Məhkəmə qərarları › İş №2-1(112)-4507/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4507/2020

19.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4507/2020 19.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 (Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının mütəxəssisi, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə uyğun olaraq 08 oktyabr 2011-ci il tarixindən ona yaşa görə əmək pensiyasının hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 3 uşaq anasıdır və 08 oktyabr 2011ci il tarixində 51 yaşı tamam olmuşdur. Bununla yanaşı 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1ci maddəsinə əsasən 3 və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlar yaşa görə əmək pensiyası almaq hüquqları vardır. Buradan göründüyü kimi o, 08 oktyabr 2011-ci il tarixdən yaşa görə əmək pensiyasına çıxmaq hüququnu qazanmışdır. Həmin vaxt onun bundan xəbəri olmamışdır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8ci maddəsinin 2009-cu ilin oktyabr ayının 27-nə qədər qüvvədə olan redaksiyasında üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlar 51 yaşına çatdıqda və azı 5 il sığorta stajı olduqda pensiya hüququ yaranır. Yuxarıda qeyd olunan qanuna 2010-cu il 1 dekabr tarixində edilmiş dəyişikliyə əsasən tələb olunan sığorta stajı olduqda 10 il müəyyən edilmişdir. Həmin qanuna 2017-ci il 10 mart tarixində edilmiş dəyişiklikdə 8ci maddə aşağıdakı redaksiyada verilmişdir: Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 ilazaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.Vətəndaşın 51 yaşı 2011ci ilin oktyabrın 8-də tamam olmuşdur. Qüvvədə olan qanuna görə həmin şərtlərlə pensiya çıxmaq üçün üç yox beş uşaq tələbi var. Vətəndaşın hüququ 2011-ci ilin oktyabr ayında yarandığı üçün qeyd olunan şərtlərlə şəxsə pensiya təyin edilməsi mümkün deyil.Hesab edir ki, şəxs yuxarıda qeyd olunan qanunun nə 7-ci, nə də ki, 8-ci maddəsinin şərtlərini ödəmədiyi üçün pensiya hüququ yaranmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus 113479 saylı əmək kitabçasının surətindən görünür ki, əmək kitabçasına 28 iyun 2012-ci il tarixdə Cəbrayıl rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri tərəfindən edilmiş qeydə əsasən iddiaçı 1978-ci ildən 1988-ci ilə kimi Niyazqulular kənd kitabxanasının müdiri işləmiş, 1988-ci ildən Tulus kənd kitabxanasına dəyişdirilmiş, 1993-cü ilin avqust ayının 23-dən həmin vəzifədə orta aylıq əmək haqqı alır. 01 sentyabr 2014-cü il tarixdə edilmiş qeydə əsasən başqa işlə təmin olunduğundan orta aylıq əmək haqqı verilməsi dayandırılmışdır. Adı şöbə üzrə əmək haqqı alanların siyahısından çıxarılmışdır. Beləliklə işin hallarından görünür ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla, hazırda 60 yaşı vardır. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin tələblərinə əsasən ona 08 oktyabr 2011-ci il tarixdən, yəni 51 yaşından 3 uşağı 8 yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə əmək pensiyası təyin edilməsini cavabdehdən tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, lakin cavab tərəfindən 13 mart 2020-ci il tarixli, **********3 saylı məktubla müraciətin təmin edilməsindən imtina edilmiş və iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş (2017-ci il 1 iyul tarixindən başlayaraq 2027-ci ilin 1 iyul tarixinədək hər il 6 ay artırılmaqla) yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 2019-cu il 1 iyul tarixindən bu Qanunun 7-ci maddəsi üzrə qadınların pensiya yaş həddi 61 yaş 6 ay müəyyən edilmişdir. Eyni zamanda “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən hazırda əmək pensiyası almaq hüququ olmayan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış qadınlar yaşa görə müavinət almaq hüququna malikdirlər. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, hazırki iddia tələbi üzrə iddiaçı xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin müddəalarını tətbiq etməklə ona 51 yaşı tamam olduğu 08 oktyabr 2011-ci il tarixdən əmək pensiyasının təyin edilməsini tələb edir və tələbini əmək pensiyası hüququnun həmin tarixədək yaranması ilə əsaslandırır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin 27 oktyabr 2009-cu il tarixədək qüvvədə olan redaksiyasına əsasən üç uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların 51 yaşına çatdıqda yaşa görə əmək pensiyası hüququ vardır. Lakin 27 oktyabr 2009-cu il tarixədə 904-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 8-ci maddə yeni redaksiyada verilmiş və həmin redaksiya xx.xx.2017-ci il tarixədək qüvvədə olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hazırda qüvvədə olan 8.1-ci maddəsinin redaksiyasına əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı 51 yaşına çatanadək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə dəyişiklik edilərək, yeni redaksiyada verilmiş və həmin tarixdən sonra 3 uşaq deyil, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin tələblərinə əsasən yaşa görə əmək pensiyası hüququnun olması müəyyən edilmişdir. İddiaçı 51 yaşı 08 oktyabr 2011-ci il tarixdə tamam olduğundan ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin 27 oktyabr 2009-cu il tarixədək qüvvədə olan tələbləri tətbiq edilə bilməz. İddiaçı 27 oktyabr 2009-cu il tarixədək pensiya yaşına çatmadığından, həmin tarixdən sonra qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin tələbləri əsasən üç uşaq deyil, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə edən qadınlara şamil olunduğundan, iddiaçının ona 51 yaşdan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin tələbləri tətbiq edilməklə pensiya təyin olunması barədə tələbi əsassızdır. Beləliklə, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin tələblərinə əsasən yaşa görə əmək pensiyasını təyin olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından, iddiaçının tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar