Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4515/2025 07.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə qəbul edilməyi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra –İddiaçı) sonuncu dəfə xx.xx.2024-cü il tarixdə ərizə ilə Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə (bundan sonra – Cavabdeh) müraciət edərək, mənzil növbəsinə götürülməsi və müvəqqəti kirayə xərclərinin ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçının qeydiyyatda olduğu mənzil xüsusi mülkiyyət hüquqları əsasında anası X1 məxsusdur və o, həmin ünvanda ailəsi ilə birlikdə qeydiyyatda olaraq yaşayır. Ailəsi ilə birgə qeydiyyatda olduğu və mülkiyyət hüquqları əsasında anasına məxsus olan mənzildən bərabər istifadə etmək hüququnun olması nəzərə alınaraq, qanunvericiliyə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab olunmamışdır. Bundan sonra İddiaçı cavabdeh Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən mənzil növbəsinə qəbul edilməsi və həmin tarixdən də müvəqqəti mənzilin kirayəsi üçün kirayə pulunun ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı 1999-2008-ci illərdə AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş və xx.xx.2008-ci il tarixdə “xəstəliyə görə” ehtiyata buraxılmışdır. xx.xx.2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsini və mənzillə təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə pulunun ödənilməsini xahiş etmişdir. Cavabdeh uzun müddət süründürməçiliklə məşğul olaraq müxtəlif lazımsız arayışlar tələb etmiş, bu arayışları təqdim etdikdən sonra da ona cavab verməmişdir. Yalnız yuxarı instansiyalara müraciət etdikdən sonra cavabdeh ona xx.xx.2024-cü il tarixli məktubla imtina cavabı vermişdir. İmtina cavabı iddiaçıya xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə çatdırılmışdır. İmtina əsassız və qanunsuzdur. Cavabdeh xx.xx.2025-ci il tarixində məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, İddiaçı qeydiyyatda olduğu mənzil xüsusi mülkiyyət hüquqları əsasında anası X1 məxsusdur və İddiaçı həmin ünvanda ailəsi ilə birlikdə qeydiyyatda olaraq yaşayır. İddiaçı ailəsi ilə birgə qeydiyyatda olduğu və mülkiyyət hüquqları əsasında anasına məxsus olan mənzildən bərabər istifadə etmək hüququnun olmasını nəzərə alaraq, İddiaçı qanunvericiliyə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı hazırda barəsində əlverişli inzibati akt qəbul edilməsini xahiş edir ki, bu iddia inzibati mübahisə olmaqla düzgün inzibati orqana qarşı qaldırılmışdır. İddiaçının məcburetmə haqqında hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ vardır və məhkəməyə müraciət etməzdən öncə cavabdehə müraciət etmiş, xx.xx.2024-cü il tarixli məktub ilə tələbi təmin edilmədikdən sonra qanunla nəzərdə tutulmuş müddətdə, xx.xx.2024-cü ildə məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon idarəsinin xx.xx.2023-cü il tarixli 106 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2008-ci il tarixədək Azərbaycan Respublikası SQ-da MN-də zabit qismində həqiqi hərbi xidmət keçmişdir. AR MN-nin xx.xx.2008-ci il tarixli 0309 saylı əmrinə əsasən “HXH” Əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-1866/2025 nömrəli məktubundan görünür ki,İddiaçı adına Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Binəqədi rayonu Xocasən bələdiyyəsi xx.xx.2023-cü il tarixli 2405 nömrəli arayışdan görünür ki, Xocasən bələdiyyəsi tərəfindən onun mülkiyyətinə, icarəsinə və istifadəsinə hər hansı təyinatı üzrə torpaq sahəsi ayrılmasına dair sərəncam, qərar, müqavilə qeydə alınmışdır. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 04/123 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı adına M.Ə.Rəsulzadə bələdiyyəsinin fəaliyyəti dövründə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamışdır. Biləcəri bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 02/272 nömrəli arayışdan görünür ki, İddiaçı adına Binəqədi rayon Biləcəri qəsəbəsi inzibati ərazisində Biləcəri tərəfindən hər hansı bir məqsəd üçün torpaq sahəsi ayrılmamışdır. Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsi xx.xx.2023-cü il tarixli 02/B-1223 nömrəli arayışdan görünür ki, Binəqədi qəsəbə Bələdiyyəsinin ərazi hüdudları daxilində onun adına torpaq sahəsi ayrılmışdır. xx.xx.2024-cü il tarixli X2 (kirayə verən) ilə İddiaçı (kirayəçi) arasında mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinin surətindən görünür ki, Kirayəyə verən ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 34.1 kv.m 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən kirayəyə verir. 6776915 nömrəli xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı hazırda hərbi qulluqçu kimi onun mənzil uçotuna alınması və mənzillə təmin edilənədək kirayə xərci ilə təmin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, hərbi qulluq dövlət qulluğunun xüsusi növü kimi, bilavasitə ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təminatı ilə əlaqədar olduğuna görə ümumi (publik) maraqlar naminə həyata keçirilən fəaliyyətdir. Hərbi qulluqda olan şəxslərin konstitusiya əhəmiyyətli funksiyaları həyata keçirmələri onların hüquqi statusuna, habelə həmin şəxslərlə dövlət arasında olan qarşılıqlı münasibətlərin məzmununa və xarakterinə təsir göstərir. Bu qulluq növü əmək fəaliyyətinin digər növlərindən fərqləndiyinə görə müəyyən xüsusiyyətlərə malikdir. Göstərilən mövqeyə əsaslanan qanunverici özünün konstitusion səlahiyyətləri çərçivəsində hərbi qulluqçuların xüsusi hüquqi statusunu təsbit edərkən həm onların hüquq və azadlıqlarının həyata keçirilməsi üçün müəyyən əlavələr və ya məhdudiyyətlər müəyyənləşdirir, həm də bu şəxslərin üzərinə hərbi qulluğun vəzifələrindən, prinsiplərindən və funksiyalarından, eləcə də hərbi qulluq keçən şəxslərin fəaliyyət xüsusiyyətlərindən irəli gələn əlahiddə vəzifələr qoyur. Qanunvericinin bu səlahiyyəti bilavasitə “Hərbi qulluqçuların statusu haqqında” Qanunda öz təzahürünü tapmışdır. Belə ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar. Məhz hərbi qulluqda yerinə yetirilən funksiyaların mürəkkəbliyini, onların həyat və sağlamlıq üçün təhlükəliliyini nəzərə alaraq qanunverici, əmək fəaliyyəti ilə məşğul olan digər şəxslərdən fərqli olaraq hərbi qulluqçuların sosial müdafiəsinin daha yüksək səviyyəsini nəzərdə tutmuşdur. Bu isə öz növbəsində onların sosial təminat hüququnda, o cümlədən mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququnun təsbit edilməsi ilə öz əksini tapmışdır. Belə ki, 25 dekabr 1991-ci il tarixdə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin ilkin redaksiyası aşağıdakı kimi olmuşdur: “Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətli xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları göstərilən hərbi qulluqçuların mənzil almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil növbədənkənar verilir.” Qanunun həmin maddəsinin ilk variantında yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə ehtiyacı olanların siyahısına yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına (azı 5 təqvim ili xidmət etmiş) və ya ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərin, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətli xidmət hərbi qulluqçularının daxil edilməsi nəzərdə tutulmuşdu. Qanunun ilkin redaksiyasında 12-ci maddəsinin 7-ci hissəsində qeyd edilirdi ki, yaşına, səhhətinə, ştatların ixtisarına və ya ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 15 təqvim ili və daha çox xidmət etmiş, bunun da azı 3 təqvim ilini Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmiş zabitlərin seçdikləri yerdə yaşadıqları və ya onlara verilmiş dövlət mənzilləri onların şəxsi mülkiyyətinə pulsuz verilir. Göründüyü kimi, Qanunun ilkin redaksiyasında zabit olan hərbi qulluqçunun yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxıldığı halda mənzillə təmin edilməsini nəzərdə tutulmuş, bu zaman həmin kateqoriya şəxslərin xidmət müddəti ilə bağlı hər hansı məhdudiyyət müəyyən etməmişdi. Xidmət müddəti Qanunun 12-ci maddəsinin 7-ci hissədə nəzərdə tutulan şəxslərə şamil olunmuş, 15 təqvim ili və daha çox xidmət etmiş yaşına, səhhətinə, ştatların ixtisarına və ya ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış şəxslərə mənzil verilərkən həmin mənzilin birbaşa pulsuz olaraq onların mükiyyətinə verilməsi təsbit edilmişdi. “Azərbaycan Respublikasının bəzi hərbi qanunlarında dəyişikliklər edilməsi haqqında” 7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Qanununa əsasən həmin Qanunun 12-ci maddəsinin ikinci bəndinə aşağıdakı redaksiyada birinci və ikinci abzaslar əlavə edildi: “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar”. Həmçinin həmin Qanunla 12-ci maddəsinin ikinci hissəsinin birinci abzasında “müddətindən artıq xidmət hərbi qulluqçuları” sözləri “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları” sözləri ilə əvəz edildi. Bu dəyişikliklə qanunvericiliyə daxil edilmiş müddəaya əsasən 15 təqvim ili və daha çox xidmət etmiş və yaşayış sahəsi olmayan hərbi qulluqçuların, yəni hələ də həqiqi hərbi xidmətdə olan şəxslərin yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi ilə təmin edilməsi hüququ təsbit edildi. Daha sonra “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi barədə” 6 aprel 2004-cü il tarixli 620-İİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasında "hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa)" sözlərindən sonra ", ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların" sözləri əlavə edilmiş, bununla da Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzası aşağıdakı redaksiyada verilmişdir: “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır”. Göründüyü kimi, əgər 7 oktyabr 1997-ci il tarixli qanunla yalnız 15 təqvim ili və daha çox xidmət etmiş və yaşayış sahəsi olmayan həqiqi hərbi xidmətdə olan şəxslərin (hərbi qulluqçuların) yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi ilə təmin edilməsi hüququ müəyyən olunurdusa, 06 aprel 2004-cü il tarixli Qanunla bu hüquq həm də 15 təqvim ili və daha çox xidmət etmiş və yaşayış sahəsi olmayan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara da verildi. Beləliklə, Qanuna edilmiş bu dəyişikliklərə əsasən zabit heyətinə daxil olan aşağıdakı şəxslərin mənzillə təmin edilmək hüququ təsbit edilmişdir:
1. 15 təqvim ili və daha çox xidmət edən və xidmətini davam etdirən hərbi qulluqçuların;
2. 15 təqvim ili və daha çox xidmət etmiş ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların;
3. Xidmət müddətindən asılı olmayaraq yaşa, xəstəliyə, ştatların ixtisarına (5 il xidmət etməsi şərtilə) və ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qullquçuların. İşin sadalanan hallarından görünür ki, iddiaçının xidmət müddəti 15 il olmasa da, o, xəstəliyə görə hərbi xidmətdən istefaya buraxılmışdır. Deməli, iddiaçı yuxarıda istinad olunan mənzillə təmin edilmək hüququna malik olan şəxslər dairəsinə daxildir. İstər əvvəlki, istərsə də hazırkı qanunvericilik hərbi qullquçunun mənzillə təmin edilməsi üçün onun yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə ehtiyacı olanların siyahılarına daxil edilməsini təsbit edir. Qanuna sonradan edilmiş dəyişiklikdən də görünür ki, o şəxslər mənzillə təmin olunurlar ki, həmin şəxslərin yaşayış sahəsi olmasın. Məhkəmə qeyd edir ki, hərbi qulluqçu kimi kimlərin mənzilə ehtiyacı olan və ya yaşayış sahəsi olmayan hesab olunması məsələsi hərbi qulluq haqqında qanunvericiliklə tənzimlənmir. Bu hallar Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə tənzimlənir. Qüvvədə olan Mənzil Məcəlləsinin (bundan sonra –MM): - maddə. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - maddə. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. - maddə. 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - maddə. 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. - maddə. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. - maddə 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - maddə. 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. -maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - maddə 51.2. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş bu Məcəllənin 51.2-1-ci maddəsi nəzərə alınmaqla, özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. - maddə 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - maddə 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. Sadalanan normalardan görünür ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunub olunmaması, əgər təmin olunmuşsa, yaşayış sahəsinin ölçüsünün yaşayış sahəsinin uçot normasına uyğunluğudur. İşdə olan sənədlərdən görünür ki, iddiaçının mülkiyyətində yaşayış sahəsi, yaxud da fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi mövcud deyil (kənd təsərrüfatı təyinatlı torpaqda əsaslı tikintinin aparılması isə qadağandır). Belə olan halda aydındır ki, iddiaçı onun yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi üçota alınmasını tələb etməkdə haqlıdır. İşdən görünür ki, cavabdehin imtinasının əsasını iddiaçının iddiaçının qeydiyyatda olduğu mənzilin xüsusi mülkiyyət hüquqları əsasında anası X1 məxsus olması və onun həmin ünvanda qeydiyyatda olaraq yaşaması təşkil edir. Doğrudur, Mənzil Məcəlləsinin 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Lakin məhkəmə hesab edir ki, burada “ailə üzvü” anlayışına aydınlıq gətirilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərmişdir ki, “Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.” Məhkəmə qeyd edir ki, iddiaçı yetkinlik yaşına çatmışdır və onun əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara şamil edilməsi iş materialları ilə müəyyən olunmur. Belə olan halda iddiaçının anası ona münasibətdə Mənzil Məcəlləsinin 30.1-ci maddəsində (buna müvafiq olaraq MM-in 50-ci maddəsi) nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil deyildir. Bundan əlavə, iddiaçı ünvan 2 ünvanında qeydiyyatda olsa da, xx.xx.2024-cü il tarixli kirayə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 34.1 kv.m 2 otaqlı mənzildə yaşayır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı mənzil uçotuna alınmaq hüququna malikdir. İddiaçının mənzillə təmin olunanadək kirayə haqqı əvəzinə kompensasiya ödənilməsi məsələsinə gəldikdə, məhkəmə qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin dördüncü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Eyni zamanda “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci hissəsinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat. 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Həmin Qərarın 2-ci hissəsinə əsasən müəyyən edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. İş materialları ilə iddiaçının zabit heyətinə daxil olması və xəstəliyə görə hərbi xidmətdən ehtiyyata buraxılması tam sübut olunduğundan məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan normalara əsasən iddia tələbi mənzil kirayəsi xərclərinin ödənilməsi məqsədilə mənzil sahəsi alanadək həy ay İddiaçıya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsi hissəsində də əsaslıdır və bu hissədə də təmin edilməlidir. İddiaçının xx.xx.2023-cü il tarixdən mənzil uçotuna alınması məsələsinə gəldikdə, məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslı sayıla bilməz. Belə ki, işdən görünür ki, iddiaçı ilk dəfə xx.xx.2023-cü ildə hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməmişdir. Sonradan iddiaçıya xx.xx.2024-cü ildə yenidən cavabdehə müraciət etmiş və xx.xx.2024-cü il tarixli məktubla tələbinin təmin edilməsindən imtina edildikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı əvvəlki imtinaları mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu müraciət əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq mənzil uçotuna alınma da əvvəlki müraciətə görə deyil, məhz sonuncu müraciət nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, inzibati orqanın əvvəlki imtina qərarı “İnzibati icraat haqqında” Qanunun 64cü maddəsinə görə inzibati akt kimi özünün hüquqi qüvvəsini saxlayır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia qismən təmin edilsin. İddiaçı hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi və mənzil kirayəsi xərclərinin ödənilməsi məqsədilə mənzil sahəsi alanadək həy ay kompensasiya ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova