Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4516/2025 06.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdeh Xətai rayon Qeydiiyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Musayeva (Mahmudova) Elmira Xıdır qızı xx.xx.1953-ci ildə Ermənistan Respublikası Alaverdi rayonunda anadan olmuşdur. Rusiya Federasiyasının vətəndaşıdır. 2006-cı ildən Azərbaycan Respublikasında yaşayır. Doğum haqqında şəhadətnaməsini itirdiyindən, o, doğum haqqında qeydin bərpa edilməsi ilə bağlı Xətai Rayonu Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan xx.xx.1960-cı il tarixli, M.Y.İ-Ж № 293363 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X1 xx.xx.1953-cü il tarixdə Ermənistan SSR, Alaverdi rayonu, Alaverdi şəhərində doğulmuşdur. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, Rusiya Federasiyasının vətəndaşı İddiaçı ünvan 1 ünvanında yaşayır. Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, cavabdeh iddiaçının müraciətinə baxmış və cavab olaraq bildirmişdir ki, onun doğum haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənədlər olmadığından akt qeydinin bərpa edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Əvvəlki (xx.xx.2025-ci il tarixli) məhkəmə iclasında iştirak etmiş iddiaçıya İPM-in 13cü maddəsinə əsasən hüquqi yardım edilərək iddianın mümkünlük şərtlərinə cavab vermədiyi izah edilmişdir. Belə ki, iddiaçının hüquqi marağı doğum haqqında akt qeydinin bərpasından ibarətdir. İddiaçı Ermənistan Respublikası ərazisində doğulmuşdur və hazırda Rusiya Federasiyasının vətəndaşıdır. Bu halda onun doğum akt qeydinin Azərbaycan Respublikası ərazisində bərpası barədə iddia tələbi ilə müraciət etmək hüququnun mövcud olub-olmaması baxımından iddiaya hüquqi qiymət verilməsi zəruridir. Bununla bağlı qanunvericiliyin tələbləri iddiaçıya izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Qərardan da göründüyü kimi, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, yəni konkret hüquqi müdafiə ehtiyacının mövcudluğu əsas götürülməlidir. Hüquqi müdafiəyə ehtiyacının olub-olmamasının müəyyən edilməsi isə iddiaçının irəli sürdüyü tələb üzrə cavabdeh tərəfindən hüquqazidd hərəkət edib-etməsindən asılıdır ki, hazırki halda bu müəyyən olunmur. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 1. Vətəndaşlıq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Maddə 6. Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər. Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı; Azərbaycan Respublikası vətəndaşının pasportu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ailə Məcəlləsinin 146-157-ci maddələrinin tələbləri nəzərə alınmaqla aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 146-157-ci maddələri Məcəllənin yeddincə bölməsində nəzərdə tutulur və ailə qanunvericiliyinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə ailə münasibətləri hüququnu ehtiva edir. Qanunvericiliyin interpretasiyası əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının əcnəbi olması və vətəndaşı olduğu dövlətin Azərbaycan Respublikası olmaması kontekstində, üçüncü dövlətin yurisdiksiyası çərçivəsində onun doğum akt qeydinin bərpası qanunvericilik çərçivəsində mümkün deyildir. Məhkəmə öz hüquqi mövqeyini onunla əsaslandırır ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının müvafiq tələbləri, o cümlədən Ailə Məcəlləsinin 146-157-ci maddələri, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının yalnız konkret hüquqi münasibətlər – ailə hüququ çərçivəsində, yəni nikahın bağlanması, Azərbaycan hüdudlarından kənarda bağlanmış nikahın tanınması və nikahın pozulması ilə əlaqədar həyata keçirilməsini nəzərdə tutur. Normativ tənzimləmənin məzmunu kontekstində, Azərbaycan Respublikasının yurisdiksiyası daxilində əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair tələb irəli sürmək hüququ yalnız göstərilən hallar çərçivəsində mümkündür və bu çərçivədən kənar tələblər hüquqi əsasa malik deyildir. Məhkəmə diqqətə çatdırır ki, hüquqi marağın mövcudluğunun ilkin şərti hüquqi müdafiəyə ehtiyacın yaranması ilə bilavasitə əlaqəli olduğundan və konkret halda belə bir zərurət müəyyən edilmədiyindən, iddiaçının hüquqi marağının mövcudluğu hüquqi cəhətdən istisna edilir. Dolayısı ilə iddiaçının Azərbaycan Respublikası məhkəmələrində belə bir tələblə çıxış etməsinə subyektiv hüququ da istisna olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin predmeti üzrə hüquqi müdafiəyə ehtiyacının olmaması onun hazırki tələbini hüquqi aspektdən qeyri-mümkün edir. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Beləliklə Məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydinin bərpa edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X3
Məhkəmə qərarları › İş №2-1(112)-4516/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4516/2025
06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver