Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4519/2025 13.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi, cavabdeh tərəfindən həmin qərar qəbul edilənə qədər formalaşmış əmək pensiyası məbləğinin ödənilməsinin bərpa edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında cavabdeh tərəfindən vaxtilə aparılmış pensiya təyinatının guya səhvən vaxtından əvvəl 50 yaşdan aparılması, cavabdeh tərəfindən ona 52 yaşdan yenidən hesablama apararaq ödənilən pensiya məbləğinin cavabdeh tərəfindən azaldılması və pensiyasının tam məbləğdə ödənilməsi xahişinə cavabdeh tərəfindən münasibət bildirilməməklə hərəkətsizliyi məsələsində mübahisə yaranmışdır. O, 50 yaşı tamam olan tarixdə DSMF-nun Qaradağ rayon Şöbəsinə müraciət edərək topladığı ümumi və güzəştli iş stajı əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Həmin Şöbə təqdim etdiyi sənədlərə əsasında ona 2009-cu ilin 01 iyun tarixindən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmişdir. Cavabdeh isə son qərarı ilə onun ümumi iş stajını düzgün hesablamayaraq, guya pensiya hüququnun 01 iyun 2010-cu il tarixində, 52 yaşda yaranmasını bəhanə gətirərək, həmin tarixdə qüvvədə olmuş pensiya hesablanmasını əsas götürmüş, öz mülahizəsinə görə pensiyasını yenidən hesablamış və nəticədə pensiyasını 244 manat azaldaraq bu qaydada ödəməyə başlamışdır. Onu öz idarələrinə dəvət edərək qəbul etdikləri qanunsuz qərara razılığını almaq istəmiş və ona bu barədə akt imzalatdırmaq istəmişlər. Öz növbəsində bundan imtina etmiş və bu hadisədən sonra cavabdehə yazılı müraciət etmişdir. Lakin indiyə qədər onun müraciətinə münasibət bildirməmişlər. O, xx xxxx 1959-cu ildə doğulmuş və hazırda Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yaşayır. O, 01 sentyabr 1974-24 iyul 1977-ci ildə Bakı şəhəri, 59 nömrəli texniki peşə məktəbində xarratlıq ixtisası üzrə əyani təhsil almışdır. 01 avqust 1977-ci ildə X3 Kombinatında operator vəzifəsinə işə qəbul edilmiş və 29 may 1978-ci ildə hərbi xidmətə getməsi ilə əlaqədar işdən çıxmışdır. 26 may 1978-10 iyun 1980-ci il tarixlərində həqiqi hərbi xidmətdə olmuşdur. 25 avqust 1980-ci ildə SSRİ-nin 50 illiyi adına Yujnoye NQÇİ-də neft mədənində təmirçi-çilingər peşəsinə işə qəbul edilmişdir. 14 oktyabr 1987-ci ildə neft-qaz hasilatı operatoru keçirilmişdir. 30 noyabr 1987-ci ildə həmin İdarənin ləğv edilməsi ilə əlaqədar olaraq, N.Nərimanov adına NQÇİ-nə köçürülmüşdür. 01 dekabr 1987-ci ildə N.Nərimanov adına NQÇİ-də neft-qaz hasilatı üzrə operator vəzifəsinə işə qəbul edilmişdir. 01 aprel 1993-cü ildə yenidən yaradılan Bulla-Dəniz NQÇİ-nə köçürmə yolu ilə işdən azad edilmişdir. 01 aprel 1993-cü il tarixində Bulla-Dəniz NQÇİ-nə neft-qaz hasilatı üzrə operator vəzifəsinə işə qəbul edilmişdir. 01 sentyabr 2006-cı ildə struktur dəyişiklikləri ilə əlaqədar olaraq işdən azad edilmişdir. 01 sentyabr 2006-cı ildə N.Nərimanov adına NQÇİ-nə neft-qaz çıxarma üzrə operator vəzifəsinə işə qəbul edilmişdir. 02 iyul 2024-cü il tarixində yaşa görə əmək pensiyasına çıxması ilə əlaqədar işdən çıxmışdır. O, ərizəsini onunla əsaslandırır ki, 01 avqust 1997-ci il tarixinə kimi 22 il 8 ay 11 gün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı olub. Belə ki, dəniz şəraitində işlədiyi üçün işlədiyi təmirçi-çilingər və neft-qaz hasilatı üzrə operator vəzifələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nın X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində 1100000a-18559 kodu ilə qeyd edilmiş neft Qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər vəzifəsinə və həmin yarımbölmədə 1100000a-15824 kodu ilə qeyd edilmiş neft və qaz hasilatı üzrə operatorlar vəzifələri ilə eynilik təşkil edir. Cavabdeh onun güzəştli və ümumi iş stajına irad tutmadığı üçün hesab edir ki, bu iki hal mübahisələndirilməyən hallar kimi qəbul edilməlidir. Mübahisələndirilən yeganə hal, guya onun 50 yaşdan deyil, 52 yaşdan pensiyaya çıxmalı olduğunun cavabdeh tərəfindən irad tutulmasıdır. Buna görə də, hesab edir ki, hazırki iddia üzrə onun məhz 50 yaşda güzəştli pensiya almaq hüququnun olub-olmaması müəyyən edilərsə, mübahisə həll edilmiş sayılacaqdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 avqust 1997-ci ilədək qüvvədə olmuş 13-cü maddəsində deyilir: axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: “a” yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; Buradan aydın olur ki, o, 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 01 avqust 1997-ci il tarixinə kimi azı 20 il ümumi və azı 10 il 1 nömrəli siyahı üzrə güzəştli iş stajı toplamalıdır. İş stajını nəzərdən keçirdikdə aydın olur ki, onun 01 avqust 1997-ci il tarixinə kimi güzəştli iş stajı 14 il 7 aydan çox, (1 nömrəli siyahı üzrə yuxarıda qeyd edilmiş kodlara uyğun) ümumi iş stajı isə 22 ildən çoxdur. Belə olduqda, onun 50 yaşı tamam olduğu 08 dekabr 2008-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı üçün tələb olunan üç faktorun hamısı - ümumi və güzəştli iş stajı və 50 yaşına çatma şərti ödənmiş olur. Beləliklə, ona vaxtilə qanuni əsaslarla pensiya təyinatı aparılması ortaya çıxır. Lakin, cavabdeh özünün formal mülahizəsinə və qanunvericilik aktlarının səriştəsiz interpretasiyasına əsaslanaraq hansısa səbəblərdən ona guya 52 yaşdan pensiya təyin olunmalı olduğunu bildirmişdir. Onun 52 yaşının tamam olduğu tarix isə 01 iyun 2011-ci il tarixidir ki, həmin dövrdə pensiya məbləğinin artıq əməkhaqqı əsasında hesablanma qaydaları 01 yanvar 2010-cu il tarixindən aradan qaldırılmışdı. Onun fikrinə görə həmin vaxt çıxarılmış qərar qanuni cəhətdən doğrudur, lakin, cavabdeh daha sonrakı tarixdə qanunda edilmiş dəyişikliyin qüvvəsini geriyə təbiq etməklə onun hüquqi vəziyyətini pisləşdirmək istəmişdir.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin “Əmək pensiyasının yenidən hesablanması barədə” 04 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixə formalaşmış pensiya məbləğinin ödənilməsinin bərpa edilməsi və ötən dövr üçün yaranmış pensiya məbləği fərqinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı ərizəsinin əsasları kimi qeyd edir ki, o, xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almışdır. İşləyən əmək pensiyaçısı kategoriyasında olduğundan 6 ilin tamamında pensiyasının yenidən hesablanması tələbi ilə cavabdehə müraciət etmişdir. Qeyd edir ki, yenidən hesablama zamanı pensiya məbləğinin artacağını düşünsə də, əvəzində məbləğ azaldılmışdır. Cavabdehin iddiaçıya ünvanladığı məktubda qeyd edilir ki, araşdırma zamanı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixdən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən əməkhaqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur. İddiaçı qeyd edir ki, ümumi və xüsusi iş stajını xx.xx.1997-ci il tarixdə tamamlamış və müvafiq olaraq 50 yaşı xx.xx.2009-cu il tarixdə tamam olduğundan güzəştli şərtlərlə pensiya hüququ yaranır. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək “pensiyasının yenidən hesablanması” tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Nəzərə çatdırır ki, iddiaçı eyni məzmunlu tələblə cabadehə müraciət etmiş, müraciətinə cavab olaraq bildirilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşınının tamam olduğu xx.xx.2009-cu il tarixdən əməkhaqqına əsasən hesablanaraq təyin edilmişdir. Eyni zamanda bildirir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunuraq iddiaçı Mərkəzi Filiala dəvət olunmuşdur. İddiaçı yaşa görə əmək pensiyasının xx.xx.2009-cu il tarixdən bərpa edilməsini xahiş edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Bildirir ki, xx.xx.2007-ci ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər— 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il 6 ay artırlmışdır. Qanunvericiliyin tələbinə əsasən kişilər üçün yaş həddi xx.xx.2000-ci ildən etibarən 52 yaş müəyyən edilmişdir. Normanın məzmunundan anlaşılır ki, xx.xx.1997-ci il tarixədək tələb olunan güzəştli və ümümi iş stajı toplandıqda, lakin 50 yaş həddinə dəyişiklikdən sonra çatdıqda həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Sözügedən maddələrin məzmunundan aydın olur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, 2 əsas eyni anda mövcud olmalıdır: 1. İddiaçının yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; 2. Azı 20 il sığorta stajına malik olmalı və bu müddətin azı 10 ilini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən işlərdə çalışmalıdır. Hazırkı işdə iddiaçının 20 il ümumi və 10 il xüsusi (güzəştli) stajının olması işin mübahisələndirilməyən halıdır. İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuş və 50 yaşı xx.xx.2009-cu il tarixdə tamam olmuşdur. Lakin həmin dövrdə (xx.xx.2009-cu il) qüvvədə olan “Əmək pensiyaları haqqında" Qanunda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddi artıq 57 olmuşdur. Buna görə də 01,06.2009-cu il tarixdən iddiaçıya 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericliyin tələblərinə uyğun deyildir. İddiaçıya 50 yaşdan pensiya təyin edilməsi üçün, onun xx.xx.1997-ci ilə qədər (həmin tarixdən başlayaraq xx.xx.2000-ci ilədək hər il 6 ay artırılmışdır) 50 yaşı tamam olmalı idi. İddiaçının mövqeyinə görə 01 avqust 1997-ci il tarixədək 20 il ümumi və 10 il güzəştli iş stajı tamam olduğundan onun pensiya hüququ 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən yaranmışdır. Odur ki, cavabdehin pensiyanın yenidən hesablanması ilə bağlı qərarı əsassızdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bildirir ki, 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna xx.xx.1997-ci il tarixdə dəyişiklik edildikdən sonra 2000-ci ilin avqustun 1-dək yaş hədləri hər il 6 ay artırılmış, 01,08.2000-ci ildən etibarən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə kişilər-52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini zərərli işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olmuşlar. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun istinad olunan 9.8-ci maddəsi əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş yaşa və staja görə tələbləri nəzərdə tutarkən “Əmək pensiyaları haqqınında” Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək qüvvədə olan Qanunu nəzərdə tutur ki, bu da “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun xx.xx.2005-ci il tarixə qüvvədə olan redaksiyasıdır, hansı ki, həmin Qanunda 2 nömrəli siyahıda nəzərdə tutulmuş işlərdə işləyən qadınların 52 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun olması təsbit olunmuşdur. Belə ki, xx.xx.2006cı il tarixdə aparılan pensiya islahatları çərçivəsində qüvvəyə minən və yeni pensiya sistemini müəyyən edən “Əmək pensiyaları haqqında” Qanunun qəbul edilməsi ilə pensiya təyinatında köklü dəyişikliklər edilmiş, bu zaman həmin qanuna daxil edilən Qanunun 9.8-ci maddəsi həmin tarixədək, yəni 01.01,2006-cı il tarixədək olan təminatların qorunub saxlanılması məqsədi daşımışdır. Başqa sözlə, “Əmək pensiyaları haqqında” Qanunun 9.8ci maddəsi məhz əvvəlki qanunla (“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun son redaksiyasına uyğun) qazanılmış hüququn saxlanılmasına təminat vermək məqsədi daşıyır, “Əmək pensiyaları haqqında” Qanunun qəbul edilməsindən 10 il əvvəl qüvvədə olmuş və qüvvəsini itirmiş xx.xx.1997-ci il tarixədək olan təminatların deyil, Qanuna 9.8-ci maddənin daxil edilməsi ilə qanunverici tərəfindən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri gözlənilmişdir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətlərinin iştirakçılarında öz davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsi və özlərinin rəsmi tanınmış hüquqi statusunun, əldə edilmiş hüquqlarının dəyişilməməzliyində əminlik yaratmaq məqsədi daşıyır. O da qeyd edilməlidir ki, bu yanaşmanın əksi həm “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin təsbit edilmə məqsədinə, həm də 2 nömrəli siyahı üzrə xx.xx.1997-ci ildən xx.xx.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya təyin edilən şəxslərin hüquqlarına zidd olmaqla, hüquq bərabərliyi prinsipinin pozulması deməkdir. Yəni, xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 50 yaşı tamam olan şəxslərlə, xx.xx.2006-cı ildən sonra 50 yaşı tamam olan şəxslər arasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatında fərqləndirmə aparılması legitim məqsədlərə xidmət etmək, istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsindən məhrumdur. Əlavə olaraq qeyd edirlər ki, xx.xx.2006-cı il tarixli “Əmək pensiyaları haqqında” Qanun qəbul edildikdən sonra həmin Qanunun 9.8-ci maddəsi əsasında pensiya təyinatı aparılarkən şəxsin “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun xx.xx.1997-ci il tarixədək 20 il ümumi, 10 il güzəştli iş stajını toplamasına istinad edib xx.xx.2006-cı il tarixdən sonrakı tarixlərdə 50 yaşın tamam olduğu vaxtdan pensiya təyinatnın aparılması Qanunun məqsədinə xidmət etməməklə yanaşı bərabərlik prinsipinə də, ziddir. Həmçinin, xx.xx.1997-ci il tarixədək 50 yaşı olmamış, xx.xx.2006-cı il tarixədək 50 yaşı tamam olmuşlara “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun xx.xx.1997-ci il tarixli dəyişikliklə tələb olunan 52 yaşdan pensiya təyin edildiyi halda, xx.xx.2006-cı il tarixdən sonra 50 yaşı tamam olmuşlara münasibətdə onların yalnız xx.xx.1997-ci il tarixədək 20 il ümumi və 10 il güzəştli iş stajı topladığına əsaslanaraq pensiyanın 50 yaşdan təyin edilməsinin izahı yoxdur. Qeyd edilən sonuncu kateqoriya şəxslərin digərlərindən hüquq üstünlüyün əldə etmələrinin zəruriliyi qanunvericiliyin tələbləri baxımından müəyyən olunmur. Azərbaycan Respulikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini formalaşdıran xx.xx.2024-cü il tarixli qərarının 36-cı bəndində qeyd olunur ki, “Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar”. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Halbuki qanunverici pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqil olsa da, bütün hallarda belə tənzimləmə bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Pensiya təminatı sahəsində ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun ağlabatan və qanuni əsaslar olmadan fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə fərqli qaydada tətbiq edilməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Fərqləndirmə yalnız o zaman yolverilən hesab edilə bilər ki, oniar obyektiv hallara əsaslansın, legitim məqsədlərə xidmət etsin və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olsun (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı). Başqa sözlə, məhkəmənin qənaətinə görə 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin xx.xx.1997-ci ilədək qüvvədə olan redaksiyasına əsasən məhz xx.xx.1997-ci ilədək 20 il ümumi, 10 il güzəştli iş stajı toplayıb və xx.xx.1997-ci ilədək 50 yaşı tamam olmuş şəxslərə, yəni hər üç şərtin eyni vaxtda xx.xx.1997-ci ilədək ödənildiyi halda 50 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddədə olan “yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə” ifadəsi bütövlükdə onu deməyə əsas verir ki, qazanılmış və ya təminat altına alınan pensiya hüququ tək stajın toplanması əsasında olan hüququn deyil, həm yaş, həm də staj əsasında yaranan hüququn təminatıdır.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür.
9. İş materiallarına iddiaçının peşə təhsili alması barədə diplomun surəti və əmək kitabçası əlavə edilmişdir.
10. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “Əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala dəvət haqqında” məktuba əsasən iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanununun (bundan sonra-Qanun) 9.1 -ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1 -ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1 -ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 aqvust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Buna görə də, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajını topladıqda, lakin 50 yaş həddinə dəyişiklikdən sonra çatdıqda onlara həmin yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş yaş həddinə (52 yaş) uyğun təyin edilməlidir. Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixindən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il tarixindən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanılmasına başlanılıb. Araşdırma zamanı, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. Eyni zamanda bildirilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, ona vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də, “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün 12 iyul 2024cü il tarixinədək Mərkəzi Filialın ünvan 4 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməsi xahiş olunmuşdur. Göstərilən müddət ərzində mülahizələrin təqdim edilməməsinin barəsində müvafiq inzibati aktın qəbul olunmasını istisna etmir.
11. Cavabdeh Filialın əməkdaşları tərəfindən tərtib edilmiş 12 iyul 2024-cü il tarixli akta əsasən iddiaçı Filiala dəvət olunmuş, onun barəsidnə inzibati aparılan inzibati icraatda iştirakı təmin edilmiş, maraqlı şəxs kimi mülahizələri dinlənilmişdir.
12. Cavabdeh tərəfindən məhkəməyə inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3- 17-1/3-3-13879/2024 nömrəli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanmaqla pensiya məbləği 1241 manat 24 qəpik müəyyən edilmişdir.
İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.
14. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
17. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
18. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2- ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
19. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.
20. İddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi ilə bağlı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etsə də, iddiaçı həmin qərarın mövcudluğundan məhkəmə icraatının gedişatında məlumatlı olmuş, bundan sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etməklə sözügedən qərarı mübahisələndirmiş, bununa da, prosessual müddətə riayət etmişdir.
21. Belə olan halda hazırki iddia mümkünlük şərtlərinə cavab verir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
23. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.
24. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-662/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2- 1(102)-895/2023 nömrəli, xx.xx.2023- cü il tarixli 2-1(102)-2068/2023 nömrəli, xx.xx.2024cü il tarixli 2-1(102)-465/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-470/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)- 1999/2024 nömrəli qərarları, xx.xx.2024-cü il tarixli 2- 1(102)-3428/2024 nömrəli qərardadı) iddiaçıya əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh pensiya ödənişini dayandırmağa və ya əmək pensiyasını yenidən hesablamağa haqlıdır. Lakin bu haqqından istifadə edərək pensiya ödənişinin dayandırılması və ya pensiyasının yenidən hesablanması barədə məsələni həll edən zaman, cavabdeh eyni zamanda həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması ilə bağlı normasının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2- ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
25. Həmçinin məhkəmə razılaşır ki, inzibati orqanın hazırkı davranışı etimad hüququnun qorunması prinsipinə də zidd olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
26. Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz iddiaçı etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyi və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı, qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı halda, cavabdeh tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin tutulması qanunsuzdur. Odur ki, iddiaçıdan asılı olmayan hallar nəticəsində cavabdehin səhv etməsi iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Kollegiya xüsusilə qeyd edir ki, cavabdeh etimad hüququna istinadı istisna edən “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinə istinad etməmiş, eləcə də məhkəmə araşdırmasının gedişində də sözügedən maddədə təsbit olunmuş hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir.
27. Bununla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-1157/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının 34-cü bəndində göstərilmişdir ki, “Lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140).
28. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-1999/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli; 2-1(102)- 1560/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli; 2-1(102)-1088/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli; 2-1(102)-768/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli; 2-1(102)- 895/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli; 2-1(102)-662/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli; 2-1(102)-549/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli; 2-1(102)- 539/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli; 2-1(102)-112/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarları; 2-1(102)-2890/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı) hüquqi mövqe məhz yuxarıda qeyd olunan məzmunda olmuşdur. 29.Beləliklə, hazırkı iş üzrə mübahisə hüququn tətbiqi ilə bağlı məsələyə, yəni onun pensiya hüququnun 50 yoxsa, 52 yaşdan yaranması ilə əlaqədar məsələyə aiddir. Məhkəmə nəzərə alır ki, sözügedən məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.
30. Belə ki, həm iddiaçıya pensiya təyinatının aparıldığı tarixdə, həm də ondan sonra uzun illər ərzində davam edən və hazırda da mövcud olan məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçı ilə bağlı faktiki hallar nəzərə alındıqda qanunvericiliyin tələblərinə görə ona məhz 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Təsadüfi deyildir ki, iddiaçıya münasibətdə də cavabdeh inzibati orqan xx.xx.2009-cu ildə, həmin dövrdə mövcud olmuş inzibati praktikasına uyğun olaraq 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmişdi. Uzun müddət çoxsaylı məhkəmə işləri üzrə də inzibati orqanın əleyhinə məhz bu mövqe rəhbər tutulmaqla qərarlar qəbul edilmişdir.
31. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı inzibati orqanın praktikasına etimadı mövcuddur və onun bu etimadı qanunla qorunur. İş üzrə “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində təsbit olunmuş etimad hüququnun qorunmasını istisna edən hallar da mövcud deyildir.
32. Nəhayət, cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində nəzərdə tutulmuş 1 (bir) illik müddət şərti ilə bağlı tələbi də pozmaqla 15 ildən sonra iddiaçıya münasibətdə özünün əlverişli inzibati aktını ləğv etmişdir. Halbuki, o, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edə bilərdi. 33.İş materiallarında iddiaçıya 50 yaşdan pensiya təyin edilməsinə dair inzibati aktın qanunsuzluğuna səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumatın olması müəyyən edilməmişdir. Cavabdehin dəlilləri yalnız əmək pensiyasının məbləğinin düzgün hesablanmamasından ibarətdir. Cavabdeh bu yanlış hesablanmanı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Hazırkı iş üzrə cavabdeh 1 (bir) illik müddət daxilində hərəkət etdiyinə dair hər hansı sübut təqdim etməmişdir.
34. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)- 3135/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli Qərarında “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminata dair aşağıdakı hüquqi mövqe ifadə olunmuşdur: “47.Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir.
48. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür.
49. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir.”
35. Beləliklə, mövcud məhkəmə təcrübəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. “Əmək pensiyasının yenidən hesablanması barədə” 04 sentyabr 2024-cü il tarixli qərar ləğv edilsin, iddiaçının əvvəlki pensiya məbləğinin bərpa edilməsi və ötən dövr üçün yaranmış pensiya məbləği fərqinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva