Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4490/2025 13.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçının cavabdehə qarşı “iş illərinin staja daxil edilərək yaşa görə əmək pensiyasının təyin olunması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixinədək hesablanmamış iş stajının bərpa edilib, iş stajina əlavə edilərək, hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yaşa görə pensiyanın təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdehin 27 fevral 2023-cü il tarixli 3-17-1/2-M- 40415/2023 saylı cavab məktubunda bildirilmişdir ki, iddiaçının əmək kitabcasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajının (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla 20 il 8 ay 13 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ümumilikdə 19.443.76 manat təşkil edir ki, bu məbləğin qanunvericilikdə tələb olunan 34560 manat pensiya kapitalından az olduğu və pensiyanın minimum məbləğindən (240 manat) azdır və pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edimiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (qeydlər kiril əlifbası ilə yazılmış möhürlə təsdiqlənib) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. İddiaçı bildirir ki, o, xx.xx.1992-ci il tarixində Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən, plastmas vanna istehsal edən köhnə zavodun digər sexində, Zaman koperativinin ayaqqabı-cəkələk istehsal sahəsin də qəlibçi kimi işə başlamış, korporativdə 9 il insan orqanizminə ağır təsir edən, fəsadlar törədən, rezin mayesinin qəliblərə primitiv qaydada yerləşdirməklə fəhlə işləmişdir. İşə qəbul olunarkən və işdən çıxarkən əmək kitabçasına hansı şriftlə olan möhürün vurulmasına fikir verməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, İddiaçı qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində kifayət qədər pensiya kapitalının olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamə haqqında xx.xx.1992-ci il tarixli 638 Nq-İİ qərarının 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə 25 dekabr 1991-ci il tarixli Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı qəbul olunan tarixədək Azərbaycan ərazisində "Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında" 11 iyul 1939-cu il tarixli Azərbaycan SSR-in Qanunu qüvvədə olmuşdur. Həmin Qanuna əsasən 1991-ci il tarixədək Azərbaycan ərazisində rus əlifbasından istifadə olunurdu. İddiaçı əmək kitabçasında bir sıra saxtalaşdırılma hallarına dair şübhəllər mövcuddur. Təqdim edilən əmək kitabçası və hərbi biletin surətlərinə əsasən onun sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 20 il 8 ay 13 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 17 il 1 ay 13 gün sığorta stajına uyğun olaraq 13.920,33 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək 5.523,43 manat olmaqla, ümumilikdə 19.443,76 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Bildirilir ki, xx.xx.2023-cü il tarixdən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 40320 manat, minimum əmək pensiyanın məbləği isə 280 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasında qeyd edilmiş edilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (qeydlər kiril əlifbası ilə yazılmış möhürlə təsdiqlənib) həmin dövrün onun sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Hökuməti ilə digər Hökumətlər arasında pensiya təminatı sahəsində olan münasibətlər əməkdaşlıq haqqında (pensiya təminatı sahəsində) Sazişə uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində qüvvədə olan saziş mövcud deyildir. Əlavə olaraq bildirilir ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqavilənin xx.xx.2022-ci il tarixdə tərəfimizdən təsdiq edilməsinə baxmayaraq, qarşı tərəf (Rusiya Federasiyası) müqaviləni ratifikasiya (təsdiqlənmə) etməmişdir. Bu səbəbdən də İddiaçı əmək kitabçasının surətində qeyd olunan xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixədək və xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək olan əmək fəaliyyəti dövrü Rusiya Federasiyasının ərazisində olduğu üçün sözügedən dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir və hazırda onun adına aktiv əmək müqaviləsi (Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı) olduğu üçün yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliklə nəzərdə tutulmamışdır. Formalaşmış təcrübəyə əsasən 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir (Azərbaycan Respulikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il 2-1(102)-269/2024 nömrəli qərarı). İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən iddiaçının ümumi iş stajı qanunvericiliyin tələblərinə əsasən 25 ildən az olduğu üçün və fərdi hesabının sığorta hissəsində qanunvericiliklə tələb olunan minimum pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri etirazda göstərilən əsasları müdafiə edərək tələbin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılaraq etirazdakı dəlillərə uyğun məzmunda imtina verilmişdir. -AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -xx.xx.1973-cü il tarixdən doldurulmağa başlamış əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı əmək fəaliyyətinə xx.xx.1972-ci il tarixdə başlamış, xx.xx.1989-cu il tarixindən xx.xx.2001-ci il tarixədək “Zaman” Kooperativində işləmişdir. xx.xx.2019-cu ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında işləyir. -Rusiya Federasiyasındakı əmək fəaliyyəti dövrü ilə bağlı verilmiş xx.xx.2007-ci ildən doldurulmağa başlanan TK-İ ******* nömrəli əmək kitabşasının dublikatının sutrətindən görünür ki, İddiaçı xx.xx.2007-ci ildən xx.xx.2010-cu ilədək "xxxx" MMC-də administrator, xx.xx.2010-cu ildən xx.xx.2013-cü ilədək "xxxx" MMC-də böyük administrator işləmişdir. -Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən DSMF-in Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/3-1-100811/2024 saylı məlumatın təqdim edilməsi haqqında xidməti məktubda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi ******* nömrəli hərbi biletin surətində qeyd olunmuş məlumata əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmət dövrü, xx.xx.1973-cü il tarixli əmək kitabçasının surətində qeyd olunmuş məlumata əsasən xx.xx.1972-ci tarixindən xx.xx.1973-cü il tarixinədək, xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1984cü il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1992-ci il tarixinədək əmək fəaliyyəti dövrləri və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək və xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla ümumi 22 il 3 ay 21 gün mübahisələndirilməyən sosial sığorta stajı müəyyən edilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda dövlət reyestrində Meliorasiya və Su Təsərrüfatı Nazirliyi Azərbaycan Su Tikinti İdarəsinin dövlət qeydiyyatından keçməsi barədə məlumatın mövcud olmadığı, reyestrdə “Zaman” Kooperativi adlı hüquqi şəxslərin sayının çox olduğundan sorğu edilən hüquqi şəxsin müəyyən edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda Meliorasiya və Su Təsərrüfatı Nazirliyi Azərbaycan Su Tikinti İdarəsi və onun nəzdində fəaliyyət göstərən “Zaman” Kooperativi barədə Əmlak məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. Beləliklə, işin faktiki hallarından görünür ki, xx.xx.1957-ci il təvəllüdlü iddiaçı 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh quruma müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh hesab etmişdir ki, iddiaçının pensiya təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) və pensiya kapitalı tələb olunan həddən (34560 manat) azdır. İddiaçı işlədiyi illərin sığorta stajına daxil edilməməsindən narazıdır və hazırkı ilə iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Cavabdeh iddiaçıya 22 il, 3 ay, 21 gün əmək stajı hesablamış və onun əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “Zaman” Kooperativində olan əmək fəaliyyəti dövrünü nəzərə almamışdır. Cavabdeh bu qənaətini iddiaçının əmək kitabçasının doldurulması qaydalarının pozulması (əmək kitabçasında işdən çıxma qeydinin kiril qrafikalı möhürlə təsdiqləndiyi) ilə əsaslandırmışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. -Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. -Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: -qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 5.2-ci bəndinə əsasən, 1 iyul 2023 - 30 iyun 2024-cü illər dövrü üzrə kişilərin yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edilmişdir. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması və qanunla tələb olunan pensiya kapitalının toplamaması ilə bağlı tərəflər arasında mübahisə yoxdur. İş materiallarından da iddiaçının xx.xx.2022-ci il tarixdə qanunla tələb olunan pensiya yaşına çatdığı görünür. İddiaçı mübahisə açmasa belə, məhkəmə araşdırması ilə iddiaçının fərdi hesabının sığorta hissəsində minimum əmək pensiyasının təyin edilməsinə imkan verən pensiya kapitalının da toplanmadığı müəyyən edilmişdir. İşin yeganə mübahisələndirilən məsələsi iddiaçının sosial sığorta stajı ilə bağlıdır. Bununla əlaqədar məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 69.1-ci maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;... Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: -Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Normaların tələblərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halların (inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun) təsdiqi üçün sübut qismində əmək kitabçasını təqdim etmişdir. Məhkəmə ilk növbədə bildirir ki, cavabdeh iddiaçının mübahisəli dövrdə işlədiyi müəssisənin mövcudluğu ilə bağlı mübahisə açmamışdır. Belə ki, cavabdeh iddiaçının eyni müəssisədə işlədiyi xx.xx.1989-cu ildən xx.xx.1992-ci il tarixədək olan dövrünü əmək fəaliyyəti dövrünü staja daxil etdiyi halda, xx.xx.1992-ci ildən xx.xx.2001-ci ilədək olan dövrə qarşı eyni münasibəti sərgiləməmişdir. Halbuki, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “Zaman” Kooperativində (09 il, 03 ay, 22 gün) əmək fəaliyyəti dövrü barədə onun əmək kitabçasında müvafiq qeydlər aparılmış, həmin qeydlər müəssisəsinin möhürü və vəzifəli şəxsin imzası ilə təsdiqlənmişdir. Məhkəmə cavabdehin imtina dəlili ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 3.1-ci bəndinə əsasən, əmək kitabçasının doldurulması işəgötürən vəzifələrinə aid edildiyindən və bu məsələ iddiaçının məsuliyyət sferasına aid olmadığından onun pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilməz. Yuxarıda qeyd edildiyi kimi, müəssisənin mövcudluğu ilə yanaşı əmək kitabçasındakı qeydlərin “Zaman” kooperativinin rəhbəri tərəfindən daxil edilməməsi, yaxud möhürün həmin müəssisəyə məxsus olmaması mübahisəli hal deyil. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. Bu mənada məhkəmə cavabdeh tərəfindən iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı tutarlı dəlil təqdim edilmədiyi qənətinə gələrək iddiaçının əmək kitabçasındakı qeydləri mötəbər sübut kimi qiymətləndirir və hesab edir ki, mübahisəli dövr iddiaçının ümumi əmək stajına daxil edilməlidir. Belə olan halda, cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı (22 il, 3ay, 21 gün) ilə iddiaçının mübahisəli əmək fəaliyyəti dövrü (9 il, 3 ay, 22 gün) toplandıqda onun qanunla tələb olunan 25 ildən artıq sığorta stajı tamamlanır (22 il, 3 ay,21 gün + 09 il, 03 ay, 22 gün = 31 il, 07 ay 13 gün). İddiaçı Rusiya Federasiyasındakı əmək fəaliyyəti dövrünün stajına daxil edilməsinə iddia etmədiyindən məhkəmə həmin dövr ilə bağlı cavabdehin dəlillərinə münasibət bildirməyə zərurət görmür. Beləliklə, iddiaçının 25 il sığorta stajına malik olduğu müəyyən edildiyindən ona yaşa görə əmək pensiyası təyin edilməsindən cavabdehin imtinası qanunazidd sayılmalı, iddia əsaslı olduğundan təmin edilməlidir. «İnzibati icraat haqqında» Qanununun: -15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı “Zaman” kooperativində işlədiyi xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövr sığorta stajına daxil edilməklə 65 yaşının tamam olduğu 01 may 2022ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov