Məhkəmə qərarları › İş №2-1(112)-449/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-449/2021

07.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-449/2021 07.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı kompensasiya verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 76) şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, X.Dairəvi küçəsində fərdi yaşayış evi tikmək üçün 328 və 600 kv.m torpaq sahəsinə görə bazar qiymətinə əsasən kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək, Binəqədi rayonu, 7-ci mkr, X.Dairəvi küçəsində fərdi yaşayış evi tikmək üçün 328 və 600 kv.m torpaq sahəsinə görə bazar qiymətinə əsasən 519600 (beş yüz on doqquz min altı yüz) manat kompensasiya məbləğinin tutulub iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Binəqədi Bələdiyyəsinin 30 dekabr 2006cı il tarixli, 425 saylı və 30 dekabr 2006-cı il tarixli, 426 saylı qərarı ilə onun Binəqədi rayonu, 7-ci mkr, X.Dairəvi küçəsində fərdi yaşayış evi tikmək üçün 328 və 600 kv.m torpaq sahəsi alğı-satqı yolu ilə mülkiyyətinə verilmişdir. Bundan sonra o, həbs olunduğu üçün bələdiyyədən aldığı hər iki torpaq sahəsində heç bir tikinti-quraşdırma işlərini apara bilməmişdir. Həbsdən qayıtdıqdan sonra ona məlum olmuşdur ki, torpağında Binəqədi rayon Polis İdarəsi və Binəqədi Rayon Məhkəməsinin binaları tikilmişdir. Bu faktı Bələdiyyə tərəfindən verilən və təsdiq edilən 27 aprel 2015-ci il tarixli akt da, təsdiq edir. Belə ki, həmin aktın məzmunundan bəlli olur ki, “Binəqədi bələdiyyəsinin 425 saylı, 30 dekabr 2006-cı il tarixli və 426 saylı, 30 dekabr 2006-cı il tarixli qərarı ilə Binəqədi rayonu, 7-ci mikrorayon, X.Dairəvi küçəsində fərdi yaşayış evinin tikintisi məqsədilə mülkiyyətinə ayrılmış 328 və 600 kv.m torpaq sahəsində Binəqədi Rayon Məhkəməsinin və qeyd olunan rayonun Polis İdarəsinin inzibati binaları, magistral yolu çəkilməsi tikildiyinə görə həmin torpaq sahələri onlar tərəfindən tutulmuşdur. Bu məsələyə aydınlıq gətirilməsi üçün müvafiq orqanlara müraciət etsə də, heç bir nəticə olmadığı üçün məhkəmədə iddia qaldırmaq məcburiyyətində olmuşdur. İddia tələbinin hüquqi əsası kimi, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarına istinad edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5387/2019 saylı, 24.12.2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada məhkəmə tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim olunmasına dair sərəncam verilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir münasibət təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 425 nömrəli, 30 dekabr 2006-cı il tarixli, “Vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” Qərarının surətindən görünür ki, İddiaçı ərizə ilə Bələdiyyəyə müraciət edərək, 7-ci mkr, X.Dairəvi küçəsində 328 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün onun mülkiyyətinə ayrılmasını xahiş etmişdir. Bələdiyyənin həmin qərarına əsasən Binəqədi rayonu, 7-ci mkr, X.Dairəvi küçəsində 328 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq İddiaçı (hər kv.m üçün 20.800 manat ödəmək şərti ilə) mülkiyyətinə ayrılmışdır. İşdə olan 579 nömrəli, 30 dekabr 2006-cı il tarixli, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində olan torpaq sahəsinin alğı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Binəqədi rayonu, 7-ci mkr, X.Dairəvi küçəsində yerləşən 328 kv.m torpaq sahəsinə dair Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ilə İddiaçı arasında müqavilə bağlanmışdır. İşdə olan Torpaqların alğı-satqısına dair aktdan görünür ki, fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə ayrılmış Binəqədi rayonu, 7-ci mkr, X.Dairəvi küçəsində 328 kv.m torpaq sahəsinin alğı-satqısına dair iddiaçı ilə Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında akt tərtib edilmişdir. İşdə olan situasiya planının surətindən görünür ki, Binəqədi rayonu, 7-ci mkr, Xarici dairəvi küçəsində İddiaçı fərdi yaşayış evinin tikintisi üçün təklif olunan torpaq sahəsinin (328 kv.m) situasiya planı Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən tərtib edilmişdir. İşdə olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 426 nömrəli, 30 dekabr 2006-cı il tarixli, “Vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” Qərarının surətindən görünür ki, İddiaçı ərizə ilə Bələdiyyəyə müraciət edərək, 7-ci mkr, X.Dairəvi küçəsində 600 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün onun mülkiyyətinə ayrılmasını xahiş etmişdir. Bələdiyyənin həmin qərarına əsasən Binəqədi rayonu, 7-ci mkr, X.Dairəvi küçəsində 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq İddiaçı (hər kv.m üçün YAM ilə 4 man. 16 qəp. ödəmək şərti ilə) mülkiyyətinə ayrılmışdır. İşdə olan 580 nömrəli, 30 dekabr 2006-cı il tarixli, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində olan torpaq sahəsinin alğı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Binəqədi rayonu, 7-ci mkr, X.Dairəvi küçəsində yerləşən 600 kv.m torpaq sahəsinə dair Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ilə İddiaçı arasında müqavilə bağlanmışdır. İşdə olan Torpaqların alğı-satqısına dair akt-dan görünür ki, fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə ayrılmış Binəqədi rayonu, 7-ci mkr, X.Dairəvi küçəsində 600 kv.m torpaq sahəsinin alğı-satqısına dair iddiaçı ilə Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında akt tərtib edilmişdir. İşdə olan situasiya planının surətindən görünür ki, Binəqədi rayonu, 7-ci mkr, Xarici dairəvi küçəsində İddiaçı fərdi yaşayış evinin tikintisi üçün təklif olunan torpaq sahəsinin (600 kv.m) situasiya planı Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən tərtib edilmişdir. İşdə olan 22.04.2015-ci il tarixli “Mülkiyyətə ayrılmış torpaq sahəsinin mövcud vəziyyətinə dair” Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən təsdiq edilmiş aktın surətindən görünür ki, Binəqədi bələdiyyəsinin Mülkiyyətin idarə edilməsi şöbəsinin müdiri Anar Hacıyev, mühəndis Fikrət Qulamov və ərizəçi İddiaçı etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X3 aktı tərtib edərək bildirmişlər ki, İddiaçı 16 aprel 2015-ci il tarixli ərizə ilə bələdiyyəyə müraciət edərək göstərmişdir ki, Binəqədi bələdiyyəsinin 425 saylı, 30 dekabr 2006-cı il tarixli və 426 saylı, 30 dekabr 2006-cı il tarixli qərarları ilə Binəqədi rayonu, 7-ci mkr, X.Dairəvi küçəsində fərdi yaşayış evinin tikintisi məqsədilə mülkiyyətinə ayrılmış 328 və 600 kv.m torpaq sahəsində Binəqədi Rayon Məhkəməsinin və qeyd olunan rayonun Polis İdarəsinin inzibati binaları tikildiyindən həmin torpaq sahələri onlar tərəfindən tutulmuşdur. Ərizə əsasında bələdiyyə qulluqçuları və səlahiyyətli nümayəndənin iştirakı ilə torpaq sahəsində keçirilən yerli baxış zamanı məlum olmuşdur ki, Binəqədi bələdiyyəsi tərəfindən vətəndaş İddiaçı ayrılmış torpaq sahəsində Binəqədi Rayon Məhkəməsinin və Polis İdarəsinin inzibati binası inşa edilmiş, digər torpaq sahəsindən isə magistral yolun çəkilməsi həyata keçirilmişdir. İşdə olan Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanmış BRB/Ə-21 nömrəli, 30 aprel 2015-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçının mülkiyyətinə ayrılmış torpaq sahəsində dövlət ehtiyacları məqsədilə inzibati binaların tikintisi ilə əlaqədar alındığından ərazidən əvəzli torpaq sahəsinin ayrılmasına dair ərizəsinə bələdiyyədə baxılaraq, bildirilmişdir ki, bələdiyyə qulluqçularının və nümayəndəsinin işirakı ilə ərazidə keçirilən baxış zamanı məlum olmuşdur ki, bələdiyyənin 425 saylı, 30 dekabr 2006-cı il tarixli və 426 saylı, 30 dekabr 2006-cı il tarixli qərarları ilə Binəqədi rayonu, 7-ci mkr, X.Dairəvi küçəsində fərdi yaşayış evinin tikintisi məqsədilə mülkiyyətinə ayrılmış 328 və 600 kv.m torpaq sahəsində Binəqədi Rayon Məhkəməsinin və rayonun Polis İdarəsinin inzibati binaları tikilmişdir. Bu baxımdan bələdiyyə tərəfindən mülkiyyətinə ayrılmış torpaq sahəsi dövlət ehtiyacları üçün alındığından, xahiş olunmuşdur ki, müvafiq kompensasiya və ya həmin ölçüdə əvəzli torpaq sahəsinin ayrılması ilə bağlı səlahiyyətli icra qurumlarına müraciət edilsin. İşdə olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış 02/09-09-30-09-20/Ə-240 nömrəli, 10 iyul 2015-ci il tarixli məktbun surətindən görünür ki, iddiaçının mübahisəli torpaq sahəsində Binəqədi Rayon Məhkəməsinin və Binəqədi rayon Polis İdarəsinin inzibati binalarının tikilməsi ilə əlaqədar maraqlarına toxunduğunu nəzərə alaraq, inzibati binaların tikintisi məqsədilə həmin torpaq sahəsinin ayrılmasına dair hüquqi sənədlərlə bağlı ona məlumat verilməsinə köməklik göstərilməsi barədə Bakı şəhər İcra Hakimiyyətindən 09.06.2015-ci il tarixli, Ə-260 saylı məktubla Binəqədi rayon İcra Hakimiyyədinə daxil olmuş ərizəsinə baxılaraq bildirilmişdir ki, Binəqədi rayonu, 7-ci mikrorayonun cənub-şərq hissəsində olan “Müşfiq” metrostansiyasının şimal hissəsində, Binəqədi Rayon Polis və X5 yeni inzibati binalarının tikintisinin layihələndirilməsi üçün 0.7 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının 24.12.2010-cu il tarixli, 498 saylı sərəncamı ilə DİN-in və Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının tikintisinin layihələndirilməsi üçün 0.5 ha torpaq sahəsi (eyni ünvanda) ünvan 3lə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin daimi istifadələrinə verilmişdir. İstifadəsinə verilmiş torpaq sahəsinin əvəzləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı bildirilmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, vətəndaşlara hər-hansı bir məqsəd üçün torpaq sahəsinin ayrılması 01 yanvar 2001-ci il tarixdən bələdiyyələrin səlahiyyətinə verilmişdir. Həmçinin “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 28.10.2008-ci il tarixli, 709-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10.12.2008-ci il tarixli Fərmanına əsasən həmin tarixdən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələr vasitəsi ilə həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq, başqa yerdə torpaq sahəsinin ayrılması məqsədilə müvafiq bələdiyyəyə müraciət edə bilər. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən iddiaçıya ünvanlanmış D-37-113 nömrəli, 01.07.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçının ona ayrılmış torpaq sahəsi ilə əlaqədar yaranmış mübahisəli məsələnin həlli ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə daxil olmuş ərizəsinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinin müddəalarına əsasən, torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq rayon İcra Hakimiyyəti orqanı, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Qeyd olunanları nəzərə alaraq, qanunvericilikdə müəyyən edilmiş qaydalara əsasən, aidiyyəti üzrə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan “xxxx” MMC tərəfindən tərtib edilmiş Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, X.Dairəvi küçəsində yerləşən torpaq sahələrinin bazar dəyəri haqqında qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, X.Dairəvi küçəsində yerləşən 600 kv.m və 328 kv.m torpaq sahəsinin cəmi 928 kv.m torpaq sahəsinin 12 noyabr 2019-cu il tarixinə hesablanmış bazar dəyəri: 519600 (beş yüz on doqquz min altı yüz) manat təşkil edir. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X2 Xidməti tərəfindən verilmiş 05 noyabr 2020-ci il tarixli, DX-03/0103-1204 nömrəli məktubdan görünür ki, “Binəqədi rayon Polis İdarəsinin, Binəqədi rayon Yol Polis İdarəsinin və Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binalarının tikintisi” layihələri üzrə tikinti altına düşən torpaq sahələrinə görə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən kompensasiyanın ödənilməsi məqsədilə X2 Xidmətinə heç bir sənəd təqdim olunmamışdır. İşdə olan məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 7-3366/17 nömrəli, 18.11.2020-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Baçısının 24.12.2010-cu il tarixli, 498 nömrəli və 06.07.2009-cu il tarixli 240 nömrəli sərəncamları ilə daimi istifadəyə verilmiş torpaq sahələrinin dövlət mülkiyyətində olub-olmaması barədə məhkəmə sorğusuna cavab olarq bildirilmişdir ki, qüvvədə olan torpaq qanunvericiliyinə əsasən Bakı şəhər İcra Hakimiyyəti dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə verilməsində səlahiyyətlidir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia əsassızdır: Belə ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 4.0.1-ci maddəsinə əsasən bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək səlahiyyətinə malikdir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş, «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin (Bələdiyyə tərəfindən 2006-cı ildə müvafiq sərəncam verilərkən qüvvədə olmuş redaksiyası) 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 7-ci bəndinin ikinci və üçüncü cümlələrində və 24-cü bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirlər; həmin Əsasnamənin 17-ci, 18-ci, 19-cu, 21-ci, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirirlər. Məhkəmə iddiaçının dəlillərinə qeyd olunan maddi hüquq normalarının tələblərinə müvafiq qiymət verərək qeyd edir ki, iddiaçının qanuni əsaslarla ayrıldığını iddia etdiyi torpaq sahələrinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan torpaqayırma qaydasında (Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumlarının razılığının alınması və s.) ayrılması işin materialları ilə müəyyən edilmir. Bundan əlavə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir; 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 6-cı maddəsinin 13-cü abzasına görə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində-dövlət torpaq kadastrının, torpaqların monitorinqinin və yerquruluşunun aparılmasının təşkil edilməsi üçün Dövlətin səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi icra edir. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına istinad olunan maddi hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçının 2006-cı ildən keçən müddət ərzində sözügedən torpaq sahələri üzərində hüquqlarının səlahiyyətli dövlət orqanında qeydə alınmasına dair işdə hər hansı sübut olmadığından, onun Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.4-cü maddəsinin tələbləri qaydasında həmin torpaq sahəsi üzərində dövlət tərəfindən təminat verilən istifadə hüquqları da yaranmamışdır. Ona görə də, iddiaçının Binəqədi rayonu ərazisində ümumilikdə 928 kv.m torpaq sahəsi ayrılması və ya torpaq aldığı ərazidə hazırki bazar qiymətləri ilə kompensasiya ödənilməsi barədə tələbi əsassızdır. Bu səbəbdən də, iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün göstərilənlərə əsasən məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar