq 63 yaşa çatdırılmışdır. İstinad edilən qanunvericilik norması 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunun qüvvəyə minməsi ilə (qüvvəyə minmə tarixi 01.07.2017) qüvvədən düşmüş hesab olunmuşdur. Deməli, vətəndaşın birinci tələbinə münasibətdə tətbiq edilməli olan qanunvericilik aktı 27 oktyabr 2009-cu il tarixli 904 nömrəli Qanundur. Həmin Qanunun tələbinə əsasən kişilər üçün əmək pensiyası hüququnun yaranmasına əsas verən yaş həddi 63 yas müəyyən edildiyi üçün inzibati orqan iddiaçıya 63 yaşının tamam olduğu - 17.02.2015-ci il tarixdən əmək pensiyası təyin etməklə qanunvericilik hədlərində davranmışdır, buna görə də, iddiaçının tələbi əsassızdır. Cavabdeh orqan tərəfindən 19.05.2021-ci il tarixdə qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə **********6 nömrəli Qərara əsasən 32 il 2 ay 5 gün sosial sığorta stajı nəzərə alınmaqla vətəndaşın pensiyası yenidən hesablanmışdır. Vətəndaş əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh orqana müraciət etdiyi tarixdən 3 il əvvəlki dövrdən – 31.08.2017-ci il tarixdən onun əmək pensiyası yenidən hesablanmışdır və həmin dövr üzrə yaranmış fərq məbləğinin ödənilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı Bədəlov X8 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1952-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının müraciətə baxılması barədə 21 sentyabr 2020-ci il tarixli, **********1 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olaraq ona 17.02.2015-ci il tarixindən 209,53 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunanlara əsasən pensiyanın məbləği 01.01.2020-ci il tarixinədək indeksləşdirilərək 266,83 manata çatdırılmışdır. Təqdim edilmiş sənədlərə əsasən 3 il 10 ay sığorta stajına əsasən əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən yenidən hesablanmış və 01.01.2020-ci il tarixindən 311,13 manata çatdırılmışdır. Pensiyanın hesablanması təqdim edilmiş sənədlərə əsasən 01.01.2006-cı il tarixinədək olan 24 il 8 ay ümumi əmək stajı, 01.01.2006-cı il tarixindən əmək pensiyası hüququ yaranan tarixinədək toplanan fərdi hesabın sığorta hissəsində qeydə alınmış 8859,94 manat pensiya kapitalı nəzərə alınaraq aparılmışdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun PHŞ Bakı şəhəri Nəsimi rayon xidmət nümayəndəliyinin 15 mart 2021-ci il tarixli məktubu ilə İddiaçı pensiya işinin surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respubikasının Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin pensiya təyin edən komissiyanın 19 mart 2015-ci il tarixli 218 nömrəli qərarına əsasən, İddiaçı 17 fevral 2015-ci il tarixdən ömürlük yaşa görə pensiya təyin edilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında 03 sentyabr 2020-ci il tarixli, 3800 nömrəli qərarından görünür ki, 31.08.2017-01.01.2018-ci il tarixədək 245,09 manat, 01.01.2018- 01.0.2019-cu il tarixədək 259,06 manat, 01.01.2019-01.01.2020-ci il tarixədək 266,83 manat, 01.01.2020-ci il tarixdən ömürlük 311,13 manat pensiya məbləği hesablanmışdır; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında 19 may 2021-ci il tarixli **********6 nömrəli qərarından görünür ki, İddiaçı pensiya məbləği yenidən hesablanaraq 01.01.2021-ci il tarixdən ömürlük 386,96 manat təyin edilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 02 iyun 2021-ci il tarixli, **********2 nömrəli xidməti məktubunda göstərilmişdir ki, 01.01.2009cu il tarixdən 01.01.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna müvafiq olaraq 62 yaş kişilərin və 57 yaşına çatmış qadınların yaşa görə əmək pensiyası hüququ var. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il 6 ay artırılır. Qeyd olunanlara əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 01.01.2006- 01.01.2010-cu ildə 62 yaş, 01.01.2010-01.01.2011-ci ildə 62,6 yaş. 01.01.2011- 01.01.2016-cı il tarixdə isə sabitləşərək 63 yaş həddi müəyyən edilmişdir. Vətəndaşa 17.02.2015-ci il tarixində qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 63 yaş əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. 2006-cı il tarixinədək 01.09.1969-26.06.1973cü illər təhsil aldığı dövr, 28.08.1973-16.10.1973-cü illər, 17.12.1973-14.11.1974-cü illər işlədiyi dövr, 18.11.1974-12.12.1975-ci illər hərbi xidmət illəri, 03.02.1976-13.03.1984-cü illər, 26,03.1984-01.01.1992-ci illər, 01.02.1993-01.03.1995-ci illər, 11.05.1995- 30.06.1997-ci illər, 01.10.1997-28.11.2003-cü illər işlədiyi dövrlər əsasında sığorta stajına daxil edilən müddət 32 il 2 ay 5 gün müəyyən edilmişdir. Vətəndaşın sosial sığorta stajına 01.01.1992-27.01.1993-cü illər üzrə “Azəri” Təsərrüfat Assosasiyasında, 01.07.1997- 01.10.1997-ci illər üzrə ORİOL Co.LTD firmasında və 01.12.2003-26.01.2009-cu illər üzrə MƏĞRƏS MMC-də işləməsi faktı, eyni zamanda 01.01.2006-26.01.2009-cu illər üzrə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı aşkarlanmadığı üçün, göstərilən dövrlərin nəzərə alınması mümkün deyildir. Sosial sığorta stajına daxil edilməyən illər 3 il 4 ay 26 gün təşkil edir. 2006-ci il tarixindən sonra isə 12.02.2009-03.08.2009, 01.02.2011- 31.01.2011, 01.01.2012-31.01.2012, 01.01.2013-31.12.2013, 01.01.2014-31.12.2014, 01.01.2019-31.12.2019, 01.01.2014-31.01.2014-cü illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta ödənişlərinə uyğun olaraq 16547 manat 88 qəpik pensiya kapitalı mövcuddur. Bildiririk ki, ona 32 il 2 ay 5 gün sığorta stajına uyğun olaraq 16794 manat 18 qəpik pensiya kapitalına əsasən 386 manat 96 qəpik əmək pensiyası təyin olunmuşdur. Yuxarıda qeyd olunan sığorta stajına daxil olmayan illəri daxil edildikdən sonra isə 35 il 7 ay sığorta stajı əsasında isə 18578 manat 02 qəpik pensiya kapitalına müvafiq olaraq 399 manat 33 qəpik əmək pensiyası hesablanacaqdır. Eyni zamanda bildirilir ki, 01.01.2009cu il tarixindən 01.01.2017-ci il tarixinədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 10-cu maddəsinə əsasən yaşa görə əmək pensiyasının hesablanması qaydası P=BH=SH=YH düsturu ilə hesablanırdı. Həmin Qanunun 29.1-ci və 29.2-ci maddələrinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinə yenidən baxıldıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınır. Əmək pensiyasının sığorta hissəsi (o cümlədən bu Qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi) və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun ideksləşdirilir: 2015-ci il üçün: 100 (baza hissə) + 70,46 (sığorta hissə) + 69.51 (PSK) = 239,97; 2016-cı il üçün: 100 (baza hissə) + 73,28 (sığorta hissə) + 72.29 (PSK) = 239,97; 2017-ci il üçün: 100 (baza hissə) + 82,37 (sığorta hissə) + 81,26 (PSK) = 273,63; 2017-ci ildən etibarən isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına uyğun olaraq ideksləşdirilmiş, 273.63 manat əmək pensiyası məbləği 2018-ci il tarixində 289,23 manata, 2019-cu ildə 297,91 manata, 2020-ci ildə 347,36 manata, 2021-ci il tarixində isə 386,96 manata çatdırılmışdır; Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 01/3-887 nömrəli 17 may 2021-ci il tarixli məktubundan görünür ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “X1”na, "xxxx"xxxx"xxxx" QSC-yə və "xxxx" MMC-yə dair məlumat mövcud deyildir. "xxxx" MMC 11 iyun 1997-ci il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" Əməliyyat Şirkəti MMC 01 iyul 1996-cı il tarixindən 11 avqust 1999-cu il tarixinədək qeydiyyatda olmuş, "xxxx" Azərbaycan-Rusiya qapalı tipli səhmdar investisiya cəmiyyəti (sonradan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti) 23 sentyabr 1997-ci il tarixindən hal-hazıradək qeydiyyatdadır; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 19 may 2021-ci il tarixli, **********198400 nömrəli məktubuna əsasən, İdarədə olan reyestrdə “X3”, "xxxx"xxxx"xxxx" QSC, "xxxx" və "xxxx" MMC dövlət qeydiyyatına alınmış kommersiya qurumları aşkar edilməmişdir; Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 18 may 2021-ci il tarixli, 4/989 nömrəli məktubundan görünür ki, “X4”nın, "xxxx"xxxx"xxxx" QSC-nin, "xxxx" və "xxxx" MMC-nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir; İş materialları ilə müəyyən edilir ki, iddiaçıya 17 fevral 2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan iddiaçı fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalının 80% artırılmaqla 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınmaqla yenidən hesablanmasını xahiş etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi 4 hissədən ibarətdir: 1.Yaşa görə əmək pensiyasının 62 yaşdan təyin edilməsi; 2.01.01.2006-cı ilədək olan sosial sığorta stajının 28 il 08 ay deyil, 32 il 01 ay hesab edilməsi; 3.Yuxarıda qeyd edilənlər əsasında əmək pensiyasının yenidən hesablanaraq yaranmış 19.658,09 AZN fərq məbləğinin ona birdəfəlik ödənilməsi; 4.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1-ci maddəsinin hal-hazırda qüvvədə olan redaksiyası əsasında pensiya məbləğinin yenidən hesablanması. Göstərilən tələblərə qiymət verilməsi məqsədi ilə, məhkəmə, iddiaçının pensiya hüququnun yaranma tarixini, iddiaçının işlədiyi vəzifələr üzrə 01.01.2006-cı il tarixədək ümumi sığorta stajının nə qədər təşkil etməsini, həmçinin, pensiya məbləği yenidən hesablanmalı olduğu halda, ödənilməmiş fərq məbləğinin hansı tarixdən etibarən ödənilməli olması yönündə araşdırma aparmalıdır. Məhkəmə qeyd edir ki, iddia tələbinin birinci hissəsi ilə bağlı qanunvericiliyin aşağıdakı tələbləri təhlil olunmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 7-ci maddəsinə (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiya) əsasən, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Qanunvericiliyin şərh olunan müddəalarına görə, kişilərə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş iki şərt ödənilməlidir: 62 yaş (1 yanvar 2010 – 31 dekabr 2010-cu illər üçün 62 yaş 6 ay, 1 yanvar 2011 – 31 dekabr 2011-ci illər üçün 63 yaş, 1 yanvar 2012 – 30 iyun 2017-ci illər üçün 63 yaş) və 12 il sığorta stajı. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçının 01.01.2006-cı il tarixədək sığorta stajı 12 ildən çox təşkil edir. Məhkəmə vurğulayır ki, iddiaçının 62 yaşdan yaşa görə əmək pensiyasının təyin olunması üçün sığorta stajı ilə bağlı şərt ödənilsə belə, qanunvericilikdə nəzərdə tutulmuş yaş ilə bağlı şərtin ödənilməsi mümkün olmamışdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı 62 yaşı 17.02.2014-cü il tarixdə tamam olmuşdur. Halbuki, həmin dövrdə qüvvədə olan pensiya qanunvericiliyin müddəalarına görə kişilərin yaş həddi 01.01.2010-cu il tarixdən 01.01.2012-ci il tarixədək hər il altı ay artırılmışdır ki, iddiaçının arzuladığı pensiya yaşı həmin dövrə təsadüf etməmişdir. Göstərilən bu hallar özlüyündə ona dəlalət edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasının 7-ci maddəsində yaşa görə əmək pensiyasının təyin edilməsi üçün nəzərdə tutulan yaş və staj ilə bağlı şərtlər 17.02.2015-ci il tarixdə ödənildiyindən, iddiaçının yaşa görə əmək pensiyası hüququ məhz 63 yaşı (17.02.2015-ci il tarixdə) tamam olduğu vaxtdan yaranmış olur. İddia tələbinin ikinci hissəsinə münasibətdə məhkəmə bildirir ki, iddiaçının 01.01.2006-cı il tarixədək topladığı ümumi sığorta stajı ilə bağlı ziddiyyətli məqamlar olmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən yol verilmiş nöqsanlar aradan qaldırılmışdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı bəyan edir ki, onun 01.01.2006-cı il tarixədək ümumi iş stajı 32 il 1 ay təşkil etdiyi halda, onun həmin tarixə sığorta stajı 24 il 8 ay kimi nəzərə alınmışdır. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının təhsil müddətindən savayı, həmçinin 01.01.1992-27.01.1993-cü illər üzrə “Azəri” Təsərrüfat Assosasiyasında, 01.07.1997-01.10.1997-ci illər üzrə ORİOL Co.LTD firmasında və 01.12.2003-26.01.2009-cu illər üzrə MƏĞRƏS MMC-də, həmçinin, 01.01.2006-26.01.2009-cu illər üzrə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı aşkarlanmadığı üçün, göstərilən dövrlər nəzərə alınmamışdır. Lakin, sonradan cavabdeh tərəfindən məhkəməyə xidməti məktub təqdim olunaraq iddiaçının sığorta stajının 32 il 02 ay 05 gün təşkil etməsi bildirilmiş və 16.794,18 manat pensiya kapitalı əsasında ona 386,96 manat əmək pensiyası təyin olunması göstərilmişdir. Göründüyü kimi iddiaçının staj ilə bağlı mübahisələndirdiyi məsələ öz həllini tapmış, cavabdeh iddiaçının sığorta stajlna daxil edilməyən illərini daxil edildikdən sonra sonuncunun ümumilikdə 35 il 07 ay sığorta stajının olması qənaətinə gəlmiş və 18.578,02 manat pensiya kapitalı əsasında ona 399,33 manat məbləğində əmək pensiyasının təyin edəcəyini bildirmişdir. Məhkəmə iddianın üçüncü hissəsinə münasibətdə bildirir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən 19.658,09 AZN manat məbləğində ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi tələbi irəli sürülmüşdür. Məhkəmə qeyd edir ki, həqiqətən də iddiaçının pensiya məbləği hesablanarkən, onun müəyyən dövlər üzrə toplamış olduğu sığorta stajı cavabdeh tərəfindən nəzərə alınmamışdır. Lakin, bu halın mövcud olması iddiaçıya pensiya hüququ yarandığı 17.02.2015-ci il tarixdən etibarən ödənilməmiş fərq məbləğinin ödənilməsi üçün əsas vermir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 31.1-ci maddəsinə (01.07.2017-ci il tarixədək olan redaksiya) əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; 37.7-ci maddəsinə (01.07.2017-ci il tarixədək olan redaksiya) əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir; 32.1-1-ci maddəsinə (01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiya) əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, 01.07.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), 01.07.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) il ilə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08.10.2020-ci il tarixli № 03/2020 nömrəli qərardadı ilə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardadda qeyd olunmuşdur ki, “keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Bu mənada, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında da istər inzibati orqanlara, istərsə də vətəndaşlara münasibətdə konkret hərəkətlərin müəyyən edilmiş müddətlər daxilində edilməsini tələb edən normalar mövcuddur (məs; Vergi Məcəlləsinin 85-ci maddəsi, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi və s.). Odur ki, kollegiya hesab edir ki, yeni tənzimləmə həm də hüquqi müəyyənliyi və sabitliyi təmin etməyə dair əsaslı legitim məqsədə də xidmət edir.” Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən əvvələ 3 il ərzində ödənilməsi mümkün sayılır. Yuxarıda göstərilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən 19.05.2021-ci il tarixdə qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə **********6 nömrəli Qərara əsasən 32 il 02 ay 05 gün sosial sığorta stajı nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması, həmçinin ödənilməmiş fərq məbləğinin müvafiq olaraq iddiaçının müraciət etdiyi tarixdən 3 il əvvəlki dövrdən – 31.08.2017-ci il tarixdən ödənilməsi qərara alındığından, iddiaçının iddia tələbi həmin hissədə də əsassız hesab olunur. Məhkəmə iddia tələbinin dördüncü hissəsini də əsassız hesab edir və aşağıdakıların qeyd edilməsini zəruri sayır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 26.1-ci maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır; 26.2-ci maddəsin əsasən, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır; 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır; 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir; 29.2-ci maddəsinə əsasən, bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır; 29.3-cü maddəsinə əsasən, əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli qərarı ilə təsdiq olunmuş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.2.1-ci bəndinə əsasən, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla) pensiya sığorta kapitalının (PSK) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbəti kimi (SH=PSK/T) müəyyən edilir. Həmin Qaydaların 4.2.3-cü bəndinə əsasən, 1 iyul 2017-ci il tarixdən etibarən Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2016-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir. İddiaçıya pensiya təyin olunan dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə, Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Həmin Qanunun 29.1 və 29.2-ci maddələrinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsi ildə bir dəfədən və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsindən az olmamaqla artırılır. Əmək pensiyasının sığorta hissəsi (o cümlədən bu Qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi) və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir. Qanunvericiliyin müddəalarının hər iki redaksiyasını birgə təhlil etdikdə aydın olur ki, 01 iyul 2017-ci il tarixədək vətəndaşların pensiya məbləği hesablanarkən yaşa görə əmək pensiyasının baza hissəsi və əmək pensiyasının sığorta hissəsi (istehlak qiymətləri indeksinin illik səviyyəsi tətbiq edildikdən sonra) əsas götürülürdü. Lakin, 01 iyul 2017-ci il tarixdən etibarən pensiya qanunvericiliyinə edilmiş dəyişiklikdən sonra əmək pensiyasının cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempi üzrə faiz dərəcəsi tətbiq olunaraq pensiya məbləği müəyyən edilir. Şərh olunan qanunvericiliyin müddəalarını işin faktiki hallarına tətbiq etdikdə aydın olur ki, müəyyən olunmuş pensiyanın məbləği “Yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında” və “Əmək pensiyasının sığorta hissəsinin və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində toplanan pensiya kapitalının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən 2015-ci ildən 239,97 manat (100,0 manat əmək pensiyasının baza hissəsi + 70,46 manat sığorta hissə + 69,51 PSK) məbləğində, 2016-ci il tarixdən 239,97 manat (100,0 manat + 73,28 manat (70,46 manat + 70,46 x 4% (istehlak qiymətləri indeksinin 2015-ci il üzrə illik səviyyəsi) + 72,29 PSK) əmək pensiyasının sığorta hissəsi) məbləğində, 2017-cı il tarixdən 273,63 manat (110,0 manat + 82,37 manat (73,28 manat + 73,28 x 12,4% (istehlak qiymətləri indeksinin 2016-ci il üzrə illik səviyyəsi) + 81,26 PSK) məbləğində hesablanmışdır. 2017-ci ilin 1 iyul tarixindən Qanuna edilmiş dəyişikliklərlə əlaqədar olaraq əmək pensiyasının cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevilməsi aparılmaqla 273,63 manat əmək pensiyasının sığorta hissəsi kimi müəyyən edilmiş və 01.01.2018-ci il tarixdən 289,23 manat (273,63 manat + 273,63 manat x 5,7 % (ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempi)) məbləğində, 01.01.2019cu il tarixdən 297,91 manat (289,23 manat + 289,23 manat x 3% (ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempi)) məbləğində, 01.01.2020- ci il tarixdən 347,36 manat (297,91 + 297,91 manat x 16,6 % (ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempi)) məbləğində, 01.01.2021-ci il tarixdən isə 386,96 manat (347,36 manat + 347,36 manat x 11,4 % (ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempi)) məbləğində hesablanaraq ödənilmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq, cavabdehin dəlilləri ilə razılaşır ki, iddiaçının fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı həmin vaxt qüvvədə olan qanunvericiliyin tələbləri əsasında hesablanaraq pensiyasına əlavə edilmişdir. İddiaçı isə pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1ci maddəsinin hal-hazırda qüvvədə olan redaksiyasına uyğun olaraq yenidən hesablanmasını həmin maddənin üçüncü cümləsinin (Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.) qüvvəyə mindiyi 01 iyul 2017-ci ildən tələb edir. Lakin iddiaçının tələbi üzrə istinad olunun həmin normaların tətbiq edilməsi mümkün deyildir. Belə ki, sözügedən Qanunun 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş 27.1-ci maddəsində bu normanın həmin tarixdən əvvəl əmək pensiyası təyin olunmuş şəxslərə tətbiq olunmasının istisna etmişdir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “pensiyanın yenidən hesablanması” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-4488/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4488/2021
18.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver