Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-450/2024 29.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 14 fevral 1978-ci il tarixdə nikaha daxil olmuşdur. Onun əri X6 Azərbaycan Respublikası Prokurorluğunun 16 oktyabr 1991-ci il tarixli 514 nömrəli əmri ilə 1991-ci ildən Prokuroluq yanında xüsusilə mühim işlər üzrə müstəntiq vəzifəsində çalışmışdır. Daha sonra o, vəzifəsindəki yüksək xidmətlərin görə Azərbaycan Respublikasının Prokurorluğu tərəfındən 13 aprel 1992-ci il tarixli əmrilə mükafatlandırılmışdır. Prokurorluğun 20 fevral 1993-cü il tarixli əmrilə prokuroluq orqanlarına daimi işə qəbul olunmuş və rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin edilmişdir. Şəkur Kərimov hakim vəzifəsində də çalışmışdır. O, 12 fevral 2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı mərhum ərinə əmək pensiyası yaşına çatmasa da, qanunun analogiyası tətbiq edilməklə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin olunarkən tətbiq olunmuş qanunun analogiyası prinsipi eyni qaydada tətbiq olunaraq iddiaçıya da ailə başçısım itirməyə görə əmək pensiyası təyin olunmalıdır. İddiaçı tərəfindən cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 7 iyun 2022-ci il tarixli məktubla müraciət olunmuşdur. Cavabdeh təşkilatın 6 iyul 2022-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, mərhum ərinin vaxtilə işlədiyi vəzifə üzrə orta əmək haqqı 1.593,90 manat təşkil edir. Onun 6 il 3 ay 20 gün hakim kimi iş stajına uyğun olaraq, ona orta əmək haqqının 80%-i məbləğində (1.275 manat) əmək pensiyası təyin edilmişdir. Bu əmək pensiyasının 80 faizi – 1.020 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürüləcəkdir. Lakin o vaxtdan sonra iddiaçının kart hesabına heç bir məbləğ köşürülməmiş, şifahi olaraq bir neçə dəfə müvafiq quruma müraciət olunmasına baxmayaraq, hər hansı tədbir görülməmişdir. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Qanunun 4., 14, 18, 20-ci maddələrinə, İPM-nin 2.2.2, 14.3 və 35.1-ci maddələrinə əsaslanaraq, mərhum əri X3 hesablanmış əmək stajına əsasən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, İddiaçı güzəştli şərtlərlə ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması məqsədilə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. İddiaçının ərizəsinə aidiyyəti üzrə baxılaraq, 14 iyul 2023-cü il tarixli məktubla bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş sənədlərə və Baş Prokrorluğun 16 mart 2023-cü il tarixli arayışına əsasən onun əmək pensiyası prokurorluq orqanlarının sabiq əməkdaşının ailə üzvü kimi ailə başçısını itirməyə görə hesablanacağı təqdirdə 1.678,26 manatdan 1.589,51 manata azalması səbəbindən əmək pensiyasının yenidən hesablanması təxirə salınmışdır. «Əmək pensiyaları haqqında» Qanunun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş şəxsin atası, anası, əri, arvadı həmin Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61 – 80 faiz və ya 81 – 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə, ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. İddiaçının mərhum əri X6 12 fevral 2020-ci il tarixdə vəfat etmişdir. Ona 1 may 2022-ci il tarixdən sabiq hakimin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Cavabdehə müraciət edilən zaman iddiaçı ailə başçısı itiməyə görə əmək pensiyası hüququ verən yaş həddinə çatmışdır. Beləliklə, iddiaçıya ailə baçısını itirməyə görə pensiya təyin edilməsi üçün istinad olunan «Əmək pensiyaları haqqında» Qanunun 14-cü maddəsinin bütün tələbləri ödənir. Həmin Qanunun 20.1-ci maddəsində qulluq stajına görə əmək pensiyasına əlavələr təsbit olunmuşdur. Qanunun 20.1.4-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş sabiq hakimin hakimlik stajına görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə təyin edilir. Həmin Qanunun 20.13-cü maddəsinə əsasən bu Qanunun 20.1.8-ci və 20.1.10-cu maddələrində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş dövlət qulluqçusunun (bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulan şəxsin) qulluq stajına görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə təyin edilir. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il tarixdən iddiaçının mərhum ərinin vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1.988 manat, hakimlik stajına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 298,20 manat olmaqla orta aylıq əmək haqqı 2.286,20 manat təşkil etmişdir. «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 6 il 3 ay 20 gün hakim kimi iş stajına uyğun olaraq mərhum X4 vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (2.286,20 manat) 80 faizi – 1.828,96 manat məbləğində hesablanmışdır. İddiaçının əmək pensiyası «Əmək pensiyaları haqqında» Qanunun 20.7-1-ci maddəsinə əsasən mərhuma ödənilməli olan şərti əmək pensiyasının (1.828,96 manat) 80 faizi – 1.463,17 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına körçürülür. Həmin Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 1.678,26 manata artırılaraq ödənilir. İddiaçının mərhum əri 16 oktyabr 1991-ci il tarixdən başlayaraq prokurorluq orqanlarında da işlədiyindən sözügedən orqanların sabiq əməkdaşının ailə üzvü kimi ailə başçısını itirməyə görə daha yüksək pensiya təminatına malik olmağı ehtimalı səbəbindən cavabdeh orqan tərəfindən araşdırma aparılmış və müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğuna sorğu göndərilmişdir. Baş Prokurorluğun 16 mart 2023cü il tarixli arayışına əsasən mərhum X1 kateqoriyada vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1.953,50 manat, qulluq stajına görə əlavəsi 392,28 manat, rütbəyə görə əlavəsi 127 manat, digər növ əlavələri 122,58 manat olmaqla orta aylıq əmək haqqı 2.595,36 manat məbləğində hesablanmışdır. «Əmək pensiyaları haqqında» Qanunun 20.8-1, 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.8.3-cü maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası»na əsasən 2022-ci ilin dekabr ayı üzrə prokurorluq orqanlarının sabiq əməkdaşının ailə üzvü kimi ailə başçısının itirməyə görə iddiaçının əmək pensiyası 1.385,80 manat məbləğində hesablanmışdır. Cari il üzrə indeksləşdirmə ilə əlaqədar iddiaçının əmək pensiyası 1.589,51 manat məbləğində müəyyən edilmişdir. İddiaçı 6 iyul 2022-ci il tarixdən sonra kart hesabına heç bir məbləğ yüklənmədiyini iddia edir. Lakin DSMF tərəfindən məhkəməyə təqdim edilən 036994 nömrəli pensiya işi və elektron pensiya alt sistemindən çıxarışa əsasən iddiaçıya 13 iyun 2022-ci il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və 13 oktyabr 2022-ci il tarixdə əmək pensiyası yenidən hesablanmışdır. İddiaçıya münasibətdə əmək pensiyası mərhum ərinin sabiq hakim kimi deyil, prokurorluq orqanlarının sabiq əməkdaşının ailə üzvü kimi ailə başçısını itirməyə görə hesablanacağı təqdirdə 1.678,26 manatdan 1.589,51 manata qədər azalacaqdır. Bu səbəbdən iddiaçının əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçıya ailə başçısının itirilməsinə görə təyin olunmuş əmək pensiyasının hüququn yarandığı tarixdən mərhum ərinin məhkəmə sədri vəzifəsi üzrə əmək pensiyasına uyğun hesablanması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclsında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı müvafiq müraciət üzrə qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İş materiallarında olan «Əmək pensiyasının təyin edilməsi» haqqında 20 may 2022ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı 1 may 2022-ci il tarixdən ailə başçsıının itirilməsinə görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan SSR Ədliyyə Nazirinin 04 oktyabr 1978-ci il tarixli, 563 nömrəli əmrinin təsdiq olunmuş surətindən görünür ki, X6 1 oktyabr 1978-ci il tarixdən etibarən Göyçay Rayon Məhkəməsində xalq hakimi seçilməsi ilə əlaqədar olaraq Sumqayıt Şəhəri Məhkəməsindəki xalq hakimi vəzifəsini icra etməkdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan SSR Ədliyyə Nazirinin 207 nömrəli əmrinin təsdiq olunmuş surətindən görünür ki, X6 21 iyun 1982-ci il tarixdən etibarən Ağsu Rayon Məhkəməsinə xalq hakimi seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinn 22 yanvar 2024-cü il tarixli 3-16-6/2-53 nömrəli məktubunda aşağıdakilar qeyd olunmuşdur: - Ş.Kərimov 1978 – 1982-ci illərdə Göyçay Rayon Xalq Məhkəməsinin, 1982 – 1985-ci illərdə isə Ağsu Rayon Xalq Məhkəməsinin hakimi işləmişdir. Hazırda qüvvədən düşmüş Azərbaycan SSR Ali Sovetinin «Azərbaycan SSR məhkəmə quruluşu haqqında» 1960-cı il 8 dekabr tarixli Qanununun 26-cı maddəsinə görə xalq məhkəməsi tərkibinə bir neçə xalq hakimi seçilmiş rayonlarda (şəhərlərdə) rayon (şəhər) zəhmətkeş deputatları Soveti seçilmiş xalq hakimlərindən birini müvafiq surətdə Azərbaycan SSR Ali Məhkəməsi, Naxçıvan MSSR Ali Məhkəməsi və ya X8 Vilayəti Vilayət Məhkəməsi sədrlərinin təqdim etməsi ilə baş xalq hakimi təsdiq edir. «Azərbaycan SSR məhkəmə quruluşu haqqında» Azərbaycan SSR Ali Sovetinin hazırda qüvvəsini itirmiş 1981-ci il 16 iyun tarixli Qanununun 25-ci maddəsinin ikinci hissəsində isə qeyd olunur ki, rayon (şəhər) xalq məhkəməsinə bir xalq hakimi seçildikdə, o, rayon (şəhər) xalq məhkəməsi sədrinin səlahiyyətlərini həyata keçirirdi. Sözügedən məsələ ilə bağlı müvafiq sorğuya əsasən bundan əvvəl DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına cavab ünvanlanmışdır. İşin faktiki hallarından görünür ki, İddiaçı ailə başçısının itirilməsinə görə təyin olunmuş əmək pensiyasının hüququn yarandığı tarixdən mərhum əri X3 vaxtilə işlədiyi məhkəmə sədri vəzifəsi üzrə əmək pensiyasına uyğun hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh iddiaçıya ailə başçısının itirilməsinə görə təyin olunmuş pensiyanın əsaslı olduğunu, iddiaçıya pensiya hüququ yarandığı tarixdən etibarən qanunvericiliyin tələbləri çərçivəsində ödənişlər edildiyini, bununla da onun yaranmış pensiya hüquqlarına müdaxilə olunmadığını hesab edir. İddiaçı isə əksinə təyin olunmuş pensiya məbləğinin az olduğuna, onun mərhum ərinin Göyçay və Ağsu Xalq Məhkəmələrində xalq hakimi kimi işlədiyi dövrlərdə məhkəmə sədrinin əmək pensiyasına uyğun olaraq pensiyanın təyin edilməsini arzulayır. Məhkəmə yaranmış mübahisənin həlli ilə əlaqədar aşağıdaki qanunvericiliyin müddəalarına nəzər yetirilməsini zəruri hesab edir. «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin 5-ci abzasına əsasən hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» Qanuna uyğun olaraq həyata keçirilir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: (14.1.1) vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: (14.1.1.1) 18 yaşına çatmamış; (14.1.1.2) 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; (14.1.1.3) təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; (14.1.2) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81 – 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; (14.1.3) yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 20.1.4-1-cü maddəsinə əsasən hakim və ya hakim kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə təyin edilir. Həmin Qanunun 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: - (20.7.1) 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; - (20.7.2) 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1 – 3-cü hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını AR Nazirlər Kabineti müəyyənləşdirir. İlk növbədə iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı vaxta gəldikdə, onun bu hüququ ailə başçısının öldüyü 12 fevral 2020-ci il tarixdən yaranmışdır. Bu qənaət «Əmək pensiyaları haqqında» Qanunun 14.1, 14.1.2-ci maddələri ilə yanaşı, həmin Qanunun 31.1-ci və 32.1-1-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, Qanunun 31.1-ci maddəsində “əmək pensiyası hüququ olan şəxslər” müddəası o cümlədən ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan şəxsləri, Qanunun 32.1-1-ci maddəsində “əmək pensiyaları” müddəası isə, həmçinin “ailə başçısını itirməyə görə əmək pensiyası”nı da ehtiva edir. Göründüyü kimi iddiaçının ailə başçısının itirilməsinə görə pensiya hüququnun 12 fevral 2020-ci il tarixdən, yəni iddiaçının mərhumun ərinin vəfatı ilə əlaqədar yaranması təkzib olunmazdır və tərəflər arasında mübahisələndirilməyən bir haldır. Təyin edilmiş əmək pensiyasının ödənilməsinə gəldikdə isə, məhkəmə cavabdehin imtinası ilə razılaşmır və hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, iddiaçı pensiya məbləğinin onun mərhum ərinin Göyçay və Ağsu xalq məhkəmələrdə xalq hakimi kimi işlədiyi dövrlərdə məhkəmə sədrinin əmək pensiyasına uyğun hesablanmasını arzulayır. İş materiallarında olan əmək kitabçasının surətindən, həmçinin məhkəmə icraatı zamanı təqdim olunmuş əmrlərin surətindən görünür ki, iddiaçının mərhum əri X6 1978 – 1982-ci illərdə Göyçay Rayon Xalq Məhkəməsinin, 1982 – 1985-ci illərdə isə Ağsu Rayon Xalq Məhkəməsinin hakimi işləmişdir. Nəzərə alınmalıdır ki, mərhum X5 həmin dövrdə xalq məhkəmənin hakimi vəzifəsində işləsə də, həmin dövrün qanunvericiliyin tələbləri baxımından o, xalq məhkəməsinin sədrinin səlahiyyətlərini həyata keçirmişdir. Belə ki, hazırda qüvvədən düşmüş Azərbaycan SSR Ali Sovetinin «Azərbaycan SSR məhkəmə quruluşu haqqında» 1960-cı il 8 dekabr tarixli Qanununun 26-cı maddəsinə görə xalq məhkəməsi tərkibinə bir neçə xalq hakimi seçilmiş rayonlarda (şəhərlərdə) rayon (şəhər) zəhmətkeş deputatları Soveti seçilmiş xalq hakimlərindən birini müvafiq surətdə Azərbaycan SSR Ali Məhkəməsi, Naxçıvan MSSR Ali Məhkəməsi və ya X8 Vilayəti Vilayət Məhkəməsi sədrlərinin təqdim etməsi ilə baş xalq hakimi təsdiq edir. «Azərbaycan SSR məhkəmə quruluşu haqqında» Azərbaycan SSR Ali Sovetinin hazırda qüvvəsini itirmiş 1981-ci il 16 iyun tarixli Qanununun 25-ci maddəsinin ikinci hissəsində isə qeyd olunur ki, rayon (şəhər) xalq məhkəməsinə bir xalq hakimi seçildikdə, o, rayon (şəhər) xalq məhkəməsi sədrinin səlahiyyətlərini həyata keçirirdi. Göründüyü kimi, hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə görə rayon (şəhər) xalq məhkəməsinə bir xalq hakimi seçildikdə, o, rayon (şəhər) xalq məhkəməsi sədrinin səlahiyyətlərini həyata keçirirdi. Təqdim olunmuş əmrlərin surətlərindən isə görünür ki, müvafiq dövrlərdə (1978- 1982; 1982-1985) Göyçay və Ağsu rayonlarına yalnız bir xalq hakimi seçilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının mərhum əri X6 1978 – 1982-ci illərdə Göyçay Rayon Xalq Məhkəməsinin, 1982 – 1985-ci illərdə isə Ağsu Rayon Xalq Məhkəməsinin hakimi işləməsi, o cümlədən də xalq hakimi kimi işlədiyi müddətlər ilə bağlı məlumat izahedici məktubda öz təsdiqini tapmışdır. Həmçinin qeyd olunmalıdır ki, «Məhkəmələr və hakimlər haqqında» Qanunun 23-cü maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş ikinci hissəsinin tələblərinə görə rayon (şəhər) məhkəməsinə bir hakim təyin olunmuşsa, o, həmin məhkəmənin sədrinin səlahiyyətlərini həyata keçirir. Həmin Qanunun 22-ci maddəsinin 1 iyun 2017-ci il tarixdən qüvvəyə minmiş ikinci hissəsinin tələblərinə görə rayon (şəhər) məhkəməsi bir hakimdən ibarətdirsə, həmin hakim eyni zamanda bu məhkəmənin sədri təyin olunur. Məhkəmənin qənaətinə görə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyini ilə bağlı mərhum X3 Göyçay və Ağsu rayonlarına xalq hakimi kimi işlədiyi müddətin məhkəmə sədrinin əmək pensiyasına uyğunlaşdırılmasından imtinası qanunvericiliyə, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 13, 15, 16, 24, 58-ci maddələrinin tələblərinə zidd qiymətləndirilməli və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal sayılmalıdlr. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı ailə başçısının itirilməsinə görə təyin olunmuş əmək pensiyasının hüququnun yarandığı 12 fevral 2020-ci il tarixdən mərhum əri X3 vaxtilə işlədiyi məhkəmə sədri vəzifəsi üzrə əmək pensiyasına uyğun hesablanması öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı ailə başçısının itirilməsinə görə təyin olunmuş əmək pensiyasının hüququnun yarandığı 12 fevral 2020-ci il tarixdən mərhum əri X3 vaxtilə işlədiyi məhkəmə sədri vəzifəsi üzrə əmək pensiyasına uyğun hesablanması öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-450/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-450/2024
29.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver