Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4524/2022 17.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 1974-1979-cu illər ərzində Ağcabədi rayonunda “Tacikistan” Kolxozunda işlədiyi müddəti də nəzərə almaq şərtilə, 50 yaşından, yəni 2008-ci ilin yanvar ayının 2-dən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, 2008-ci ildən hazırki vaxta qədər yığılan pensiya məbləği fərqinin birdəfəyə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 50 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən yaranmış pensiya məbləği fərqinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 izahatında bildirdi ki, iddiaçıya 2010-cu ilin yanvar ayından güzəştli şərtlərlə, 52 yaşdan yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ verən tam stajı 1997-ci ilə qədər qazandığı üçün iddiaçıya əmək pensiyası yaşa və staja görə həmin vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 50 yaşından təyin edilməli idi. İddiaçının 50 yaşı 2008-ci il yanvarın 2-də tamam olub. İddiaçı bununla əlaqədar cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdehin 03 noyabr 2021-ci il tarixli cavab məktubunda bildirilir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin a) bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 nömrəİi siyahı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir». Cavabdeh qanunda olan dəyişikliyi sadalasa da, həmin qanunu iddiaçının pensiya mübahisəsinə düzgün tətbiq etməmiş və nəticədə iddiaçının pensiya hüququ məhdudlaşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin məzmununa görə iddiaçının əmək pensiyası almaq hüququ 2006-cı ilədək yaranıbsa, iddiaçının pensiya mübahisəsinin həllinə 2006-cı ilədək qüvvədə olan qanun tətbiq edilməlidir. Həmin qanunun tələbinə görə 1 nömrəli güzəştli siyahı üzrə çalışan işçilərə 50 yaşından əmək pensiyası təyin edilirdi. 1997-ci ilin avqustun 1-dən etibarən yaş həddi hər il altı ay artmağa başladı. Həmin vaxta qədər isə, yəni 1 avqust 1997-ci il tarixinədək iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən ümumi və güzəştli iş stajı tamam olduğu üçün iddiaçıya pensiya həmin vaxt qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş yaş həddində müəyyən edilməli idi. Belə ki, iddiaçı 1974-cü ildən 1979-cu ilədək Ağcabədi rayonunda “Tacikistan” kolxozunda işləmişdir və bu faktı təsdiq edən arxiv arayışı vardır. 1979-cu ildən hazırki vaxta kimi isə iddiaçı “Bakıtuneltikinti” müəssisəsində çalışır. İddiaçının 1 nömrəli güzəştli siyahı üzrə iş stajı 1997-ci ilədək 10 ildən artıq, ümumi iş stajı isə 20 ildən artıq olmuşdur. Cavabdeh isə bu halları nəzərə almamış və nəticədə iddiaçının pensiya hüququ məhdudlaşdırılmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, iddiaçıya xx.xx.2010-cu il tarixdə, yəni 52 yaşında “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndinə müvafiq qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçı bununla razılaşmayaraq ona əmək pensiyasının 50 yaşdan təyin edilməli olduğunu iddia edir. İddia tamamilə əsassızdır və təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci madəəsində qeyd edilmişdir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü madddəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər müəyyən edilmişdir. Həmin maddənin a) bəndinin məzmunu aşağıdakı kimi müəyyən edilmişdir: yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il 321 nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı” haqqında Qanununa edilmiş dəyişikliyə əsasən kişilər üçün güzəştli şərtlərlə əmək pensiyası təminatına imkan verən 50 yaş 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Belə ki, 2000-ci il avqustun 1-dən sözügedən yaş həddi 52 müəyyən olunmuşdur. İddiaçının xx.xx.1997-ci il tarixə 10 il güzəştli iş stajı mövcud olmadığından onun 50 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsinə hüququ yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 1 noyabr 2021-ci il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə və 17-ci maddəsinin birinci və beşinci abzaslarına əsasən, həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Qanununun 1-ci bəndinin tələbləri nəzərə alınmaqla Sizə 2 yanvar 2010-cu il tarixindən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13cü maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Sizə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 50 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ağcabədi Rayonu İcra Hakimiyyəti Başçısı Aparatı yanında Ağcabədi Rayon Dövlət Arxivinin iddiaçıya ünvanlanmış xx.xx.2013-cü il tarixli, 622 saylı arxiv arayışından görünür ki, arxivdə saxlanılan Tacikistan kolxozunun arayış xarakterli arxiv sənədləri yoxlanıldı. Məlum oldu ki, İddiaçı həmin kolxozda işləməsi və əmək haqqı barədə qeydiyyatı var: 1974-cü il üzrə norma adam günü – 240; adam günü 243; əmək haqqı – 2370; 1975-ci il üzrə norma adam günü – 240; adam günü 130; əmək haqqı – 654; 1976-cı il üzrə norma adam günü – 240; adam günü 76; əmək haqqı – 165; 1979-cu il üzrə norma adam günü – 240; adam günü 224; əmək haqqı – 1201. Əsas fond №47, siyahı №2. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Ağcabədi Rayonu İcra Hakimiyyəti Ağcabədi Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 19 saylı məktubdan görünür ki, İddiaçı 1974-1979-cu il dövr ərzində Ağcabədi rayon sabiq Tacikistan kolxozunda işləməsi və əmək haqqı alması barədə aşağıdakı kimi qeydiyyat var: 1974-cü il üzrə minimum adam günü – 240; faktiki adam günü 331; əmək haqqı – 2015; 1975-ci il üzrə minimum adam günü – 240; faktiki adam günü 123; əmək haqqı – 614; 1976-cı il üzrə minimum adam günü – 240; faktiki adam günü 276; əmək haqqı – 1650; 1977-ci il üzrə minimum adam günü – 240; faktiki adam günü 61; əmək haqqı – 454; 1978-ci il üzrə minimum adam günü – 240; faktiki adam günü 184; əmək haqqı – 678; 1979-cu il üzrə minimum adam günü – 240; faktiki adam günü 184; əmək haqqı – 544. İş materiallarında olan Azərbaycan Respublikasının "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, A-187 saylı arayışında qeyd edilir: xx.xx.1958-ci il təvəllüdlü İddiaçı həqiqətən “Bakıtuneltikinti” İdarəsinin 7 nömrəli Tunel dəstəsinə xx.xx.1979-cu il tarixindən 2-ci dərəcəli yardımçı nəqliyyat fəhləsi peşəsinə qəbul edilmiş, xx.xx.1983-cü il tarixindən yeraltı iş şəraiti üzrə 4-cü dərəcəli yeraltı dağ-keçid mexanizmlərinin çilingər montajçı, xx.xx.1988-ci il tarixindən yeraltı iş şəraiti üzrə dağ-mədən mühəndisi, xx.xx.2008-ci il tarixindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis işləmişdir. Halhazırda Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsində 10-cu dərəcəli əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsində çalışır. İddiaçı ağır və yeraltı iş şəraitində çalışdığı peşə və vəzifələr üzrə əmək stajı 20 il 07 ay 28 gün (iyirmi il yeddi ay iyirmi səkkiz gün) təşkil edir. Onun çalışdığı yeraltı dağ-keçid mexanizmlərinin çilingər montajçı peşəsi və dağ-mədən mühəndisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın 1-ci Dağ-mədən işləri bölməsinin 1.1-ci Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması hissəsinin 1.1.1-ci Faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər maddəsinin a) yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələr və b) yeraltı sahələrin rəhbərləri və mütəxəssisləri bəndləri ilə tənzimlənir ki, bu da qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 10100000 İ. Dağ-mədən işləri bölməsinin 1. Faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər hissəsinin müvafiq olaraq 1010100a a) yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələr və 1010100b b) yeraltı sahələrin rəhbərləri və mütəxəssisləri kodlarına aiddir. Azərbaycan Respublikası Prezidentinin 851 saylı, xx.xx.1998-ci il tarixli Sərəncamına əsasən “Bakıtuneltikinti” İdarəsi “Azərtunelmetrotikinti" SC adlandırılmışdır. 7 nömrəli Tunel Dəstəsinin adı dəyişdirilərək 2 nömrəli Tunel Tikinti İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. İş materiallarında olan İddiaçı məxsus pensiya işində olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının tərcümə edilmiş və təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə Baktunnelstroy №7 saylı Tunnel dəstəsi TTŞ-də 2-ci dərəcəli nəqliyyat-köməkçi fəhlə kimi işə qəbul edilmiş, xx.xx.1983-cü ildə yeraltı keçid mexanizmlərinin 4-cü dərəcəli çilingərmontajçı keçirilmiş, xx.xx.1987-ci ildə yeni tarif şərtlərinin tətbiq edilməsi ilə bağlı (VTKS, 4.1986-cı il) ixtisası müəyyən edilib – 3-cü dərəcəli yeraltı dağ keçid avadanlığının çilingərmontajçı keçirilmiş, xx.xx.1988-ci ildə yeraltı yollarının ƏM və TT dağ mühəndisi vəzifəsinə keçirilmiş, xx.xx.1992-ci ildə xx.xx.1992-ci il tarixli, 7 nömrəli əmrə əsasən TMS Az.PO Baktunnelstroy adı Aztunelmetrostroy UTS-2 adı ilə əvəz edilmiş, xx.xx.1994-cü ildə maaşı saxlanmaq şərti ilə öz hesabına məzuniyyətə buraxılmış, xx.xx.1997-ci ildə məzuniyyətdən ƏM və TT geri qaytarılmış, Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1998-ci il tarixli, 851 saylı Sərəncamı il “Azərtunelmetrotikinti” SC-nin 2 nömrəli Tunel Tikinti İdarəsi adlandırılmışdır, xx.xx.2006-cı ildə yerüstü iş şəraitində dağ-mədən mühəndisi vəzifəsinə keçirilmiş, xx.xx.2008-ci ildə Əməyin mühafizəsi və təhlükəsizlik texnikası mühəndisi (10-cu tarif dərəcəsi) keçirilmiş, xx.xx.2010-cu ildə ƏM və TT üzrə mühəndis 11-ci tarif dərəcəli (İMM şöbəsi), xx.xx.2014-cü ildə işdən azad edilmiş, xx.xx.2014-cü ildə "xxxx" QSC-nin TD-nin 2 saylı Tunel Tikinti Dəstəsinə əmək müqaviləsinə əsasən (11-ci tarif dərəcəsi) ƏM və TT mühəndisi qəbul edilmiş, xx.xx.2016cı ildə Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinə 11-ci dərəcəli əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsinə keçirilmiş və halhazırda işləyir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur. İddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, iddiaçı 1974-1979-cu il dövr ərzində Ağcabədi rayon Tacikistan kolxozunda işləmişdir (1974-cü il üzrə minimum adam günü – 240; faktiki adam günü 331; 1975-ci il üzrə minimum adam günü – 240; faktiki adam günü 123; 1976-cı il üzrə minimum adam günü – 240; faktiki adam günü 276; 1977ci il üzrə minimum adam günü – 240; faktiki adam günü 61; 1978-ci il üzrə minimum adam günü – 240; faktiki adam günü 184; 1979-cu il üzrə minimum adam günü – 240; faktiki adam günü 184 – cəmi 4 il 3 ay). Həmçinin iddiaçı xx.xx.1979-cu ildə Baktunnelstroy №7 saylı Tunel dəstəsi TTŞ-də 2-ci dərəcəli nəqliyyat-köməkçi fəhlə kimi işə qəbul edilmiş, xx.xx.1983-cü ildə yeraltı keçid mexanizmlərinin 4-cü dərəcəli çilingər-montajçı keçirilmiş, xx.xx.1987-ci ildə yeni tarif şərtlərinin tətbiq edilməsi ilə bağlı (VTKS, 4.1986-cı il) ixtisası müəyyən edilib – 3-cü dərəcəli yeraltı dağ keçid avadanlığının çilingər-montajçı keçirilmiş, xx.xx.1988-ci ildə yeraltı yollarının ƏM və TT dağ mühəndisi vəzifəsinə keçirilmiş, xx.xx.2006-cı ildə yerüstü iş şəraitində dağ-mədən mühəndisi vəzifəsinə keçirilmiş, xx.xx.2008-ci ildə Əməyin mühafizəsi və təhlükəsizlik texnikası mühəndisi (10-cu tarif dərəcəsi) keçirilmiş, xx.xx.2010-cu ildə ƏM və TT üzrə mühəndis 11-ci tarif dərəcəli (İMM şöbəsi), xx.xx.2014-cü ildə işdən azad edilmiş, xx.xx.2014-cü ildə "xxxx" QSC-nin TD-nin 2 saylı Tunel Tikinti Dəstəsinə əmək müqaviləsinə əsasən (11-ci tarif dərəcəsi) ƏM və TT mühəndisi qəbul edilmiş, xx.xx.2016-cı ildə Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinə 11-ci dərəcəli əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsinə keçirilmiş və hal-hazırda işləyir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajının müəyyən edildiyi sənədlərdən biri də arxiv müəssisələri tərəfindən verilən sənədlərdir. Öz növbəsində nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan müddətlər də iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. İddiaçıya xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. İddiaçının Ağcabədi rayon Tacikistan kolxozunda işlədiyi dövr də daxil olmaqla xx.xx.1997-ci il tarixədək iddiaçı 21 il 11 ay 19 gün ümumi sığorta stajına malikdir. Göründüyü kimi, xx.xx.1997-ci il tarixədək iddiaçının ümumi sığorta stajı 20 ildən artıqdır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi yeraltı dağ-keçid mexanizmlərinin çilingər montajçı peşəsi və dağ-mədən mühəndisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: İ bölmə - Dağ-mədən işləri, bənd 1 - Faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər, a) yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələr – kod 1010100a, b) yeraltı sahələrin rəhbərləri və mütəxəssisləri – kod 1010100b. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.1997-ci ilədək iddiaçının güzəştli iş stajı 10 ildən çoxdur (cəmi 14 il 04 ay). İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. İddiaçının təqdim etdiyi iş yerindən arayışda da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan dövr güzəştli şərtlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Beləliklə, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş yaş həddinin (50 yaş) dəyişdirildiyi tarixədək - xx.xx.1997-ci il tarixinədək iddiaçı 20 ildən artıq ümumi əmək stajına və onun 10 ildən artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən staja malikdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıya 50 yaşdan, yəni xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli və həmin tarixdən yaranmış pensiya məbləği fərqi hesablanaraq ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 50 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən yaranmış pensiya məbləği fərqinin hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-4524/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4524/2022
17.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver