Məhkəmə qərarları › İş №2-1(112)-4516/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4516/2023

13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4516/2023 13.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs X2, Üçüncü şəxsin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 (üçüncü şəxs X8) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin olunma” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:

1. İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə (bundan sonra-cavabdeh) ərizə ilə müraciət edərək, şəhid ailəsi üzvü olaraq mənzillə təmin olunmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməkdən imtina edərək xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubla bildirmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş məktubda iddiaçının 11 fevral 2021-cı il tarixindən 3 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı və övladı) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı göstərilmişdir. Yuxarıda qeyd edilən Sərəncamın icrası çərçivəsində mənzillə təmin olunmağı üçün Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə təqdim etdiyi sənədlərə baxılarkən 26 may 2012-ci il tarixində etibarnamə əsasında ona verilən və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ünvanında yerləşən torpaq sahəsində 3 fərdi yaşayış evinin inşa edildiyi aşkar edilmişdir. Adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğuna görə sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməyi mövcud qanunvericiliyə uyğun deyildir.

2. Üçüncü şəxs X8 da şəhid ailəsi üzvü olaraq sosial- mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh onun müraciətini təmin etməkdən imtina edərək 07 mart 2023-cü il tarixli, 3-17-3/2-B-8640/2023 nömrəli məktubunda bildirmişdir ki, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətindən Nazirliyə təqdim olunmuş 2020-2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin mənzil növbəliliyi siayhısında onun 16 yanvar 2021-ci il tarixdən 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alındığı qeyd edilmişdir. Yuxarıda qeyd edilən Sərəncamın icrası çərçivəsində mənzillə təmin olunması üçün təqdim edilmiş sənədlərə baxılarkən mülkiyyətində Abşeron rayonu, Xırdalan şəhəri, Vüsal Xəlilov küçəsində ümumi sahəsi 118,6 kvadrat metr təşkil edən 69 nömrəli fərdi yaşayış evinin 4/6 hissəsinin ona məxsus olduğu aşkar edilmişdir. Qeyd olunanlara əsasən, adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğuna görə sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsi mövcud qanunvericiliyə uyğun deyildir.

3. 01.12.2022-ci il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra – İddiaçılar) cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və şəhid ailəsi olaraq evlə təmin olunmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

4. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X8 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir.

5. Üçüncü şəxs N.Babayeva Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən iddiaçıların tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə fərqli tələblə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə sosial-məişət şəraitini yaxşılaşdırmaq üçün mənzillə təmin edilməsi barədə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə icraata qəbul edilmişdir. İİ. Tərəflərin əsaslandırması:

6. İddiaçıların tələbi bununla əsaslandırılmışdır ki, oğulları X9 xx.xx.2020-ci ildə hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növü ilə törədilmiş zədələnmələr, Aşağı boş venanın travması nəticəsində şəhid olmuşdur. xx.xx.2021-ci il tarixli Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının 37 nömrəli "Şəhid ailəsi" İddiaçı1 yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunması haqqında Sərəncamına əsasən İddiaçı1 ailə tərkibi 3 nəfər (özü, həyat yoldaşı və oğlu Rəsul) olmaqla imtiyazlı əsaslarla ("şəhid ailəsi" kimi) yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunmuşdur. Lakin 2 ildir ki, onları evlə təmin etmirlər. Bununla bağlı cavabdehə müraciət etmiş, lakin verilən imtina cavabından sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Belə ki, cavabdeh imtinasında etibarnamə əsasında ona verilən torpaq sahəsində 3 ev inşa edildiyini bildirmişdir, halbuki həmin evlər onun mülkiyyətində deyil. Etibarnamə əsasında torpaq sahəsi aldığı doğrudur, lakin pulunu tam ödəyə bilmədiyi üçün torpaq sahibi Sabunçu Rayon Məhkəməsində ona qarşı torpaq sahəsindən çıxarılma barədə iddia qaldırmışdır. Həmçinin digər oğlu X6 xx.xx.2020-ci ildə hərbi xidmətə çağrılmış və müharibədə iştirak edərək ehtiyata buraxılmışdır, hazırda bir oğlu şəhid, digər oğlunun isə müharibədə iştirak edib qayıtdığına və evlərinin olmamasına baxmayaraq, cavabdeh onları mənzillə təmin etməmişdir.

7. Üçüncü şəxs iddia ərizəsini bununla əsaslandırmışdır ki, mənzillə təmin olunmaqla bağlı cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdeh ərizəsini təmin etməkdən imtina etmişdir. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, vətən müharibəsində şəhid olmuş Babayev Rəşadın həyat yoldaşı olduğuna görə ailə üzvü hesab olunur və müvafiq Sərəncamda şəhid ailəsi kimi mənzillə təmin olunmaqla bağlı göstəriş bilavasitə ona tətbiq olunmalıdır. Həyat yoldaşı Babayev Rəşad şəhid olduqdan sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə münasibətləri gərginləşib və hazırda digər məhkəmələrdə ayrı-ayrı predmetlərlə bağlı məhkəmə mübahisələri mövcuddur. İddiaçı1 və İddiaçı2 istifadə və sahibliyində hazırda 3 dənə tam kommunal şəraitli fərdi yaşayış evi var və onların mənzilə ehtiyacları yoxdur. Həmin evlərdən birində o, yoldaşı ilə birlikdə yaşamış, lakin yoldaşı şəhid olandan sonra iddiaçılar onu həmin evdən qovub çıxarmışlar. Hazırda Müdafiə Nazirliyinin Qaradağ rayonu, Şubanu-1 hərbi şəhərciyində müvəqqəti yaşayır və mənzillə təmin olunmağa ehtiyacı var. Agentlik tərəfindən şəhidin ailə üzvü, həyat yoldaşı kimi mənzillə ilk növbədə onun təmin olunması ədalətlidir, qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbləri təmin edilməməli, onun iddia tələbi təmin edilməlidir.

8. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair 16 mart 2023-cü il tarixli, 3-17-3/2-10015/2023 nömrəli yazılı etirazda imtina məktubunda göstərilənlərə istinad etmişdir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinə uyğun izahat verdilər və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. 10.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. 11.Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və onun nümayəndəsi iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələblərinin təmin edilməməsini, Nigar Babayevanın iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. İİİ. Məhkəmənin mövqeyi:

12. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

13. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 023539 nömrəli, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növü ilə törədilmiş zədələnmələr, aşağı boş venanın travması səbəbi ilə Füzuli rayonunda ölmüşdür.

14. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 21 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən gizir X9 “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilir. Məktuba əlavə edilmiş siyahıdan çıxarışdan görünür ki, kəşfiyyatçı Rəşad Babayev xx.xx.2020-ci il tarixdə 16:00 radələrində Fizuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından həlak olmuşdur.

15. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 37 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamından görünür ki, İddiaçı1 ailə tərkibi 3 nəfər (özü, həyat yoldaşı və oğlu – Rəsul) olmaqla imtiyazlı əsaslarla (“şəhid ailəsi” kimi) yaşayış yeri üzrə mənzil növbəsinə qəbul edilmiş və İddiaçı1 mənzil növbəsi imtiyazlı əsaslarla olan (şəhid ailəsi) siyahıya əlavə edilmişdir.

16. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı1 və İddiaçı2 şəhid ailəsi kimi mənzil növbəsinə qəbul edilmişlər və onlar barədə məlumat ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinə təqdim edilmişdir.

17. AZ-T №051548 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, xx.xx.1992-ci ildə doğulmuş X9 və xx.xx.1991-ci ildə doğulmuş X7 xx.xx.2017-ci il tarixdə nikah bağlamışlar.

18. 0000119 nömrəli şəhid ailəsi üzvünün vəsiqəsindən görünür ki, X5 xx.xx.2020ci il tarixdə şəhid ailəsi üzvünün vəsiqəsi verilmişdir.

19. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin 09 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamından görünür ki, X8 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış yeri üzrə şəhid ailəsi kimi güzəştli mənzil növbəsinə qəbul edilmiş və yaşayış yeri üzrə şəhid ailələrinin mənzil növbəlilik siyahısına daxil edilmişdir.

20. Beləliklə, işin istinad olunan hallarından görünür ki, X9 xx.xx.2020-ci il tarixdə şəhid olmuşdur, İddiaçı1, İddiaçı2 və X8 şəhid ailəsi üzvü kimi güzəştli mənzil növbəsinə qəbul edilmişlər, həmin sərəncam hazırda qüvvədədir, ləğv edilməmiş, mübahisələndirilməmişdir. Buna görə də həm iddiaçılar, həm də üçüncü şəxs şəhid X3 ailə üzvləri kimi mənzillə təmin edilmək istəyirlər.

21. Məhkəmə qeyd edir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.

22. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifəsidir.

23. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 saylı Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır.

24. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 saylı Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirilməsi qərara alınmışdır: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Həmin Fərmanının 2-ci hissəsinə əsasən yerli icra hakimiyyəti orqanlarının: 2.1. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmələri; 2.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etmələri və hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermələri qərara alınmışdır.

25. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 492s saylı sərəncamından görünür ki, həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur.

26. Göründüyü kimi, hazırkı qanunvericilik aşağıdakı kateqoriyadan olan şəxslərin Sosial Xidmətlər Agentliyi tərəfindən mənzillə təmin edilməsini nəzərdə tutmuşdur:

1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;

2. şəhid ailələri;

3. Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;

4. xx.xx.2021-ci il tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslər;

5. xx.xx.2021-ci il tarixədək uçotda olan uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları.

27. İstinad olunan normalardan görünür ki, həmin kateqoriyaya aid olan uçota alınmış şəxslər barədə məlumatı yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir və Nazirliyin Sosial Xidmətlər Agentliyi də həmin şəxslərin mənzillə təmin edilməsini həyata keçirir.

28. İşdən görünür ki, iddiaçılar və üçüncü şəxs 2021-ci ildə şəhid ailəsi kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışlar və bu barədə məlumat Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmişdir.

29. Deməli, yuxarıda istinad olunan normalara əsasən həmin şəxslərin yaşayış sahəsi ilə təmin edilməsi üçün bütün şərtlər mövcuddur.

30. İşdən görünür ki, cavabdeh müraciətləri təmin etməkdən imtina edərkən həmin şəxslərin mülkiyyətində yaşayış sahəsi olmasına istinad etmişdir.

31. Belə ki, cavabdehin 04 aprel 2023-cü il tarixli, 3-17-3/2-11476/2023 nömrəli məktubunda göstərilmişdir ki, şəhid X3 atası - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətində 11 fevral 2021-ci il tarixindən 3 nəfər (özü, həyat yoldaşı və oğlu Rəsul) ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış İddiaçı1 mənzillə təmin olunması üçün təqdim etdiyi sənədlərə baxılarkən 26 may 2012-ci il tarixində etibarnamə əsasında İddiaçı1 verilən və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən torpaq sahəsində inşa edilmiş 3 fərdi yaşayış evinin mövcud olduğu aşkar edilmişdir. Habelə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 29 avqust 2022-ci il tarixli **********65 nömrəli məktubunda Abşeron rayonu, Xırdalan şəhəri, Vüsal Xəlilov küçəsində ümumi sahəsi 118.6 kvadrat metr, yaşayış sahəsi 75.6 kvadrat metr təşkil edən 69 nömrəli fərdi yaşayış evinin 1/6 hissəsinin İddiaçı1, 1/6 hissəsisinin İddiaçı1 həyat yoldaşı İddiaçı2 mülkiyyətində olduğu qeyd edilmişdir. Bu səbəbdən vətəndaşın Nazirlik tərəfindən mənzillə təmin edilməsi nəzərdə tutulmamışdır. Həmçinin şəhidin həyat yoldaşı - Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətində 16 yanvar 2021-ci il tarixindən 1 nəfər (özü) ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış X2 mənzillə təmin olunması üçün təqdim edilmiş sənədlərə baxılarkən ünvan 2 ünvanındakı fərdi yaşayış evinin 4/6 hissəsinin ona məxsus olduğu aşkar edilmişdir. Adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğuna görə Nazirlik tərəfindən sosial-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə müvafiq olaraq imtiyazlı şəxslərə verilmiş dövlət mənzil fondunun yaşayış sahəsi vətəndaşın digər ailə üzvləri ilə birgə yaşayış üçün nəzərdə tutulmuşdur. Nazirlik tərəfindən bir şəhidin ailə üzvlərinin sayından asılı olaraq ayrı-ayrı mənzillər verilmir.

32. Cavabdehin göstərilən dəlili ilə bağlı məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçıların və üçüncü şəxsin yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi güzəştli mənzil növbəsinə qəbul edilməsi barədə sərəncamlar ləğv edilməmişdir, hazırda qüvvədədir, mübahisələndirilməmişdir.

33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

34. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıların və üçüncü şəxsin mülkiyyətində mənzil olması həmin sərəncamların qüvvəsinə və tərəflərin həmin sərəncamdan irəli gələn hüquqlarına təsir etmir (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-322/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına).

35. O da qeyd edilməlidir ki, işdə olan ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 nömrəli ev və yerləşdiyi torpaq sahəsinin paylı mülkiyyət üzrə 4/6 hissəsinə X2, 1/6 hissəsi İddiaçı1, 1/6 hissəsinə İddiaçı2 mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə, yəni iddiaçılar və üçüncü şəxs yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil uçotuna alınmasında sonra qeydə alınmışdır.

36. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.1-ci maddəsinə əsasən aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.2. vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda; Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən vətəndaşların uçotdan çıxarılması üçün əsaslar müəyyən edildiyi gündən yaşayış sahəsinə ehtiyacı olan vətəndaşları uçota almış orqan tərəfindən otuz iş günündən gec olmayaraq onların uçotdan çıxarılması haqqında qərar qəbul edilməlidir.

37. İşdən görünür ki, iddiaçıların və üçüncü şəxsin 69 nömrəli evə dair mülkiyyət hüququ qeydə alındıqdan sonra onların uçotdan çıxarılması barədə hər hansı bir qərar qəbul edilməmişdir.

38. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtinasının bu dəlili əsassız olmuşdur.

39. Məhkəmə iddiaçılar və üçüncü şəxsin ayrılıqda mənzillə təmin edilməsi məsələsinə münasibətdə hesab edir ki, cavabdehin dəlili bu hissədə əsaslıdır.

40. Belə ki, qanunverici şəhid ailəsinin vahid bir subyekt kimi mənzillə təmin edilməsini nəzərdə tutumuşdur. Bu zaman ailənin mənzillə təmin edilməsi şəxsin şəhid düşməsi faktında irəli gəlir və məqsəd şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasında sonra onun ailəsinin maddi təminatının yaxşılaşdırılmasıdır. Lakin bu təminat sosial ədalət prinsipinə uyğun olmalı, digər şəxslərin hüquqlarını məhdudlaşdırmamaqla dövlət və ictimai marağa zidd olmamalıdır. Yəni şəhid ailəsinin mənzillə təmin olunması hər bir ailə üzvünün ayrılıqda mənzillə təmin olunmasını ehtiva etmir. Mövcud qanunvericiliyin bu sahədəki yeganə tələbi yaşayış sahəsinin ayrılma normasının 16 kvadratmetr olmasıdır.

41. Belə ki, “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarına əsasən, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir.

42. Beləliklə, göstərilənlərə əsasən məhkəmə iddiaçıların və üçüncü şəxsin şəhid ailəsi kimi mənzillə təmin edilmə barədə hüququnu qəbul etsə də, belə nəticəyə gəlir ki, onların ayrılıqda deyil, bir mənzillə təmin edilməsi mümkündür.

43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

44. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası qismən təmin edilsin. Üçüncü şəxs X2 iddiası qismən təmin edilsin. Yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailəsi kimi iddiaçılar İddiaçı1, İddiaçı2 və üçüncü şəxs X2 yaşayış sahəsinin ayrılma norması nəzərə alınmaqla vahid (bir) mənzillə təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar