Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4499/2022 23.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh X qarşı “birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəhid ailələrinə ödənilən birdəfəlik ödəmənin ona ödənilməzi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əri Füzuli rayonu, Horadiz qəsəbəsi 23 oktyabr 1993-cü ildə işğal olunarkən yaşadığı Əhmədalılar kəndində girov düşmüşdür. Girov düşdükdən sonra onun barəsində heç bir məlumat əldə edə bilməmişdir. Uzun müddətli axtarışlardan sonra girovluqdan azad olunan şəxslərdən öyrənmişdir ki, əri işgəncə verilərək öldürülmüşdür. Əri kəndin özünümüdafiə batalyonunda döyüşlərdə iştirak etmişdir. O, dəfələrlə yazılı və şifahi müraciət etməsinə baxmayaraq, cavabdeh tərəfindən şəhid ailələrinə birdəfəlik verilən ödəmə verilməmişdir. Məhkəməyə müraciət edərək, ərinin ölüm faktının müəyyən edilməsi barədə qətnamə almışdır. Ərinə şəhid statusu verilmişdir. O, həmin statusla bağlı uzun illərdir ki, təqaüd alır. Ərinə şəhid statusunun verilməsinə baxmayaraq cavabdeh ona birdəfəlik ödəmənin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı əri X3 xx.xx.1993-cü il tarixdə Füzuli rayonu, Horadiz qəsəbəsində ermənilər tərəfindən girov götürülmüşdür. Məhkəmənin qətnaməsi ilə ölmüş elan edilmişdir. E.H.Şixaliyevaya 23 noyabr 1996-cı il tarixdə “şəhid ailəsi” kimi 11897 №-li vəsiqə verilmişdir. İddiaçı birdəfəlik ödəmənin verilməsi ilə bağlı müraciətlərinə baxılmış və iddiaçının əri X1 hərbi qulluqçu statusu olmadığı və 23 oktyabr 1993-cü il tarixdə mülki vətəndaş kimi həlak olduğundan “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanın əhatə dairəsinə daxil olmadığı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onun vərəsələrinə birdəfəlik ödəmənin verilməsi mümkün olmamışdır. İddiaçının əri A.H.Behbudovun hərbi qulluqçu statusu olmadığından (həmçinin A.H.Behbudovun daxili işlər orqanı əməkdaşı olması barədə iş materiallarında məlumat yoxdur) adıçəkilən Fərmanın əhatə dairəsinə daxil olmadığı üçün Nazirlik tərəfindən ona birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmamış, buna görə də iddiaçıya birdəfəlik ödəniş verilməsindən imtina edilmişdir. İddiaçının əri mərhum A.H.Behbudovun adı müvafiq siyahıda nəzərdə tutulmadığından Fərmanın 2-ci hissəsinə əsasən Nazirlik tərəfindən onun vərəsəsinə birdəfəlik ödəmənin verilməsi mümkün deyil. Qanunvericilik bu məsələ üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit etdiyindən və iddiaçı yuxarıda sadalanan şəxslər kateqoriyasına aid olmadığından ona bu birdəfəlik ödəmənin verilməsi mümkün deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və təmin olunmasını məhkəmədən xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, iddiaçının mərhum əri hərbi qulluqçu və ya daxili işlər orqanlarının əməkdaşı olmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Füzuli rayonu, Əhmədalılar kəndində doğulmuşdur, Füzuli rayonu, Əhmədalılar kəndində qeydiyyatdadır; İİ-ЖГ № 315042 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, 20 noyabr 1956-cı il tarixdə doğulmuş X3 ilə xx xxxxxx 1962-ci ildə doğulmuş İddiaçı 17 may 1980-ci il tarixdə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 17 may 1980-ci ildə № 7 ilə qeyd edilmişdir. AZ-İ 233190 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 23 oktyabr 1993-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2007-ci ilin aprel ayının 13 günündə 108 № ilə qeyd edilmişdir; Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanının: 1-ci bəndində, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi nəzərdə tutulmuşdur; 2-ci bəndinə əsasən, birdəfəlik ödəmə bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir; 4-cü bəndinə əsasən, birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. Beləliklə, hazırkı iddia üzrə iddiaçının tələbinin hüquqi əsasını təşkil edən və yuxarıda istinad olunan Fərmanın məzmunundan da aşkar görünür ki, həmin Fərman Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə verilmişdir. Cavabdeh orqanın imtinası isə iddiaçının ərinin hərbi qulluqçu və ya daxili işlər orqanlarının əməkdaşı olmaması ilə bağlı olmuşdur ki, bu hal iddiaçı tərəfindən də təkzib edilməmişdir. İddiaçı yalnız ərinin şəhid olmasına istinad edərək hazırkı iddianı irəli sürmüşdür. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının birdəfəlik ödəmənin verilməsi tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh X qarşı “birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-4499/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4499/2022
23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver