Məhkəmə qərarları › İş №2-1(112)-4495/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4495/2024

28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4495/2024 28.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il tarixində ərizə ilə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli e-2(005)-473/2023 saylı qətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli çoxmənzilli binanın 3 otaqlı 69-cu mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ona mülkiyyət hüququna dair müvafiq Çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, **********61 saylı məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, İdarəyə ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasında yerləşən mənzillərin sıra saylarının əvvəllər sağdan sola sayıldığı, sonradan yaranmış texniki səbəblərə görə həmin mənzillərin sıra saylarında dəyişiklik olduğu barədə "xxxx" MTK tərəfindən 099 saylı, xx.xx.2021-ci il tarixli məktub daxil olmuşdur. Müraciətə əlavə olunmuş sənədlərdə mənzilin nömrəsi 69 saylı göstərilsə də, İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman ona məxsus mənzilin 1-ci girişin 7-ci mərtəbəsinin soldan 1-ci qapıda yerləşdiyi və sıralama ilə nömrəsinin 13 saylı olduğu müəyyən edilmişdir. Qeyd olunan ünvanda yerləşən 13 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərlə “ASAN Xidmət” Mərkəzlərinə müraciət edəcəyi təqdirdə ərizəsinə qanunamüvafiq qaydada baxılacaqdır. Əlavə olaraq, ünvan 2 saylı evin, 69 saylı mənzili (giris 3) müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində digər fiziki şəxsin adına qeydiyyata alınmışdır. Həmçinin müraciətə əlavə olunmuş məhkəmə aktı ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli e-2(005)-473/2023 saylı qətnaməsi ilə sahiblik və istifadə hüququ ona verilmiş ünvan 3 ünvanında yerləşən 10 mərtəbəli çoxmənzilli binanın 3 otaqlı 69-cu mənzili yenidən nömrələmə nəticəsində nömrəsi dəyişdirildiyindən və ünvan 4 ünvanında yerləşən binanın 1-ci girişinin 7-ci mərtəbəsində soldan 1-ci qapıda yerləşən və sıralama ilə nömrəsi 13 olan mənzillə eyni olduğundan həmin mənzilə mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 12 aprel 2023-cü il tarixli e-2(005)-473/2023 saylı qətnamə ilə onun cavabdehlər X6, X9 və X2 qarşı iddiası təmin edilərək ünvan 3 ünvanında yerləşən 10 mərtəbəli çoxmənzilli binanın 3 otaqlı 69-cu mənzili onun sahiblik və istifadəsinə vermişdir. Qətnamə hazırda qanuni gücünü almış və icra edilmişdir. Bu barədə Yasamal rayon İcra Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Mənzil onun sahiblik və istifadəsindədir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazında imtina məktubunda qeyd olunanları təkrarlayaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mənzilə dair mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - xx.xx.2005-ci il tarixli müqavilədən görünür ki, X10 (icraçı) ilə İddiaçı (payçı) öz arasında ünvan 5 ünvanında inşa olunan binadan pay barədə müqavilə imzalamış, müqaviləyə əsasən icraçı Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi 2, 10 mərtəbəli yaşayış evinin 2-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 135 kv.m olan 69 nömrəli mənzili izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi payçıya verilmişdir. Müqavilə üzrə mənzilin dəyəri bir kv.metr üçün 250 ABŞ dolları, cəmi 170 kv.metr sahə üçün 42500 ABŞ dolları təşkil edir. - xx.xx.2019-cu il tarixli 289 nömrəli çoxmənzilli yaşayış binasının istismarına icazədən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1514 nömrəli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Kənar Dairəvi küçəsi, 3 girişli zirzəmili, 10 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına icazə verilmişdir (binanın sahibi "xxxx" Mənzil-Tikinti Kooperativi). - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2030/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X4 və X1 qanuni nümayəndəsi X5 cavabdehlər X13 və X11 qarşı “mənzilə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsinin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 oktyrabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2761/2020 saylı iş üzrə 02 oktyabr 2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdir. Məhkəmə qətnaməsində göstərmişdir ki, “...Bakı şəhəri Yasmal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddiaçılar Fidan Rüstəmzadə və Cəfərsadıq Rüstəmzadənin qanuni nümayəndəsi Venera Rüstəmovanın cavabdeh Şakir Hüseynova qarşı “mənzillərin təhvil verilməsi” haqqında və üçüncü şəxs Tural Hüseynovun cavabdehlər Rövşən Rüstəmovun hüquqi varisi Nübar Rüstəmova və Şakir Hüseynova qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddiaları təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçılar Fidan Rüstəmzadə və Cəfərsadıq Rüstəmzadənin qanuni nümayəndəsi Venera Rüstəmovanın apelyasiya şikayəti təmin edilərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək ünvan 6 ünvanında yerləşən 10 mərtəbəli binadakı 2, 5, 7, 6a, 16, 19, 21, 22, 24a, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73, 75 saylı mənzillərin cavabdeh Şakir Hüseynov tərəfindən iddiaçılara təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə, Şakir Hüseynov və Tural Hüseynov tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, Nicat Xanlarov (hazırkı iş üzrə cavabdeh) və digərləri ərizə ilə Azərbaycan Rspublikası Ali Məhkəməsinin sədrinə müraciət edərək Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarının yuxarıda sadalanan mənzillərin mülkiyyətçiləri kimi onların maraqlarına toxunduğunu bildirmiş, qeyd olunan məhkəmə aktlarının ləğv edilməsini, mülki işə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə təqdimat verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadı ilə isə müraciət təmin edilməmişdir. Göründüyü kimi, ünvan 6 ünvanında yerləşən 10 mərtəbəli binadakı 69-cu mənzilin iddiaçılara təhvil verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi movcuddur... Belə olan halda, Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, iddiaçılar qanuni qüvvəsini almış məhkəmə aktı ilə onlara təhvil verilmiş həmin mənzillə bağlı cavabdehlər tərəfindən yaradılmış müxtəlif maneələrin (təmir işlərinin aparılmasına, qaz və su xətlərinin çəkilməsinə) aradan qaldırılması tələblərini irəli sürməkdə haqlıdırlar.” - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-473/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X6, X9, X3 (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və ‘'Şakir" MTK mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “mənzilə mülkiyyət hüququnun qeydə alınması üçün sənədlərin verilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi, mənzilə sahiblik və istifadə hüququnun verilməsi" tələbinə dair iddia ərizəsi təmin edilmiş, ünvan 3 ünvanında yerləşən 10 mərtəbəli çoxmənzilli binanın 3 otaqlı 69-cu mənzilinin İddiaçı sahiblik və istifadəsinə verilməsi qət edilmişdir. Məhkəmə qətnamədə göstərmişdir ki, “...iddiaçı tərəfindən mübahisəli mənzilin dəyəri tam şəkildə ödənildiyindən, bununla da iddiaçının həmin mənzilə sahiblik və istifadə hüququ əmələ gəldiyindən, habelə mübahisəli mənzil cavabdehlər tərəfindən iddiaçıya təhvil verilmədiyindən, həmin mənzil faktiki olaraq iddiaçının sahiblik və istifadəsində olmasına maneələr olduğundan, bununla da iddiaçının hüququ pozulduğundan, pozulmuş hüququn bərpası və onun məhkəmə müdafiəsi zəruridir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıların pay haqlarını ödəməklə əmlak üzərində hüquqlar əldə etmiş, cavabdehin hərəkətləri nəticəsində isə onların bu hüquqlarının pozulduğu müəyyən olunmuşdur.” - xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-473/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq ünvan 7 ünvanında, 3 otaqlı, 69-cu mənzilə baxış keçirilmiş, iş üzrə borclu X12 mübahisəli mənzili İddiaçı uzun müddət öncə onun sahiblik və istifadəsinə verdiyini bildirmiş, İddiaçı mənzilin onun sahiblik və istifadəsində olduğunu və icra sənədinin icrası ilə bağlı heç bir şikayət və etirazının olmadığını, iş üzrə icraata xitam verilməsini bildirmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən mənzilin faktiki yaşayış sahəsi 73.1 kv.m (3 otaq), ümumi sahəsi 110.1 kv.m olmaqla çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşir. Bundan əlavə mənzillərin sıralanması əvvəllər sağdan sola sayıldığı üçün mənzilin nömrəsi 69 göstərilmişdir. Lakin sonradan binada mənzillərin sıralanması soldan sağa hesablanaraq dəyişiklik olmuşdur. Bu səbəbdən mənzilin faktiki nömrəsi 13 olmuşdur. Mənzil 3 girişli binanın 1-ci girişində soldan 1-ci qapıdır. İddiaçı hazırda qeyd olunan sənədlərə istinad edərək, həmin mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.9 və 8.0.9.2-ci maddələrinə əsasən isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Məhkəmə qeyd edir ki, xx.xx.2005-ci il tarixli müqavilədə tərəflərin necə adlandırmasından asılı olmayaraq həmin müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. İşin yuxarıda sadalanan hallarına, qanuni qüvəsini almış məhkəmə qətnaməsinə əsasən aydın olur ki, mübahisəli mənzilin tikintisinin sifarişi üzrə xx.xx.2005-ci il tarixdə Rövşən Rüstəmov ilə iddiaçı arasında müqavilə bağlanmış, mənzilin dəyəri iddiaçı tərəfindən ödənilmiş və bu barədə maliyyə arayışı verilmişdir. Binanın tikintisi sonradan tam şəkildə başa çatdırılmışdır. Bu da iddiaçının kooperativ üzvü kimi hərəkət etdiyinə, yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına binanın tikilməsində iştirak etdiyini göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinə əsasən mübahisəli mənzilə mülkiyyət hüququnun qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. Cavabdehin imtinasından görünür ki, o, mübahisəli mənzilin 69 saylı deyil, 13 saylı olduğunu bildirmiş, elə həmin məktubda da bu fərqin mənzillərin sıra saylarının əvvəllər sağdan sola sayılması, sonradan yaranmış texniki səbəblərə görə həmin mənzillərin sıra saylarında dəyişiklik edilməsi ilə bağlı olduğunu qəbul etmişdir. Cavabdeh 69 saylı mənzilin digər fiziki şəxsin adına qeydə alındığını bildirsə də, iddiaçının iddia etdiyi mənzilin sıra sayın dəyişməsindən sonra 69 saylı mənzil hesab olunmadığını (13 saylı mənzil olmuşdur), həmin mənzilin xx.xx.2023-cü ildə iddiaçının naturada istifadəsinə verildiyini nəzərə almamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək qeyd edilən əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuşdur, buna görə də iddia tələbi təmin olunmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci madəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. İddiaçı ünvan 3 ünvanında yerləşən 3 otaqdan ibarət 13 saylı (əvvəlki 69 saylı) mənzilinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar