Məhkəmə qərarları › İş №2-1(112)-4504/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4504/2022

15.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4504/2022 15.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “çəkilmiş xərclərin əvəzinin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək 1903,28 manat kompensasiyanın, məhkəmədə iştirak üçün çəkilən xərclərə görə 300 manatın (nəqliyyat, yemək və sairə) cəmi 2203,28 manat cavabdehdən tutularaq ödənilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına və "xxxx" BOKT QSC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət edərək, "xxxx" BOKT QSC ilə onun adına rəsmiləşdirilmiş 16.01.2015-ci il tarixli, 125357/15 saylı və 11.02.2016-cı il tarixli, 134840/16 saylı müqavilələri üzrə mənə kompensasiya hesablanmasına, həmin kompensasiya məbləğinin və ona dəymiş mənəvi zərərə görə 3000 manatın , həmçinin dövlət rüsumu üçün ödənilmiş 30 manat "xxxx" BOKT QSC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsi mənim iddiamı qismən təmin edərək mənim adımın 28.02.2019-cu il tarixli 551 saylı Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsi və ona "xxxx" BOKT QSC ilə adına rəsmiləşdirilmiş 16.01.2015-ci il tarixli, 125357/15 saylı kredit müqaviləsi üzrə 1903,28 (bir min doqquz yüz üç manat iyirmi səkkiz qəpik) manat məbləğində kompensasiya hesablanmasının cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsinə dair 02.03.2020-ci il tarixli 2(009)-407/2020 saylı qətnamə qəbul etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin sözügedən qətnamənin icrası ilə bağlı Bakı şəhəri Nəsimi rayon icra və Probasiya şöbəsi icraata başlamaq haqqında 14.05.2020-ci il tarixli qərar qəbul etmiş və Azərbaycan Respublikasının Mərkəzi Bankına tələbin könüllü icrası haqqında 14.05.2020-ci il tarixli bildiriş göndərmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı bağlı Bakı şəhəri Nəsimi rayon icra və Probasiya şöbəsinə göndərdiyi 10.08.2020-ci il tarixli 16-03976-2020 №-li məktubda Bakı şəhəri Səbail rayon Məhkəməsinin sözügedən qətnamənin icra olunmuş və bununla bağlı Cavabdehnə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 04.08.2020-ci il tarixli 06-00383-2020 №-li məktub göndərmişdir.Bu qeyd olunanlara əsasən Bakı şəhəri Nəsimi rayon icra və Probasiya şöbəsi icraata xitam verilməsi haqqında 14.08.2020-ci il tarixli qərar qəbul etmişdir. Bundan sonra o sözügedən kompensasiya məbləğinin ödənilməsi üçün Cavabdehnə müraciət etdi. Həmin müraciətlə bağlı Cavabdeh tərəfindən ona göndərilmiş 17.03.2021-ci il tarixli 13/05-186-1869 №-li cavab məktubunda qeyd etmişdir ki, "..Bildiririk ki, "Azərbaycan Respublikasında fizik şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 №-li Fərmanına əsasən kompensasiya ödənişlərinin həyata keçrilməsi üçün maliyyəşmə 2019- cu il ərzində həmin ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təqdim edilən müvafiq sifarişlər əsasında təmin edilmişdir. Həmçinin bildirirk ki, sonrakı illərin, o cümlədən cari ilin dövlət büdcəsində problemli kereditlər üzrə kompensasiyaların ödənilməsi üçün müvafiq vəsait nəzərdə tutulmamışdır". Göründüyü kimi Cavabdeh faktiki olaraq Bakı şəhəri Səbail rayon Məhkəməsinin 02.03.2020-ci il tarixli 2(009)-407/2020 saylı qətnaməsini icra etmir və etmək niyyətində də deyil. Cavabdeh tərəfindən mənə göndərilmiş 17.03.2021-ci il tarixli 13/05-186-1869 №-li cavab məktubunda qeyd edir ki, sonrakı illərin, o cümlədən cari ilin dövlət büdcəsində problemli kereditlər üzrə kompensasiyaların ödənilməsi üçün müvafiq vəsait nəzərdə tutulmamışdır. Halbuki "Azərbaycan Respublikasında fizik şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 №-li Fərmanının təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir və həmin kompensaiyiya ödənişlərinin bankalrın vəsaiti hesabına deyil dövlətin dəstəyi ilə həyata keçrilməsi nəzərdə tutulmuşdur.Eləcə də həmin fərmanda Cavabdehnə bu Fərmandan irəli gələn digər tədbirlər görməsi tapşırılmışdır. Göründüyü kimi Cavabdeh qanuni hüquqi qüvvəsini almış dövlət adından çıxarılmış məhkəmə qətnaməsinin icra olunması üçün ona ödənilməli olan konpensaiya məbləğinin dövlət büddcəsində nəzərdə tutulması üçün Azərbaycan Respublikasının Milli Məclisinə və ya aidiyyatı quruma müraciət etməli idi. Lakin Cavabdeh sözügedən müraciəti etməmiş və həmin müraciəti etməməklə də onun bir çox Konstitusion hüquqlarını pozmuşdur. Belə ki, sözügedən Fərmanın təsir dairəsinə düşsə də, həmin Fərmanın təsir dairəsinə düşərək kompensasiya almış şəxslərdən fərqli olaraq o kompensasiya ala bilmir. Bu da hər kəsin Məhkəmə və qanunlar qarşısında bərabər olmasına dair Konstitusiyanın tələbinin pozuntusudur. Eləcə də uzun müddətdir ki, həmin konpensasiyanın ona ödənilməməsi səbəbindən onun həmin vəsaitlə bağlı əldə edə biləcəyi fayda əlindən çıxmışdır.

3. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı bildirdi ki, 1903 manat kompensasiya məbləğinin ödənməsi hissəsində iddianın həcmini azaldır və 300 manat yol xərclərinin ödənməsi hissəsində iddianın təmin edilməli olduğuni bildirdi.

4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etmir.

II. İddianın növü və mümkünlüyü

5. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

6. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən (bundan sonra - Fərman):

1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.

3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırda Mərkəzi Bank): 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Cavabdehnə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin.

9. Cavabdeh: 9.2. bu Fərmandan irəli gələn digər tədbirlər görsün.

7. İcra sənədinin icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır.

8. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

9. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

10. X1 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X1 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40).

11. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).

12. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).

13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

14. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-407/2020 nömrəli iş üzrə 02.03.2020ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı adının 28.02.2019-cu il tarixli 551 saylı Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyasına daxil edilməsi və ona “KredoAqro” BOKT ilə aralarında bağlanmış 16.01.2015-ci il tarixli, 125357/15/44 saylı kredit müqaviləsi üzrə 1.903,28 (bir min doqquz yüz üç manat iyirmi səkkiz qəpik) manat məbləğində kompensasiya hesablanması cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 124.3. İddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır.

16. Beləliklə, məhkəmə müəyyən edir ki, qüvvədə olan məhkəmə aktına əsasən, iddiaçının kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və 1.903,28 (bir min doqquz yüz üç manat iyirmi səkkiz qəpik) manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyinin qoyulmasına dair iddia tələbi təmin edilmişdir. Cavabdeh həmin iş üzrə proses iştirakçısı olmasa da, Fərmanın mənasına görə qərarın icrasını təmin etməlidir. Həmin iddianın qaldırılmasının (məhkəməyə müraciətin) məqsədi kompensasiyanın hesablanması və ödənilməsidir. İddiaçı bildirir ki, məhkəmə qərarı icra olunaraq kompensasiya məbləği ona ödənmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə xərclərinin ödənməsi məhz həmin işə baxılması ilə əlaqədar olan məsrəf olduğundan həmin məhkəmə işinin tərkib hissəsidir. Digər tərəfdən həmin iş üzrə cavabdeh qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi çıxış etmir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə hüquqi yardımın göstərilməsi iddianın mümkünsüzlüyünü istisna etməyəcəkdir. Odur ki, iddiaçıya onun niyyətinə və marağının təmin olunmasına yönəlmiş hüquqi təkliflərin verilməsini məhkəmə mümkün hesab etmir.

17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

18. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar