Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-45/2024 23.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər “Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi) “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – iddiaçı) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29 may 2003-cü il tarixli, 266 nömrəli Sərəncamında qismən dəyişiklik edilməsi barədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 02 iyun 2020-ci il tarixli, 116 nömrəli sərəncamının qanunsuz sayılaraq ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, "X1” MMC 17 yanvar 2003-cü il tarixdə vergi orqanında dövlət qeydiyyatından keçərək Nizamnaməsinə əsasən bu günə qədər qanuni fəaliyyət göstərir. Cəmiyyət 05 mart 2003-cü il tarixli, REF 36/03 saylı məktubla Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Qutqaşenli küçəsi 476 saylı məhəllədə 0.70 ha torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsini və həmin torpaq sahəsində binaların inşa edilməsinə icazə verilməsini xahiş etmişdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən MMC-nin müraciətinə müsbət cavab verilərək Bakı şəhəri, Yasamal rayonu, Qutqaşenli küçəsi 476 saylı məhəllədə 0.70 ha torpaq sahəsi binalarının layihələşdirilməsi və tikintisi üçün Cəmiyyətə icarəyə verilmişdir. Cəmiyyətin müraciətinə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti 10 may 2003-cü il tarixli, 110/d- MŞ saylı məktubla razılıq vermişdir. Belə ki, torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29 may 2003-cü il tarixli 226 saylı Sərəncamı ilə Yasamal Rayon İcra Hakimiyyətinin 10 may 2003-cü il tarixli, 110/d-MŞ saylı razılıq məktubu, “X1” müəssisəsinin 05 mart 2003-cü il tarixli, REF 36/03 saylı müraciəti nəzərə alınaraq, Bakı şəhəri, Yasamal rayonu, Qutqaşenli küçəsi 476 saylı məhəllədə 0.70 ha torpaq sahəsi binaların layihələşdirilməsi və tikintisi üçün MMC-yə icarəyə verilmişdir. Qeyd olunan torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 16/27 nömrəli ayrıc aktı verilmişdir. Sərəncamla Ərazidə yaşayış və qeyri-yaşayış tikililərinin köçürülməsi və inşaat işlərinə çəkilmiş xərclərin mövcud qanunvericilik əsasında ödənilməsi “X1” MMC-yə tapşırılmışdır. Bu sərəncam əsasında 27 fevral 2004-cü il tarixdə DTXK-nin Bakı şəhər Şöbəsi tərəfindən torpaqdan müvəqqəti istifadə hüququna dair JN-4182, KOD 01100003 saylı şəhadətnamə verilmişdir. İşçi layihələrinə əsasən sərəncamla ayrılmış torpaq sahəsində yeraltı qarajlar da mövcud olmaqla 3 ədəd yaşayış binasının inşa edilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı işçi layihəsi hazırlanmış və müəyyən olunmuş formada Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırılmış qaydada tikinti işlərinə, başlanılmış, bir binanın tikintisi icra edilmiş və bir binada tikinti işlərinin mənzillərə dair hissəsi tam olaraq yekunlaşdırılmışdır. Lakin, Şirkətin maddi vəziyyəti çətinləşdiyindən ərazidə olan digər 2 binanın, inşa edilmiş mövcud binanın qeyri-yaşayış sahələri və binanın tamamlanma işləri yekunlaşdırılmamışdır. Tamamlanmayan işlərə mövcud binanın sağ və sol tərəfində yerləşən qeyri-yaşayış sahələrini, həmin sahələrin altında yerləşən qarajları, həmçinin binanın alt hissəsində yerləşən qarajlara və ofislərə girişi inşa edilməsi və.s işləri aid etmək olar. Hazırda İnşa edilmiş Binada mövcud olan 64 ədəd mənzillərin hər biri müqavilələr əsasında vətəndaşlara satılmış, mənzillərin əksəriyyətində təmir işləri aparılmışdır. Binada təmir işlərinin qısa müddət ərzində tam olaraq yekunlaşdırılması və sakinlərin tam istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. MMC-nin maliyyə vəziyyəti düzəlmək üzrə olduğundan mövcud inşa edilmiş binada tamamlanmayan işlərin görülməsi, yeraltı ofis və qarajlara girişlərin inşa edilməsi, icazəsi alınmış, lakin tikilməyən digər 2 binanın tikinti işlərinə başlamaq istəyərkən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər məsul qurumlar tərəfindən tikintiyə icazə verilməmiş, tikinti işlərinin dayandırılması tələb edilmişdir. Tikintinin dayandırılması səbəblərini öyrənərkən bəlli olmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 02 iyun 2020-ci il tarixli, 116 nömrəli Sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29 may 2003-cü il tarixli, 266 nömrəli Sərəncamında qismən dəyişiklik edilmiş, əvvəlki Sərəncamın 1-ci bəndində 0.70 ha ifadəsi 0.2155 ha ifadəsi ilə əvəz edilmişdir. Sərəncam 02 iyun 2020-ci il tarixdə qəbul edilsə də, MMC-yə rəsmi olaraq 22 iyun 2020-ci il tarixdə təqdim edilmişdir. Sərəncamın qəbulu zamanı MMC-yə və binanın sakinlərinə heç bir məlumat verilməmişdir. Sərəcmla tanış olarkən Sərəncamın qanunsuz və əsassız olması, heç bir hüquqi əsası olmadan qəbul edilməsi açıq aydın görünmüşdür. Heç bir maddi hüquq normasına istinad edilmədən qərara alınmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 02 iyun 2020-ci il tarixli, 116 nömrəli Sərəncamı ilə Sərəncamın 1-ci bəndində 0.70 ha ifadəsi 0.2155 ha ifadəsi ilə əvəz edilsin. Aparılan tikinti işləri qanunvericilik normalarına uyğun olaraq bütün zəruri prosedur qaydalara əməl edilməklə, müvafiq qaydada razılaşdırılmaqla aparılmışdır. Cavabdeh iddiaya yazılı etitazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdeh və üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında nümayəndələrinin iştirak təmin etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, xx.xx.2024-cü il tarixli qərardadı ilə isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 266 nömrəli, xx.xx.2003-cü il tarixli sərəncamından görünür ki, Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 110/d-MŞ saylı razılıq məktubu, «X1» müəssisəsinin xx.xx.2003-cü il tarixli, REF 36/03 saylı müraciəti nəzərə alınaraq, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsindəki 476-cı məhəllədə 0,70 ha torpaq sahəsi yaşayış binalarının layihələşdirilməsi və tikintisi üçün həmin müəssisəyə icarəyə verilmişdir. Sərəncama əsasən ərazidən yaşayış və qeyri-yaşayış tikililərinin köçürülməsinə və inşaat işlərinə çəkilmiş xərclərin mövcud qanunvericilik əsasında ödənilməsi «X1» müəssisəsinə tapşırılmışdır. JN -4182 KOD 01100003 nömrəli xx.xx.2004-cü il tarixli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 266 saylı sərəncamı və xx.xx.2003-cü il tarixli 0231 saylı icarə müqaviləsi ilə Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 476-cı məhəllədə yaşayış binalarının layihələşdirilməsi və tikintisi üçün 49 il müddətinə, 0.7 hektar kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi müvəqqəti istifadə üçün, yaşayış binalarının layihələşdirilməsi və tikintisi şərtilə «X1» MMC-yə verilmişdir. İş materiallarından müəyyən olunur ki, İ.Qutqaşınlı küçəsi 476-cı məhəllədə layihələndirilən yaşayış kompleksinin layihəsi xx.xx.2006-cı ildə Bakı şəhər İcra hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsində razılaşdırılmışdır. İşdən görünür ki, 2016-cı ildə iddiaçıya ayrılmış həmin torpaq sahəsinin 16/27 nömrəli ayrıc aktı tərtib edilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2019-cu il tarixli 3/14-8212 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2016-cı il tarixli 2258 nömrəli, 5 avqust 2016-cı il tarixli 2260 nömrəli Sərəncamlarının tərkib hissəsi olan Bakı şəhəri, Yasamal rayonu, keçmiş “Sovetski" kimi tanınan ərazidə yerləşən “Mərkəzi Park”ın tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında aparılır. Sözügedən parkın İ mərhələsi tikilərək başa çatdırılmış və 22 may 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən açılış edilərək vətəndaşların istifadəsinə verilmişdir. “Mərkəzi Park”ın İİ mərhələsinin tikintisi üçün sözügedən ərazidə yaşayış və qeyri-yaşayış tikililəri dövlət vəsaiti hesabına alınaraq sökülmüş və həmin ərazidə parkın tikilməsi üçün layihə sənədləri hazırlanmışdır. Layihə sənədləri hazırlanarkən məlum olmuşdur ki, şəhərin Nəriman Nərimanov prospekti, Bəşir Səfəroğlu, Mirzəağa Əliyev və İsmayıl bəy Qutqaşınlı küçələri ilə əhatə olunmuş parkın tikintisi üçün nəzərdə tutulmuş sahənin bir hissəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 29 may 2003-cü il tarixli 266 nömrəli Sərəncamı ilə yaşayış binalarının tikintisi məqsədilə “X1" MMC-yə verilmişdir. Məktubda “X1” MMC-yə ayrılan sahənin bir hissəsinin (60,0 sot) parkın tikintisi altına düşməsini, həmin sahədə yerləşən tikililərin parkın tikintisi üçün dövlət vəsaiti hesabına alınaraq söküldüyünü nəzərə alaraq, yuxarıda qeyd olunan sərəncamın ləğv olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin 76/g-7 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinə bildirilmişdir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikasın Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən və Yasamal Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı şəhər İcra Hakimiyyətin ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 dekabr 2018-ci il tarixli, 572 nömrəli qərarı ilə Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd olmaqla, ümumilikdə 2010 yaşayış və qeydi-yaşayış obyektinin dövlət ehtiyacları üçün alınması Yasamala Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Qeyd olunan ərazidə yerləşən yaşayış və qeydi-yaşayış obyektlərinin sahiblərinə müvafiq kompensasiya ödənilməklə ərazinin dövlət ehtiyacları üçün alındığını nəzərə alaraq, “X1” MMC-yə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 266 nömrli sərəncamı ilə ayrılmış torpaq sahəsinin sərhədlərinə yenidən baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, şəxsi hesab vərəqəsinin məlumatına əsasən, “X1” MMC ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, İ.Qurtqaşınlı küçəsi 476 məhəllədə yerləşən 7000 kv.m torpaq sahəsinə dair xx.xx.2003-cü il tarixli 0231 nömrəli icarə müqaviləsi üzrə illik icarə haqqı məbləği 7796,88 manat olmaqla, xx.xx.2003-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində ümumilikdə 127441,6 manat hesablama aparılmış və dövlət büdcəsinə 9997,0 manat icarə haqqı məbləği ödənilmişdir. xx.xx.2020-ci il tarixə dövlət torpaq sahələrinin icarəsi üzrə Cəmiyyətin dövlət büdcəsinə 117444,6 manat ödənilməmiş borc məbləği mövcuddur. İşdən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 116 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamından görünür ki, “Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli 3/14-8212 nömrəli, Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2020ci il tarixli 76/g-7 nömrəli müraciətlərini, Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********344500 nömrəli məktubunu, Bakı Şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən "İnzibati icraatla bağlı Komissiya"nın rəyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında" Əsasnamənin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin və Azərbaycan Respublikasının "İnzibati İcraat haqqında" Qanunun tələblərini rəhbər tutaraq, qərara alınmışdır ki: 1."Torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında" xx.xx.2003-cü il tarixli 266 nömrəli Sərəncama və bu Sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşdirmə işlərinə qismən dəyişiklik edilsin: 1.1.Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 266 nömrəli Sərəncamının 1-ci bəndində "0.70 ha" ifadəsi "0.2155 ha" ifadəsi ilə əvəz edilsin. 1.2.Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Hüquq və kadr məsələləri şöbəsi (R.Qədimquliyev) "X1" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 476-cı məhəllədə yerləşən 0.4845 ha torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri həyata keçirsin. İddiaçı hazırda bu sərəncamın onun hüquqlarını pozmasını iddia edərək, ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanının ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2016-cı il tarixli 2258 nömrəli Sərəncamında göstərilmişdir ki, 2014-cü ildə prospektin Səməd Vurğun küçəsi ilə Füzuli meydanı arasında olan hissəsinin çəkilməsi, prospekt boyunca Mərkəzi Parkın salınması və ətraf yolların genişləndirilməsi başa çatdırılaraq sakinlərin istifadəsinə verilmişdir. Hazırda Yasamal rayonunun 26 hektar sahəni əhatə edən ərazisində yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün satın alınması işləri yekunlaşmışdır və Füzuli meydanından Nəriman Nərimanov prospektinə qədər və Təzəpir məscidi istiqamətində yolların genişləndirilməsi və inşası işlərinin davam etdirilməsi, habelə yeni yaşıllıq zolaqlarının yaradılması nəzərdə tutulur. Həmin Sərəncamla Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, nəqliyyat vasitələrinin rahat hərəkətinin təmin edilməsi, əhalinin mədəni istirahəti üçün müvafiq şəraitin yaradılması və şəhərin ekoloji durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri davam etdirmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq qərara alınmışdır ki, Bakı şəhərinin Yasamal rayonunda Füzuli meydanının ətraf ərazilərində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması, həmçinin bu işlərlə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın. “Təzəpir məscidi kompleksinin ətraf ərazisinin abadlaşdırılması ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2016-cı il tarixli 2260 nömrəli Sərəncamında göstərilmişdir ki, son illərdə qədim dini abidələrin, ziyarətgahların bərpası ilə bağlı silsilə tədbirlər həyata keçirilmiş, dini-memarlıq incilərindən Bibiheybət və Əjdərbəy məscidləri, Şamaxı şəhərindəki Cümə məscidi Dövlət tarix-memarlıq abidəsi, X2-Mədəniyyət Qoruğu ərazisində yerləşən “İmamzadə” kompleksi yenidən qurulmuş, Bakı şəhərində “Heydər Məscidi” kompleksi inşa edilmişdir. Ölkə müsəlmanlarının başlıca ibadət mərkəzi olan Təzəpir məscidində dövlətin dəstəyi ilə əsaslı yenidənqurma işləri aparılmışdır.Bununla yanaşı, XX əsrin əvvəllərində Bakı şəhərinin mərkəzi hissəsində, əhalinin sıx məskunlaşdığı ərazidə inşa edilmiş Təzəpir məscidi ətrafındakı yol infrastrukturunun hazırda köhnəlməsi və bir çox tikililərin qəzalı vəziyyətə düşməsi nəticəsində məscid yaxınlığında nəqliyyat vasitələrinin və piyadaların normal hərəkəti məhdudlaşmışdır ki, bu da yerli sakinlərin narahatlığına səbəb olmuş, dindarlar tərəfindən məbədin istifadəsini və ölkəmizin qonaqlarının həmin abidəni ziyarət etməsini xeyli çətinləşdirmişdir. Təzəpir məscidinin Azərbaycanın və ümumən Qafqazın mühüm dini mərkəzlərindən biri olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq qərara alınmışdır ki, Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təzəpir məscidi kompleksinin ətrafındakı yol-nəqliyyat infrastrukturunun yenidən qurulması, ərazisinin abadlaşdırılması, məscidi ziyarət edənlər üçün parklama imkanlarının yaradılması işlərinin həyata keçirilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın. Həmçinin “Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərinin bir qisminin dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 dekabr 2018-ci il tarixli 572 nömrəli Qərarına əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd olmaqla, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyekti dövlət ehtiyacları üçün alınması (torpaq sahələrinin koordinatlarını, ölçülərini və sərhədlərini göstərən yerquruluşu xəritəsi əlavə olunur) qərara alınmışdır. Həmin Qərarın 2-ci hissəsinə görə Yasamal Rayon İcra Hakimiyyətinə tapşırılmışdır ki:
1. alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçiyə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaratsın;
2. dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə alınan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilməsini təmin etsin. İşdən görünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2016-cı il tarixli 2258 nömrəli, 5 avqust 2016-cı il tarixli 2260 nömrəli Sərəncamlarına, Yasamal Rayon İcra Hakimiyyəti isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 dekabr 2018-ci il tarixli, 572 nömrəli qərarına istinad edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 266 nömrli sərəncamı ilə “X1” MMC-yə ayrılmış torpaq sahəsinin həmin sənədlərdə göstərilən əraziyə aid olduğunu və həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin sahiblərinə müvafiq kompensasiyanın onlar tərəfindən ödənildiyini bildirməklə, həmin sərəncamın ləğv edilməsini xahiş etmişlər. İşdə olan cavabdehin “İnzibati icraatla bağlı komissiyanın” 11 mart və 13 mart 2020ci il tarixli iclas protokollarından görünür ki, iddiaçının nümayəndəsinin iştirakı ilə “Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli 3/14-8212 nömrəli, Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 76/g-7 nömrəli müraciətləri əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 266 nömrəli Sərəncamının ləğv edilməsi məsələsinə baxılmış və müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, keçmiş "Sovetskı" adlanan ərazidə yerləşən, Nəriman Nərimanov prospekti, Bəşir Səfəroğlu, Mirzəağa Əliyev və İsmayıl bəy Qutqaşınlı küçələri ilə əhatə olunmuş "Mərkəzi Park"ın İİ mərhələsinin tikintisi uçun sözügedən ərazidə yerləşən (bir qismi "X1" MMC-nin icarə əsasında istifadəsində olan torpaq sahəsi də daxil olmaqla) yaşayış və qeyri-yaşayış tikililəri dövlət vəsaiti hesabına alınaraq sökülmüş, vaxtilə icarə əsasında iddiaçının istifadəsinə verilmiş torpaq sahəsində gələcəkdə hər hansı tikinti işlərinin aparılması hazırda qüvvədə olan memarlıq və şəhərsalma qanunvericiliyinə uyğun olaraq mümkün olmayacağı müəyyən edilmiş (digər iki binanın tikintisi nəticəsində Cəmiyyətə ayrılmış ərazinin tikinti sıxlığı əmsalı yolveriləndən çox olacaqdır), sözügedən ərazidə 3 bina tikintisi layihələndirilmiş olsa da, iddiaçı yalnız birini tikmiş, iddiaçı icarə əsasında istifadəsində olan torpaq sahəsinin bir hissəsində yerləşən yaşayış və qeyriyaşayış sahələrinin köçürülməsinin MMC-nin vəsaiti hesabına təmin edilmədiyini təsdiq etmiş, həmçinin iddiaçı tərəfindən təxminən 15 ildir ki, torpaq icarə müqaviləsinin və qüvvədə olan qanunvericiliyin tələbləri icra edilməmiş və nəticədə dövlət büdcəsinə kifayət qədər vəsait ödənilməmişdir. İş materiallarından müəyyən olunur ki, cavabdeh göstərilənləri nəzərə alaraq, xx.xx.2003-cü il tarixli 266 nömrəli Sərəncamına dəyişiklik edərək, iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin ölçüsünü 0.70 hektardan 0.2155 hektara azaltmışdır. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. - maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. - maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - Maddə 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: - 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; - 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; - 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; - 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. - Maddə 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. - Maddə 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. - maddə 69.1. İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi bu Qanunun 65-ci, 67-ci və 68-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Göründüyü kimi, qanunverici inzibati orqanın fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında inzibati icraat aparmaq, həmçinin qəbul etdiyi inzibati aktı ləğv etmək hüququnu tanımışdır. İstinad olunan normaların tələblərindən görünür ki, maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi, habelə həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurduğu hallarda inzibati orqana qəbul etdiyi həmin inzbati aktı ləğv etmək səlahiyyəti vermişdir. İşin yuxarıda sadalanan hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 266 nömrəli Sərəncamı ilə iddiaçıya 0,70 ha torpaq sahəsi ayrılsa da, iddiaçı 20 il ərzində həmin torpaq sahəsinin böyük bir hissəsindən istifadə etməmiş, yaşayış binalarının tikintisini həyata keçirməmiş, sərəncamla üzərinə qoyulan vəzifəni icra etməyərək yaşayış və qeyri-yaşayış tikililərinin köçürülməsi xərclərini ödəməmiş, həmin xərclər dövlət büdcəsi vəsaiti hesabına ödənilmiş, həmçinin iddiaçı tərəfindən həmin torpaq sahəsinə dair icarə haqqı da ödənilməmişdir. O da qeyd edilməlidir ki, işdə olan xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, tikintisi başa çatmış “Mərkəzi Parkı”nın 2-ci mərhələsinin naturada yerləşdiyi torpaq sahəsi “Bakı Şəhər İcra Hakimiyyəti başçısının 29 may 2003-cü il tarixli 266 nömrəli Sərəncamı ilə “X1” MMC-yə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür. Göründüyü kimi, iddiaçı ona ayrılmış torpaq sahəsindən ayrılma məqsədlərinə uyğun istifadə etmədiyindən həmin sahədə dövlət vəsaiti hesabına yaşıllaşdırma və abadlaşdırma işləri aparılaraq park salınmışdır və hazırkı halda cavabdehin xx.xx.2020-ci il tarixli sərəncamının ləğv edilərək həmin torpaq sahəsinin yaşayış binasının tikintisi üçün iddiaçının istifadəsinə qaytarılması mümkünsüzdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən müvafiq müdaxiləni zəruri edən faktiki şərtlər qanunvericiliklə nəzərdə tutulduğundan və mübahisəli inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə sübuta yetirildiyindən, cavabdehin qəbul etdiyi həmin aktın ləğv edilməsi üçün əsas yoxdur, buna görə də iddia təmin edilməməlidir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova