Məhkəmə qərarları › İş №2-1(112)-4522/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4522/2022

27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4522/2022 27.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə plan cizginin (sxemin) tərtib və təsdiq edilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayon XDS İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli 195 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ona, yəni İddiaçı ayrılmış 1200 kv.m torpaq sahəsinin eskiz layihəsinin tərtib və təsdiq edilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Abşeron rayon XDS İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli 195 nömrəli qərarına əsasən Maştağa tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə yaşayış evi tikdirmək üçün hər ailəyə 0,12 hektar hesabı ilə torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılmasını müəyyən etmək üçün Abşeron rayon Dövlət arxivinə müraciət olunmuş və cavab məktubunda həmin torpaq sahəsinin ayrılması birmənalı olaraq sübut olunmuşdur. İddiaçı torpaq sahəsinə çıxarış alınması üçün Azərbaycan Respublikası DƏDRX-nə müraciət etmişdir. Həmin orqan isə cavabında bildirmişdir ki, torpaq sahəsi üzərində hüquqlar torpaq sahəsinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Verilmiş cavabdan müəyyən olunur ki, həmin torpaq sahəsinin, yəni Abşeron XDS-nin qərarı və torpaq sahəsinin plan ölçüsünün olması zəruridir. Bundan sonra Abşeron RİH-nə müraciət olunmuş və Abşeron RİH-nin xx.xx.2019-cu il tarixli, 659 saylı cavab məktubu ilə izah olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanı ilə bütün mülkiyyət növləri üzrə torpaqların xəritəçəkmə fəaliyyəti ƏMDKnin səlahiyyətlərinə aid edilmişdir. Bundan sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunmuş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2751/2019 saylı qərarı ilə Abşeron rayon XDS İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli 195 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış 1200 kv.m torpaq sahəsinin eskiz layihəsinin tərtib və təsdiq edilməsi vəzifəsi Abşeron RİH-nə həvalə edilmişdir. Abşeron RİH-i həmin qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2020-ci il tarixli, 2-1(103)-380/2020 saylı qərardadı ilə Abşeron RİH-i tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunaraq 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2751/2019 saylı qərarı ləğv olunaraq iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Bundan sonra Sumqayıt İnzibati Məhkəməsində iş araşdırılaraq dövlət orqanlarına sorğular göndərilmiş və müvafiq qərardad qəbul edilmişdir. Belə ki, aidiyyət məsələsinin aydınlaşdırılması məqsədilə Sumqayıt İnzibati Məhkəməsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidmətinə məhkəmə sorğusu göndərilmiş və xx.xx.2021-ci il tarixli cavab məktubu ilə müəyyən edilmişdir ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli 195 nömrəli qərarına əsasən Maştağa tərəvəzçilik-südçülük sovxozunun ərazisində yerləşən 0,12 ha torpaq sahəsi Sabunçu rayonu inzibati ərazi vahidinin sərhədlərinin hüdudları daxilində yerləşir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(118)-192/2021 saylı qərarı ilə iddia mümkün sayılmamışdır və məhkəmə öz mövqeyini bununla əsaslandırmışdır ki, torpaq sahəsi faktiki olaraq Sabunçu rayon inzibati ərazi vahidinin sərhədlərinin hüdudları daxilində yerləşir və daşınmaz əmlakın üzərində hüquqların qeydiyyatı məqsədilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq DƏDRXnin vəzifələrindən biri kimi müəyyən edilmişdir. xx.xx.1991-ci ildə 195 saylı Abşeron rayon XDS-nin İcraiyyə Komitəsi tərəfindən sovxozda gözətçi işlədiyi üçün ona ev tikintisi məqsədilə 0.12 torpaq sahəsi ayrılmışdır. O, həmin torpaq sahəsini sənədləşdirmək üçün ərizə ilə bir çox dövlət (DƏDRX, Abşeron RİH, Arxiv İdarəsi) orqanlarına müraciət etsə də heç bir nəticə olmamışdır. Sonuncu dəfə xx.xx.2018-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin şəxsən sədrinə ünvanladığı məktuba cavab olaraq bildirmişlər ki, xx.xx.1991ci il tarixli 195 saylı qərar ilə ona ayrılmış torpaq sahəsinə aid ilkin torpaq ayırma sənədləri aşkar edilməmişdir. Lakin əlində olan Abşeron rayon dövlət arxivinin F-502, xx.xx.2016-cı il tarixli arxiv çıxarışından məlum olur ki, həmin sənədlər arxivdə F.16.S1.s.v 107 o sıra sayında mövcuddur. Sonradan Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etmiş və ona xx.xx.2019-cu il tarixli 659 saylı məktubda həmin səlahiyyətlərin Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə bütün mülkiyyət növləri üzrə torpaqların xəritəçekmə fəaliyyəti ƏMDK-nin səlahiyyətlərinə aid edilmişdir məzmunlu cavab vermişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1506/2019 saylı 21 may 2019-cu il tarixli qərardadında isə məhkəmənin mövqeyinə görə həmin səlahiyyətlər Abşeron RİH-nin səlahiyyətinə aiddir. Bundan sonra o, xx.xx.2018-ci il tarixdə yenə Sabunçu RİH-nə müraciət etmiş və onlar da ona xx.xx.2018-ci il tarixdə cavab məktubu ilə bildirmişlər ki, DƏDRX müvafiq sənədlər verməlidir. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən Abşeron XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 195 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ona verilmiş 1200 kv.metr torpaq sahəsinin hansı inzibati ərazi vahidi ərazisində (Abşeron rayonu və ya Sabunçu rayonu) yerləşməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı Layihə Tədqiqat İdarəsinə məhkəmə sorğusu göndərilmiş, idarə cavab olaraq X2 faktiki istifadəsində olan 0,08 ha torpaq sahəsinin Sabunçu rayonu inzibati ərazi vahidinin sərhədlərinin hüdudları daxilində yerləşdiyini bildirmişdir. Həmçinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerqurluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 04 avqust 1999-cu il tarixli 176 saylı Fərmanına əsasən yuxarıda qeyd olunan Məcəllənin 65-ci maddəsində müvafiq icra hakimiyyəti orqanı dedikdə Torpaq və Xəritəçəkmə Komitəsi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə Azərbyacan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildikdən sonra keçmiş Komitənin səlahiyyətləri Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Torpaq sahəsinin bölgü sxeminin rayon İcra Hakimiyyətləri tərəfindən təsdiq olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu və 3.0.31-ci bəndlərində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Xidmətin vəzifələrindən biri kimi müəyyən edilmişdir. Bu məhkəmə qərarından sonra təkrar olaraq DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuş və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********96 saylı məktubunda iradlar bildirmişdir. Bundan sonra yenə də təkrar olaraq xx.xx.2021-ci il tarixdə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə göstərilən iradları aradan qaldırdıqdan sonra müraciət etmiş və bu dəfə də formal və əsassız olaraq xx.xx.2021-ci il tarixli **********3 nömrəli imtina cavabı verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı yerləşmə cizgisinin tərtib edilməsi üçün İdarəyə müraciət etmiş və araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi və razılaşdırılması idarənin səlahiyyətləri xaricindədir. Bu barədə vətəndaşa **********42 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əsasnaməsinin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifələrinə aid edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, kommersiya mübahisələri üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin mümkün sayılmaması xahiş edilir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək İddiaçı ayrılmış 1200 kv.m torpaq sahəsinin plan cizgi (sxem) layihəsinin tərtib və təsdiq edilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qəraraddı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1973-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Abşeron rayon X5 İcraiyyə Komitəsinin 28 avqust 1989-cu il tarixli 175 nömrəli qərarında göstərilmişdir ki, Maştağa tərəvəzçilik-südçülük sovxozundan hər ailəyə 0.12 hektar hesabı ilə 60 ailəyə 7.2 hektar həyətyanı torpaq fondu, 1.8 hektar küçə və yollar üçün, cəmi 9.0 hektar yuxarıdakı məqsəd üçün sovxozun dincə buraxılmış torpaq sahəsindən sahə ayrılması haqqında toplanmış sənədlərin təsdiq edilməsi, torpaq sahəsinin Maştağa qəsəbəsində Lenin rayonunda pasport qeydiyyatında olan sovxozda işləyən vətəndaşlara verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2016-ci il tarixli F-502 nömrəli arxiv çıxarışına əsasən Maştağa tərəvəzçilik-südçülük sovxozundan aşağıdakı şəxslərə hər birinə 0.12 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması haqqında Maştağa tərəvəzçilik-südçülük sovxozunun, həmkarlar komitəsinin və əmək kollektivi şurasının 10 sentyabr 1991-cı il tarixli 6 nömrəli birgə qərarı və həmin sovxozun 12 sentyabr 1991-ci il tarixli 66 nömrəli əmri nəzərə alınmışdır. ...29. X3 - gözətçi. Həmin şəxsə verilmiş torpaq sahəsində fərdi yaşayış evləri tikintisinə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa tərəvəzçilik-südçülük sovxozunda yerləşən torpaq sahəsinin yerləşmə sxeminin hazırlanması ilə bağlı ərizəyə xx.xx.2020-ci il tarixli, **********42 nömrəli cavab məktubunda bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi və razılaşdırılması İdarənin səlahiyyətləri xaricindədir. İş materiallarına əlavə edilmiş İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsində İddiaçı Abşeron rayon XDS İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli 195 nömrəli qərarına əsasən Maştağa tərəvəzçilik-südçülük sovxozunun ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin çıxarışının alınmasına və həmin torpaq sahəsinin ilkin cizginin və mərzçəkmə işinin həyata keçirilməsinə köməklik edilməsini xahiş etmişdir. Ərizə poçt xidməti vasitəsilə xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinin ünvanına göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktubunda bildirilmişdir ki, qeyd olunan müraciətinizə **********96 nömrəli xx.xx.2021-ci il tarixli məktubla cavab verilmişdir və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan publik hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçıya Abşeron rayon X6 İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli 195 nömrəli qərarından çıxarışa əsasən fərdi yaşayış evinin tikintisi üçün 0.12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Hazırkı iddiasında iddiaçı həmin qərarla ayrılmış torpaq sahəsinin plan cizgisinin tərtib edilərək verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını mübahisələndirir. Başqa sözlə, iddiaçı faktiki olaraq torpaqayırma barədə hüquqmüəyyənedici sənədə malik olsa da torpaq sahəsinin yerində yerləşməsini təsdiq edən sənədi mövcud deyildir. İddiaçı məhz həmin sənədin tərtib edilərək verilməsini cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi üzrə cavabdeh qismində qoyulmuş inzibati orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin cavabdehliyi yaranmamışdır. Belə ki, Abşeron rayon X5 İcraiyyə Komitəsinin 28 avqust 1989-cu il tarixli 175 nömrəli qərarı əsasında Maştağa tərəvəzçilik-südçülük sovxozuna ayrılmış torpaq sahələrindən iddiaçıya xx.xx.1991-ci il tarixli qərarla torpaq sahəsi ayrılan zaman qüvvədə olmuş Azərbaycan SSR-nin xx.xx.1971-ci il tarixdə qüvvəyə minmiş və xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikasının Torpaq Məcəlləsi qəbul edilənədək qüvvədə olmuş Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da müvafiq X6 icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Həmin Məcəllənin 20-ci maddəsinin 2-ci abzasına görə rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə, həmin sahədən istifadəyə başlamaq qadağandır. Qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını isə bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayrıma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 2.0-ci bəndinə görə DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; 2.0.3. dövlət kadastrının və dövlət torpaq kadastrının tərtib edilməsini və aparılmasını həyata keçirmək; 2.0.4. ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək; 2.0.5. yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini həyata keçirmək; 2.0.6. torpaqların monitorinqi və torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək; 2.0.7. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin və bələdiyyələrin sərhədlərinin müəyyən edilməsi işlərini yerinə yetirmək və xəritələrini hazırlamaq; 2.0.8. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək. Nizamnamənin (.....) 3.1.2-ci bəndinə görə dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16-cı bəndinə görə daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq (.......) DƏDKR-nin vəzifələrinə aid edilmişdir. Beləliklə, müəyyən olunur ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətləri arasında, fəaliyyət istiqamətlərində fərdi şəkildə torpaq sahasinin naturada sərhədlərinin yerində müəyyən edilməsi, buna dair cizgisinin tərtib və təsdiq edilməsi nəzərdə tutulmamışdır. Cavabdeh orqan torpaq sahəsinin planı və ölçüsünü tərtib etməkdə səlahiyyətlidir ki, bu səlahiyyəti inzibati orqan yuxarıda qeyd edildiyi kimi torpaqayıran qurum tərəfindən verilmiş hüquqmüəyyənedici sənədlər - torpaqayırma barədə inzibati akt və onun tərkib hissəsi olan torpaq sahəsinin yerləşdiyi yeri göstərən cizgi (sxem) əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat zamanı həyata keçirir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı halda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi hazırkı məzmunda iddia tələbinə cavab verməli orqan deyil, bu əsasdan iddia tələbi mümkün hesab edilə bilməz. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının eyni tələblə (hüquqi maraqla) bağlı iddiası əvvəllər də məhkəmə icraatının predmeti olmuşdur. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4674/2021 nömrəli, 27 may 2021-ci tarixli qərardadı ilə İddiaçı adına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin plan sxeminin çəkilməsinin və təsdiqlənməsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə olunması barədə iddia tələbi mümkün sayılmamışdır. Həmin iş üzrə cavabdeh orqanla hazırkı iddia üzrə cavabdeh eyni olmasa da, lakin iddiaçının həmin iddiadakı hüquqi marağı hazırkı iddiadakı hüquqi maraqla eyni olmuş, işə baxan məhkəmə yuxarıda qeyd edilən eyni hüquqi hallara istinad edilərək iddia tələbnin ona cavab verməli olan inzibati orqana qarşı yönəldilməməsi əsası ilə iddianı mümkün saymamışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir (8.3-cü bənd). Göründüyü kimi iddiaçının eyni hüquqi marağı ilə bağlı iddiası inzibati məhkəmədə baxılaraq mümkün sayılmamışdır. İddiaçının eyni əsaslarla qaldırdığı hazırkı tələbi yenidən mümkünlük şərtlərinə cavab vermir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə plan cizginin (sxemin) tərtib və təsdiq edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar