Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4511/2020 02.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinəqarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İşin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün xx.xx.2020-ci il tarixə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq icraatı üzrə keçirilmiş iclasında cavabdehin xx.xx.2020-ci il tarixli iddiaya münasibət məktubuna əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, eyni tərəflər arasında və eyni mübahisəyə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində baxılmış və mahiyyəti üzrə müvafiq məhkəmə qərarı qəbul edilmişdir. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 1993-1994-cü illərdə Quba batalyonunun tərkibində, Azərbaycan Respublikasının ərazi bütövlüyü ugrunda gedən döyüşlərdə iştirakı nəzərə alınaraq, ona “müharibə veteranı” adının verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(85)-962/2018 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiasının təmin edilməsi qərara alınmış, həmin qərardan cavabdeh apelyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(105)-253/2019 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləgv olunmaqla iddia təmin edilməmişdir, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-3025/2019 saylı qərarı ilə təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019cu il tarixli 2-1(105)-253/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, eyni iddia ilə bağlı əvvəllər mahiyyəti üzrə qərar qəbul edildiyindən, başqa sözlə, mövcud mübahisəyə məhkəmə müstəvisində artıq bir dəfə mahiyyəti üzrə hüquqi qiymət verildiyindən, habelə, həmin qərarda göstərilmiş çatışmazlıqlar aradan qaldırılmadığından, bu halda da hazırkı işə yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin imperativ xarakter daşıyan tələbinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 15.5-ci və 15.6-cı bəndlərinə görə, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Hazırkı iş üzrə iddianın mümkünlük şərtlərini istisna edən halların mövcudluğunu müəyyən etdiyinə görə İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin tələbləri baxımından Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(105)-253/2019 saylı qanuni qüvvəyə minmiş qərarı da yekun məhkəmə aktı hesab olunur. Əlavə olaraq, məhkəmə o halı xüsusi şəkildə qeyd etməyi zəruri hesab edir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(105)-253/2019 saylı qərarından göründüyü kimi, həmin qərarla iddia tələbinin təmin edilməməsi məhz iddiaçının müvafiq döyüş əməliyyatlarında iştirak etməsi barədə qanunvericilikdə göstərilmiş sübutların mövcud olmaması ilə əlaqədardır. Odur ki, iddiaçıya izah edilir ki, yuxarıda qeyd edilmiş çatışmazlığı aradan qaldırdan sonra yenidən aidiyyəti və səlahiyyətli inzibati orqana, xahişi təmin edilmədiyi halda isə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda qeyd edilənlərdən əlavə məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia ərizəsinin digər məhkəmənin icraatında olmasına baxmayaraq, eyni məsələ ilə əlaqədar yenidən məhkəməyə müraciət etməsi ilə bağlı iddiaçının hərəkətlərinə qanunvericiliyin ona verdiyi imkanlardan sui-istifadə etmək cəhdi kimi qiymət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-4511/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4511/2020
02.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver