Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4489/2024 21.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “xidmət illərinə görə faiz əlavəsinin hazırkı vəzifə maaşına uyğun ödənilməsi” tələbi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra -iddiaçı) ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə (bundan sonra – cavabdeh) müraciət edərək, xx.xx.2006xx.xx.2017-ci illərdə (ümumilkdə son 11 il olmaqla) xidmət illəri (güzəştli illər də daxil olmaqla) nəzərə alınaraq, həmin dövrün xidmət illərinə görə faiz əlavəsinin hazırkı vəzifə və rütbə maaşına uyğun olaraq hesablanaraq ödənilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya bildirmişdir ki, müraciəti ilə əlaqədar son 3 (üç) il üzrə pul təminatı üçün tərtib olunmuş şəxsi vərəqədən çıxarış olunması ilə bağlı xidmət etdiyi hərbi hissəyə sorğu verilmişdir. Ərizədə qeyd olunan ödəniş üzrə hüququ yarandığı təqdirdə ödənişin müvafiq qaydada həyata keçirilməsi təmin olunacaqdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-xx.xx.2017-ci illərdə (ümumilkdə son 11 il olmaqla) xidmət illəri (güzəştli illərdə daxil olmaqla) nəzərə alınaraq həmin dövrün xidmət illərinə görə faiz əlavəsinin hal-hazırkı vəzifə və rütbə maaşına uyğun olaraq hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə (Dövlət Sərhəd Xidmətinə) həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə dəftərxansı vasitəsilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, xidmət keçdiyi xx.xx.2011-xx.xx.2007-ci illərdə (ümumilikdə son 6 il olmaqla) xidmət illərinin (güzəştli illər də daxil olmaqla) nəzərə alınaraq həmin dövrün xidmət illərinə görə faiz əlavəsinin hal-hazırkı vəzifə və rütbə maaşına uyğun olaraq hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, təqvim ili 22 il 5 ay 21 gün, güzəştli şərtlərlə (imtiyazlı) isə ümumilikdə 30 il 1 ay olmaqla hərbi xidmət dövrü keçmiş və 18 yanvar 2018-ci il tarixdə (əmr № 0290) Dövlət Sərhəd Xidmətindən həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. O, Dövlət Sərhəd Xidmətinə qarşı pul təminatının (təminat xərcliyinin) tərkibi olan xidmət illərinə görə faiz əlavəsinin düzgün hesablanmaması ilə bağlı məhkəmədə iddia qaldırmış, xx.xx.2022-ci il tarixli 2-(112)- 4750/2022 saylı məhkəmə qərarına əsasən son təminat xərcliyinin tərkibi olan xidmət illərinə görə faiz əlavəsi 50 faiz məbləğində təsdiq olunmuşdur. Bununla da, məhkəmə qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 fevral 1994-cü il tarixli 67 №-li qərarının, eləcə də Dövlət Sərhəd Xidmətinin Hərbi Qulluqçuların pul təminatı haqqında Əsasnaməsinin 4.3-cü bəndinin düzgün tövsif edilməməsi sübuta yetirilmişdir. Məhkəmə qərarı Dövlət Sərhəd Xidməti tərəfindən məcburi halda xx.xx.2023-cü ildə icra edilmişdir. Xidmət keçdiyi dövr ərzində xidmət illərinə görə faiz əlavəsi düzgün hesablanmamış, əmək haqqı azaldılmaqla ödənilmişdir. Xidmət keçdiyi bu qədər müddət üzrə xidmət illərinə görə faiz əlavəsinin qalıq hissəsinin hesablanaraq ödənilməsi müəyyən çətinlik yaradır. Ona görə də məsələyə ədalətli yanaşaraq xidmət keçdiyi xx.xx.2014-xx.xx.2017-ci illərdə (ümumilkdə son 3 il olmaqla) xidmət illərinin 25 ildən artıq olmasını (güzəştli illərdə daxil olmaqla) nəzərə alaraq həmin dövrü xidmət illərinə görə faiz əlavəsinin 40 faiz məbləğində hesablanmaqla qalan hissəsinin ödənilməsini inzibati icraat qaydasında həll edilməklə razılaşma ilə bağlı təkliflə tərəfindən ərizə ilə müraciət ünvanlamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 3-38-16/2-8117/24 saylı iddiaya yazılı etirazında göstərmişdir ki, xx.xx.2023-cü il tarixli, 001598 nömrəli Hərbi qulluqçunun pensiya təminatı üzrə məlumat vərəqindən görünür ki, İddiaçı təqvim illəri üzrə stajı 22 il 05 ay 20 gün, güzəştli xidmət illəri 7 il 7 ay 10 gün olmaqla, cəmi stajı 30 il 1 ay müəyyən edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə öz arzusu (Hərbi vəzifə və hərbi xidmət haqqında AR Qanununun 41.0.9-cu maddəsi) ilə ehtiyata buraxılmışdır. İddiaçının təminat xərcliyi - vəzifə maaşı 575 manat, rütbə maaşı 150 manat, xidmət illərinə görə əlavə 50% (Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4750/2022 saylı qərarına əsasən) olmaqla 362.50 manat, ərzaq payı əvəzinə kompensasiya 64 manat, sərhəd qoşunlarında xidmətə görə 10% olmaqla 57.50 manat, məharət dərəcəsinə görə 25% olmaqla 143,75 manat, cəmi 1352,75 manat təşkil etmişdir. DSX-nin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək onun təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N saylı hərbi hissə komandirinin nizami hissə üzrə xx.xx.2017-ci il tarixli 0290 nömrəli Əmrindən çıxarışdan görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqında” Arərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə əlaqədar 04 dekabr 2017-ci il tarixdən etibarən şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılmış, hərbi qeydiyyata götürülməsi üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinə göndərilmişdir. Mayor İddiaçı 04 dekabr 2017-ci il tarixə xidmət illəri: təqvimi: 22 il, 04 ay, 06 gün; güzəştli: 07 il, 07 ay, 08 gün; cəmi: 29 il, 11 ay, 14 gün olmuşdu. Mayor İddiaçı 2017-ci ilin hesabına növbəti məzuniyyətdən tam istifadə etmişdir. 2017-ci ildə nəzərdə tutulmuş maddi yardım və məzuniyyət müavinətini almışdır. 01 yanvar 2017-ci il tarixdən 04 dekabr 2017-ci il tarixədək birdəfəlik pul mükafatını tam həcmdə 100 % almağa layiqdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2023-cü il tarixli 16/6028m nömrəli məktubundan görünür ki, ehtiyatda olan mayor İddiaçı xx.xx.1995-xx.xx.1999-cu il tarixlərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində kursant, xx.xx.1999-xx.xx.1999-cu il tarixlərdə Bakı ABKM-ni “Taktiki –sərhəd qoşunlarının komandiri ixtisası üzrə bitirdiyi üçün MTN SQ Komandanının sərəncamına göndərilib, xx.xx.1999-xx.xx.2000-ci il tarixlərdə MTN SQBİ 2-ci sərhəd dəstəsi (2007 №-li h/h) 17-ci sərhəd zastavası rəisinin müavini, xx.xx.2000-xx.xx.2003-cü il tarixlərdə MTN SQBİ 2-ci sərhəd dəstəsi (2007 №-li h/h) 22-ci sərhəd zastavası rəisinin müavini, xx.xx.2003xx.xx.2003-cü il tarixlərdə DSX rəisi-SQ Komandanının sərəncamında (Təşkilat-ştat dəyişikliyi ilə əlaqədar), xx.xx.2003-xx.xx.2004-cü il tarixlərdə DSX 6-cı sərhəd dəstəsi 13cü sərhəd zastavasının rəisi, xx.xx.2004-xx.xx.2007-ci il taixlərdə DSX 6-cı sərhəd dəstəsi 13-cü sərhəd zastavasının rəisi (Ştat dəyişikliyi ilə əlaqədar), xx.xx.2007-xx.xx.2008-ci il tarixlərdə DSX 6-cı sərhəd dəstəsi 13-cü sərhəd zastavasının rəisi (Ştat dəyişikliyi ilə əlaqədar), xx.xx.2008-xx.xx.2009-cu il tarixlərdə DSX 6-cı sərhəd dəstəsi 13-cü sərhəd zastavasının rəisi, xx.xx.2009-xx.xx.2011-ci il tarixlərdə DSX 5-ci sərhəd dəstəsi 3-cü sərhəd komendantlığı komendantının birinci müavini-qərargah rəisi, xx.xx.2011xx.xx.2014-cü il tarixlərdə DSX 5-ci sərhəd dəstəsi 2-ci sərhəd komendantlığı komendantının birinci müavini-qərargah rəisi, xx.xx.2014-xx.xx.2017-ci il tarixlərdə DSX 5ci sərhəd dəstəsi dövlət sərhədinin mühafizəsi bölməsinin baş zabiti vəzifələrində işləmişdir. 18 yanvar 2018-ci il tarixə təqvimi xidmət illəri – 22 il, 05 ay, 20 gün; güzəştli xidmət illəri 07 il, 07 ay, 17 gün; ümumi xidməti illərinin cəmi 30 il, 01 ay, 07 gün təşkil etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, 001598 nömrəli Hərbi qulluqçunun pensiya təminatı üzrə məlumat vərəqindən görünür ki, İddiaçı təqvim illəri üzrə stajı 22 il 05 ay 20 gün, güzəştli xidmət illəri 7 il 7 ay 10 gün olmaqla cəmi stajı 30 il 1 ay müəyyən edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə öz arzusu ilə ehtiyata buraxılmışdır. İddiaçının təminat xərcliyi - vəzifə maaşı 575 manat, rütbə maaşı 150 manat, xidmət illərinə görə əlavə 25% olmaqla 181.25 manat, ərzaq payı əvəzinə kompensasiya 64 manat, sərhəd qoşunlarında xidmətə görə 10% olmaqla 57.50 manat, məharət dərəcəsinə görə 25% olmaqla 143,75 manat, cəmi 1 171.50 manat təşkil etmişdir. Həmin məlumat vərəqinə əsasən iddiaçıya xx.xx.2017-ci il tarixdən təyin edilmiş pensiya məbləği AR ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” **********4 nömrəli, xx.xx.2021-ci il tarixli Qərarına əsasən yenidən hesablanmış, yenidən hesablanmış pensiya məbləği 892,40 manat təşkil etmişdir. İşdə olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4750/2022 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin göndərilməsi” barədə iddia tələbi təmin edilmiş, İddiaçı xidmət illərinə görə əlavənin 50 % faiz məbləğində müəyyən edilməklə məlumat vərəqəsinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilmişdir. Məhkəmə qərarında göstərmişdir ki, “...“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnaməsində faiz əlavəsinin ödənilməsi təqvim ilinə görə deyil, ümumiyyətlə, hərbi qulluqçunun xidməti dövrünü əhatə edir. İddiaçının təqvim illəri 22 il 05 ay 20 gün təşkil etsə də, onun iş stajı xidməti illər ilə birlkdə 30 ildən çox təşkil etdiyindən onun xidməti illərinə görə əlavənin məbləği faizlə -50 % faiz müəyyən edilməlidir... Məhkəmə xüsusi ilə bir məqama da toxunur ki, tərtib olunmuş məlumat vərəqəsindən də göründüyü kimi təqvim ili və xidmət illəri ayrı-ayrı olmaqla ayrı-ayrı bəndlərdə göstərilir. Cavabdeh özü də məlumat vərəqəsində xidmət illəri ilə təqvim illərini ayırmışdır. Hazırki halda 50% əlavənin ödənilməsi xidmət illəri ilə bağlı olduğundan, əlavənin təqvim ili əsasında hesablanması yolverilməzdir.” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-996/2023 nömrəli qərardadından görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4750/2022 saylı qərarından apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4750/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmayaraq apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4750/2022 saylı qərarına əsasən DSK-nın sabiq hərbi qulluqçusu İddiaçı barədə yeni məlumat vərəqi tərtib olunaraq (xidmət illərinə görə əlavə faiz məbləğinə düzəliş edilməklə - 50 %) xx.xx.20223-cü il tarixdə 10/776m saylı məktubla Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmişdir. İddiaçı hazırda işin yuxarıda qeyd olunan hallarına istinad edərək, xidmət etdiyi müddətdə ona faiz əlavəsinin təqvim ili əsasında verildiyini, lakin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həmin əlavənin təqvim ili deyil, xidmət illəri əsasında hesablanmalı olduğuna istinad edərək, ödənilməyən məbləğin verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 19 oktyabr tarixli 562 nömrəli qərarının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilmişdir: - zabit vəzifəli heyətə, gizirlərə, miçmanlara və müddətindən artıq xidməti hərbi qulluqçulara uzun müddət xidmətə görə verilən faiz əlavəsi; Həmin Qərarın 2-ci hissəsinə əsasən Müdafiə Nazirliyinə tapşırılmışdır ki, Respublika Nazirlər Kabinetinin müəyyən etdiyi vəzifə maaşlarını və bu qərarın 1-ci bəndində nəzərdə tutulmuş üstəlik pul təminatını nəzərə almaqla, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının pul təminatı barədə Əsasnamə hazırlasın və müdafiə nazirinin əmri ilə təsdiq etsin. Daha sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 133 nömrəli xx.xx.2017-ci il tarixli qərarı ilə 2-ci hissə aşağıdakı redaksiyada verilmişdir: “2. Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən edilir.” İşdən görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2002ci il tarixli 220 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 10-cü maddəsinə əsasən hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı hərbi qulluqçuların pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəlidən çox olmayan müddətdə ödənilir. Birdəfəlik pul təminatı, əgər almaq üçün edilən müraciət ona olan hüququn yarandığı gündən üç il keçməmiş müddət başa çatmayanda vermişsə, ödənilir. Əsasnamənin 95-ci maddəsinə görə əgər faiz əlavəsi hərbi qulluqçuya hərbi hissənin vəzifəli şəxslərinin günahı üzündən lazım olduğundan az miqdarda ödənilmişdirsə, bu Əsasnamənin 10-cu maddəsi nəzərə alınmaqla əlavə üzrə yenidən hesablama aparılır. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018ci il tarixli 0251 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə əsasən: -1.1. Pul təminatı haqqında Əsasnamə ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatının norma və ödəniş qaydaları müəyyən edilir. DSX-nın hərbi qulluqçularının pul təminatı aşağıdakılardan ibarətdir: -1.1.1. hərbi rütbə və vəzifə maaşlarından; Pul təminatının əlavə növlərindən və yol təminatından. -1.9. Hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilməmiş pul təminatı hərbi qulluqçuların (ehtiyatda olan hərbi vəzifəlilər də daxil olmaqla) pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətdə ödənilir. Birdəfəlik pul müavinəti bu müavinətə hüququn yarandığı gündən üç il müddət ərzində müraciət olunubsa, ödənilir. Göründüyü kimi, qanunverici hərbi qulluqçuların, o cümlədən ehtiyatda olan hərbi vəzifəlilərin almadığı pul təminatının sonradan tələb edilməsi hüququnu tanımış, lakin bu hüququ müddətlə məhdudlaşdırmışdır. İddia ərizəsindən görünür ki, iddiaçı 2011-2017-ci illərdə xidmət illərinə görə düzgün hesablanmamış faiz əlavəsinin ödənilməsini xahiş etsə də, bununla bağlı 6 il sonra, 2023cü ildə cavabdehə müraciət etmiş, bununla da yuxarıda istinad edilən normativ sənədə əsasən müəyyən edilmiş müddəti ötürmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının hazırkı məzmunda tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-4489/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4489/2024
21.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver