Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4522/2024 03.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “hərbi xidmətə yararlı kimi uçota götürülmə və s.” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “hərbi xidmətə yararlı kimi uçota götürülmə və s.” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hərbi xidmətə yararsız olması barədə qərarın ləğv edilməsi, hərbi xidmətə yararlı kimi uçota götürülməsi və yeni hərbi biletin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2000-ci ildə iddiaçıya ümumi xəstəliyə görə 3-cü dərəcəli əlilik təyin edilmiş, xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Hərbi Komissarlığı tərəfindən ona hərbi bilet verilmiş və həmin Hərbi Komissarlığın nəzdindəki hərbi həkim komissiyası tərəfindən onun barəsində hərbi xidmətə yararsız qərarı verilmişdir. Hərbi biletin 28-ci səhifəsində AR Müdafiə Nazirinin xx.xx.2000-ci il tarixli, 95 saylı əmrinə əsasən 21a maddəsi ilə hərbi uçotdan silinməyi qeyd edilmişdir. 2022-ci ildə AR ƏƏSMN-nin tabeliyində Tibbi Sosial Ekspertiza Komissiyasına müraciət olunmuş və müvafiq tibbi müayinədən keçdikdən sonra xx.xx.2022-ci il tarixdə tamamilə reabilitasiya olunmağı barədə qərar qəbul edilmişdir. Bundan sonra, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon İdarəsinə hərbi uçota alınmağı barədə ərizə ilə müraciət olunmuş, lakin, 3-43-7012-889/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubla ona imtina edilmişdir. İddiaçı hesab edir ki, imtina əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
3. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək iddiada qərarın – xx.xx.2007-ci il tarixli qərarın ləğvi kimi oxunmasını xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4522/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı iddia tələbi “xx.xx.2007-ci il tarixli qərarın ləğvi edilməsi” hissəsində mümkün sayılmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmuşdur.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. xx.xx.2007-ci il tarixdə tərtib olunmuş tibbi şəhadətləndirmə vərəqindən görünür ki, iddiaçı şəhadətləndirilmiş və o, hərbi xidmətə yararsız kateqoriyasına aid edilmişdir.
9. AO № ******* nömrəli hərbi biletdən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı xx.xx.2007-ci ildə Bakı şəhər Sabunçu RHK hərbi həkim komissiyası tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 21a maddəsinə (Azərbaycan Respublikası M.N xx.xx.2000-ci il tarixli, 95№-li əmri) əsasən h/x yararsız hesab olunmuşdur.
10. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Hərbi Komissarlığı nəznindəki hərbi həkim komissiyası tərəfindən iddiaçı barəsində hərbi xidmətə yararsız qərarı verilmişdir (AR MN-nin 24 mart 2000-ci il tarixli 95 nömrəli əmrinə əsasən 21a maddəsi ilə hərbi uçotdan silinməklə). Təkrar müayinə və hərbi uçotun bərpası ilə əlaqədar məhkəmə orqanlarına müraciət olunması tövsiyyə edilmişdir.
11. Cavabdeh tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı, keçmiş Sabunçu rayon hərbi komissarlığının hərbi-həkim komissiyasının 01,07.2007-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin Xəstəliklər cədvəlinin İ qrafasının 21a maddəsi ilə hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilərək istefaya keçirilmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununda həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”sində sağlamlıq vəziyyətinə görə hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilərək istefaya keçirilmiş vətəndaşların təkrar tibbi şəhadətləndirilməyə cəlb edilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən vətəndaş İddiaçı barədə rayon çağırış komissiyasında qəbul edilmiş qərarın ləğv edilməsi və ona yeni hərbi biletin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir.
12. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə vətəndaş əlillik dərəcəsinin ləğv edilməsi ilə əlaqədar müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə zamanı təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
14. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
17. Məcburetmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
18. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir.
19. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun: - 1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. - 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. - 2.0.8. çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları. - 2.0.12. hərbi qeydiyyata götürülməli olmayanlar - Azərbaycan Respublikasının vətəndaşlığı olmayan şəxslər, sağlamlıq vəziyyətinə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş, törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, ehtiyatda olmağın son yaş həddinə çatmış vətəndaşlar və qadın vətəndaşlar (hərbi-uçot ixtisasına malik olan, öz razılığı ilə hərbi qeydiyyata götürülən qadınlardan başqa).
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin: - 6.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların şəhadətləndirilməsinin təşkili Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrə həvalə olunur. - 6.3. Hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər. Səbəbindən və vaxtından asılı olmayaraq, hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən, orqanlarda xidmətdən buraxılarkən şəhadətləndirilmə keçməmiş və ya buraxılma anında hərbi həkim komissiyasının onlar barəsində çıxardığı qərarla razılaşmayan vətəndaşlar, hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxılma anı üçün hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyasının təyin edilməsi məqsədi ilə hərbi-həkim komissiyaları tərəfindən şəhadətləndirilirlər. - 8.4. Bir orqanın və ya orqanlar sisteminin xəstəliyi digər orqanın və ya orqanlar sisteminin funksiyasının pozulmasına gətirib çıxardığı hallarda, hərbi xidmətə yararlılıq haqqında ekspert rəyi “Xəstəliklər cədvəli”nin müvafiq maddələrinə əsasən çıxarılır. Vətəndaşların tibbi müayinəsi zamanı “Xəstəliklər cədvəli”ndə nəzərdə tutulmuş müayinə metodlarından başqa, daha yeni və informativ metodlardan istifadə olunmasına icazə verilir. “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli” (3 nömrəli cədvəl) hərbi xidmətə yararlı olan vətəndaşlara tətbiq edilir.
21. Məhkəmə ilk növbədə qeyd edir ki, dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. Başqa sözlə desək hərbi xidmət vətəndaşın ölkəsinin müdafiəsi üçün silahlı qüvvələrdə xidmət etməsi deməkdir. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə görə ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları çağırışçılar hesab olunurlar ki, bu yaş aralığında olan şəxslər üçün məcburi hərbi xidmət nəzərdə tutulur.
22. Lakin məcburi hərbi xidmət üçün şəxslər ilk növbədə şəhadətləndirilər və əgər onların sağlamlığı yararlılıq meyarlarına cavab verirsə onların hərbi xidmətə göndərilməsi məsələsi həll olunur. Əgər şəxs hərbi xidmətə yararsız hesab edilsə belə qanunvericilik həmin şəxslərə münasibətdə də təkrar şəhadətləndirməsi hüququ verir ki, bu zaman onda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdiyi və ya tam sağlam hesab edildiyi müəyyən olunmalıdır. Lakin bu halda belə şəxsin son yaş həddinə çatıb-çatmaması nəzərə alınmalıdır.
23. Qanunun normalarından da görünür ki, Azərbaycan Respublikasının vətəndaşlığı olmayan şəxslər, sağlamlıq vəziyyətinə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş, törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, ehtiyatda olmağın son yaş həddinə çatmış vətəndaşlar və qadın vətəndaşlar (hərbi-uçot ixtisasına malik olan, öz razılığı ilə hərbi qeydiyyata götürülən qadınlardan başqa) hərbi qeydiyyata götürülməli olmayanlar hesab olunurlar.
24. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçının hazırki tələb ilə nail olmaq istədiyi nəticə hərbi xidmətə yararlı kimi uçota götürülməsi və yeni hərbi biletin verilməsi il bağlıdır. Doğrudur ki, iddiaçının hərbi xidmətə yararsız olması onda ilkin şəhadətləndirmə zamanı aşkar olunan xəstəliklə ilə bağlı olmuş, hazırda isə iddiaçının həmin xəstəlikdən əziyyət çəkməməsi və tam reabilitasiya olması müəyyən olunur.
25. Lakin bu hal Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməsinin 6.3-cü bəndinin tələbləri baxımından iddiaçının vəziyyətini onun xeyrinə dəyişmir.
26. Çünki, ilk növbədə ona görə ki, iddiaçı ilkin şəhadətləndirmə zamanı hərbi xidmətə yararsız hesab olunmuş və hərbi uçotdan çıxarılmışdır. Nəzərə alınmalıdır ki, göstərilən həmin maddə məhz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların şəhadətləndirilməsi ilə bağlı olmuşdur. Diqqətəlayiq məqam odur ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 20.2-ci maddəsinə görə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər.
27. Göründüyü kimi həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilən şəxslər ehtiyata buraxılmır, ümumiyyətlə hərbi qeydiyyatdan çıxarılırlar.
28. Bu isə faktiki olaraq iddiaçının həmin maddənin təsiri altına düşmədiyinə dəlalət edir. Digər tərəfdən hətta iddiaçı həmin maddənin təsiri altına düşsə belə onun yaş həddi ilə bağlı müddətidə tamamlanmışdır.
29. İddiaçı xx.xx.1988-ci il təvəllüdlüdür və onun hazırki yaşı 36-dır. Yəni, göründüyü kimi iddiaçının çağırışçı (yararlı) hesab olunaraq hərbi xidmətə uçota götürülməsi üçün o, son yaş həddini tamamlamış və hərbi qeydiyyata götürülməli olmayan şəxs hesab edilmişdir.
30. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdeh yuxarıda göstərilən bütün hallara məcmu şəkildə qiymət vermiş və əsaslı olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva