Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4505/2021 29.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı oglunun iştirakı ilə İddiaçı oglunun cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı Bakı şəhəri 290 nömrəli orta məktəbin və 123 nömrəli orta məktəbin direktorları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “əmrlərin ləğv edilməsi və müraciətlərə qanunamüvafiq qaydada cavab verilməsinə dair vəzifələrin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında hazırlıq icraatı üzrə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Bakı şəhəri 290 nömrəli orta məktəbin direktoru və 123 nömrəli orta məktəbin direktoruna qarşı “razılığı olmadan uşaqlarının 123 saylı məktəbdən çıxarılması haqqındakı və 290 saylı məktəbə qəbul edilməsi haqqındakı cavabdehlərin qanunsuz əmrlərinin ləğv edilməsi və həmin müraciətlərinə qanunamüvafiq qaydada cavab verilməsinə dair vəzifələrin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. Məhkəmənin 2-1(112)-4505/2021 saylı 07 aprel 2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdehlər Bakı şəhəri 290 saylı orta məktəbin və 123 nömrəli orta məktəbin direktorları cavabdehlər sırasından çıxarılaraq üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçının tələbinə görə iddiaçı övladları X1 və X3 iddiaçının razılığı olmadan Bakı şəhəri 123 nömrəli tam orta məktəbdən çıxarılması haqqındakı və Bakı şəhəri 290 nömrəli tam orta məktəbə qəbul edilməsi haqqındakı qanunsuz əmrlərin ləğv edilməsi və həmin müraciətlərinə qanunamüvafıq qaydada cavab verilməsinə dair vəzifələrin cavabdehə həvalə olunması barədə qərarın çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq icraatında iddia tələbləri ilə baglı müvafiq səlahiyyətli məhkəməyə müraciət etməsinin məqsədəuyğunluğu iddiaçıya izah edilsə də, iddiaçı iddia tələblərinə olduğu kimi baxılmasını israrla xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdeh və üçüncü şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Cavabdehin iddiaya dair məhkəməyə verdiyi yazılı etirazında bildirilmişdir ki, “Şagirdlərin yerdəyişməsi prosesinin elektronlaşdırılması barədə” Azərbaycan Respublikası təhsil nazirinin 01.08.2019-cu il tarixi, F-476 nömrəli əmrinə müvafiq olaraq 15.08.2019-cu il tarixdən etibarən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin ölkə daxilində yerdəyişməsi elektron sistem vasitəsilə (sy.edu.az) valideyn və ya qanuni nümayəndə tərəfindən sorğu yerləşdirməklə həyata keçirilir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın 3.1.1-ci bəndinə müvafiq olaraq, ölkə daxilində İ - İX sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsi aşağıdakı qaydada həyata keçirilir: Övladını digər məktəbə dəyişmək istəyən valideyn həmin məktəbin direktoruna yerdəyişmənin səbəbi göstərilməklə ərizə ilə müraciət edir. Ərizəyə şagirdin qiymət cədvəli (təhsil aldığı fənlər üzrə illik və yarı millik qiymətlərin əks olunduğu sənəd) əlavə olunur. 29.08.2019-cu il tarixdə iddiaçının keçmiş həyat yoldaşı Elmira Rəcəbova tərəfindən elektron sistem vasitəsilə iddiaçı ilə birgə nigahdan olan övladlarının Bakı şəhəri 123 nömrəli tam orta məktəbdən Bakı şəhəri 290 nömrəli tam orta məktəbə yerdəyişməsinə dair sorğu yerləşdirmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 06 noyabr 2014-cü il tarixli 1/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qadaları”nın 3.1.3-cü bəndinə müvafiq olaraq övladlarının yerdəyişmələri hər iki məktəbin direktoru tərəfindən rəsmiləşdirilmişdir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının övladlarının bir məktəbdən digər məktəbə yerdəyişməsi barədə əvvəlcədən Bakı şəhəri 123 nömrəli tam orta məktəbə və ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinə etirazı olmamışdır. Eyni zamanda bildirilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış və ərizəçiyə 16.03.2021-ci il tarixli, R-2972/01/06 nömrəli məktubla ətraflı şəkildə cavablandırılmışdır. Göründüyü kimi, iddiaçının övladları X2 və X4 bir məktəbdən digər məktəbə yerdəyişmə prosesi qanunamüvafiq həyata keçirilmişdir və bu səbəbdən onun iddia ərizəsi məhkəmə tərəfindən təmin olunmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.3-cü bəndində qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Konkret halda da məhz, iddianın inzibati məhkəmə icraatının mümkünlük şərtləri yerinə yetirilmir. Belə ki, iş materiallarından, habelə tərəflərin izahatlarından aydın olur ki, 29.08.2019-cu il tarixdə iddiaçının keçmiş həyat yoldaşı Elmira Rəcəbova tərəfindən elektron sistem vasitəsilə iddiaçı ilə birgə nigahdan olan övladlarının Bakı şəhəri 123 nömrəli tam orta məktəbdən Bakı şəhəri 290 nömrəli tam orta məktəbə yerdəyişməsinə dair sorğu yerləşdirmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 06 noyabr 2014-cü il tarixli 1/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qadaları”nın 3.1.3-cü bəndinə müvafiq olaraq övladlarının yerdəyişmələri hər iki məktəbin direktoru tərəfindən rəsmiləşdirilmişdir. Hazırkı iddiasında iddiaçı orta məktəb direktorlarının əmrlərinin ləğv edilməsini cavabdehin üzərinə qoyulmasını tələb etsə də, məhkəmənin mövqeyi belədir ki, mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (hərəkəti və ya hərəkətsizliyi) mövcud olması iddiaçı tərəfindən əsaslandırılmır. Beləliklə də, məhkəmə hazırkı iş üzrə iddianın mümkün sayılmaması qənaətinə gəldiyinə görə iddiaçı tərəfə izah edilir ki, orta məktəb direktorlarının əmrlərinin ləğv edilməsi tələbi ilə ümumi yurisdiksiyalı məhkəmədə iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və 35-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4505/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4505/2021
29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver