Məhkəmə qərarları › İş №2-1(112)-4506/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4506/2023

30.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4506/2023 30.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında adları qeyd edilmiş, lakin əmək stajı hesablanan zaman nəzərə alınmayan müəssisələrdə olan əmək stajlarının da hesablanaraq, əmək pensiyasına əlavə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona 62 yaş 6 ayının tamam olduğu tarixdən yəni, xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu ildə doğulmuşdur, üç uşaqlı ana olaraq 180 AZN məbləğində sosial müavinət alır. 28 illik əmək satjı olmasına baxmayaraq, əmək pensiyasına çıxmağı üçün sənədlərini təqdim edən zaman ona bildirilmişdir ki, əmək stajı yetərsizdir. Araşdırma aparan zaman məlum olmuşdur ki, onun əmək stajı hesablanan zaman əmək kitabçasında adları qeyd olunmuş və zamanında işlədiyi M.F.Axundov adına kolxozdakı xx.xx.1991-xx.xx.1993-cü il tarixinədək, “X3” ASCdəki 1993-cü ildən 1998-ci ilə qədər, “Azərbaycan Respublikası 100 saylı Təmir-Tikinti İdarəsindəki xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilə qədər, “Ozan” qəzetində olan xx.xx.1998xx.xx.1999-cu ilə qədər olan əmək stajları nəzərə alınmayıb. Səbəb olaraq ona bu müəssisələrin arxiv arayışlarının olmadığı bildirilmişdir. Bu səbəbdən də o, işlədiyi “X3” ASC-dəki 1993-cü ildən 1998-ci ilə qədər və Azərbaycan Respublikası 100 saylı Təmir- Tikinti İdarəsindəki xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilə qədər olan arxiv arayışlarını əldə edərək, yenidən "xxxx" ASC-yə müraciət etmiş və yenidən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. İşlədiyi “Ozan” qəzetində olan xx.xx.1998-xx.xx.1999-cu ilə qədər olan əmək stajları üçün qəzetin arxivi olmadığından arxiv arayışını əldə edə bilməmişdir. Lakin onun həmin qəzetdə işlədiyini təsdiq edəcək şahidi var. Əmək kitabçasında qəzetdə işlədiyi tarixlər qeyd olunmuşdur. Hər müraciətində müxtəlif bəhanələr gətirərək ona imtina cavabı verilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyini və əmək haqqı aldığını iddia edir. Lakin, İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyini iddia etdiyi dövrlərə dair arxiv sənədləri (əmək haqqı cədvəlləri, əmrlər) olmadığından həmçinin xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək ödənişsiz məzuniyyətdə olduğundan həmin dövrlərin sosial sığorta stajına daxil edilərək pensiya təyin edilməsi mümkün olmamışdır. Əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 4.2.7-ci bəndinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanması həyata keçirilir. Həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasinin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bundan əlavə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - qanun) 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaına daxil eilən digər dövrlərin məcmusu hesab edilir. Həmçinin Qanunun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminät verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. İşə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə, müvafiq orqanlara sorğular göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx.xx.2022-ci il tarixli cavab məktubunda Salyan rayon Şorsulu kənd M.F.Axundov adına kolxozun inventarizasiya (əmək haqqı üzrə) kitablarının araşdırıldığı, lakin İddiaçı 1991-1993-cü illərdə adıçəkilən kolxozda əmək fəaliyyətinin olmasının aşkarlanmadığı qeyd olunmuşdur. Bundan əlavə Fondun 2 saylı Şirvan-Salyan regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək M.F.Axundov adına kolxozun invertarizasiya kitablarında adına rast gəlinmədiyi göstərilmişdir. Həmçinin, Mərkəzi Filialın “X3” ASC-də xx.xx.2022-ci il tarixdə keçirdiyi monitorinqin nəticəsinə əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək X2 əmək fəaliyyətinin araşdırılması zamanı İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək öz hesabına məzuniyyətdə olduğu müəyyən edilmişdir. Araşdırma zamanı xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 100 saylı TTİ-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından İddiaçı həmin müəssisədə əmək haqqı alıb-almadığını müəyyən etmək mümkün olmamışdır. Dövlət Sosial Müdafiə Fondunun Fərdi uçota nəzarət və sosial sığorta departamentinin xx.xx.2023-cü il tarixli 3- 17-1/3-126546/2023 nömrəli məktubuna əsasən İddiaçı adı sığortaolunan kimi qeyd olunmamış, xeyrinə xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi qeydə alınmamışdır. Qeyd olunanlara əsasən, İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.2001ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyini iddia etdiyi dövrlərə dair arxiv sənədləri (əməkhaqqı cədvəlləri, əmrlər) olmadığından həmçinin xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək ödənişsiz məzuniyyətdə olduğundan həmin illərin sosial sığorta stajına daxil edilməsi qanunvericilyin tələblərinə uyğun deyil. Təqdim olunan əmək kitabçasının və təhsil haqqında diplomun surətlərinə əsasən sosial sığorta stajl (xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək əyani təhsil müddəti) 19 il 05 ay təşkil edir. Tələb olunan 25 il sosial sığorta stajına qarşı iddiaçının 19 il 05 ay sosial sığorta stajı olduğundan, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı sığorta stajına (19 il 05 ay) uyğun olaraq qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Göründüyü kimi qanunda nəzərdə tutulan iki şərtdən heç biri ödənilməmişdir. Belə olan halda İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və bu maddədə göstərilən sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Yuxarıda şərh olunanlara əsasən, İddiaçı “yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin rədd olunması barədə qərar çıxarılması xahiş edilmişdir. İddiaçı iddia tələbinə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X6 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. xx.xx.1959-cu il təvəllüdlü X1 hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İşin halları. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1959-cu ildə doğulmuşdur. İddiaçıya məxsus 15 fevral 1978-ci il tarixdə doldurulmuş ИТ-İ seriyalı ******* №-li əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2001-ci il tarixdə 10 №-li Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin nəzdində fəaliyyət göstərən 100 №-li Təmir Tikinti İdarəsinə mühasib vəzifəsinə təyin edilmişdir (əmr №68 xx.xx.2001); xx.xx.2006-cı il tarixdə işdən azad edilmişdir (əmr № 31, xx.xx.2006) 100 saylı Təmir Tikinti İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 25 №-li arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi 100 saylı Təmir Tikinti İdarəsində mühasib vəzifəsində işləmiş və ona əmək haqqı aşağıdakı məbləğdə hesablanmışdır; 2002- 14400000 manat, 2003 - 14400000 manat, 2004 - 14400000 manat, 2005 - 14400000 manat, 2006 - ******* manat. İddiaçı hazırki tələblə bağlı DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və sonuncunun xx.xx.2022-ci il tarixli **********9 saylı cavab məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 62 yaş 6 ay müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilmiş əmək kitabçasına və təhsil haqqında diplomun surətinə əsasən sığorta stajı (xx.xx.1984cü il tarixindən xx.xx.1988-ci il tarixinədək əyani təhsil aldığı illər) 19 il 5 ay təskil edir. Əmək kitabçasında qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1991-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.1999- cu il tarixinədək, və xx.xx.2001-ci il tarixindən 01.01,2006-cı il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı Şirvan-Salyan regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən əmək kitabçanızda qeyd olunmuş xx.xx.1991-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək M.F.Axundov adına kolxozun invertarizasiya kitablarında iddiaçının adına rast gəlinmədiyindən həmin dövr sığorta stajına əlavə edilməmişdir. Həmçinin, Mərkəzi Filialın “X3” ASC-də xx.xx.2022-ci il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən əmək kitabçasında qeyd olunmuş xx.xx.1993-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək X2 əmək fəaliyyəti zamanı xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək öz hesabına məzuniyyətdə olduğundan həmin dövrün sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Əmək kitabçasında qeyd olunmuş xx.xx.2001-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək 100 saylı TTİ-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin müəssisədə əməkhaqqı alıbalmaması müəyyən etmək mümkün olmamışdır. Əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər sığorta stajı kimi öz təsdiqini tapmadığı, sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və ona xx.xx.2016-cı il tarixindən çoxuşaqlı ana kimi yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılmışdır. Əlavə sənədlər təqdim edilmiş təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajına qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verimiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 3-17-1/2-109831/2023 №-li xx.xx.2023-cü il tarixli cavab məktubu ilə 10 №-li Rayonlararası İstehsalat Təmir Tikinti Tresti Nəzdində Bakı Şəhəri 100 №-li Təmir Tikinti İdarəsi (SUN:**********5; VÖEN:**********) tərəfindən 0111 fəaliyyət növünün kodu üzrə (İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla)) 2001 - 2006-cı illər üçün ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə təqdim edilmiş “Məlumat”dan müəyyən olunur ki, Bakı Şəhəri 100 №-li Təmir Tikinti İdarəsi tərəfindən 2001-ci il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta -0,00 manat; 2002-ci il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta - 314,40 manat; 2003-cü il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta - 80,00 manat; 2004-cü il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta – 326,00 manat; 2005-ci il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta – 931,52 manat; 2006-ci il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta – 131,30 manat təşkil etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.2.1-ci maddəsinə əsasən, 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, iş materialarından müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla müəyyən olumuş yaş həddinə (62 yaş 06 ay) xx.xx.2022-ci il tarixdə çatmışdır. Yuxarıda sözügedən normaya əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır – 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Bununla yanaşı qanunvericiliyin tələbinə görə 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda (yəni məbləğdən asılı olmayaraq), 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Hazırkı vəziyyətdə araşdırılmalı və mübahisə olunan hal iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalına malik olub-olmamasıdır. İddiaçıya məxsus əmək kitabçasında olan məlumatlara və 100 saylı Təmir Tikinti İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən o, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 10 №-li Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin nəzdində fəaliyyət göstərən 100 №-li Təmir Tikinti İdarəsində mühasib vəzifəsində işləmiş və ona 2006-cı il üçün ******* manat məbləğində əmək haqqı ödənilmişdir. Cavabdeh inzibati orqanın yuxarı orqanı olan DSMF tərəfindən məhkəmənin müvafiq sorğusuna cavab olaraq verilmiş rəsmi məlumatdan müəyyən olunur ki, İddiaçı xx.xx.2001-cı il tarixdən xx.xx.2006-ci ilədək işlədiyi 100 saylı Təmir Tikinti İdarəsi tərəfindən məcburi dövlət sosial sığorta haqları olaraq 2006-cı il üzrə 131,30 manat ödənişlər həyata keçirilmişdir ki, qeyd olunan hal da sonuncunun qanunda nəzərdə tutulmuş xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalına malik olduğunu sübut edir. Cavabdeh inzibati orqan həm pensiya təyin olunmasından imtinaya dair bildirişində, həm də iddiaya dair etirazında iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığını göstərmişdir. Məhkəmə cavabdehin həmin dəlilini əsassız hesab edir. Belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin və sığortaolunanların uçotunu aparmaq sığortaçının vəzifəsidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin və sığortaolunanların uçotunu aparmaq sığortaçının vəzifəsidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 04 №li 18 noyabr 2014-cü il tarixli qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları” və “Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu Qaydaları”nın 7.1-ci bəndinə görə sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasının və ödənilməsinin uçotu aparılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə məcburi dövlət sosial sığortası üzrə hesabat və sığortaolunanlar haqqında məlumat təqdim edildikdən sonra ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi uçot sistemində uçota alınan sığortaolunanların fərdi şəxsi hesabında qanunvericilikdə müəyyən olunmuş qaydada nəzərə alınır. Qaydaların 7.22-ci bəndinə görə sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının məcburi dövlət sosial sığortası üzrə fərdi uçot sistemində nəzərə alınması məqsədi ilə DSMF orqanları hər bir sığortaedən üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” formasını tərtib edir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2.1-ci maddəsinə əsasən işəgötürən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) orqanın vəzifəsidir. İşin yuxarıda qeyd olunan faktiki hallarını, qanunvericiliyin tələblərinə görə xx.xx.2001-cı il tarixdən xx.xx.2006-ci ilədək işlədiyi 100 saylı Təmir Tikinti İdarəsi tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının sığortaolunanlar üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqına münasibətdə proporsional bölüşdürərək fərdi şəxsi hesablarda qeydə alınmasının Sığortaçının vəzifəsi olduğunu və 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajının bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablandığını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə çatdığından və xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı mövcud olduğundan, sonuncuya cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə müvafiq olaraq avtomatlaşdırılmış qaydada əmək pensiyasının təyin edilməsi təmin olunmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.1959cu il təvəllüdlü İddiaçı qzının 62 yaş 06 ayının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü İddiaçı 62 yaş 06 ayının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar