Məhkəmə qərarları › İş №2-1(112)-4494/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4494/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4494/2024 04.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları. İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1 saylı mənzili üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavadeh xx.xx.2023-cü il tarixli məktub ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Rövşən Rzayev küçəsi, 5 saylı evin 1 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Rövşən Rzayev küçəsi, 5 saylı evin 1 saylı mənzili üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanında yerləşən yaşayış binasına dair Bakı şəhər İcraiyyə Komitəsi X2 xx.xx.1949-cu il tarixli, 598 saylı sərəncamının arxiv nüsxəsi, mənzilə dair bağlanmış kirayə müqaviləsi, onun mənzilə qeydiyyata alınmasına dair 23 yanvar 1981-ci il tarixə dair Forma A və mənzildə qeydiyyatda olanlar barədə Forma-2 arayışı, mənzilin onun adına özəlləşdirilməsinə razılıq ərizəsi və şəxsiyyət vəsiqələrinin surətləri qoşma edilmiş ərizə ilə cavabdeh idarədən xahiş etmişdir ki, ünvan 2 ünvanında yerləşən yaşayış binasının 1 saylı mənzilinin dövlət reyestrində, mülkiyyət hüququnun onun adına qeydiyyata alınması və buna dair reyestrdən çıxarışın verilməsini xahiş etmişdir. Lakin cavabdeh iddiaçının tələbi ilə əlaqədar uzun müddətdən sonra ona ünvanlandığı 27 oktyabr 2023-cü il tarixli məktubla guya mənzilə dair, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyən edən sənədləri idarəyə təqdim edilmədiyi səbəb göstərilməklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinin və “Azərbaycan -- Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinin tələbləri sadalanmaqla ona imtina cavabı vermişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi iddiaya etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və qeyd etmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman mənzilin ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşdiyi, ümumi sahəsi 42,7 kv.m olmaqla 2 (iki) otaqlı olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mənzilə dair mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan X2 İcraiyyə Komitəsinin 26 sentyabr 1949-cu il tarixli, 598 nömrəli qərarı ilə təsdiq edilmiş ümumi yaşayış qəsəbəsi planına uyğun olaraq X11 yaşayış qəsəbəsinin tikintisi üçün 3 sahə - 2,54 ha, 4-cü sahə 4,38 ha, 14 sahə - 2,24 ha və 15 sahə -2,8 ha torpaq sahəsi ayrılmışdır. 22 sentyabr 2022-ci il tarixli dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Qaradağ rayonu 109 saylı MKİS ilə İddiaçı arasında Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Rövşən Rzayev küçəsi, 5 saylı evin 1 saylı mənzilinin müddətsiz istifadəsi ilə bağlı kirayə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 03 sentyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 4 ünvanında xx.xx.1951-ci il təvəllüdlü X6 xx.xx.1991-ci il tarixdən hazıradək, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1981-ci il tarixdən hazıradək, xx.xx.1976-cı il təvəllüdlü X8 isə xx.xx.2009-cu il tarixdən hazıradək yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş 164 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı (1981-ci ildən), X7 (1991-ci ildən) və X8 (1994-cü ildən) Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Rövşən Rzayev küçəsi, 5 saylı evin 1 saylı mənzilində yaşayırlar. X7 və X8 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, onlar mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmirlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 02 sentyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, göstərilən mənzilin faktiki yaşayış sahəsi 28.1 kv.m (2 otaq), ümumi sahəsi 42.7 kv.m olmaqla ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri Qaradağ rayon Sahil qəsəbəsi R.Rzayev küçəsi ev 5 mənzil 1 yerləşən yaşayış binası Dövlət Mənzil Fonduna aid olmaqla Qaradağ rayonu Mənzil -Kommunal Təsərrüfat Birliyinin balansındadır və 109 saylı Mənzil İstismar Sahəsinin xidməti dairəsindədir. Göstərilən ünvanda aşağıda adları göstərilən şəxslər qeydiyyatdadırlar və yaşayırlar: İddiaçı -xx.xx.1962- özü; X9-xx.xx.1981qızı; X7-xx.xx.1951-baldızı; X10-xx.xx.1976-baldızı qızı. İddiaçı hazırda sərəncama və müqaviləyə istinad edərək 1 saylı mənzilə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – Qanun) 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixdən qüvvəyə minən Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə görə, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Sözügedən normalardan görünür ki, şəxsin dövlət mənzil fondunun mənzilini özəlləşdirmək hüququnu əldə edən və saxlayan hesab olunması üçün: 1) onun belə bir hüququ “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa əsasən yaranmış olmalıdır; 2) bu hüququn yaranması anı xx.xx.2009-cu il tarixdən əvvələ təsadüf etməlidir. Yəni Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən iddiaçının dövlət mənzil fondunda olan mübahisəli mənzili “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 8-ci maddələrinə əsasən əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ o vaxt yaranmış və saxlanmış olur ki, onun bu hüququ səlahiyyətli orqanlar tərəfindən xx.xx.2009-cu il tarixədək verilmiş sərəncam və ya order yaxud bağlanmış kirayə müqaviləsinə əsaslansın. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli 113 nömrəli Fərmanının 4.2.8-ci yarımbəndinə əsasən Qanunun 8.0.9.1.1-ci maddəsində, 8.0.9.2-ci maddəsində (hər iki halda) və 8.0.11-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Göründüyü kimi, qanunverici Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş sərəncam və ya order, yaxud bağlanmış kirayə müqaviləsinin təqdim edilməsini zəruri şərt kimi müəyyən etmişdir. İşdən müəyyən olunur ki, iddiaçı bu sənədlərdən hər hansı birini cavabdehə təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim edilən kirayə müqaviləsi isə xx.xx.2009-cu il tarixdən sonraya, xx.xx.2022-ci il tarixə aid olmuş, lakin həmin müqavilənin bağlanmasına əsas olan mənzilin iddiaçıya həmin tarixdən əvvəl ayrılmasını təsdiq edən yerli icra hakimiyyətinin sərəncamı və ya orderi müəyyən olunmamışdır. O da nəzərə alınmalıdır ki, iddiaçının uzun müddət ərzində həmin mənzildə yaşaması belə həmin mənzilin qanuni əsaslarla ona ayrıldığına dəlalət etmir. İddiaçının istinad etdiyi X2 İcraiyyə Komitəsinin 26 sentyabr 1949-cu il tarixli, 598 nömrəli qərarın hüquqi məzmunu ümumi xarakter daşıyır və yalnız torpaq sahəsinin X15 ayrılması ilə əlaqəlidir. Belə olan halda, sərəncam konkret olaraq iddiaçının istifadəsinə hər hansı bir mənzilin verilməsini təsbit edən hüquqi akt kimi qiymətləndirilə bilməz. Buna görə də, həmin qərar mənzil kirayəsinə dair hüquq münasibətlərinin yaranmasına əsas verən fərdi və konkret normativ hüquqi akt hesab edilə bilməz. İddiaçı həmin binada digər mənzillərin özəlləşdirilməsinə istinad edərək, bərabərlik hüququnun pozulduğunu bildirmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusuna verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubu ilə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, X22 küçəsi, 5 ünvanında qeydə alınan bir neçə mənzilin qeydiyyatına alınmasına əsas olan ilkin hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətləri təqdim olunmuşdur. Həmin sənədlərdən görünür ki: -Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Aparatının 16 mart 1994-cü il tarixli Sərəncamı ilə Sahil qəsəbəsi, ünvan 6 ünvanında yerləşən mənzilin X4 mülkiyyətinə verilməsi qərara alınmışdır. -xx.xx.1994-cü il tarixli müqavilədən görünür ki, Qaradağ Rayon İcra Hakimiyyəti Sahil qəsəbəsi, ünvan 6 ünvanında yerləşən mənzili X4 mülkiyyətinə vermişdir. -Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.1992-ci il tarixli Sərəncamı ilə Sahil qəsəbəsi, ünvan 7 ünvanında yerləşən mənzilin X1 mülkiyyətinə verilməsi qərara alınmışdır. -xx.xx.1992-ci il tarixli müqavilədən görünür ki, Qaradağ Rayon İcra Hakimiyyəti Sahil qəsəbəsi, ünvan 7 ünvanında yerləşən mənzil X1 mülkiyyətinə vermişdir. -Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 23 aprel 2020-ci il tarixli, 68 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Sahil qəsəbəsi, R.Rzayev küçəsi, ev 5, 2 otaqlı, yaşayış sahəsi 24 kv.m olan 8 saylı mənzilinə 4 nəfər tərkiv üzvü iə (özü, həyat yoldaşı Sevgül, oğlu Elşən, oğlu Emil) X5 adına kirayə müqaviləsinin bağlanması və onun həmin mənzilin kirayəçisi hesab olunması qərara alınmışdır. Göründüyü kimi, digər mənzillərin qeydiyyata alınması “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsində göstərilən hüququmüəyyənedici sənədin cavabdehə təqdim edilməsi olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində müəyyən edilən tələblərə uyğun olan sənədlərdən hər hansı birini cavabdehə və məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, hazırda cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından iddiaçının tələbi əsaslı sayıla və təmin oluna bilməz. Məhkəmə onu da qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən və iddiaçının mübahisəli əmlaka hüquqlarını təsdiq edən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Çünki həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar