Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4492/2023 16.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi və s tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi və s barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı ş, Yasamal r, Tağızadə küçəsi 43 saylı 12 kv.m ölçüdə ənzil onun şəxsi mülkiyyətindədir. Həmin mənzilin ayrılmasından əvvəlki tarixdə- 21 dekabr 1982-ci il tarixli sərəncamla M.Hacıyev və F Abdullazadənin ərizələri təminn edilərək köməkçi tikili həmin şəxslərin adına ayrılmışdır. 1995-ci ildən isə həmin yarımçıq tikilinin istifadəçisi M.Hacıyevin qızı A. Hacıyeva olmuşdur. Həmin sənədləşmə aparılarkən diqqətinizə çatdırılır ki, həmin şəxsin 48,90 kv.m ölçüdə əmlak istifadəsində olarkən, onun istifadəsində isə 10 kv.m ölçüdə əmlak olmuşdur. Halbuki, ö dövrün mənzil qanunvericiliyinə əsasən 1 şəxsə dair minimum yaşayış norması 12 kv.m olmuşdur. Göründüyü kimi həmin köməkçi tikili həmin ailəyə yox, ona ayrılmalı idi. Halhazırda A.Hacıyeva həmin sahəni başqa şəxsə-öz qohumuna satmış, faktiki olaraq orada yaşamamaqdadır. Bu səbəbdən də iddiaçı hesab edir ki, 21 dekabr 1982-ci il tarixli sərəncam ləğv edilməlidir və həmin boş qalacaq sahə ilə bağlı sənədləşmə aparılıb, həmin sənədlərin ona verilməsi təmin edilməlidir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. İş materiallarında olan: 21 dekabr 1982-ci il tarixli qərardan görünür ki, 20 kv.m ölçüdə köməkçi tikili M. Hacıyev və F.Abdullazadə adlı şəxslərin istifadəsinə verilmişdir. Qeydiyyat vəsiqəsindən görünür ki, S.Tağızadə küçəsi 43 saylı evin 10 kv.m ölçüdə mənzili iddiaçının mülkiyyətindədir. Həmin yaşayış sahəsinə dair sorğuya cavab məktubuna əsasən təqdim edilən müqavilə və digər aidiyyəti sənədlərdən görünür ki, həmin sahə 2000-ci il tarixdən iddiaçının istifadəsinə Z.Məmmədova ilə iddiaçı arasında razılaşmaya əsasən ayrılmışdır. 1995-ci il tarixli müqavilədən görünür ki, həmin əmlak Z.Məmmədovanın Yasamal Rayon MTİ-ilə bağlanmış müqaviləyə əsasən həmin şəxsin mülkiyyətinə verilmişdir. Həmin tarixli sərəncamdan da görünür ki, adıçəkilən yaşayış sahəsinin Z.Məmmədovanın mülkiyyətinə verilməsi barədə qərar qəbul edilmişdir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı mübahisə iddiaçının 10 kv.m ölçüdə istifadəsində olan mənzil olduğu halda qonşusunda daha yuxarı ölçüdə mənzil olmasına baxmayaraq mənzillərin yerləşdiyi binada olan köməkçi tikilinin iddiaçıya yox, cavabdeh tərəfindən məhz digər şəxsə ayrılmasının qanunsuz hesab edilməsi və köməkçi tikilinin iddiaçının istifadəsinə ayrılması ilə bağlıdır. Göründüyü kimi iddiaçı onun mənzilə hüququnun yarandığı 2000-ci il tarixdən 1982ci il tarixdən M.Hacıyevin, daha sonra isə qızı A.Hacıyevanın istifadəsində olan köməkçi tikilinin həmin şəxslərə ayrılması ilə bağlı cavabdehin hərəkətlərini mübahisələndirir ki, məhkəmə işin mahiyyəti üzrə araşdırılmasından qabaq mümkünlük şərtlərinin, o cümlədən subyektiv hüququn mövcud olub-olmadığına münasibətdə mümkünlük şərtlərinin ödənilibödənilməsinin müəyyən edilməsini zəruri hesab etmişdir və müəyyən etmişdir ki, həmin sahəyə dair iddiaçının hər hansı subyektiv hüququ mövcud olmadığından iddianın mümkün lüyündən söhbət gedə bilməz. Belə ki, işin faktiki hallarından da göründüyü kimi həmin yaşayış sahəsi iddiaçının binada yerləşən həmin sahə ilə bağlılığı olmayan digər mənzilin istifadəsinə verilməsindən əvvəl başqa şəxsin istifadəsinə verilmişdir. Həmin sahənin eyni binada, hətta eyni blok və mərtəbədə yerləşməsi isə məhkəmə hesab edir ki, həmin sahəyə dair qəbul edilmiş qərarın mübahisələndirilməsi üçün iddiaçıya hər hansı hüquq və səlahiyyət verməmişdir. İddiaçı digər bina sakinləri kimi həmin sahəyə dair subyektiv hüququ olmayan, qonşuluqla bağlı mülki qanunvericiliyin normaları ilə müəyyən edilmiş çərçivədə hüquqlara malik olan şəxslərdir. Qeyd olunmalıdır ki, həmin sahə iddiaçı mülkiyyətinə həmin əmlakı keçirməzdən əvvəl, hətta həmin əmlakın özəlləşdirilməsi adına həyata keçirilmiş Z.Məmmədovanın mülkiyyətinə verilməzdən əvvəlki tarixdə M.Hacıyevin istifadəsinə verilmişdir. Yəni, iddiaçı 2000-ci il tarixdə 10 kv.m ölçüdə mənzili alarkən hansı ölçüdə, hansı xüsusiyyətlə malik mənzili aldığını bilərək, buna uyğun ödəniş etmişdir. Bu səbəbdən də 20 il əvvəlki tarixə verilmiş sərəncamla onun hüquq və azadlıqlarının pozulması faktına istinasının hər hansı hüquqi əsasının mövcudluğundan, məhkəmə hesab edir ki, söhbət gedə bilməz. Məhkəmə, hesab edir ki, hazırda təkcə ümumi mümkünlük şərti ilə yanaşı, müddətlə bağlı xüsusi mümkünlük şərtinin də pozulması halı baş vermişdir. Belə ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. 2000-ci ilin 1 sentyabr tarixədək inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş MPM-nin 2 müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. İşin faktiki hallarından da göründüyü kimi həmin qanunvericilik qüvvədə olduğu dövrdə iddiaçının mənzili aldığı şəxs tərəfindən həmin qərar mübahisələndirilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı həmin mənzili 2000-ci ilin sentyabr ayından əldə etmişdir ki, həmin zaman qüvvədə olan normal hal-hazırda da qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsidir. Aydın məsələdir ki, iddiaçının mənzili əldə etdiyi 2000-ci ilin sentyabr ayı üçün əvvəllər qüvvədə olmuş MPM-nin müddəaları yox, yeni MPM-nin tələbləri nəzərə alınmalıdır. İPM-nin qüvvədə olmadığı vaxt qüvvədə olmuş hazırkı münasibətlərin tənzimləməsinə yönəlmiş MPM-nin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin həmin vaxt qüvvədə olan 285.0.3-cü maddəsində göstərilirdi ki, məhkəmə xüsusi iddia icraatı qaydasında müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) olan ərizələr üzrə işlərə baxa bilər. Həmin Məcəllənin 296.1-ci maddəsində isə qeyd edilmişdi ki, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Ərizə bu Məcəllənin 4-cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir (Mülki Prosessual Məcəllənin 296.3-cü maddəsi). Mülki Prosessual Məcəllənin 297.1-ci maddəsində müəyyən edilirdi ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində: şəxsin hüquq və azadlıqları pozulmuş olsun; şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın; şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin. Bu fəslə aid 298-ci maddədə şəxsin özünün hüquq və azadlıqlarının pozulduğu barədə ona məlum olan gündən qanunla başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququ müəyyən olunmuşdu. (Həmin norma 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Göründüyü kimi inzibati orqanın mübahisələndirilən qərarı verilən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası nəzərdə tutulmuşdu. Nəzərə alınmalıdır ki, müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İşin məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, iddiaçı 1982-ci il tarixdən həmin sahənin M.Hacıyev və daha sonra A.Hacıyevanin istifadəsində olması barədə məlumatlı olmuşdur. Həmin evin satılması zamanı qeyd olunan inzibati aktın ləğv edilməsi barədə mövqesi formalaşmış və məhkəməyə müraciət etmişdir. Göründüyü kimi mənzilin iddiaçıya satılmasından əvvəlki Z.Məmmədova tərəfindən qərardan məlumatlı olunduğu tarixdən 10 gün müddətində ümumiyyətlə qərar mübahisələndirilməmiş, yeni MPM-nin tələblərinə əsasən müəyyən edilmiş 1 aylıq müddət ərzində isə iddiaçı qərarın ləğvi barədə müraciət etməli olduğu halda, bunu etməmiş, həmin sahənin başqa şəxsin mülkiyyətində və istifadəsində olduğunu uzun illərdir ki, bilməsinə, məlumatlı olmasına baxmayaraq iddianı 18 noyabr 2022-ci il tarixli (məhkəməyə daxil olma tarixi 01 dekabr 2022-ci il) ərizə ilə etmiş, sərəncamı mübahisələndirmiş, beləliklə də iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Müddətin bərpa edilib-edilməməsinə münasibətdə də məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; 24.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Göründüyü kimi müddətin bərpasına dair ərizənin verilməsi üçün 1 illik müddət mövcuddur. Müddət ötürülmüşdürsə 1 illik müddət ötdükdən sonra, ümumiyyətlə bərpa barədə ərizənin verilməsi də mümkün olmur. Göründüyü kimi hazırkı iş üzrə ümumi mümkünlük şərti kimi subyektiv hüququn mövcud olmadığı, həmçinin xüsusi mümkünlük şərti kimi iddia müddətinin ötürüldüyü müəyyən edildiyindən, məhkəmə hesab edir ki, mümkünlük şərtlərinin ödənilməməsi nəzərə alınmaqla iddianın mahiyyəti üzrə baxılması istisna edilir. Odur ki, iddia mümkünsüz iddiadir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim:Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-4492/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4492/2023
16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver