Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4516/2021 07.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinə qarşı "icraata başlamaq haqqında qərarın ləğv edilməsi" tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhər Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin 14.09.2020-ci il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin adı çəkilən 13-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçıya hüquqi yardım məktubu göndərilərək qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. İddianın mümkünlüyü məsələsinin həlli ilə əlaqədar 07 may 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi hazırki mübahisəyə inzibati məhkəmə icraatında baxılaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamış, məhkəmə cavabdehin iştirakı olmadan iddianın mümkünlüyü məsələsini araşdırmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2139/2019-014 nömrəli, 26.11.2019-cu il tarixli icra sənədi üzrə borclu İddiaçı 117030.4 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X2 ödənilməlidir. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin 14 sentyabr 2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmış, borclu İddiaçı 10 gün müdətində icranı könüllü olaraq təmin etməsi təklif edilmiş, icra könüllü təmin edilmədikdə borclu barəsində məcburi icra tədbirləri görülməsi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişi borcludan tutulması qərara alınmışdır. Hazırki tələbində iddiaçı icra məmurunun icraata başlamaq haqqında qərarı qəbul edərkən iddiaçının və ailə üzvlərinin ödəmə qabiliyyətli olmasını, ölkədə və dünyada baş vermiş pandemiya halını nəzərə almadığını, qanuna görə icra hərəkətləri borclunun faktiki olduğu yer üzrə icra edilməli olduğu halda işi aidiyyatı üzrə göndərmədiyini, “İcra haqqında” Qanunun 7-ci maddəsinin tələblərinə riayət edilmədiyini əsas gətirərək adı çəkilən qərarın ləğvini inzibati məhkəmə icraatında inzibati iddia qaydasında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı işə iddia və inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə müvafiq olaraq icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 87.1-ci maddəsinə görə icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə İnzibati Məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından,hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Konstitusiya Məhkəməsinin həmin Qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun qərar, hərəkət və hərəkətsizliyi həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin qərar, hərəkət və hərəkətsizliyndən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. “İcra haqqında” Qanun özü də icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Təşəkkül tapmış məhkəmə təcrübəsində də icra məmurunun icra icraatında qərar, hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılır. İcra sənədini vermiş məhkəmədə işlərə baxılması bir tərəfdən hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edirsə, digər tərəfdən məhkəmənin verdiyi icra sənədinin icrasına bilavasitə nəzarət etmək imkanını təmin edir. Beləliklə, hazırki iş üzrə iddiaçının iddia tələbi bilavasitə icra sənədinin cavabdeh icra qurumu tərəfindən icra icraatı çərçivəsində icrası ilə bağlı olmuşdur. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar, icra məmurunun icra sənədinin icra olunması ilə bağlı hərəkətləri və hərəkətsizlikləri inzibati hüquq sahəsinə aid olan publik xarakterli məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, ayrıca iddia qaldırılmaqla həmin qərarların, hərəkət və hərəkətsizliklərin inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün hesab olunmur. Qanuni qüvvəsini almış məhkəmə qərarının (qətnaməsinin, əmrinin) icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edilir. Bu əsasdan icra qurumunun icra sənədinin icra olunması ilə bağlı hazırki qərarının qanuniliyi inzibati iddia kimi inzibati məhkəmə icraatı qaydasında deyil, qanuni qüvvəsini almış məhkəmə aktının icrasının davamı olaraq icra sənədini vermiş və icraya nəzarət edən ümumi məhkəmədə şikayət verməklə mübahisələndirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd edilən normaların tələblərindən çıxış edən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün deyildir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinə qarşı "icraata başlamaq haqqında qərarın ləğv edilməsi" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4516/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4516/2021
07.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver