Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4496/2024 10.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X4 kаtibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “5 illik pul təminatı məbləğində kompensasiya verilməsi” tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ.
1. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı mərhum həyat yoldaşı X6 üçün nəzərdə tutulmuş xidməti vəzifələrinin icrası zamanı şəhid olmuş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Vətən müharibəsi şəhidi mərhum həyat yoldaşı X7 xidməti vəzifəsinin icrası zamanı şəhid olduğu üçün beş illik pul təminatı məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmasını xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X6 xx.xx.2020-ci ildə qismən səfərbərliyə cəlb olunaraq N nömrəli hərbi hissəyə göndərilmiş, kəşfiyyat bölməsində kəşfiyyatçı kimi hərbi xidmətə başlamış və xx.xx.2020-ci ildə Talış- Suqovuşan istiqamətində döyüş əməliyyatları zamanı aldığı xəsarətlərdən həlak olmuşdur.Mərhum həyat yoldaşı X5 N nömrəli hərbi hissədə kəşfiyyat bölməsində kəşfiyyatçı kimi Vətən müharibəsində xüsusi tapşırıqları yeriunə yetirərkən şəhid olması nəzərə alınmamış və cavabdehə müraciət etməsinə baxmayaraq iddiaçıya “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun normaları ilə nəzərdə tutulmuş kompensasiya verilməmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, iddiaçının mərhum həyat yoldaşı X6 hərbi əməliyyatlarda şəhid olduğu zaman müddətli həqiqi hərbi qulluqçu (əsgər) olmuşdur. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 14.2-ci maddəsinə uyğun olaraq X1 fəaliyyəti əməkdaşı hesab edilməsi qanunauyğun deyildir.Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.Cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü
5.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 6.Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 7.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
Faktiki hallar və sübutlar.
8.Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 65 nömrəli arayışına əsasən iddiaçının əri X6 xx.xx.2020-ci ildə qismən səfərbərliyə cəlb olunaraq N nömrəli hərbi hissəyə göndərilmiş və xx.xx.2020-ci ildə həlak olmuşdir. 9.Nikah haqqında şəhadətnaməyə əsasən İddiaçı X6 ilə xx.xx.2020-ci ildə rəsmi nikaha daxil olmuşdur. 10.İddia ərizəsinə əlavə edilmiş sosial arayışlardakı məlumatlara əsasən İddiaçı şəhid ailəsidir. 11.N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli bildirişinə əsasən iddiaçının əri X6 xx.xx.2020-ci ildə döyüş əməliyyatları zamanı həlak olmuşdur, N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.2021-ci il tarixli əmrindən çıxarışa əsasən X3 bölüyünün 1-ci tağım komandirinin müavini Talış-Suqovuşan istiqamətində döyüş əməliyyatları zamanı aldığı xəsarətlərdən həlak olmuşdur, N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.2020-ci il tarixli əmrindən çıxarışa əsasən əsgər X6 5-ci taborun rabitə taqımının radio manqasının radiotelefonçusu qismində şəxsi heyətin siyahısına xx.xx.2020-ci ildən daxil edilmişdir. 11.Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli imtina məktubuna əsasən şəhid X6 N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, N nömrəli əmrindən çıxarışa əsasən qismən səfərbərliklə hərbi vəzifəli əsgər qismində hərbi xidmətə cəlb olunmuşdur, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 14.2-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı hesab olunmurlar.Odur ki, qeyd edilən əsaslarla iddiaçıya tələb etdiyi kompensasiyanın ödənilməsinin mümkün olmaması bildirilmişdir.
Tətbiq edilən hüquq
12. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununun preambulasına əsasən bu Qanun kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin tətbiqində hüquqi təminatlar sistemini müəyyən edir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının təmin edilməsinə və milli təhlükəsizlik siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına yönəlmişdir. Həmin Qanunun 1.3-cü maddəsinə əsasən əks-kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. Həmin Qanunun 1.4-cü maddəsinə əsasən əks-kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının həyata keçirilməsinə mane olan və ya bu maraqlara təhlükə yaradan şərait, proses və amillərdən qorunmasına yönəlmişdir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən kəşfiyyat fəaliyyəti subyektləri bu fəaliyyətin məqsədlərinə nail olmaq üçün aşağıdakı tədbirləri həyata keçirə bilərlər:11.1.1. vətəndaşların sorğusu;11.1.2. soraqlaşma;11.1.3. radioelektron, video, audio, kino və fotoçəkilişlərinin aparılması;11.1.4. rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması;11.1.5. əşya və sənədlərin tədqiqi;11.1.6. müqayisəli tədqiq üçün nümunələrin toplanılması;11.1.7. şəxsiyyətin eyniləşdirilməsi;11.1.8. nəzarətli göndərişlərin həyata keçirilməsi;11.1.9. hüquqi şəxsin yaradılması. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. Həmin Qanunun 14.5-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xidməti vəsiqə verilir. Həmin Qanunun 20.11-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. Həmin Qanunun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. 13.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
Məhkəmənin mövqeyi
14.İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı X6 ilə xx.xx.2020-ci ildə rəsmi nikaha daxil olmuşdur, iddiaçının əri X6 xx.xx.2020-ci ildə qismən səfərbərliklə hərbi vəzifəli əsgər qismində hərbi xidmətə cəlb olunmuşdur və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur, iddiaçı da şəhid ailəsi statusuna malikdir.Lakin iddiaçının əri kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektinin əməkdaşı olmamışdır. Belə ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqınfa” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar ki, iddiaçının əri həmin kateqoriyaya aid şəxs olmamışdır, çünki iddiaçının əri X5 xidmət etdiyi hərbi hissə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin döyüş bölgəsində döyüş əməliyyatlarında iştirak etmiş hərbi hissə olmuşdur və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Aazərbaycan Respublikası Qanunun 11.1-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirmək səlahiyyətlərinə malik olmadığı üçün kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərnaycan Respublikası Qanunun subyektləri sırasına daxil deyildir. 15.Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən iddiaçının əri X2 və əkskəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı olmadığı üçün “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Aazərbaycan Respublikası Qanunun müddəalarında göstərilən pul təminatlarının və kompensasiyalarının iddiaçıya ödənilməsinin hüquqi əsaslar mövcud deyildir, bu səbəbdən də inzibati orqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuşdur. 16.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən - 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 17.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 18.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı Vətən müharibəsi şəhidi mərhum həyat yoldaşı X7 xidməti vəzifəsinin icrası zamanı şəhid olduğu üçün beş illik pul təminatı məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ 19.Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cı, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı Vətən müharibəsi şəhidi mərhum həyat yoldaşı X7 xidməti vəzifəsinin icrası zamanı şəhid olduğu üçün beş illik pul təminatı məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova