Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4525/2021 21.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə qarşı (icra məmuru Şəhriyar Şirinov) “məcburi icra tədbirlərinin həyata keçirilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə qarşı (icra məmuru Şəhriyar Şirinov) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbkar olduğu icra sənədi üzrə tələbin borclunun əmlakına yönəldilməsinə dair məcburi icra tədbirlərinin həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1 saylı Baki İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-220/2018 saylı, 10.05.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh “xxxx” MMC-dən 686.968,47 manat pul vəsaiti (borc) və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir. Binəqədi Rayon İcra və Probasiya şöbəsi tərəfindən sözügedən icra işi ilə əlaqədar tələbkara heç bir məlumat verilməmiş və icra işləri ilə tanış olmaq üçün heç cür şərait yaradılmamışdır. Dəfələrlə etdikləri müraciət və şikayətlərdən sonra nəhayət icra işlərinin materialları ilə tanış ola bilmişlər. Tanış olarkən məlum olmuşdur ki, həmin icra işi üzrə Azərbaycan Respublikasının “İcra haqqında” Qanununda nəzərdə tutulan heç bir zəruri icra tədbirləri həyata keçirilməmişdir. İcra məmuru yalnız 10.10.2019-cu il tarixində tələbin könüllü icrası üçün borcluya 10 gün vaxt təyin etməklə kifayətlənmişdir. İcra məmuru tərəfindən bu günədək heç bir məcburi icra tədbiri həyata keçirilməmişdir. İcra məmuru işinə tam səhlənkar yanaşaraq hərəkətsizlik etmişdir. Eyni zamanda Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən onlara rəsmi olaraq bildirilmişdir ki, sözügedən icra işi ilə bağlı bir neçə tələbkar mövcuddur və icra sənədinin icrası zamanı tələbin növbəliliyi qaydasına uyğun olaraq icra tədbirləri davam etdiriləcəkdir. MMC tərəfindən DİN Baş Dövlət Yol Polis İdarəsinə, Kənd Təsərrüfatı Nazirliyinə sorğu verilərək, borclu “xxxx” MMC-nin mülkiyyətində və istifadəsində olan bütün növ avtonəqliyyat barəsində məlumat verilməsi xahiş olunmuşdur. BDYPİ Qeydiyyat-imtahan İdarəsi tərəfindən müraciətlərinə verilən cavabda “xxxx” MMC-nin adında qeydiyyatdan keçən 412 nəqliyyat vasitəsinin mövcud olması qeyd olunmuşdur. KTN yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən isə verilən cavabda “xxxx” MMC-nin adında 119 ədəd müxtəlif növ texnikanın qeydiyyata alındığı bildirilmişdir. Bu və ya digər halların aşkara çıxarılaraq, icra sənədinin icrası ilə bağlı müvafiq tədbirlərin görülməsi icra məmurunun bilavasitə vəzifəsidir. Lakin icra məmuru vəzifə səlahiyyətini yerinə yetirməyərək, səhlənkarlıq etmiş, faktiki olaraq icraatı dayandırmış, aparmalı olduğu heç bir icra hərəkətləri həyata keçirmədən, müvafiq qərarlar qəbul etmədən hərəkətsizliyə yol vermiş və həmin hərəkətsizliyi davam etdirməkdədir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17-ci bənd). İş materiallarına əlavə edilmiş sənədlərdən və ərizədən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-220/2018 saylı, 10.05.2018-ci il tarixli qətnaməsinə əsasən (kommersiya mübahisələri) verilmiş icra sənədinin icrası ilə əlaqədar tələbin borclunun əmlakına yönəldilməsinə dair məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə əlaqədar icra sənədinin icrasına nəzarəti həyata keçirən məhkəməyə (Bakı Kommersiya Məhkəməsinə) şikayət ərizəsi ilə müraciət etməlidir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10.10.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Belə ki, “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-4525/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4525/2021
21.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver