Məhkəmə qərarları › İş №2-1(112)-450/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-450/2021

11.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-450/2021 11.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi, İddiaçı MMC-nin direktoru X3, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğvi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1rşı İddiaçı MMC-yə hesablanmış 120 (bir yüz iyirmi) manat vergi borcunun silinməsi və artıq ödənilmiş verginin qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan İddiaçı MMC-nin direktoru X7 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, artıq ödənilmiş verginin İddiaçı MMC-yə qaytarılması barədə rəy verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə məhkəmənin 2-1(112)-945/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci ilin avqust-sentyabr aylarında bir neçə hüquqi şəxs təsis edib ticarət fəaliyyətinə başlamışdır. Həmin hüquqi şəxslərdən biri də, İddiaçı MMC olmuşdur. xx.xx.2018-ci il tarixdə Türkiyədən ilk və son dəfə idxal etdiyi məişət avadanlıqları olan yükü Gömrük İdarəsindən keçirib satışa çıxardıqdan sonra qazanc az olduğuna görə qərara gəlmişdir ki, şirkətin fəaliyyətini dayandırsın. xx.xx.2018-ci il tarixdə şirkətin fəaliyyətini dayandırmışdır. xx.xx.2018-ci il tarixdə gömrük və digər xərclərdən başqa 7594.66 manat artıq ödəniş etmişdir. 2019-cu ilin iyun ayının 17-də və 31-də prezidentə və vitse prezidentə müraciət edərək, mebel yükün idxal etdiyi vaxt yaranan artıq ödənilmiş vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Bundan 15 gün sonra “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər kabinetinin 20010ci il 23 fevral tarixlxi, 48 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli, 313 nömrəli Qərarında dəyişiklik edilməsi sahibkarların işinə daha da müsbət təsir etməli idi. Firmanın fəaliyyətinə başladığı ilk gündən ƏDV qeydiyyatında olsa da, cari, dəqiqləşdirilmiş ƏDV bəyannamələri versə də, vergi xidməti xx.xx.2019-cu il tarixdə sadələşdirilmiş vergi bəhanəsi ilə analoji hesablama aparmış və artıq ödənilmiş vəsaitdən 1892 manat silinmişdir. xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə cavabdehə ərizə yazıb artıq ödənilmiş vergilərin qaytarılmasını tələb etmişdir. xx.xx.2019-cu il tarixdə bəyannamə təqdim etmədiyinə görə 120 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bununla yanaşı, xx.xx.2019-cu il tarixdə bir daha prezidentə və vitse prezidentə məktub yazaraq köməklik gösətrilməsini istəmişdir. Həmin məktuba əsasən xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər baş idarəsinin X6 İdarəsinin rəis Akif Allahverdiyev və şöbə müdiri onu qəbul etmişdir. Lakin, buna baxmayaraq, müxtəlif bəhanələr gətirərək artıq ödənilmiş vergini verməkdən imtina etmişlər. Bu səbəbdən də, cavabdehin hərəkətlərini qanunsuz və əsassız hesab edir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı münasibət məhkəməyə təqdim edilərək, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsinə qarşı münasibətə əsasən, iddiaçı müəssisə tərəfindən xx.xx.2019-cu il tarixdə, **********270600 saylı məktubla cavabdehə müraciət edilərək, 5662.66 manat məbləğin qaytarılması tələb edilmişdir. Həmin müraciətin araşdırılması zamanı iddiaçı tərəfindən 2018-ci il ərzində malların (42192.56 manat məbləğində) idxal edildiyi halda, müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində vergiyə cəlb edilən dövriyyələrin göstərilmədiyi, eyni zamanda uçot-baza məlumatlarına əsasən qeydiyyata alınmış təsərrüfat subyektlərinin olmadığı müəyyən edilmiş və qeyd olunan uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra yenidən müraciət ediləcəyi təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacağı bildirilmişdir. Yaranmış kənarlaşma ilə bağlı cavabdeh tərəfindən iddiaçı müəssisəyə xx.xx.2019-cu il tarixli, **********456300 saylı və xx.xx.2020-ci il tarixli, **********865900 saylı uyğunsuzluq məktubları göndərilmişdir. Lakin, iddiaçı məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2018-ci ilin dekabr ayı üçün ƏDV üzrə 7594.66 manat vergi hesablanmış və bu barədə iddiaçıya xx.xx.2020-ci il tarixli, **********573800 saylı “Vergilərin, sosial sığrota və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmiş və həmin qərar hazırda qüvvədədir. Əlavə olaraq hesablanmış vergi məbləğinin ödənilməsinə dair iddiaçıya xx.xx.2020-ci il tarixli, **********180400 saylı bildiriş göndərilmiş, lakin borc məbləği bu günə kimi ödənilməmişdir. Əlavə olaraq hesablanmış vergi məbləğinin ödənilməsinə dair iddiaçıya xx.xx.2020-ci il tarixli, **********180400 saylı bildiriş göndərilmiş, lakin borc məbləği bu günə kimi ödənilməmişdir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin direktoru X7 iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı münasibətə uyğun izahat verərək, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən İddiaçı MMC-nin X5 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçının Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması barədə məktubuna Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılaraq, bildirilmişdir ki, aparılan araşdırma zamanı 2018-ci və 2019-cu illər ərzində tərəfindən 573755.5 manat (ƏDV-siz) məbləğində mallar idxal edildiyi halda, müvafiq dövrlər üzrə ƏDV bəyannamələrində vergiyə cəlb edilən dövriyyənin göstərilmədiyi, 2019-cu il üzrə gəlir vergisi bəyannaməsinin təqdim edilmədiyi, eyni zamanda uçotbaza məlumatlarına əsasən qeydiyyata alınmış təsərrüfat subyektinin olmadığı müəyyən edilmiş, bu da kənarlaşmanın yaranmasına səbəb olmuş və yaranmış kənarlaşma ilə bağlı vergi orqanı tərəfindən onlara xx.xx.2019-cu il tarixli, **********635700 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Əlavə olaraq, araşdırma aparılarkən rəhbəri olduğu “xxxx” MMC (VÖEN **********), İddiaçı MMC (VÖEN **********), “xxxx” MMC (VÖEN **********), “xxxx” MMC (VÖEN **********), “xxxx” MMC (VÖEN **********) tərəfindən 2018-ci il ərzində malların idxal edildiyi halda, müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində vergiyə cəlb edilən dövriyyələrin göstərilmədiyi, eyni zamanda uçot-baza məlumatlarına əsasən qeydiyyata alınmış təsərrüfat subyektlərinin olmadığı müəyyən edilmişdir. Yaranmış kənarlaşma ilə bağlı vergi orqanı tərəfindən həmin müəssisələrə uyğunsuzluq məktubları göndərilmişdir. Yuxarıda qeyd olunan kənarlaşmalar aradan qaldırıldıqdan sonra müraciət ediləcəyi təqdirdə artıq ödənilmiş vergi məbləğinin qaytarılması ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir. İşdə olan cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçıya Vergi Məcəlləsinin 23.1.1, 23.1.2 və 159.1-ci maddələrinə əsasən bildirilmişdir ki, 2018-ci il ərzində tərəflərindən 42192.56 manat (ƏDV-siz) məbləğində mallar idxal edildiyi halda, müvafiq dövlər üzrə ƏDV cəlb edilən dövriyyənin göstərilmədiyi, eyi zamanda uçotbaza məlumatlarına əsasən aktiv təsərrüfat subyektinin olmadığı müəyyən edilmiş, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərə əlaqədar olaraq, kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində zəruri sənədlərin təqdim olunması tələb olunur. Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının onun MMC-nin vergi öhdəliklərini yenidən hesablamaq hüququ vardır. İşdə olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********573800 nömrəli Qərarın surətindən görünür ki, dekabr 2018-ci il, əlavə dəyər vergisi hesabat dövrü üzrə, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı məbləği 7594.66 manat təşkil etmişdir. İşdə olan cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış **********180400 qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli “xxxx” **********2 nömrəli bildirişdən görünür ki, MMC-yə bildirilmişdir ki, xx.xx.2020-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 2702.58 manat (vergilər üzrə 1892.00 manat, maliyyə sanksiyaları üzrə 120.00 manat, faizlər üzrə 690.58 manat) borcu vardır. İşdə olan xx.xx.2020-ci il tarixdə çap olunmuş İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixə 5662.66 manat artıq ödəməsi olmuş, xx.xx.2020ci il tarixə isə 2012.00 manat borc məbləği olmuş, artıq ödəməsi isə olmamışdır. xx.xx.2020-ci il tarixə cəmi ödənilməli borc məbləği 2702.58 manat təşkil etmişdir. İşdə olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********066800 nömrəli Qərarın surətindən görünür ki, 2018-ci il, mənfəət vergisi hesabat dövrü üzrə, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı məbləği 1687.70 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 2702.58 manat təşkil etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixdə çap olunmuş İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixə cəmi ödənilməli olan borc məbləği 5106.29 manat təşkil etmiş, iddiaçının həmin tarixə şəxsi hesab vərəqəsində artıq ödəməsi mövcud deyildir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəməsi yarandığı halda (hansıki, hazırki iş üzrə təqdim edilmiş iddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçıya vergi borcunun hesablanması barədə qərarlar mövcuddur və həmin qərarlar hazırda qüvvədədir, onun artıq ödəməsi mövcud deyildir) artıq ödənilmiş verginin geri qaytarılması barədə rəy verilməsi tələbi əsaslı ola bilərdi. Lakin, hazırda həmin hal iş üzrə müəyyən edilmədiyindən iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 87-ci maddəsinin tələblərinə əsasən: 87.1. Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. 87.2. Vergi ödəyicisinin ödədiyi vergilərin, faizlərin və maliyyə sanksiyalarının artıq məbləğləri digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına aid edildiyi halda, vergi ödəyicisinin tələbi ilə ona şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilir, habelə rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü və 213-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ibtidai istintaq aparıldığı zaman vergi yoxlaması ilə əhatə olunmamış dövr üzrə şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilmir. 87.3. Bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. 87.3-1. Riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə bu maddə ilə müəyyən edilən müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir. 87.4. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 87.5. Bu maddənin digər müddəalarından və bu Məcəllənin 179-cu maddəsindən asılı olmayaraq, rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məbləğlər vergi ödəyicisinin borcu olmadığı halda bu Məcəllənin 87.4-cü maddəsinə müvafiq olaraq 20 gün ərzində (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə 45 gün ərzində) qaytarılır. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar