Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4501/2025 11.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1997-ci il tarixdə anadan olmuş, 10 nömrəli Sanatoriya tipli internat məktəbinin 47 nömrəli əmrinə əsasən, xx.xx.2008-ci ildə həmin məktəbin Vİ sinfinə qəbul olmuşdur. 10 nömrəli Sanatoriya tipli internat məktəbinin 35 nömrəli əmrinə əsasən, xx.xx.2012-ci il tarixdə həmin məktəbin İX sinfini bitirmişdir. Valideynləri boşandıqdan sonra anası onu internat məktəbinə yerləşdirmişdir. İddiaçı 10 nömrəli Sanatoriya tipli internat məktəbində gecələmiş, məktəbdə təhsil aldığı müddətdə valideynləri tərəfindən ziyarət olunmamışdır. İX sinfi bitirdikdən sonra 5 nömrəli peşə məktəbinə göndərilmiş, Vətən müharibəsində Xocavənd, Füzuli istiqamətlərində döyüşdə iştirak etmiş və qəlpə yarası almışdır. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 179 nömrəli qərarına əsasən: “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Sosial müdafiə və sosial təminat' bölməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarında nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunsunlar.” Göründüyü kimi iddiaçıya respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan birdəfəlik müavinətin veriməsi qərarla təsdiqlənsə də, cavabdeh bu öhdəliyinə riayət etmir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, müraciətin araşdırılması zamanı İddiaçı əmək müqaviləsinin ilk dəfə xx.xx.2018-ci il tarixdə bağlanıldığı müəyyən edilmişdir. Belə ki, Qanun valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların siyahısını 18 yaşla məhdudlaşdırır. Lakin İddiaçı ilk dəfə işə düzəldiyi 24 iyul 2018-ci il tarixdə 21 yaşı olmuşdur. Qanuna əsasən həmin şəxslər valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. Normanın məzmunundan aydın olur ki, qanunverici valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər kateqoriyasına 23 yaşınadək valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş və müvafiq təhsil müəssisələrdə əyani formada təhsil alan şəxsləri aid etmişdir. Başqa sözlə, şəxs 18 yaşından 23 yaşınadək əyani formada təhsil almaq şərtilə valideynlərini itirərsə və ya valideyn himayəsindən məhrum olarsa adıçəkilən Qanundan və digər normativ hüquqi aktlardan irəli gələn imtiyaz və güzəştlərdən istifadə edə bilər. Buradan məlum oluduğu kimi Qanun valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxsləri 23 yaşadək təhsil alan olması ilə şərtləndirir ki, bu da İddiaçı barəsində bu Qanunun tətbiq olunmasını istisna edir. Ona görə ki, iddiaçı ilk dəfə işə düzəldiyi tarixdə hər hansı formada təhsil alan olmamışdır. Bununla bağlı olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X1 və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin xx.xx.2024-cü il tarixli 114 nömrəli arayışına əsasən İddiaçı xx.xx.2012-ci il tarixdə 21 nömrəli əmrlə 5 nömrəli Bakı Peşə Liseyinə qəbul olmuş, xx.xx.2014-cü il tarixdə 51 nömrəli əmrlə uzun müddət dərslərdə iştirak etmədiyindən və bir neçə fəndən qiymətləndirilmədiyinə görə Liseydən xaric edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı 15 yaşında Bakı Peşə Liseyinə daxil olmuş, 17 yaşında Liseydən xaric olunmuş və ilk dəfə işə daxil olanda isə 21 yaşı olmuş və təhsil alan olmamışdır. Eyni zamanda 18 yaşına qədər işləməmişdir. Əlavə olaraq iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun valideyn himayəsindən məhrum olan şəxs kimi Qanunda nəzərdə tutulan hansı bəndə uyğun gəldiyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək onun təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdən görünür ki, tərəflər arasında yaranmış mübahisə internat məktəbində böyümüş iddiaçıya ilk dəfə işə qəbul olunduğunda orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətin ödənilməsi tələbi barədədir. Məhkəmə qeyd edir ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna əsasən: -maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: valideynlərini itirmiş uşaqlar – hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir; valideyn himayəsindən məhrum olmuş uşaqlar – hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs və ya bu maddənin birinci hissəsinin dördüncü–onuncu abzaslarında nəzərdə tutulan kateqoriyaların hər hansı birinə aid şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər – valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir; “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Nazirlər Kabinetinin 7 noyabr 2001-ci il 179 nömrəli Qərarına əsasən:
2. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə: valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Sosial müdafiə və sosial təminat” bölməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994cü il 17 yanvar tarixli 15 nömrəli qərarında nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunsunlar. Qanunvericiliyin istinad olunan normasından görünür ki, o şəxslər ilk dəfə işə düzələn zaman Nazirlər Kabinetinin 7 noyabr 2001-ci il 179 nömrəli Qərarına əsasən paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin edilə bilər ki, həmin şəxs:
1. hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxsdir:
2. valideyn himayəsindən məhrum olmuş 18 yaşınadək şəxsdir;
3. valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxsdir. İşdə olan 10 nömrəli Sanatoriya tipli internat məktəbinin 70 saylı xx.xx.2024-cü il tarixli məkubundan görünür ki, iddiaçı 47 nömrəli əmrə əsasən xx.xx.2008-ci ildə 10 №li sanatoriya tipli internat məktəbin Vİ sinfə qəbul olunub, 35 №-li əmrə əsasən xx.xx.2012-ci ildə İX sinfi bitirmişdir. Valideynlər boşandıqdan sonra anası onu internat məktəbinə yerləşdirmişdir. İddiaçı 10№li sanatoriya tipli internat məktəbində gecələyib. Müəllimlərin dediyinə görə məktəbdə təhsil aldığı müddətdə valideynlər tərəfindən ziyarət edilməyib. İX sinfi bitirdikdən sonra 5№li peşə məktəbinə göndərilmişdir. Turizm və Sosial Xidmətlər üzrə bakı Dövlət Peşə Təhsil Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı 17 09.2012-cı il tarixində (Əmr № 21) 5 №-li Bakı Peşə Liseyinə Kompüter operatoru ixtisası üzrə (əyani) qəbul olmuş. xx.xx.2014-cü il tarixində (Əmr № 51) uzun müddət dərsə gəlmədiyinə və bir neçə fəndən qiymətləndirilmədiyinə görə 5 №-li Bakı Peşə Liseyinin tələbələri sırasından xaric edilmişdir. Bununla da müəyyən olunur ki, həqiqətən də iddiaçı 18 yaşınadək valideyn himayəsindən məhrum olmuş uşaq hesab olunmuşdur. Məhkəmə qeyd edir ki, hər iki valideyni onu sosial xidmət müəssisələrindən götürməkdən imtina edən 18 yaşınadək olan şəxs valideyn himayəsindən məhrum olmuş uşaq, valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər isə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxs sayılır. 28. Yuxarıda aparılan qiymətləndirməyə görə mübahisələndirilən imtiyazı (iddianın predmeti olan avadanlıq və birdəfəlik yardımı) müvafiq statusdan olan ya 18 yaşınadək işləyən uşaqlar, ya da 23 yaşınadək əyani təhsil alan şəxslər almış ola bilər. İddiaçının təqdim etdiyi xx.xx.2018-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, o, ilk dəfə xx.xx.2018-ci il tarixdə, yəni 21 yaşında "xxxx" MMC-yə işə qəbul edilmişdir. İddiaçı 18 yaşdan əvvəl işləməmişdir. Həmçinin iddiaçı ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsis almamışdır. Peşə təhsili müəssisəsində 15-18 yaş aralığında olarkən təhsil almış, 18 yaşında müəssisəni, başqa sözlə, təhsilini bitirmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçı ilk dəfə işə girərkən 21 yaşında olduğundan artıq valideyn himayəsindən məhrum olmuş uşaq kimi 18 yaşınadək olan şəxs statusuna malik olmamışdır. Bununla da müəyyən olunur ki, iddiaçı ilk dəfə işə düzələn zaman valideyn himayəsindən məhrum olmuş uşaq və ya valideynlərini itirmiş və yaxud da valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxs olmadığından iddianın təmin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin imtinası əsaslı olduğundan hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmur, buna görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova