Məhkəmə qərarları › İş №2-1(112)-4490/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4490/2021

27.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4490/2021 27.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 92A, mənzil 11) cavabdeh – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (yerləşdiyi yer: Bakı şəhəri, Z.Bünyadov küçəsi, 43) qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin verilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, İddiaçı xx xxxxxx 1961-ci il tarixdə Yevlax rayonunun Lənbəti kəndində doğulmuşdur. 1978-ci ildən 1983-cü ilədək Azərbaycan Mühəndis İnşaat İnstitutunda (hazırkı Azərbaycan Memarlıq və İnşaat Universiteti) əyani formada “körpülər və tunellər” ixtisası üzrə ali təhsil almış və ona “inşaat mühəndisi” ixtisası verilmişdir. Təhsilini başa vurduqdan sonra 12 sentyabr 1983-cü il tarixdən əmək fəaliyyətinə başlamış və fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olmuşdur. Onun bu günədək 36 il 07 ay 11 gün ümumi iş stajı vardır. 36 il 07 ay 11 günlük əmək fəaliyyətinin (ümumi iş stajının) 16 il 10 ay 18 gününü zərərli və ağır işlərdə (güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı) çalışmışdır. Belə ki, əmək fəaliyyətinə başladığı 1983-cü ilin sentyabr ayından bu günədək fəaliyyət göstərdiyi iş yerləri, məşğul olduğu vəzifə və fəaliyyət göstərdiyi müddətlər əmək kitabçasına əsasən aşağıdakı kimi olmuşdur: İnstitutda ali təhsil 5 il (1978 – 1983-cü illər), “Aztransstroy” 323 saylı Tresti Yevlax - Balakən dəmiryol sahəsi üzrə tikinti ustası vəzifəsi 12 sentyabr 1983-cü il tarixdən 18 aprel 1984-cü il tarixədək 7 ay 7 gün (ümumi iş stajı), hərbi xidmət 19 aprel 1984-cü il tarixdən 13 dekabr 1985-ci il tarixədək 1 il 7 ay 24 gün (ümumi iş stajı), “Aztransstroy” 323 saylı Tresti Yevlax - Balakən dəmiryol sahəsi üzrə tikinti ustası vəzifəsi 14 dekabr 1985-ci il tarixdən 2 fevral 1987-ci il tarixədək 1 il 1 ay 18 gün (ümumi iş stajı), Yevlax rayonu M.Ə.Sabir adına Kolxozda inşaat briqadiri vəzifəsi 22 fevral 1988-ci il tarixdən 1 aprel 1992-ci il tarixədək 4 il 1 ay 10 gün (ümumi iş stajı), “Azərbaycan DRES-nın 1 nömrəli Qazan-Turbin sexi” turbin avadanlıqları üzrə nəzarətçi maşinist vəzifəsi 14 iyul 1992-ci tarixdən 3 fevral 1995-ci il tarixədək 2 il 6 ay 20 gün (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş). “Azərbaycan DRES-in 1 nömrəli Qazan- Turbin sexi” enerji blokun maşinisti vəzifəsi 3 fevral 1995-ci il tarixdən 21 may 2004-cü il tarixədək 9 il 3 ay 18 gün (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş), “Azərbaycan DRES-in Turbin və Köməkçi Avadanlıqların Təmiri sexi” usta İ qrup vəzifəsi 21 may 2004-cü il tarixdən 5 yanvar 2009-cu il tarixədək 4 il 7 ay 15 gün (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş). Bu müddətin 1 il 7 ay 10 günlük hissəsi «Əmək pensiyaları haqqında» AR Qanununun qüvvəyə mindiyi günədək – 1 yanvar 2006-cı il tarixədək olmuşdur. "xxxx" MMC-nin Qazan və Turbin Avadanlıqlarının Təmir və Sazlama İdarəsi usta İ qrup vəzifəsi 5 yanvar 2009-cu il tarixdən 29 may 2009-cu il tarixədək 4 ay 25 gün, "xxxx" ASC-nin Mingəçevir Tikinti və İstehsal İdarəsi 9-cu və 10-cu dərəcəli usta vəzifəsi 1 iyun 2009-cu il tarixdən 10 may 2016-cı il tarixədək 6 il 11 ay 10 gün, “X3 İstismar Sahəsi” ASC 2-ci dərəcəli mövsümü əməliyyatçı vəzifəsi 15 noyabr 2016-cı il tarixdən 1 mart 2017-ci il tarixədək 3 ay 14 gün. AR Dövlət X7 tərəfindən verilmiş 259/10 nömrəli 9 dekabr 2020-ci il tarixli “Arxiv arayışı”nda göstərilir ki, kolxozun 1989 – 1992-ci illər şəxsi heyətə dair sənəd materiallarına əsasən o (iddiaçı), təsərrüfatda işləyərək aşağıda göstərilən miqdarda adam günü və əmək haqqı qazanmışdır: . . . Qeyd: Yevlax rayon Xaldan kənd Sabir adına kolxozun 1988-ci ilə dair inşaat briqadası üzvlərinin hesablaşma kitabları X10 verilmədiyindən, onun həmin ildə qazandığı əmək haqqını müəyyən etmək mümkün olmadı. "xxxx" ASC "xxxx" MMC tərəfindən verilmiş 205-61 nömrəli 5 noyabr 2019-cu il tarixli “İşin xarakteri haqqında arayış”a əsasən müəyyən edilir ki, onun 14 iyul 1992-ci il tarixdən 5 yanvar 2009-cu il tarixədək tutduğu vəzifələr AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 24-cü bölməsinin “a” və “b” bəndlərinə uyğundur. İzah edilmiş işin faktiki hallarından da göründüyü kimi, 1978-ci ildən 1983-cü ilədək ali təhsil almış və 12 sentyabr 1983-cü il tarixdən əmək fəaliyyətinə başlamışdır. «Əmək pensiyaları haqqında» AR Qanunu qüvvəyə minən günədək – 1 yanvar 2006-cı il tarixədək onun ümumi əmək stajı 25 il 11 ay 17 gün olmuşdur. «Əmək pensiyaları haqqında» AR Qanunu qüvvəyə minən günədək – 1 yanvar 2006-cı il tarixədək olan ümumi əmək stajının 13 il 5 ay 18 gününü məhz əmək şəraiti ağır və zərərli olan işlərdə (turbin avadanlıqları üzrə nəzarətçi maşinist, enerji blokun maşinisti, qazan-turbin sexində usta vəzifələrində) çalışmışdır. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq iddiaçı cavabdehə müraciət etmiş və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. 27 yanvar 2021-ci il tarixli cavab məktubu ilə güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. İmtinanın səbəbi kimi göstərilmişdir ki, Mərkəzi Filiala təqdim edilən 21 dekabr 1982-ci il tarixli ИТ-1 ******* nömrəli əmək kitabçasında onun (ərizəçinin) 22 fevral 1988-ci il tarixdən 1 aprel 1992-ci il tarixədək Yevlax rayon M.Ə.Sabir adına kolxozda inşaat briqadiri işlədiyi qeyd edilmişdir. Mərkəzi Filial tərəfindən əmək kitabçasında qeyd edilən əmək stajını və həmin dövr üçün adıçəkilən müəssisə tərəfindən məcburi dövlət sosial siğorta haqlarının ödənilib-ödənilməməsini dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu verilmişdir. Sorğuya daxil olmuş müvafiq cavabda 22 fevral 1988-ci il tarixdən 31 dekabr 1988-ci il tarixədək olan dövr üzrə ona əmək haqqı ödənişinin olmadığı qeyd olunmuşdur. Qanunvericilikdə məcburi dövlət sosial siğorta haqları ödənilməyən dövrlər siğorta stajına daxil edilmədiyindən, yuxarıda qeyd olunan dövrün iş stajına daxil edilməsi mümkün olmadığından, onun ümumi iş stajı 25 ildən az (24 il 9 ay 16 gün) təşkil edir. Cavabdehin məktubundan aydın olur ki, qurum müraciəti cavablandırarkən təqdim edilən sənədləri ümumiyyətlə araşdırmamış, sadəcə olaraq “pensiya təyin edilməsi mümkün hesab edilmir” kimi əsassız və qanunsuz bir cavab vermişdir. Bütün bunlar pensiya təyini üçün təqdim edilmiş sənədlərin cavabdeh tərəfindən tam və obyektiv araşdırılmadığının bariz sübutudur. AR Dövlət X5 verdiyi arayışda müvafiq sənədlərin arxivə verilmədiyi qeyd olunsa da, cavabdeh orqan bu halı həmin ildə ona əmək haqqı ödənişinin olmaması kimi qeyd etməklə həmin dövrü iş stajına daxil etməmiş, onun sosial təminat hüququnu kobud şəkildə pozmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 38, 149-cu maddələrinə, İPM-in 1.2, 2, 33, 34, 35.1, 38, 45, 46, 73.1-ci maddələrinə, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1, 9.8, 21-ci maddələrinə, AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarına, əvvəllər qüvvədə olmuş «Dövlət pensiya təminatı haqqında» SSRİ Qanununun 1, 109-cu maddələrinə, AR Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13, 67, 69-cu maddələrinə, AR Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndinə, AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarına əsaslanaraq, iddiaçıya 27 yanvar 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsinin məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilir: - DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı İddiaçı iddiası ilə razılaşmır. İddiaçı iddia edir ki, 1 yanvar 2006-cı il tarixədək 25 il 11 ay 17 gün ümumi, 13 il 05 ay 18 gün güzəştli iş stajına malikdir, ona görə də 57 yaşının tamam olduğu 27 yanvar 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Mərkəzi Filial 27 yanvar 2021-ci il tarixli məktubla iddiaçının müraciətinin təminindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının ümumi stajı 25 ildən az (24 il 09 ay 16 gün) az təşkil edir. İddiaçı əmək kitabçası, diplom və hərbi xidmət barədə arayış əsasında iddia edir ki, 1 yanvar 2006-cı il tarixədək 25 il 11 ay 17 gün ümumi əmək stajı vardır. Lakin iddiaçı 19 aprel 1984-cü il tarixdən 13 dekabr 1985-ci il tarixədək (1 il 07 ay 24 gün) hərbi xidmətdə olduğunu qeyd edir. Halbuki işdə olan hərbi xidmət barədə arayışda onun 10 may 1984-cü il tarixdən 13 dekabr 1985-ci il tarixədək (1 il 7 ay 3 gün) hərbi xidmətdə olduğu öz əksini tapıb.İddiaçı iddia edir ki, 14 dekabr 1985-ci il tarixdən 2 fevral 1987-ci il tarixədək (01 il 01 ay 18 gün) tikinti ustası kimi çalışıb. Ancaq əmək kitabçasında onun hərbi xidmətdən qayıtdıqdan sonra həmin tarixdə əmək müqaviləsi bağladığı və işə başladığı barədə heç bir qeyd yoxdur. Əksinə, sanki 13 dekabr 1985-ci il tarixdə təxris olunan İddiaçı 14 dekabr 1985-ci il tarixdən təkrarən işə çıxdığını qeyd edir. Bu isə, ağlabatan deyildir.Digər tərəfdən, əmək kitabçasının özündə iddiaçının 11 dekabr 1985-ci ildə hərbi xidmətdən təxris olunduğu qeyd edilib. Göründüyü kimi, onun əmək kitabçasının 4-cü vərəqindəki qeydlərdə (hərbi xidmətə çağırılma və 22 fevral 1988-ci il tarixədək) ziddiyyət vardır. Diqqət edilsin ki, əmək kitabçasındakı qeydlər nömrələnməyib. Dolayısı ilə, iddiaçının hərbi xidmətdən təxris olunduqdan (13 dekabr 1985-ci il tarixdən) Yevlax rayon M.Ə.Sabir adına kolxozda işə başladığı tarixədək (22 fevral 1987-ci il tarixədək) olan dövrün (01 il 02 ay 09 gün) ümumi əmək stajına daxil edilməsi mümkün deyildir. İddiaçı 22 fevral 1988-ci il tarixdən 1 aprel 1992-ci il tarixədək (04 il 01 ay 10 gün) Yevlax rayon M.Ə.Sabir adına kolxozda çalışdığını qeyd edir. Lakin işə qəbul barədə əmrin tarixi və nömrəsi qeyd edilməyib. Bundan başqa, 1988-ci ildə iddiaçının işlədiyi adam günü ilə bağlı məlumat yoxdur. Dolayısı ilə 22 fevral 1988-ci il tarixdən 31 dekabr 1988-ci il taroxədək (10 ay 09 gün) ümumi əmək stajına daxil edilməsi mümkün deyildir. Göründüyü kimi, iddiaçının 01 yanvar 2006-cı il tarixədək olan əmək stajı 25 ildən az təşkil edir. Odur ki, Filialın imtinası qanuni və əsaslı olmuşdur. Beləliklə, qeyd olunanlara əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırarq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. İş materiallarında olan КВ seriyalı 016062 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1978 – 1983-cü illərdə Azərbaycan Mühəndis İnşaat İnstitutunda ali təhsil almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X5 9 dekabr 2020-ci il tarixli 259/10 nömrəli arxiv arayışında aşağıdakılar qeyd olunur: - Azərbaycan Respublikası Dövlət X7 sorğuya cavab olaraq bildirir ki, Dövlət Arxivində mühafizə olunan Yevlax rayonu Xaldan kənd Sabir adına Kolxozun 1989 – 1992ci illər şəxsi heyətə dair sənəd materiallarına əsasən İddiaçı təsərrüfatda işləyərək 240 adam günü norması üzrə 1989-cu ildə 317 adam günü, 1990-cı ildə 292 adam günü, 1991ci ildə 276 adam günü, 1992-ci ildə 76 adam günü üzrə müvafiq olaraq 1.740,24, 1.998,00, 2.727,13, 1.172,47 rubl əmək haqqı qazanmışdır. Qeyd: Yevlax rayon Xaldan kənd Sabir adına Kolxozun 1988-ci ilə dair inşaat briqadası üzvlərinin hesablama kitabları X10 verilmədiyindən, həmin ildə qazanılmış əmək haqqını müəyyən etmək mümkün olmadı. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 5 noyabr 2019-cu il tarixli 205-61 saylı “İşin xarakterli haqqında arayış”da aşağıdakılar qeyd olunur: - 1961-ci il təvəllüdlü İddiaçı 14 iyul 1992-ci il tarixdən 9 noyabr 1992-ci il tarixədək “Azərbaycan DRES-nin 1 nömrəli Qazan-Turbin sexinə (öyrənən) turbin avadanlıqları üzrə nəzarətçi maşinisti vəzifəsinə işə qəbul edilmişdir. (əmr № 342, 13.07.1992), 9 noyabr 1992-ci il tarixdən turbin avadanlıqları üzrə nəzarətçi maşinisti vəzifəsində müstəqil işə buraxılmışdır (əmr № 178/K, 16.11.1992), 10 dekabr 1992-cı il tarixdə Vİ qrup turbin avadanlıqları üzrə nəzarətçi maşinist vəzifəsində müstəqil işə buraxılmışdır (əmr № 06/K, 15.01.1993), 10 dekabr 1992-ci il tarixdən 3 fevral 1995-ci il tarixədək Vİ qrup turbin avadanlıqları üzrə nəzarətçi maşinist vəzifəsində (əmr № 06/K, 15.0.1993), 3 fevral 1995-ci il tarixdən 21 may 2004-cü il tarixədək həmin sexdə enerji blokun maşinisti vəzifəsində (Əmr №46/K 23.03.1995), 21 may 2004-cü il tarixdən 5 yanvar 2009-cu il tarixədək Turbin və Köməkçi Avadanlıqların Təmiri sexində usta İ qrup vəzifəsində (Əmr № 431/KŞ 21.05.2004) işləmişdir. 5 yanvar 2009-cu il tarixdən Azərbaycan Respublikası ƏM-nin 69cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr № 466/Ş, 30.12.2008). İddiaçı işlədiyi müddət ərzində 8 saatlıq iş günü müddətində bilavasitə stansiyanın qazan və turbin sexində yerləşən avadanlıqların istismarı və təmiri ilə məşğul olmuşdur. İş şəraitində səs-küy, titrəmə, havanın cərəyan surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün İddiaçı 14 iyul 1992-ci il tarixdən 5 yanvar 2009-cu il tarixədək aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə əmək qanunvericiliyinə əsasən ona əlavə məzuniyyət günü verilmişdir. İddiaçı 14 iyul 1992-ci il tarixdən 5 yanvar 2009-cu il tarixədək tutduğu vəzifələr AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 24-cü bölməsinin “a”, ”b” bəndlərinə uyğundur. "xxxx" ASC-nin 25 aprel 2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin 5 yanvar 2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. İş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış 27 yanvar 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim edilən 21 dekabr 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında onun (ərizəçinin) 22 fevral 1988-ci il tarixdən 1 aprel 1992-ci il tarixədək olan dövr ərzində Yevlax rayon 'M.Ə.Sabir” adına kolxozda inşaat briqadiri işlədiyi qeyd edilmişdir. Mərkəzi Filial tərəfindən əmək kitabçasında qeyd edilən əmək stajını və həmin dövr üçün adıçəkilən müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsini dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu verilmişdir. Sorğuya daxil olmuş müvafiq cavabda 22 fevral 1988-ci il tarixdən 31 dekabr 1988-ci il tarixədək olan dövr üzrə onun əmək haqqı ödənişinin olmadığı qeyd olunmuşdur. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan dövr iş stajına daxil etmək mümkün olmadığından, ümumi iş stajı 25 ildən az (24 il 9 ay 16 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı xx xxxxxx 1961-ci il tarixdə doğulmuşdur. Əmək kitabçasında və iş materiallarında olan arayışda qeyd olunanları nəzərə alaraq, iddiaçı 1 yanvar 2006-cı il tarixədək 25 ildən artıq ümumi, o cümlədən 12 il 6 aydan artıq əmək şəraiti zərərli və ağır olan işlərdə stajı olan şəxs kimi ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, aidiyyəti arxiv qurumundan alınmış məlumata görə 1988-ci ilin fevral – dekabr ayları üzrə əmək haqqı ödən işi olmamışdır, bu səbəbdən də həmin dövr iş stajına daxil edilmir, ümumi iş stajı 25 ildən az (24 il 9 ay 16 gün) təşkil edir. İddiaçı hazırkı məhkəmə icraatında cavabdehin imtinasını mübahisələndirir. Cavabdeh inzibati orqan məhkəmə icraatında imtinası ilə bağlı digər dəlillər təqdim etmişdir – əmək kitabçasında hərbi xidmətdən qayıtma və işə qəbul olunma tarixləri ilə bağlı ziddiyyət mövcuddr, əmək kitabçasında qeydlər nömrələnməmişdir, kolxozda işə qəbul olunma barədə əmrin tarixi və nömrəsi qeyd olunmamışdır, 1988-ci ildə kolxozda adam günü ilə bağlı məlumat yoxdur. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər (8.1.1 – 8.1.3-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Binəqədi rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə (maddənin birinci cümləsi) əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Qanunu ilə «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: - “Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.”. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinin birinci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin ikinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin üçüncü hissəsinə əsasən iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: . . . v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ğ) ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Həmin Qanunun 67-ci maddəsinin səkkizinci hissəsinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin Qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” bölməsində 2140000a – 13577 kodu ilə müəyyən edilən “blok sistemli aqreqatları idarə edən maşinistlər (qazan-turbin)”, 2140000a – 13931 kodu ilə müəəyən edilən “turbin avadanlığı üzrə nəzarətçi maşinistlər”, 2140000a – 14415 kodu ilə müəyyən edilən “enerji bloklarının maşinistləri” peşələri daxil edilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» AR Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndində göstərilmişdir ki, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. «İnzibati icraat haqqında» AR Qanununun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15-ci maddəısinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Məhkəmə ilk növbədə növbədə qeyd edir ki, mövcud qanunvericilik normaları 1 yanvar 2006-cı il tarixədək 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda göstərilən) iş stajına malik kişilər 57 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını nəzərdə tutur. Hazırkı işin hallarında görə iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumilikdə 12 il 6 aydan artıq müddət işlədiyi “maşinist” və “nəzarətçi maşinist” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutylan peşələrə aiddir. Lakin cavabdeh inzibati orqan ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından 1 yanvar 2006cı il tarixədək 25 il ümumi iş stajının toplmaması ilə əsaslandırır. Məhkəmə aşağıdakılara görə cavabdeh inzibati orqanın imtinası ilə bağlı gətirdiyi dəlillərlə razılaşmır və hesab edir ki, imtina formal xüsusatara söykənir: - İddiaçının əmək kitabçasında “hərbi xidmət” və ondan sonrakı “işə qəbul” tarixləri arasında qısa müddət olsa da, üst-üstə düşmür. Bu hal, hərbi xidmətin və ya əmək fəaliyyətinin çox cüzi hissəsini (bir neçə gün) şübhə altına ala bilər ki, son nəticədə imtina üçün mütənasib sayıla bilməz; - İddiaçının əmək kitabçasındakı qeydlərin ardıcıllığı davam olduğundan, onlarda hər hansı düzəliş və ya qaralama olmadığından, onların nömrələnməməsi, habelə əmrin nömrəsi və tarixinin yazılmaması məlumatların həqiqiyinə formal şəkildə təsir edəndir; - İddiaçının 1988-ci il ərzində hansı miqdarda əmək haqqı alması, habelə həmin ilin “adan günü norması” barədə arxivdə məlumatın olmaması onun həmin dövr üzrə işləməməsi qənaətini yaratmır, həm də sonrakı illərdə həmin norma sabit (240 gün) qaldığından, bu göstəricinin sözügedən il üzrə də mövcud olduğu daha çox ehtimallıdır. nəinki əksinə olan hal; - Nəzərə alınmalıdır ki, 1 yanvar 2006-cı il tarixədək qüvvədə olan qanunvericilik normaları şəxsin 1992-ci ilədək işlədiyi dövrün əmək stajına daxil edilməsini “məcburi dövlət sosial sığorta haqqının ödənilməsi” ilə şərtləndirmir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd sayılmalı və iddiaçının sosial təminat hüququnun pozulması qismində qiymətləndirilməlidir. Təyin olunan əmək pensiyasının ödənilməmiş məbləğinin verilməsinə gəldikdə isə məhkəmənin mövqeyi belədir ki, iddiaçı cavabdeh inzibati orqana 57 yaşı tamam olduğu, yəni əmək pensiyası hüququ yarandığı vaxtdan 3 ildən artıq vaxt keçməmiş müraciət etdyindən, pensiya təyin olunarkən ötən dövr üzrə ödənilməmiş məbləğ ona müvafiq qaydada verilməlidir. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 57 yaşdan, yəni 27 yanvar 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 27 yanvar 2018-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar