Məhkəmə qərarları › İş №2-1(112)-4508/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4508/2021

29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4508/2021 29.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi ilə, iddiaçı Qəhrəmanova (İbrahimova) Rahilə Rəhim qızının cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “xxxx” kommersiya bankı açıq səhmdar cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə bank sənədləri ilə aparılmış restrukturizasiyanın nəticələrinin yenidən hesablanması və kompensasiyanın ödənilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qəhrəmanova (İbrahimova) Rahilə Rəhim qızı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “xxxx” kommersiya bankı açıq səhmdar cəmiyyəti (bundan sonra mətndə “xxxx” KB ASC) inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə, iddia qaldıraraq “xxxx” KB ASC-dən götürdüyü kreditlə bağlı anlaşılmazlığın aradan qaldırılaraq ekspertiza təyin olunmaqla bank sənədləri ilə aparılmış restrukturizasiyanın nəticələrinin yenidən hesablanması və kompensasiyanın müəyyən edilərək ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişlər ki, "xxxx" KB ASC ilə onun arasında bağlanmış 10KL/13 saylı 08 noyabr 2013-cü il tarixli əsas kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə 1.000.000 manat məbləğində kredit xətti açılmışdır. Əlavə kredit müqaviləsinə əsasən ona 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir, atası X5 da ona zamin olmuşdur. 26 may 2015-ci il tarixli sazişlə həmin kreditin müddəti 03.02.2018-ci il tarixədək artırılmış və ona yeni ödəniş cədvəli verilmişdir. O, həmin krediti ölkədə devalivasiya olmazdan öncə götürmüşdür və həmin kreditin çoxunu ödəmişdir, lakin sonradan maddi çətinliyi olduğundan ödənişlərini tam olaraq ödəyə bilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu ilin aprel ayında problemli kreditlərlə bağlı verdiyi Fərmanla əlaqədar olaraq götürdüyü və ödənişini tam edə bilmədiyi kreditin restrukturizasiya edilməsi ilə bağlı müraciət etmişdir. İlk öncə ona kompensasiya ayrılması göstərilsə də, sonradan heç bir kompensasiyanın olmadığı ayrılmış kompensasiyanın borca hesablandığını bildirmişlər və ona kompensasiya verməkdən imtina olunmuşdur. Bununla bağlı fərdi qaydada "xxxx" KB ASC-yə və elektron qaydada isə yaradılmış apellyasiya komissiyasına müraciət etmişdir. Apellyasiyanın qərarına əsasən aparılmış hesablanmanın düzgün olduğu qeyd olunmuşdur. "xxxx" KB ASC-dən isə hesablanmanın düzgün olmadığı, lakin onların hesablanma apara bilmədiyini və Maliyyə X2nın qərarlarına qarışa bilmədiklərini bildrimişdirlər və ona məhkəməyə müraciət etməyini məsləhət görmüşdürlər. Ona görə də, sonda məcbur olub bu anlaşılmazlığın aradan qaldırılması və ekspertiza təyin olunmaqla bank sənədləri ilə aparılmış restrukturizasiyanın yenidən hesablanması üçün məhkəməyə müraciət etməli olmuşdur. Onun "xxxx" KB ASC-də olan kreditindən başqa krediti yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçnücü şəxsə təqdim edilərək, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclas 29 aprel 2021-ci il tarixə təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının iddiaya dair etirazı 17.03.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının iddiaya dair 16-00584-2021 nömrəli 10 mart 2021-ci il tarixli etirazında göstərilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən Qəhrəmanova (İbrahimova) Rahilə Rəhim qızı ilə "xxxx KB" ASC arasında 03.09.2014-cü il tarixində bağlanmış 10.000,00 ABŞ dolları dəyərində kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüşdür. Belə ki, sözügedən kredit müqaviləsi üzrə 21.02.2015-ci il tarixinə qalıq qalan 8.710,85 ABŞ dolları məbləğində əsas kredit borcuna münasibətdə Fərmanın 1-ci hissəsinin tələbləri nəzərə alınmaqla 2.177,71 manat kompensasiya məbləği və 21.12.2015-ci il tarixinə qalıq qalan əsas kredit borcu 6.766,63 ABŞ dolları təşkil etdiyindən Fərmanın 1.2-ci bəndinə uyğun olaraq 4.059,98 manat olmaqla cəmi 6.237,69 manat kompensasiya hesablanmışdır Bundan başqa, məlumat bazalarına ötürülmüş qeydlərə əsasən Fərmanın qüvvəyə mindiyi günə (01.03.2019-cu il tarixinə) həmin müqavilə üzrə 6.497,75 ABŞ dolları (11.046,17 manat) əsas kredit borcu qaldığından yuxarıda hesablanmış kompensasiya məbləği Fərmanın 2-ci hissəsinə əsasən ilk növbədə kredit borcunun ödənilməsinə yönəldilmiş və qalıq qalan 4.808,48 manat əsas borcun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Həmçinin qeyd edilməlidir ki, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının (Qayda) 5-ci hissəsinə görə restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə 2019-cu il martın 1-nə hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. Göstərilən tarixə qədər həyata keçirilmiş ödənişlərin yalnış olaraq əsas borca deyil, faiz borcuna yönəldilməsinə gəlincə isə, bu hissədə mübahisə vətəndaşla “xxxx KB” ASC arasında mövcud olan xüsusi hüquq münasibətlərindən irəli gəlir. Tərəflərə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etirazı nəzərdən keçirərək hesab edir ki, iddia mümkünsüz sayılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası Maliyyə X7 tərəfindən X3 müraciətinə 01 iyun 2019-cu il tarixdə verilmiş cavab məktubunda qeyd olunur ki, müraciətinə baxılmışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli krditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar X4 Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanmışdır. Barəsində aparılmış hesablama zamanı hər hansı uyğunsuzluq aşkar olunmamışdır. Kredit məbləğinin qalıqları ilə bağlı müvafiq kredit təşkilatına və ya Azərbaycan Kredit Bürosuna (www.acb.az) müraciət etməsi tövsiyyə olunmuşdur. “Elektron informasiya sistemindən” çıxarılmış X1 01 mart 2019-cu il tarixinə qalıq borc məbləği 4.808.48 manat kimi göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş və bu Fərmana əsasən, hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləği və borcluların siyahısı müəyyən edilməlidir. Bu Fərmanın 1-ci bəndinə əsasən 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 2.1-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi tətbiq olunmalıdır. Həmin Fərmanın 2-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ya ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Həmin Fərmanın 7.1-ci maddəsində Azərbaycan Respublikasının Maliyyə X2 tapşırılmışdır ki, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Həmin Fərmanın 8.6-cı bəndində vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Həmin Fərmanın 8.8-ci bəndində güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər müəyyən edilmişdir. Fərmanın icrası Azərbaycan Respublikası Maliyyə X2 həvalə olunmuşdur (hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı). İşin araşdırılan hallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “xxxx KB” ASC-nin iddiaçı Qəhrəmanova (İbrahimova) Rahilə Rəhim qızının barəsində verdiyi məlumatlar nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının müddəaları tətbiq edilmişdir. İddiaçının iddia tələbindən isə göründüyü kimi, onun hazırki tələbi tərəfindən 2019cu il martın 1-nə qədər həyata keçirilmiş ödənişlərin əsas borca deyil, faiz borcuna yönəldilməsi ilə bağlı yaranmış mübahisə ilə əlaqədardır ki, qeyd olunan mübahisə iddiaçı ilə “xxxx KB” ASC arasında mövcud olan xüsusi hüquq münasibətlərindən yaranmışdır. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, hazırki iddiaya mövcud vəziyyətdə inzibati icraat qaydasında baxıla bilməz. Qeyd olunanların nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı Qəhrəmanova (İbrahimova) Rahilə Rəhim qızının cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “xxxx” KB açıq səhmdar cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə bank sənədləri ilə aparılmış restrukturizasiyanın nəticələrinin yenidən hesablanması və kompensasiyanın ödənilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar