Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4498/2025 03.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 900 kv.m torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evlərinə iddiaçının mülkiyyət hüququnun qeydə alınaraq ona dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Əzizbəyov rayon X4 Kommunal Təsərrüfat Şöbəsi arasında bağlanmış xx.xx.1992-ci il tarixli müqaviləyə əsasən Əzizbəyov Rayon X4 İcraiyyə Komitəsinin xx.xx.1977-ci il tarixli qərarına müvafiq olaraq iddiaçıya Türkan qəsəbəsi ərazisində (ünvan 2 ünvanda) müddətsiz istifadə etmək hüququ əsasında torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində 3 ədəd fərdi bağ evi inşa edilib. Torpaq sahəsi və üzərində yerləşən bağ evlərinə dair hüquqların dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət edilmişdir. Cavabdeh heç bir hüquqi əsas olmadan imtina məktubunda göstərmişdir ki, şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilənamə Azərbaycan Respublikası müstəqillik əldə edildikdən sonra xx.xx.1992-ci il tarixdə bağlanmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1.6-cı bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilələr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas hesab edilir. Bundan əlavə notariat işi arxivə verilmədiyindən iş üzrə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsini yoxlamaq mümkün olmamışdır. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1.6-cı bəndinə əsasən şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə münasibətdə hüquqların dövlət qeydiyyatına alınması üçün əsasdır. İmtida göstərilmiş notariat arxivi ilə bağlı arqumentə münasibətdə isə qeyd edilən müqavilənin dəyişdirilməsi və ləğvi mübahisə mövzusu deyil. Müqavilə qaydalara əsasən notairat qaydasında təsdiq edilib.
3. Cavabdeh məhkəməyə ünvanlandığı iddia tələbinə dair etirazında qeyd etmişdir ki, torpaq sahəsinin mülkiyyətə verilməsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilənamə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra 27 mart 1992-ci il tarixdə bağlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.6-cı bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilələr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas hesab edilir. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin 71 kv.m hissəsi Xəzər dənizinin mühafizə zonasında yerləşir. Bundan əlavə, təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli, 3-16-5/6-13-21-37-6/24 nömrəli məktubunda bildirilmişdir ki, müqaviləyə dair notariat işi arxivə təhvil verilmədiyindən iş üzrə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsini yoxlamaq mümkün olmamışdır. Əlavə olaraq bildiririk ki, təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 3-52/2-Ə-671-112/2023 nömrəli məktubunda qeyd edilən Bakı Şəhər Əzizbəyov (indiki Xəzər) Rayon XDS İcraiyyə Komitəsinin 40 nömrəli qərarı xx.xx.1977-ci il tarixli, hüquq sahibi X3 isə 1970-ci il təvəllüdlüdür. Nəzərinizə çatdırırıq ki, idarəyə müraciət zamanı iddiaçı tərəfindən fərdi yaşayış evinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndinə əsasən Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
4. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.1992-ci il tarixli müqavilənin surətində qeyd edilmişdir ki, Əzizbəyov rayon X4 İcraiyyə Komitəsinin xx.xx.1977-ci il tarixli qərarına əsasən İddiaçı Türkan qəsəbəsi Bağ massivi 47 saylı ünvanda yerləşən ərazidə sahəsi 900 kv.m təşkil edən torpaq sahəsinin müddətsiz istifadəyə verilməsinə dair müqavilə bağlanılmışdır.
5. Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət X5 məhkəmə ünvanladığı xx.xx.2025-ci il tarixli 3-48-2F/2-577/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, keçmiş Əzizbəyov rayonu XDS İK-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə 1977-ci ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.1977-ci il tarixli qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bununla əlaqədar Bakı şəhər İH-nin arxivinə müraciət etməyiniz xahiş olunur.
6. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin məhkəmə ünvanladığı xx.xx.2025-ci il tarixli 5-12/2-1191/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Əzizbəyov rayon X6 İcraiyyə Komitəsinin 1977-ci il tarixli Qərarları Bakı Şəhər İcra Hakimiyyətinin Arxivinə təhvil verilmişdir.
7. "xxxx" MMC tərəfindən tərtib edilmiş layihəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi Bağ massivində X1 istifadəsində olan torpaq sahəsində mövcud vəziyyətdə inşa edilmiş bağ evlərinin layihəsi tərtib edilmişdir.
8. Cavabdeh tərəfindən təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd eidlmişdir ki, Türkan qəsəbəsində yerləşən torpaq sahəsini faktiki ölçüsü 1345 kv.metr təşkil edir. Torpaq sahəsi m/daş ilə hasar daxilindədir. Qapı və darvazası var. İki tərəf dalan, iki tərəf qonşudur. Sahədə 1 ədəd 1 mərtəbəli, 1 ədəd iki mərtəbəli yaşayış evi və həyət tikilisi var.
9. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazını müdafiə edərək iddianın rədd olunmasını xahiş etdi.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
12. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
15. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
16. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
17. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, İddiaçı onunla Türkan qəsəbəsi Bağ massivi 47 saylı ünvanda yerləşən ərazidə sahəsi 900 kv.metr təşkil edən torpaq sahəsinin müddətsiz istifadəyə verilməsinə dair xx.xx.1992-ci il tarixli müqavilə bağlanıldığına əsaslanaraq, cavabdehə torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması üçün müraciət etmişdir. Cavabdeh isə torpaq sahəsinin mülkiyyətə verilməsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyini əsas gətirərək, müraciəti təmin etməkdən imtina etmişdir.
18. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
19. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
21. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr;
22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin və Fərmanın qeyd edilən bəndinin tələbinə uyğun olaraq İddiaçı oğlu Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Bağ masivi-47 ünvanında yerləşən 900 kv. metr torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun olmasını təsdiq edən qanunvericilikdə təsbit edilmiş hər hansı hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim edə bilməmişdir. Mübahisəli ünvanına dair tərtib edilmiş torpaq sahəsinin müddətsiz istifadəyə verilməsinə dair xx.xx.1992-ci il tarixli müqavilə, torpaq sahəsinin yerləşmə sxeminin iş materiallarında mövcud olmasına baxmayaraq, torpaq sahəsinin təqdim edilmiş sxemdə dəqiq istinad və məsafələr qeyd olunmaması səbəbindən sənəd üzrə yerləşmə mövqeyini müəyyən etmək mümkün olmamışdır. Bununla yanaşı iddiaçı tərəfindən torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir.
23. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz.
24. Qeyd edilən qənaət iddianın təmin edilməməsi üçün yetərli olduğundan cavabdehin etirazda qeyd etdiyi digər məsələlərə məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək münasibət bildirməyi zəruri hesab etmir.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
26. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
27. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva