Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4494/2025 18.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona məcburi köçkün vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr., ev 22, mənzil 35-də Zəngilan rayonundan məcburi köçkün kimi ailəsilə birlikdə məskunlaşmışdır. O, xx.xx.2006-cü il tarixdə X6 ilə rəsmi olaraq ailə qurmuş və bu nikahdan xx.xx.2007-cı-ci il təvəllüdlü İddiaçı adlı övladı doğulub. Onun məcburi köçkün kimi məcburi köçkünlüyünü təsdiq edən vəsiqəsi vardır. Belə ki, Azərbaycan Respublikası Qaçqınlar və X1 Üzrə Dövlət Komitəsi oğlunun xx.xx.2007-ci il təvəllüdlü İddiaçı məcburi köçkünlükünü təsdiq edən vəsiqəni verməkdən imtina edirlər. Səbəb isə göstərirlər ki, anası X4 qeydiyyatı Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, ev 6, mənzil 63 və atasının Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr., ev 22, mənzil 35-də qeydiyyatının olmasıdır. Bildirilir ki, hal-hazırda iddiaçının atasının məçburi köçkün vəsiqəsi aktivdir. Qeydiyyata düşməyinin səbəbi isə işi ilə əlaqədar olub. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı təqdim edilmiş yazılı münasibətdə (etirazda) göstərilmişdir ki, İddiaçı sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçının atası Qanuni nümayəndə “övladına məcburi köçkün vəsiqəsinin verilməsi” barədə Komitəyə daxil olmuş müraciəti Komitə tərəfindən cavablandırılaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Bildiririk ki, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı anası X2 qeydiyyatı “ünvan 1 ünvanında və sizin qeydiyyatnız "ünvan 2 ünvanında olduğundan övladınıza məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2013-cü il 5 iyun tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, -İddiaçı atası Qanuni nümayəndə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir; - Qanuni nümayəndə “ünvan 2 ünvanında yaşayış yeri üzrə ünvanında qeydiyyatdadır; - İddiaçı anası X6 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir; - X6 “ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı anası X6 və atası Qanuni nümayəndə yaşayış yeri üzrə qeydiyyat ünvanları işğaldan azad olunmuş rayon (şəhər) olmadığından - “Bakı şəhəri” olduğundan, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edildmişdir. Göstərilənlərə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi”nə dair iddia tələbini əsassız olduğu üçün rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçılar arzuladıqları inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı tərəfin hazırkı tələbi üzrə müraciətinə baxılaraq təmin edilməsindən imtina edilmişdir. -Asan 4-2 tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının atası Qanuni nümayəndə xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuşdur. Yaşayış yeri ünvan 6 ünvanıdır. -Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2024cü il tarixdə verilmiş, 508702 №-li məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Qanuni nümayəndə məcburi köçkün statusu verilmişdir. -Asan 4-2 tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının anası X6 xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Yaşayış yeri ünvan 7 ünvanıdır. -Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Qanuni nümayəndə ilə X5 arasında nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə “Mehdiyev”, arvada isə “Mehdiyeva” soyadı verilmişdir. -ASAN 2 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Yaşayış yeri ünvan 6 ünvanıdır. -Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçı xx.xx.2007-ci il təvəllüdlü İddiaçı və onun ailə üzvü xx.xx.1978-ci il təvəllüdlü Mehdiyev X3 rayonunda qeydiyyatda deyildirlər. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçının atası Qanuni nümayəndə məcburi köçkün statusuna malikdir. İddiaçı hazırda Bakı şəhərində ailəsi ilə birlikdə məskunlaşaraq yaşayır. İddiaçının qanuni nümayəndəsi- atası onlara məcburi köçkün adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin müraciət təmin edilməmişdir. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən: İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ.Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)- Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; -9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. -10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli, 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; -12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli, 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 23 may 2013-cü il tarixli 1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları”n 4.1.1-ci bəndinə əsasən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; ... 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına. Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli, 37 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən yemək xərci üçün verilən aylıq müavinət - dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. Hazırda bu məsələni tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6cı maddəsinə əsasən valideynlərdən biri "məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. Məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş Qanunun İİ fəsli "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh orqanın imtinanın əsası kimi istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı bəndində “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verildiyi şəxslər olaraq müəyyən edilmişdir. Qaydaların istinad edilən bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki: 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Hazırkı işin mübahisəsiz hallarına görə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş, 508702 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən, iddiaçının atası Mehdiyev X3 rayonundan məcburi köçkündür və iddiaçı 2 saylı “ASAN xidmət” Mərkəzi tərəfindən şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının valideynləri işğal olunmuş rayonda qeydiyyatda deyil. Məhkəmə qeyd edir ki, sözügedən Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Beləliklə, Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır. "Məhkəmələr və hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Göstərilənlərə əsasən qeyd edilməlidir ki, oxşar mübahisə ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(102)-1690/2022 №-li qərarında Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2022-ci il tarixli, 2-1(103)-1782/2022 nömrəli qərarında göstərilmişdir ki: “Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlarla bağlı qeyd edir ki, sözügedən Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Beləliklə, Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır”. Beləliklə, məhkəmə qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçıya məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və ya hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2007-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-4494/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4494/2025
18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver